Şəhid ailələrinin 44 günlük Vətən müharibəsi barədə DÜŞÜNCƏLƏRİ - SORĞU

Şəhid ailələrinin 44 günlük Vətən müharibəsi barədə DÜŞÜNCƏLƏRİ - SORĞU

Azərbaycanın 44 günlük mübarizəsi məhz 27 sentyabr tarixində başlanılıb. Bu tarixdən başlayaraq vətənimizin igid oğulları öz canından, qanından keçərək könüllü şəkildə torpaqlarımızı geri qaytarmaq üçün orduya yazılaraq, döyüş bölgəsinə yollanıblar. 44 gün davam edən döyüş Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu, igid oğullarımızın şücaəti nəticəsində Azərbaycanın qələbəsi ilə başa çatıb. Məhz bu səbəbdən 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşına daimi şəkildə həkk olunub. Mövzu ilə əlaqədar olaraq SİA şəhid ailələrinin bu günlə bağlı fikirlərini öyrənmək məqsədi ilə onlar arasında sorğu keçirib.

Şəhid Cəlil Məmmədlinin anası Aygün Məmmədova: “27 sentyabr mənim üçün həm ağır, həm də qürurverici günlərdən biridir. Məhz bu tarix Azərbaycan xalqının oyanış günüdür. Azərbaycanın mərd oğulları 44 günlük Zəfər qələbəsinə məhz bu gündən başlayıblar. Şəhidlərimiz və qazilərimiz öz canları, qanları bahasına vətən torpağını geri qaytardılar. Düzdür, biz oğullarımızı, arxamızı, dayağımızı, şirin payımızı itirdik. Lakin şükürlər olsun ki, Azərbaycan bayrağı bu gün Qarabağda dalğalanır. Bizim bu gün qara ləkəmiz silinib. Öz oğlunu itirmiş bir ana üçün müharibə barədə danışmaq çox çətindir. Millətimizə öz təşəkkürlərimi bildirirəm ki, bizi heç vaxt unudmurlar. Hər zaman oğlumu və bizi daima diqqətdə saxlayırlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün hər birimiz o oğullara borcluyuq”.

Şəhid İsrail Məmmədovun həyat yoldaşı İpək Məmmədova: “27 sentyabr tarixini biz qürur hissi ilə keçirdik. Çünki bizim torpaqlarımız 30 il idi ki, düşmənin işğalı altında idi. Şükürlər olsun ki, başda Ali Baş Komandan olmaqla, igid oğullarımız bizə dədə-baba yurdlarımızı qaytardılar. Bunların hər biri güclü sərkərdənin olması ilə bağlıdır. Mənim yoldaşım 1991-ci illərdə baş verən 1-ci Qarabağ müharibəsində Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olub. O zamanlar bizim nə güclü dövlət başçımız, nə də yetərli qədər hərbi bazamız yox idi. Lakin bizim bu gün cənab Prezident İlham Əliyev kimi başımız var. Məhz bu səbəbdən də biz artıq qalib ölkəyik. Bizim artıq başımız dikdir”.

Şəhid Bilal Qənbərovun anası Gültəkin Qənbərova: “27 sentyabrda müharibənin başladığını bildiyimiz zaman biz anaların qəlbinə qəm-kədər çökdü. Mənim oğlumun 29 sentyabrda doğum günüdür. O, məhz elə doğum günü səhər saatlarında Füzuliyə yollandı. Oğlum könüllü şəkildə orduya yazılmışdır. İndi isə ondan bizə yalnız bir qızı qalıb. Oğlum müharibəyə gedəndə də dedim ki, biz qocayıq amma balanı tək qoyub getmə. Mənə cavabında bildirdi ki, getməyə bilmərəm, bu vətən uğrunda yaralı bir insan olmalıyam. Atası ilə mən öz əllərimizlə onu yola saldıq. Mən bütün Azərbaycanın igid oğulları ilə fəxr edirəm. Bizim qeyrətli oğullarımız cənab Prezidentin dəmir yumruq prinsipinə sadiq qalaraq düşmənə sarsıdıcı zərbələr endirdilər. Ümid edirəm ki, müharibə bizim xeyrimizə bitər və bizim bir daha şəhidimiz olmaz. Bu 2 il ərzində bizlər dostumuzu, düşmənimizi tanıdıq. İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası oğlumun təhsil aldığı məktəbin müəllimələri, şagirdləri daimi olaraq bizimlə əlaqə saxlayıb, yadda saldılar. Bu diqqətlərinə görə də onlara minnətdaram”.

Şəhid Şükür Həmidovun qardaşı Əsəd Həmidov: “Bu gün Azərbaycan tarixinə qızıl həriflərlə yazılıb. Bəzi hallarda bu günlə bağlı üzülürük ki, igid oğullarımızı itirdik eyni zamanda da sevinirik ki, əzəli və əbədi torpaqlarımızı geri qaytardıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də can salığı versin. Allah xalqımıza səbr versin. Biz çox sevincli bir xalqıq ki, vətənimizin belə oğulları var. 30 ildir ki, bizim torpaqlarımız düşmənin nəzarətində qalıb. Lakin artıq bizim güclü Ali Baş Komandanımızın dəmir yumruğu sayəsində bütün ordumuz əmrə tabe olaraq Zəfər tarixinə imza atdılar. 44 günlük vətən mübarizəmiz artıq bütün dünyaya tanışdır. Biz torpaqlarımızı qaytaran oğullarla fəxr edirik. Onlar bizim yaddaşımızdan heç vaxt çıxmayacaqlar”.

Şəhid Rusif Quliyevin bacısı Rəsmiyyə Quliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar qanları ilə 30 il işğal altında olan torpaqlarımızı geri qaytararaq 27 sentyabr tarixini qızıl həriflərlə Azərbaycan xalqının yaddaşına həkk etdilər. Allahdan qazilərimizə can salığı arzulayıram. Biz bütün şəhidlərimizlə fəxr edirik. Onlar bizim hər zaman qəlbimizdədirlər. Biz onları heç vaxt unutmayacağıq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə