Hər bir Azərbaycan vətəndaşı böyük Zəfəri bizə yaşadan ordumuzla fəxr edir ŞƏRH

​27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan tarixinə bizim şanlı zəfərimiz kimi yazılmışdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin müəllifi olduğu bu zəfərin qazanılmasında xüsusi rolu olan xalq-ordu birliyi daha bir imtahandan uğurla çıxdı. İllərdən bəri göstərilən siyasi qətiyyətin, möhkəm iradənin məntiqi nəticəsi olan bu zəfər yolunda atılan addımlar bəhrəsini verdi. Prezident İlham Əliyevin müdafiə qüdrətimizin möhkəmlənməsi istiqamətində davam etdirdiyi siyasət özünü doğrultdu. Xalqla ordunun birliyi qələbə əzmini artırdı, ordunu daha güclü etdi. Ulu öndər Heydər Əliyevin "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır" sözlərinin hikmətini sülh danışıqlarına sadiq qalmaqla, müdafiə qüdrətimizi möhkəmləndirməklə, ordumuzu ən müasir silah, sursat, hərbi avadanlıqlarla təminatını qələbə üçün başlıca amil kimi diqqətdə saxlayan Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, siyasi müstəvidə qazanılan qələbə döyüş meydanındakı zəfərimizi təmin etdi. Danışıqlar yolu ilə əldə olunmayan nəticə hərbçilərimizin peşəkarlığı, rəşadəti, şəhidlərimizin canı-qanı bahasına, dövlətimizin siyasəti hesabına qazanıldı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masasında qarşıya qoyulan məqsədinə nail oldu.
​Bu gün ordumuz NATO standartlarına cavab verən və Qafqazda ən müasir ordudur. NATO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan NATO-nun tərəfdaşlıq mexanizmlərindən səmərəli istifadə edir. Ötən müddət ərzində NATO rəsmiləri Azərbaycanın nəinki regionda, o cümlədən onun hüdudlarından kənarda da mühüm siyasi iştirakçı olduğunu vurğulayırlar və ölkəmiz ilə qurum arasında qlobal səviyyədə qarşılıqlı əməkdaşlıq üçün çox yaxşı imkanların olduğunu deyirlər. Çünki ölkəmizin geostrateji mövqeyi Şimali Atlantika Alyansına üzv olan dövlətlər üçün də xüsusilə əhəmiyyətlidir. Cənubi Qafqaz regionunda sülh və sabitliyin tam bərpa olunması bu gün NATO və ona üzv olan dövlətlər üçün də mühüm əhəmiyyət kəsb edir.
​Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir
​Silahlı qüvvələrin modernləşdirilməsi ölkə başçısının dövlət siyasətinin strateji istiqamətlərindən biridir. Son illərdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müasirləşdirilməsi istiqamətində çox mühüm və tarixi işlər görülüb. Ölkəmizdə istehsal olunan bir çox hərbi təyinatlı məhsullar da ordumuzun potensialının güclənməsinə xidmət edən amillərdəndir. Müdafiə Sənayesi Nazirliyinin istehsal sahələrində 400-dən çox müdafiə təyinatlı məhsulların istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindəndir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır.
​Dövlətin diqqət mərkəzində olan vacib məsələlərdən biri də hərbi qulluqçuların sosial müdafiəsi və mənzil problemləridir ki, bu sahəyə də böyük diqqət göstərilir. Bugünə qədər yüzlərlə hərbçi dövlət tərəfindən mənzillərlə təmin edilib. Bu proses hal-hazırda da davam etdirilir. Eyni zamanda, istər işğaldan azad olunan Qarabağda, istərsə də digər regionlarda müasir standartlara cavab verən hərbi hissələrin yenidən qurulması prosesi geniş vüsət almışdır.
​Bu gün hər bir Azərbaycan vətəndaşı böyük Zəfəri bizə yaşadan qalib ordumuzla fəxr edir. Çünki bu müzəffər ordu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir.

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə