Əmanətiniz baş tacımızdır! - FOTOLAR

İmişli rayonunda Vətən müharibəsi şəhidləri Nuriyev Vüqar Hafis oğlu və Səfərli Amil Nizami oğlunun doğum günləri qeyd olunub. SİA xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi Mətləb Murquzov şəhidin ailəsini ziyarət edib, dərin hüznlə başsağlığı veriblər.
Rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub, şəhadətə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət etmək artıq ənənə halını alıb. Onlar bizim həm nisgil, həm də qürur yerimizdir.
Daha sonra şəhidlərin məzarları ziyarət olunub, önünə tər güllər düzülüb, ruhlarına dualar oxunub.
Qeyd edək ki, Vüqar Nuriyev Vətən müharibəsi zamanı 2020-ci il noyabrın 1-də Şuşa, Amil Səfərli isə 2020-ci il noyabr ayının 5-də Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıblar. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüqar Nuriyev “Vətən uğrunda”, “İgidliyə görə, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, Amil Səfərli isə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə