Turizmin inkişafında yeni mərhələ başlayır TƏHLİL

Turizm insanların səyahətlərinin təşkilinə, onların mənəvi rahatlığına xidmət etməklə bərabər, maarifləndirmək, dünyagörüşünün inkişafı baxımından əhəmiyyət kəsb edən bir sahədir. Bütün bunlarla yanaşı, turizm milli maraqların və iqtisadi inkişafın əsas istiqamətlərindən biridir. Reallıqlar göstərir ki, müasir dövrümüzdə Azərbaycanın turizm ölkəsinə çevrilməsi və dünya arenasında öz sözünü deməsi üçün böyük potensialı vardır. Dünya insanın səyahətinin təşkili üçün zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünəməxsus mentaliteti, əlverişli ictimai-coğrafi mövqeyi olan Azərbaycanın həm də Xəzərin sahil zonaları turistləri üçün olduqca əlverişlidir. Ölkəmizdə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizmin formalaşması da turistlərin istirahətində önəmli amillərdir.

TURİZM SAHƏSİNDƏ 128 FAİZ ARTIM QEYDƏ ALINIB

Ötən ay ölkəyə gələn turistlərin sayına diqqət etsək görərik ki, Azərbaycan turistlərin marağında olan bir məkandır. Cari ilin təkcə iyulda Azərbaycana 193 416 əcnəbinin səfər etməsi əlbəttə ki, kifayət qədər yaxşı göstəricidir. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 131 faiz çoxdur. Belə ki, ötən ilin iyulunda ölkəyə 83 656 xarici turist gəlib.
Bu ilin yanvar-iyul ayları ərzində isə ölkəyə 832 186 əcnəbi gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 128 faiz artım qeydə alınıb. Belə ki, ötən 2021-ci ilin ilk 7 ayında ölkəyə 365 473 xarici turist səfər etmişdi. Ən çox turist isə Rusiya (60,2 min), Səudiyyə Ərəbistanı (26,9 min), Türkiyə (22,6 min), İran (13,5 min) və Pakistandan (7,3 min) gəlib.
Ziyarətçilərin regionlar üzrə payı Yaxın Şərq üzrə 25,4, Asiya ölkələri üzrə 12,4, Avropa üzrə 7,2, digər bölgələr üzrə 1,7 faiz; ölkələrdən isə xüsusi olaraq Rusiya üzrə 31,1, İran üzrə 7 faiz olub.
Qeyd edək ki, pandemiyadan öncəki illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayı hələ də 46 faiz azdır. Belə ki, 2019-cu ilin iyulunda ölkəyə 365 153 ziyarətçi gəlmişdi. Həmçinin 2019-cu ilin yanvar iyul aylarında isə gələnlərin sayı (1 774 877) bu ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz çox olub.
Odlar diyarı kimi səciyyələndirilən ölkəmizdə bu sahənin tərəqqisi üçün geniş potensial vardır. Bu, onu göstərir ki, yaxın gələcəkdə Azərbaycan turistlərin sayında böyük artım olacaqdır. Təsadüfi deyildir ki, dünyada olan 11 iqlim qurşağından 9-u ölkəmizdədir. Ölkəmizin tarixi mədəniyyət abidələri var. Azərbaycanın ən məşhur turistik əhəmiyyətli Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, Qubanın Xınalıq kəndi, Qəbələ üzüm bağları, Talış dağları və s. turistlər üçün çox maraqlı məkanlardır.
Böyük İpək Yolunun kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyinin onu müxtəlif mədəniyyətlərin bir araya gəlməsinə və birlikdə inkişaf etdiyi məkana çevrilməsinə şərait yaradır.
Bu gün Azərbaycanda turizmin inkişafı respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə əmək məşğulluğunun artması, yeni iş yerlərinin açılması baxımından da sərfəlidir. Bu isə dövlət siyasətinin prioritet məsələlərindən biridir. Beynəlxalq aləmin dövlətimizə olan marağının miqyası daha da genişlənmiş, turizm sahəsində əldə olunan nailiyyətlər, həyata keçirilən dövlət proqramları, layihələr turizm sahəsində böyük uğurlara səbəb olub.

TURİZM BAZARININ HÜQUQİ ƏSASLARI BƏRQƏRAR OLDU

Yaxın tarixi keçmişimizə nəzər salsaq görərik ki, müstəqillik qazandığımız ilk illərdə Azərbaycanda fəaliyyət göstərən ümumittifaq və beynəlxalq turist marşrutları ləğv olunmuşdur. Belə ki, həmin illərdə müharibə və sərhədlərdəki qeyri-stabil vəziyyət turizm sistemində bir sıra problemlərin yaranması ilə nəticələndi. Ötən əsrin 90-cı illərin sonunda turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında əksini tapdı. Belə ki, Azərbaycanda turizm sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və s. sahələrdə məqsədyönlü tədbirlər planı həyata keçirilməyə başlandı. 1999-cu ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərman imzalandı. Bu qanun Azərbaycanda turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönələn dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.
Ümummilli Lider Heydər Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün" Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olundu. Ulu Öndərin məqsədyönlü fəaliyyətini davam etdirən Azərbaycan Prezident İlham Əliyevin bütün sahələrə olduğu kimi turizm sektoruna da ayırdığı diqqətin nətcəsi olaraq uğurlu nəticələr əldə edildi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, turizmin inkişafının yeni mərhələsinə təkan verəcək "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlandı. Bu müddət ərzində nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edildi və turistlərin istifadəsinə verildi.

TURİZM COĞRAFİYASI GENİŞLƏNİB

Əlbəttə ki, turizm imkanlarının təbliği baxımından da görülən işlər bu sahənin inkişafında mühüm rol oynayan faktorlardır. Ölkənin turizm potensialının beynəlxalq aləmdə tanınması məqsədilə Almaniya, Avstriya kimi, ölkələrdə info-turlar təşkil edildi. Azərbaycanda ilk dəfə olaraq Turizm Filmləri Festivalı keçirildi. Turizm sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Sazişlər çərçivəsində müəyyən işlər görüldü. Belə ki, Azərbaycan ilə Moldova, Belarus, Qətər, Yunanıstan, Qazaxıstan, İordaniya Haşimiyyə Krallığı, Fransa və onlarla başqa dövlətlər arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər bağlandı.
Respublikamızın turizm potensialını əks etdirən reklamlar xarici ölkələrdə nəşr edilən turizm xarakterli jurnallarda yerləşdirildi. Son illər ərzində ölkəmizdə mehmanxana və mehmanxana tipli obyekt tikilərək istifadəyə verilib. Azərbaycanın turizm coğrafiyası genişlənib. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir.
"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsinə və turizm sahəsinin daha da inkişaf etdirilməsinə müsbət təsirini göstərir. Gün-gündən inkişaf edən respublikanın iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilib. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması davamlı olaraq həyata keçirilir. Belə ki, turizm sahəsində normativ hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi bu sahənin inkişafında mühüm rol oynayır. Qədim tarixi abidələri, coğrafi şəraiti baxımından diqqətdə olan Azərbaycanın bir çox məkanlarına turistlərin axını davam etməkdədir. Belə ki, əlverişli iqlim şəraiti, coğrafi mövqeyi, qədim tarixi abidələri, zəngin fauna və florası ilə seçilən Azərbaycan rayonlarında turistlərin istirahətinə geniş imkanlar var.
Görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə