Sülhə kim mane olur? - ANALİZ

Ermənilər, daşnaklar və Ermənistan...

1988-ci ildən bu yana 34 il keçir. Bu tarixi lap 150 ilə qədər də uzatmaq olar. Bəlkə də ermənilərin Qafqaza ayaq açdığı tarixi yazsaq daha doğru olar. Münaqişə, qarqaşa, toqquşma, basqın, ölüm-itim, qaçqınlıq, müharibə... Bəli, bu sözlərlə erməni kəlməsi assosiasiya təşkil edir, desək yanılmarıq. Ayaq açdıqları gündən Qafqaz xalqları arasında məxlətənin, intriqaların salınmasında da ermənilərin “məharəti” öz sözünü deyib. Bəs ermənilərin bu xalqlarla, xüsusən də türk xalqları ilə alıb-verəmədikləri nədir? Nə üçün ermənilər bizimlə dost yox, düşmən olmaq istəyirlər? Bəlkə həqiqətən də tarixdə elə hadisələr olub ki, ermənilər bunu unutmurlar, daim qisasçılıq barədə düşünürlər və hər addımda bunu əməlləri ilə göstərməyə çalışırlar? Amma...

Tarixin səhifələrini vərəqləyirik, axtarırıq, bir tutarlı fakta rast gəlmirik. Bəs ermənilər türkün düşməni olmaq kimi təhlükəli yola nə üçün çıxıblar? Ötən əsrin əvvəllərinə qayıdaq. Birinci dünya müharibəsi, İttifaq olduqlarından istifadə edən Almaniya Osmanlını müharibəyə sövq edirdi. Lakin gənc ordu sayca 650 mini ötsə də döyüşə hazır vəziyyətdə deyildi. Bunu yuxarı hərbi komandanlıqda da bilən az deyildi, Alman imperatoru II Vilhelm və alman generalları da Osmanlını hələlik müharibədən uzaq tutmağa çalışırdılar. Lakin Almaniyanın bəzi cəbhələrdə, xüsusən də Rusiya və Fransa istiqamətində ağır məğlubiyyətə uğraması Berlini fərqli addım atmağa məcbur etdi. Daha doğrusu planlarını tezləşdirməyə vadar etdi. Rusiya və İngiltərə Osmanlı imperiyasını, ərazisində yaşayan xalqlardan istifadə edərək parçalamaq istəyirdilər. Rusiya da bunun üçün ermənilərdən istifadə edirdi. Müharibə başlayan kimi erməni komitələri “Böyük Ermənistan” xülyalarının həyata keçirilməsi üçün öz könüllü alaylarını təşkil edərək rus ordusunun önündə Cənubi Qafqaz cəbhəsində Türkiyəyə qarşı hərəkətə keçdilər. Rusların bölgəyə gəlməsilə bir yan­dan Daşnaksütyun cətələri, digər yandan da Hnçak qrupları kişiləri müharibədə olan türk kəndlərinə basqın edərək qadın, uşaq və qocalara işgəncə vermiş, qətlə yetirdilər. Rusiyadan gələn “könüllü erməni alaylarının” da qatılması nəticəsində Türkiyə ərazisində fəaliyyət göstərən silahlı ermənilərin sayı 30 minə çatmışdı.

Türklərin erməni silahlı dəstələrinə müqavimət göstərməsi nəticəsində hər iki tərəfdən xeyli insan həlak oldu. 1915-ci ilin fevralında Şərqi Anadolunun bütün erməni əhalisi qiyam etdiyindən Osmanlı hökuməti qəti tədbirlər görməyə məcbur oldu. Fevralın 25-də Baş qərargah bütün hissələrə, ermənilərin heç bir halda hərbi xidmətə cəlb edilməməsi barədə təlimat göndərdi. Beləliklə, erməniləri tərkisilah etdilər. Lakin onları köməkçi hərbi hissələrdə həqiqi hərbi xidmətdə saxladılar. 1915-ci il aprelin 24-də Daxili İşlər Nazirliyi erməni komitə mərkəzlərinin bağlanması, əmlaklarının müsadirə edilməsi, komitə başçılarının həbs edilməsi barədə əmr verdi. Bu təlimata uyğun olaraq 2345 erməni həbs edildi. Ermənilərin hər il soyqırımı günü kimi qeyd etdikləri 24 aprel günü əslində erməni komitəçilərinin həbs olunduğu gündür.

Osmanlı hökuməti Qafqaz cəbhəsində vuruşan ordunun arxasında sabitliyi təmin etmək, dinc müsəlman əhalisinin həyatını mühafizə etmək üçün cəbhəyanı bölgələrdən – Şərqi Anadoludan erməniləri cəbhədən uzaq bölgələrə, ilk növbədə Mesopotamiyaya köçürdü. Rusiya baş komandanlığının rəsmi məlumatına görə müharibənin lap əvvəllərində rus ordusunun tərkibində 300 min erməni əsgər və zabit vuruşurdu.
Antanta dövlətləri Türkiyənin bölüşdürülməsini gerçəkləşdirməyə çalışaraq boğazlar və İstanbulu ələ keçirmək üçün hərbi əməliyyatlara başladılar.

Bu, ermənilərin türklərə qarşı ilk və son xəyanəti deyildi. Erməniləri Hindistandan Azərbaycanın və Türkiyənin min illərlə mövcud olduğu bu coğrafiyaya köçürənlər bu addımın sonunu da düşünmüşdülər. Ermənilər xaçlı dünyasının bizim regiona, Türkün yurd tutduğu böşlgəyə göndərdiyi emissarlar idilər. Onlar əvvəl-axır türk-müsəlman dünyasına qarşı çıxmalı idilər və çıxdılar. Bu proses bu gün də davam edir. Qeyd edək ki, bütün bu proseslərin başında ermənilərin xüsusən türklərə qarşı yaratdığı “Daşnaksütyun” terror təşkilatı dayanır
1980-cı illərin sonunda SSRİ-də baş qaldıran iqtisadi-siyasi problemlər “Daşnaksutyun”un burada aktivləşməsinə səbəb oldu, öz imkanlarından istifadə edərək daşnaklar Avropa, Amerika, sonradan isə mərkəzi Sovet mətbuatında "Miatsum" ideyasını təbliğ etməyə başladılar. Lakin daşnaklar tək təbliğatla kifayətlənməyib, Ermənistana və Qarabağa silah sursat, adamlar göndərirdilər. Azərbaycan barədə təhrif olunmuş yalan məlumatların yayılmasında “Daşnaksutyun”un nəzarətində və yaxud təsirində olan KİV-lərdən aktiv istifadə adi hal alır. Daşnaklar gürcü-abxaz münaqişəsində də aktiv iştrak edirlər, onların iştrakı və köməyi ilə "Marşal Baqramyan adına erməni batalyonu" yaradılır, ki bu batalyon gürcü ordusuna qarşı döyüşlərdə iştrak edirdi.
1994-cü ildə Ermənistanda Levon Ter-Petrosyanın əmri ilə “Daşnaksutyun”un fəaliyyəti dayandırılır, bəzi üzvləri isə həbs olunur. 1998-ci ildə prezident postunda Ter-Petrosyanı əvəz etmiş, Robert Koçaryan “Daşnaksutyun”un fəaliyyətinə icazə verir. Bü gün isə “Daşnaksutyun” Ermənistanda aparıcı siyasi güclərdən biridir. ”Daşnaksutyun”un tələbləri illərdən bəri dəyişməyib, partiya əvvəllər olduğu kimi Türkiyədən qondarma erməni soyqırımını tanımağı, ermənilərə təzminat ödəməyi və Türkiyənin şərqində 7 vilayəti Ermənistana verməyi tələb edir. Azərbaycana qarşı isə ərazi iddiaları dava edir, işğal olunmuş ərazilərdən savayı daşnaklar keçmiş Şaumyan rayonunun (Goranboy rayonunun cənub hissəsi) ərazisinə və Naxçıvan Muxtar Respublikasının ərazilərinə iddialıdırlar.

Bu gün isə hərbi-siyasi vəziyyət Azərbaycanın zeyrinə dəyişib. 44 günlük müharibədən sonra Azərbaycan torpaqlarını erməni silahlı qüvvələrindən azad etməyi bacardı. Bu gün proses sülh müqaviləsinin imzalanmasına doğru aparılır. Ermənistan və Azərbaycan liderlərinin müxtəlif məkanlarda, Soçidə, Brüsseldə, Moskvada artıq 6-cı görüşü baş tutub. Hər görüşdən sonra mövqelərdə, xüsusən rəsmi İrəvanın məsələyə yanaşmasında qismən sapmalar olsa da, hələlik danışıqlar öz məcrasındadır. Danışıqlar prosesinə kənar qüvvələrin müdaxilələri olsa da, hələlik ciddi təsirlərdən danışmaq tezdir. Çünki, təsir etmək, prosesi əngəlləmək istəyənlər də yox deyil, hətta daha çoxdur. Təxribatçılar, xüsusən “Daşnaksütyun” terror təşkilatının təmsilçiləri son vaxtlar, Azərbaycanın Ermənistanla 5 baza prinsipləri əsasında sülh müqaviləsinə aparan sənədləri təqdim edəndən sonra prosesi əngəlləmək, revanşist mövqelərinə yeni stimul vermək, ətrafına yeni-yeni qüvvələr cəlb etmək üçün ayağa qalxıblar. Artıq bir aydan artıqdır ki, davam edən etiraz aksiyaları əsasən Azərbaycanla imzalanması nəzərdə tutulan sülh müqaviləsinə qarşıdır. Bunu görməmək mümkün deyil.

Ermənistanda daşnaklar başda olmaqla revanşist qüvvələr vaxtı uzatmağa, yenidən güc toplamağa, erməni lobbisinin gücünə soykənərək, bəlli dairələrin, dövlətlərin maliyyəsi, hərbi yardımı ilə yeni müharibəyə başlamaq iddiasındadırlar. Ermənistanda keçirilən etiraz aksiyalarının təşkilatçılarına, daha doğrusu bu mitinqləri idarə edən qüvvələrə diqqət edin. Öndə daşnaklardır, keçmiş prezidentlər də onlara dəstək verirmişlər kimi görünürlər. Amma revanş həvəsi Koçaryan və Sarkisyanda daha çoxdur. Ən azından Paşinyandan əvəz çıxmağa çalışırlar. Moskvadan məxsusi olaraq Ermənistana göndərilmiş keçmiş “Qarabağ” təşkilatının rəhbərinin isə missiyası bambaşqadır. Sülhə “yox” deməklə ermənilər yeni müharibənin anonsunu verirlər. İndiki halda Ermənistanın müharibə aparacağı ehtimalı sıfıra bərabər olduğu kimi, məğlubiyyəti də qaçılmazdır.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...