"Bu, Fransaya bir dövlət kimi baş ucalığı gətirmir" - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"Fransa prezidentliyinə namizəd Pekresin Azərbaycan ərazilərinə qanunsuz səfərini bir neçə aspektdən şərh etmək olar. Məsələyə hüquqi aspektdən yanaşsaq, bu, Azərbaycan qanunvericiliyinə ziddir. Eyni zamanda bütövlükdə götürdükdə Fransa qanunvericiliyinə də ziddir. Pekres bu səfəri ilə həm beynəlxalq hüquq normalarını, həm öz ölkəsinin hüquq normalarını, həm də başqa ölkənin hüquq normalarını pozmuş oldu". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, belə bir şəxsin Fransada prezident seçiləcəyi təqdirdə ölkəsindəki vətəndaşların hüquq və azadlıqlarını qorumaqla bağlı addım atacağı, yaxud bəzi məsələlərdə ədalətli mövqe tutacağı inandırıcı görünmür. Əslində, bu, daha çox Fransa cəmiyətini düşündürən məsələdir. Digər bir aspekt isə siyasidir.

Elçin Mirzəbəyli bu barədə fikirlərini belə izah edib: "Ölkəsi Minsk qrupunun üzvü olan Emmanuel Makron buna məhəl qoymayaraq Ermənistana müharibə zamanı açıq dəstək verirdi. Ancaq Paşinyanın Pekresi bu səfərə dəvət etməsi onu dəstəkləyən Makrona olan qeyri-səmimi münasibətinin əyani göstəricisidir. Bu, həmçinin Ermənistan siyasətçilərinin iç üzünü göstərən faktorlardan biri kimi qeyd oluna bilər. Fransa BMT TŞ-nın daimi üzvü kimi BMT qərarlarının, qətnamələrinin müvafiq nizamnaməsinin qorunmasına görə məsuliyyət daşıyır. İndiki halda Pekresin səfərini başqa ölkənin ərazilərinə, yəni Azərbaycan sərhədlərinin toxunulmazlığına, ərazi bütövlüyünə qarşı yönəlmiş bir addım kimi qiymətləndirmək lazımdır. Eyni zamanda Fransa bir dövlət olaraq Beynəlxalq hüququn norma və prinsiplərinə, öz öhdəliklərinə nə qədər qeyri-sadiq olduğunu göstərir. Bütün bu səfərlər bəlli olduğu kimi Azərbaycan torpaqlarının işğal altında olduğu bir vaxtda da həyata keçirilmişdi. Fransa siyasətçiləri nəinki beynəlxalq hüquq normalarını, həm də dövlət əxlaqı deyilən bir anlayışı yox sayaraq hərəkət etmiş və faktiki olaraq işğala dəstək vermişdilər. O işğal ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərin faktiki olaraq dağıdılmasına, 1 milyondan çox insanın evindən didərgin düşməsinə, dini, mədəni, tarixi abidələrin məhv edilməsinə gətirib-çıxarmışdı. Əslində, həmin o siyasətçilərin davranışı da onların işğal nəticəsində törədilən cinayətlərə şərik olduqlarını ortaya qoyan amil kimi qiymətləndirilməlidir. Bu da şübhəsiz ki, Fransaya BMT TŞ-nın üzvü olan bir dövlət kimi baş ucalığı gətirmir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə