Qlobal Bakı Forumu ən mühüm beynəlxalq platformalardan birinə çevrilir

16 iyun 2022-ci il tarixdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu baş tutdu. Foruma keçən illərlə müqayisədə bu il marağın daha da yüksək olduğu müşahidə edildi. Forumda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, bu il demək olar ki, 50 ölkədən yüksək səviyyəli nümayəndə iştirak edir və bu göstərici bir il bundan əvvəlki göstəricidən xeyli çoxdur. Məlumat üçün qeyd edək ki, IX Qlobal Bakı Forumunda Albaniya, Bolqarıstan, Gürcüstan və digər dövlətlərin fəaliyyətdə olan rəhbərləri, çoxsaylı ölkələrin keçmiş rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, aparıcı ekspertlər, habelə, Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının rəhbərləri iştirak edirlər. Britaniya, İtaliya, Latviya və digər ölkələrin rəhbərlərinin müraciətlərinin təqdim olunması isə Forumun mötəbərliyinə əlavə bir stimul verdi. Beləliklə, yuxarıda verilən məlumatlar deməyə əsas verir ki, hazırda bu platformaya həqiqətən ehtiyac var və müzakirələr kifayət qədər cəlbedicidir.

Forumda açılış nitqi ilə çıxış edən Prezident İlham Əliyev yenə öz fikirləri ilə regionun, eləcə də dünya birliyinin diqqət mərkəzinə çevrildi. Ölkə başçımızın geniş spektrli çıxışında təhlükəsizlik məsələləri, ərzaq böhranı, enerji problemi, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinə yer verildi. Əlbəttə ki, bu başlıqların hər biri hazırda dünya gündəmində yer tutmaqla, öz-özlüyündə fövqaladə əhəmiyyətə malikdir. Ancaq yazıda xüsusilə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı dövlət başçımızın fikirlərinə yer vermək istərdik. Məlumdur ki, iki ölkə arasında az qala 30 il davam edən Qarabağ münaqişəsi Azərbaycanın şanlı qələbəsi ilə və Ermənistanın 10 noyabr kapitulyasiya aktına qol çəkərək təslim olması ilə sona çatdı. 10 noyabr Bəyanatı eyni zamanda, Ermənistanın üzərinə bir sıra öhdəliklər götürməsini də təmsil edirdi. İndiki halda bu öhdəliklərə Ermənistanın Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verməsi və bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması kimi müddəalar daxildir. Onu da qeyd edək ki, bu başlıqlar 11 yanvar tarixli Moskva bəyanatında, 26 noyabr tarixli Soçi, 14 dekabr və 6 aprel tarixli Brüssel görüşünün nəticələrində də özünə yer tapmışdı. Ancaq təəssüf ki, hələ də bu bəndlərin icrası ilə bağlı Ermənistan tərəfindən konkret addımlar atılmır. Azərbaycan tərəfi bununla bağlı üzərinə götürdüyü öhdəliyi, yəni, Azərbaycanın erməni əhalisinin Qarabağ bölgəsinə maneəsiz giriş-çıxışını təmin etmək öhdəliyini ilk gündən etibarən məsuliyyətlə yerinə yetirir. Bu Azərbaycanın humanistliyinin aşkar nümayişidir. Ancaq Ermənistan isə hələ də həmişəki kimi erməni xislətindən çıxış edərək Zəngəzur dəhlizinin icrasını ləngitməyə çalışır. Heç şübhəsiz bu əbəs cəhddir. Çünki qalib ölkə olaraq Azərbaycan gec-tez Zəngəzur dəhlizinin açılmasını təmin edəcək. Ölkə başçımızın dediyi kimi, “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”. Bəli, Azərbaycan Zəngəzur dəhlizinin icrasını gec-tez təmin edəcək. Ancaq, Ermənistanın bu məsələdəki mövqeyi onun 10 noyabr bəyənatının gərəklərini yerinə yetirməkdən boyun qaçırması olaraq qəbul edilməlidir. Belə olan halda niyə Azərbaycan tərəfi bu prinsiplərə sadiqlik nümayiş etdirməlidir? Ədalətli olan iki tərəfin də öz imzasına, öz sözünə hörmət etməsi və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsidir. Ermənistanın şifahi olaraq da olsa üzərinə götürdüyü öhdəliklərdən biri də status məsələsini hallandırmamasıdır. Azərbaycan Prezidenti dəfələrlə Azərbaycan sərhədləri daxilində “Dağlıq Qarabağ” adlı ərazi vahidinin mövcud olmadığını, statusun əsla müzakirə predmeti belə olmayacağını bildirmişdir. Deməli bu məsələnin taleyi məlumdur. Ermənistanın bunu dilə gətirməsi heç nə ifadə etmir və edə də bilməz. Bu sadəcə daxili auditoriyanı razı salmaq cəhdindən başqa bir şey deyil. Ancaq Ermənistan tərəfi unutmamalıdır ki, bu fikirlər sadəcə onların düşünüdüyü kimi daxili auditoriyaya xitab etmir. Əgər onlar Azərbaycan daxilində ərazilərə iddia edirlərsə, niyə Azərbaycan Qərbi Zəngəzurla bağlı belə iddialar səsləndirməsin. Axı Azərbaycanın bunun üçün daha çox tarixi əsası var. Azərbaycanda yaşayan erməni əsilli vətəndaşların hüquqlarına gəldikdə isə bununla bağlı narahatçılıq yarada biləcək heç bir əsas yoxdur. Azərbaycan çoxmillətli, çox konfessiyalı ölkədir. Və erməni əsilli əhali heç də Azərbaycanın ən böyük milli azlığı deyil. Onların hüquqları ölkəmizdə yaşayan digər azsaylı xalqların nümayəndələri ilə eyni olacaq. Burada qeyri-adi qarşılanacaq heç nə yoxdur.

Dövlət başçımızın çıxışında yer verdiyi nüanslardan biri də ATƏT-in Minsk qrupu ilə bağlı oldu. Məlumdur ki, bu qurum münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. Onun əsas fəaliyyəti məhz bununla bağlı idi. İndiki halda belə bir münaqişə yoxdursa, onda niyə bu qurum Ermənistanın siyasi rəhbərliyi tərəfindən daima gündəmə gətirilməyə çalışılır. Ölkə başçımızın da dediyi kimi, bu münasibət Azərbaycanda qıcıq doğurur. Üstəlik o da vurğulanmalıdır ki, yuxarıda bəhs etdiyimiz Moskva, Soçi, Brüssel görüşlərinin heç birində ATƏT-in Minsk qrupu ilə bağlı heç bir istinad yox idi. Bu isə sözügedən qurumun artıq hər kəs tərəfindən “lazımsız” olaraq qəbul edildiyinin göstəricisidir. Beləliklə, Ermənistanın bu quruma istinadı da bir o qədər mənasız və lazımsızdır.

Sonda bir daha vurğulamaq istərdim ki, IX Qlobal Bakı Forumu ildən-ilə öz əhatə dairəsini və əhəmiyyətini artıraraq dünya miqyasında mötəbər və nüfuzlu bir təşkilata çevrilməkdədir. Bu mənada, Forum Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da müstəsna əhəmiyyət daşıyır.

Xəqani Şirinov

YAP Pirallahı rayon təşkilatının fəalı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...