"Füzuliyə səfər Azərbaycanın öz torpağına olan bağlılığın nümunəsidir" - MİLLƏT VƏKİLİ DANIŞDI

“Azərbaycan Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın Füzuli şəhərinə səfərinin xüsusi əhəmiyyəti var”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan üçün əhəmiyyətli günlərdə dövlət başçısının xanımı ilə bölgələrə səfər etməsi, xalqımız üçün xüsusi məna daşıyan tarixlərdə işğaldan azad olunan ərazilərimizə getməsi artıq dövlət ənənəsi halını alıb. Füzuliyə səfər Azərbaycanın öz torpağına olan bağlılığın nümunəsidir. 2 il bundan öncə Azərbaycan ordusu növbəti erməni təxribatının qarşısını alaraq, əks-hücum əməliyyatı həyata keçirib. Hər bir azərbaycanlı həmin günləri böyük fəxr hissi ilə yadda salır. Allah qazilərimizə şəfa, şəhidlərimizə rəhmət eləsin.

Cənab Prezidentin səfəri bir daha dövlət rəhbərinin müharibədə iştirak edənlərin xatirəsinə yüksək hörmətin nümunəsidir. Azərbaycan suveren hüquqlarının dünyaya bəyan edilməsi və bu hüquqların qorunması üçün bütün əzmini və gücünü ortaya qoyur. Cənab Prezidentin gələcəklə bağlı planlarını açıqlaması onu göstərir ki, Azərbaycan öz dövlət müstəqilliyindən real şəkildə istifadə edir. Bu müstəqillik tarixi ədalətin bərpa edilməsinə və hər bir vətəndaşın hüquqlarının qorunmasına daima xidmət edəcəkdir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə