"Ermənilər gələcək üçün illuziyalar qurmasınlar" -AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin İsmayıllı rayonuna səfəri zamanı bir sıra istiqamətlərdə Azərbaycan dövlətinin hədəflərini və məqsədini geniş ictimaiyyətə açıqladı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, eyni zamanda Azərbaycan dövlətinin gələcəyi, iqtisadiyyatı, turizmi və qeyri-neft sektorunun inkişafı ilə bağlı Azərbaycan dövlətinin geniş baxışını və konsepsiyasını açıqlamış oldu: "Neft kapitalının insan kapitalına çevrilməsini, müxtəlif istiqamətlərdə peşəkar kadrların hazırlanmasını və çox saylı iş yerlərinin açılması ilə bağlı baxışlarını, mövqeyini ifadə etmiş oldu. Hesab edirəm ki, səfər zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin açıqladığı xüsusən Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında baş verən təxribatlar, vətəndaşlığımızı qəbul edəcək ermənilərin gələcək taleyi, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, sərhədlərin delimitasiya və demarkasiyası, böyük sülh müqaviləsinin imzalanması, Ermənistan və Azərbaycan arasında müxtəlif istiqamətli nəqliyyat kommunikasiya əlaqələrinin qurulması, Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı fikirlərinin səsləndirilməsi, xüsusən də Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq şəraitində yaşaması ilə bağlı Azərbaycanın vizyonu və baxış istiqamətləri diqqət çəkir. Azərbaycan prezidenti xüsusilə bir necə istiqamətdə həm Azərbaycan cəmiyyətinə, həm bölgə xalqlarına, Ermənistan cəmiyyətinə, həm də Ermənistan üzərindən oyunlar quraraq bölgədə proseslərə müdaxilə etmək istəyən güclərə mesajını vermiş oldu. Birincisi Azərbaycan Prezidenti açıq şəkildə bəyan etdi ki, avqustun əvvəllərində erməni qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan ordusunun əsgərinə qarşı törədilmiş təxribata cavab olan "Qisas" əməliyyatı onu göstərdi ki, heç bir qüvvə və güc Azərbaycanı haqq yolundan döndərə bilməz. Erməni təxribatçılarının törətdiyi cinayətlərin cavablandırılması istiqamətində Azərbaycan iradəsinə müdaxilə edə biləcək heç bir güc mövcüd deyil. Erməni silahlı qüvvələri bölgəni qısa müddətdə tərk etməlidir. Heç bir başqa alternativ yol mümkün deyil. Ermənistandakı revanşistlər, bölgədəki separatçı qüvvələr proseslərə real yanaşmalıdırlar. Kiməsə arxayın olub, gələcək üçün illuziyalar qura bilməzlər. Bölgənin sahibi Azərbaycandır və dövlətimizin iradəsinin əksinə olan heç bir addım atıla bilməz. Buna Azərbaycanın lideri imkan verməz".

Politoloq Anar Əliyev sözlərinə əlavə edərək bildirib ki, ikinci böyük istiqamət odur ki, Azərbaycan prezidenti ilk dəfə Qarabağda vətəndaşlığımızı qəbul edəcək erməni əsilli şəxslərin Azərbaycan dövlətinin qurumlarına qarşı münasibətini bəyan etmiş oldu: "Azərbaycan prezidenti bildirdi ki, Laçın dəhlizinə alternativ yolun çəkilməsi zamanı biz yerli ermənilərdən bir çox hallarda hətta kömək belə gördük. Onlar yaxınlaşaraq tikinti prosesini həyata keçirən azərbaycanlılarla ünsiyyət qurmağa çalışırdılar. Bu onu göstərir ki, bölgədə yaşayan ermənilər də Azərbaycan dövləti ilə əməkdaşlıqdan və Azərbaycan dövləti ilə ünsiyyətin qurulmasından başqa yollarının qalmadığını bilirlər. Üçüncü mühüm istiqamət odur ki, Azərbaycan Ermənistana üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğunu bir daha xatırlatdı. Bəyan etdi ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri ya könüllü yerinə yetirəcək, ya da biz onu öhdəlikləri yerinə yetirməyə məcbur edəcəyik. Dördüncü istiqamət odur ki, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan qısa müddət ərzində dəhlizin keçəcək maşrutunun təqdim olunmasını gözlədiyini bildirdi. Sonuncu mühüm istiqamət isə odur ki, Azərbaycan Prezidenti bölgədə heç bir halda ermənilərə statusun verilməyəcəyi ilə bağlı bir daha mövqeyini göstərdi. Dəfələrlə qeyd edilən yanaşma bir daha ifadə edildi. Bir daha bəyan edildi ki, Azərbaycan ərazisində heç bir etnik qrupa ermənilər də daxil olmaqla əlavə heç bir status verilməyəcək. Azərbaycan bütün vətəndaşlarının hüquqlarını qoruduğu kimi ermənilərin də təhlükəsizliyini təmin etmək gücündədir. Azərbaycan prezidentinin çıxışından bölgədəki ermənilər, speratçı rejim, Ermənistan düzgün nəticə çıxarsalar baş verənlər sürətli və daha ağrısız olacaq. Əks halda Azərbaycan növbəti qəti məcburetmə əməliyyatı başlada bilər".

Qönçə Quliyeva

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə