Zəngin tarixə malik məkan- Cəbrayıl

Böyük iqtisadi və turizm potensialına malik olan Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının cənub şərqində, Araz çayının sol sahilində, cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Dəniz səviyyəsindən 434 metr hündürlükdə yerləşən Cəbrayıl rayonu buz bulaqları, zümrüd meşələri, tarixi-mədəni abidələri və s. yerlər ilə özünəməxsus yeri var.

Ermənistan Silahlı Qüvvələri Cəbrayıl rayonunu işğal etməmişdən əvvəl bura sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngin olub. Rayonda hətta dəmir filizi və neft yataqlarının da olduğu məlumdur. İşğaldan əvvəl əhali heyvandarlıq, üzümçülük, taxılçılıq, baramaçılıqla məşğul olub. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub və 1 muzeydə 508 mədəniyyət işçisi çalışmışdır. Cəbrayılın Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Burada həmçinin 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi.

Cəbrayıl rayonu Azərbaycanın tarixi-mədəni və dini təyinatlı abidələri ilə də zəngin rayonlarından biridir. Rayonun Dağtumas kəndi yaxınlığında əmək alətlərinin bol olduğu “Nəfəsli dərə” deyilən ərazidə “Divlər sarayı” mağarası yerləşir. Həmin mağara ibtidai insanın yaşadığı yerlərdən biri olub. Zəngin bitki örtüyünə malik olan Diridağı zonası, Ziyarət və Gordubaba dağ əraziləri yaşayış üçün əlverişli olmuşdur. “Cəbrayıl ata” ilə məşhur olan məqbərənin uzunluğu - 4,5 metr, eni - 2,4 metr, hündürlüyü - 1,8 metrdir. Adı çəkilən məqbərədə yaşayış yerlərinin izləri hələ də qalmaqdadır. Bu məqbərə Alpaşa dağının hündür və əzəmətli yerində yerləşir. Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, Azərbaycanın rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Körpü karvan yolunun üzərində tikilib. “Dəyirman dərəsi” adlanan ərazidə geniş yaşayış massivi olub.

1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olan Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Cəbrayıl rayonundan olan məcburi köçkünlər Respublikanın 58 rayonunda 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv. km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Rayonun maddi-mədəni abidələri olan Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər sarayı” mağarası və “Başıkəsik gümbəz”; Qalacıq kəndindəki “Məscid təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları; Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, “Qız qalası”; Sirik kəndindəki “Qala”; Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi türbə” Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı tamamilə məhv edilmiş və ya dağıntılara məruz qalmışdır.

27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuz Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi.

Vətən müharibəsi bitdikdən sonra, 16 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdilər. Səfər çərçivəsində cənab Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. 26 noyabr 2020-ci il tarixində isə ölkə başçısının Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayılın azad olunmasında iştirak edən hərbi qulluqçular medalla təltif edildi.

Keçən ilin 4 oktyabr tarixində Cəbrayıla səfər edən dövlətimizin başçısı cənab Prezident İlham Əliyev “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” istehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub. Daha sonra ölkə başçısı 110/35/10 KV-luq “Cəbrayıl” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etmiş, Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.

Cəbrayıl rayonunun işğaldan azad olunmasından artıq 2 il ötür. Azərbaycan xalqı heç vaxt işğalla barışmadı. Artıq haqq-ədalət öz yerini tapıb. Rayonda bundan sonra da quruculuq və bərpa işləri davam edəcək. Biz buna əminik və cənab Prezident İlham Əliyevə inanırıq. Artıq tam rahatlıqla deyə bilirik – Cəbrayıl Azərbaycandır! Qarabağ Azərbaycandır!

Nigar İmaməliyeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə