YAP və AK Partinin birgə təşkilatçılığı ilə videokonfrans keçirilib - YENİLƏNİB-FOTOLAR

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə Zəfər Gününün birinci ildönümünə həsr olunmuş “Qarabağ savaşı: Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi” mövzusunda videokonfrans keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə Yeni Azərbaycan Partiyasının sifarişi ilə SƏS TV tərəfindən hazırlanmış “44 günlük Zəfər salnaməsi” sənədli filmi nümayiş etdirilib.

Videokonfransın moderatorları, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən və AK Partinin Xarici əlaqələr departamentinin müdir müavini Mehmet Ceylan Zəfər Gününün birinci ildönümünə həsr olunmuş bu tədbirin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsində baş verən proseslər Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Moderatorlar həmçinin bu tipli konfransların keçirilməsinin YAP və AK Parti arasında münasibətlərin inkişafının növbəti göstəricisi olduğunu diqqətə çatdırıblar.

Videokonfransda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu tədbir tarixi bir hadisənin gerçəkləşdiyi günə təsadüf edir. Belə ki, oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Həmin açılış mərasimini izlədikcə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin nəinki regionumuza, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi oluruq.

YAP Sədrinin müavini deyib ki, Azərbaycanın şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən bir il ötür. Xalqımızın milli mübarizə ruhunu – sarsılmaz həmrəyliyini, dövlətimizin gücünü – qüdrətini əks etdirən İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi və siyasi məzmuna malikdir. Çünki birincisi, Azərbaycan 30 ilə yaxın davam edən işğal faktına, separatizmə öz milli gücü ilə, hərbi-siyasi resursları vasitəsilə son qoydu, BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi. Beləliklə, bu qələbə ilə həm tarixi ədalətin, həm də beynəlxalq hüququn bərpasına müvəffəq olduq. İkincisi, bu tarixi Zəfər xalqımızın milli qürurunun və milli ləyaqətinin bərpası olmaqla yanaşı, qərəzli dairələrin ikili standartlara və selektiv yanaşmaya əsaslanan siyasətinin iflasıdır. Nəhayət, Azərbaycan regionda yeni geostrateji reallıqlar yaratdı. Bu, bölgədə yeni təhlükəsizlik mühitinin və əməkdaşlıq imkanlarının formalaşması deməkdir.

“Şübhəsiz ki, Azərbaycanın tarixi qələbəsini təmin edən mühüm amillərdən biri qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə qətiyyətli, birmənalı və güclü mənəvi-siyasi dəstək göstərməsidir. Müharibənin başladığı gündən etibarən başda qardaş ölkə ictimaiyyəti Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etdi, həm reallıqların dünya ictimaiyyətinə çatdırılmasında, həm də erməni yalanlarının ifşasında yüksək fəallıq nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğan müxtəlif tribunalardan Azərbaycanın haqq işinə prinsipial dəstəyini ifadə etməklə beynəlxalq ictimaiyyətin diqqətini obyektiv gerçəkliklərə, tarixi, siyasi və mənəvi həqiqətlərə yönəltdi. Azərbaycan xalqı və dövləti qardaş dəstəyini minnətdarlıq hissi ilə çox yüksək qiymətləndirir. Eyni zamanda, Azərbaycan da öz növbəsində qardaş Türkiyəyə milli-strateji və prinsipial məsələlərdə güclü dəstək nümayiş etdirir. Bütün bunlar isə ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının real həyatda bir daha öz təsdiqini tapmasıdır. Ümumiyyətlə, dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu qardaşlıq münasibətləri bənzəri olmayan birlik və həmrəylik nümunəsidir”,-deyən Tahir Budaqov qeyd edib ki, postmüharibə dövründə də dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edir, iki qardaş ölkənin birgə təşəbbüsləri regionun yeni geostrateji dizaynında müstəsna rol oynayır. Azərbaycan və Türkiyə prezidentləri cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri, qardaşlığı bütün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. İki ölkə başçısının siyasi iradəsi tərəflər arasında iqtisadi, hərbi-texniki, mədəni-humanitar və digər istiqamətlərdə münasibətlərin dinamik inkişafını təmin edir. Fəal siyasi dialoq şəraitində iqtisadi əlaqələrin genişlənməsi iki ölkənin milli maraqlarına xidmət edən mühüm strateji amildir.

YAP Sədrinin müavini xüsusi vurğulayıb ki, bu ilin iyun ayının 15-də Azərbaycan ilə Türkiyə arasında Strateji Müttəfiqliyə dair Şuşa Bəyannaməsinin imzalanması tərəfdaşlıq münasibətlərinin yeni səviyyəyə yüksəlməsini şərtləndirib: “Şuşa Bəyannaməsinin imzalanmasından sonra görülən işlər iki ölkə arasında siyasi, iqtisadi-ticari, hərbi-strateji, mədəni-humanitar sahələrdə münasibətlərin inkişafına mühüm töhfədir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bu gün regionda mühüm bir faktordur. Postkonflikt mərhələsində iki ölkənin tərəfdaşlığı bölgədə sülh və təhlükəsizlik mühitinin möhkəmlənməsi, çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi və inteqrasiyanın sürətlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Təqdirəlayiq haldır ki, dünyada bənzəri olmayan, unikal əməkdaşlıq və sıx dostluq-qardaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafında hər iki ölkənin hakim partiyasının müstəsna rolu var. Partiyalarımız arasında təmaslar intensiv xarakter daşıyır və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürərək əlaqələrimizi daha da gücləndirmək, inkişaf etdirmək üçün mühüm səylər və təşəbbüslərlə çıxış edir. Tarixdə ilk dəfə olaraq iki partiya arasında Əməkdaşlıq Protokolunun imzalanmasından sonra qarşılıqlı münasibətlərin, gələcək əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib və biz ortaq hədəflərimizin reallaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətimizi ardıcıl olaraq davam etdiririk. Qarabağ Zəfəri sonrası reallıqlar həm Azərbaycan, həm Türkiyə, həm də regionda bütün xalqlar və dövlətlər üçün yaxşı perspektivlər vəd edir. Əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyə bundan sonra da ortaq milli maraqlar əsasında fəaliyyət göstərəcək, möhkəm həmrəylik və qətiyyətli siyasi iradə nümayiş etdirəcəklər. Hakim siyasi partiyalar da bu istiqamətdə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər!”.

AK Parti Sədrinin birinci müavini, İstanbul Millət Vəkili Numan Kurtulmuş çıxışında bildirib ki, bu gün böyük iftixarla ildönümünü qeyd etdiyimiz Qarabağ Zəfərinin Azərbaycan və Türkiyə xalqı üçün həqiqətən çox önəmlidir. Onun sözlərinə görə, bu müddət ərzində hər iki ölkənin prezidentləri başda olmaqla dövlət qurumları və təşkilatlarının sıx əməkdaşlığı çərçivəsində “tək millət, iki dövlət” olaraq davam etdirdiyimiz əməkdaşlığımız ən irəli nöqtələrə qədər irəliləyib və bundan sonra da yüksələn xətt üzrə davam edəcək: “Bu müddət ərzində sadəcə rəsmi münasibətlər deyil, eyni zamanda iki ölkə, iki iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında münasibətləri də institusional olaraq inkişaf etdirmək üçün çox əmək sərf olundu, böyük məsafə qət etdik. Buna görə əməyi keçən bütün dostlarımıza bir daha təşəkkür edirəm. Yeni Azərbaycan Partiyasının heyəti Türkiyəyə gəldi. Burada dəfələrlə görüşdük. Ən sonda iki partiya arasında Əməkdaşlıq protokolu imzalandı. Biz də bu il yayda Azərbaycanda görüşlər həyata keçirdik. Bir daha Azərbaycan ziyarətimizin ilk anından hava limanından yola salınma anına qədər bizə son dərəcə üstün qardaşlıq və dostluq göstərən başda partiyanın Sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov olmaqla Yeni Azərbaycan Partiyasındakı bütün dostlarımıza bir daha təşəkkür edirəm”.

Numan Kurtulmuş konfransın mövzusu ilə bağlı fikirlərini iki əsas istiqamətdə diqqətə çatdırıb: “Bunlardan birincisi, Azərbaycanın qazandığı bu Zəfər bizə nə öyrətdi, buradan öyrəndiklərimiz nələrdir. İkincisi, bundan sonrakı müddətdə üzərimizə düşən nədir, nələr etməliyik. Bunları çox qısa, sadəcə əsas başlıqlarla dəyərləndirmək istəyirəm. Böyük bir müharibə geridə qaldı. Böyük əmək sərf olundu. Şəhidlərimiz, qazilərimiz oldu. Şəhərlər dağıdıldı. İndi müharibədən öyrəndiklərimizi 5 başlıq altında ifadə etmək istəyirəm. Birincisi, Qarabağın işğalı və ondan sonrakı müddətdə yaşadıqlarımız beynəlxalq ictimaiyyətin qərəzliliyini, beynəlxalq sistemin dünyada yaşanan böhranları, gərginlikləri həll etməkdə nə qədər bacaraqsız və aciz olduğunu açıq şəkildə ortaya qoydu. Hamımız mövzunu ətraflı şəkildə bilirik. 30 illik erməni işğalı müddətində təəssüflər olsun ki, hər dəfə ağızlarını açdıqda ölkələrin ərazi bütövlüyündən, müstəqilliyindən, demokratiya və xalqların iradəsindən bəhs edənlərin işğalı necə müdafiə etdiklərinə və Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısındakı haqlarını qəsb etmək üçün necə səy göstərdiklərinə şahid olduq. Eyni şəkildə, beynəlxalq ictimaiyyətdə əslində başda BMT olmaqla sülhü bərqərar etmək öhdəliyi daşıyan qurumların bu müddətdə Qarabağın işğalı məsələsinda aciz qaldığını, bəlkə də istəksiz davrandığını gördük. ATƏT-in Minsk qrupunun bacarıqsızlığını, sülhə dəstək vermədiyini hamımız bilirik. Dolayısı ilə, Qarabağ məsələsi bizə və bütün dünyaya bunu öyrətdi: beynəlxalq ictimaiyyət sərf etmədiyi zaman ikiüzlü, ikili standartlı, beynəlxalq sistem isə sülhü bərqərar etməkdə aciz və laqeyddir. Bunu, sanki, bir laborotoriya kimi bizə öyrətdilər. Sadəcə Azərbaycan və Türkiyəyə deyil, bütün dünyaya nümayiş etdirdilər”.

Azərbaycanın Qarabağ Zəfərindən çıxardığımız ikinci dərsə gəlincə, Numan Kurtulmuş qeyd edib ki, beynəlxalq aləmdə diplomatik fəaliyyətimizi davam etdirəcəyik. diplomatik masanı hər zaman açıq saxlayacağıq, münasibətlərimizi ən yüksək səviyyədə davam etdirəcəyik: “Amma yeri gəldiyi zaman öz göbəyimizi özümüz kəsməyi də biləcəyik. Bir az əvvəl sənədli filmdə də gördük. Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycanın rəhbərliyinin qərarlılığı, Azərbaycan xalqının bu məsələdəki birliyi olmasa idi, bəlkə də, Qarabağdakı Zəfər bu qədər asan başa gələməyəcəkdi. Ona görə deyirik ki, beynəlxalq aləmdə mübarizəmizi davam etdirəcəyik, amma lazım gəldikdə öz göbəyimizi özümüz kəsəcəyik. Bu baxımdan, 44 günlük Qarabağ zəfəri, o möhtəşəm mübarizə öz göbəyimizi özümüz necə kəsə bilərik məsələsində bizə dərs verdi. Bundan da çox şey öyrəndik.

Üçüncüsü, həm regional, həm də beynəlxalq məsələlərdə Türkiyə-Azərbaycan qardaşlığının önəmi bir daha Qarabağın işğaldan azad olunması ilə birlikdə təsdiqləndi. Bunu bilirik, ürəkdən yaşayırıq, zehnimizin içərisində bu qardaşlığın hər zaman yer etdiyini bilirik. Bizim münasibətlərimiz, əslində, strateji müttəfiqlikdən də yüksəkdir, bir qardaşlıq münasibəti olaraq ortaya çıxmışdır. Həm diplomatik müstəvidə, həm Azərbaycanın döyüş meydanında apardığı mübarizədə Türkiyə hər zaman bir qardaş kimi səfərbər olub. Prezidentimizdən tutmuş sadə vətəndaşımıza qədər hər kəs bu qardaşlıq borcunu yerinə yetirməyi milli vəzifə olaraq qarşıya qoyub.

Bu Zəfərdən çıxardığımız dördüncü nəticə müdafiə sənayesində güclü olmağın, xüsusilə bu regionda güclü olmağın zəruriliyidir. Bu baxımdan, sülh istəyiriksə, müharibəyə hazır olmağın vacibliyini gördük. Bu mənada, Azərbaycan əsgərlərinin cəsarəti, həm rəhbərliyin gücü, həm Türkiyənin verdiyi dəstək fövqəladə vacib idi. Amma dəstəklər içərisində xüsusilə Türkiyə milli müdafiə sənayesinin son illər əldə etdiyi uğurlar, Azərbaycanın isə pilotsuz uçuş aparatlarının istifadəsində göstərdiyi böyük səy və qazandığı nailiyyət Qarabağ Zəfərinin qazanılmasında açar rollardan birini oynadı. Əgər Türkiyə keçmiş zamanlarda olduğu kimi, Amerikadan kredit almaq üçün illərlə qapısında gözləməli olsaydı, bu gün Türkiyənin pilotsuz uçuş aparatları olmayacaqdı. Bəlkə də, Azərbaycanın müharibədə təsirli olaraq istifadə etdiyi pilotsuz uçuş aparatları nəticə əldə etmək üçün əlimizdə güc ünsürü kimi olmayacaqdı. Bundan sonrakı mərhələdə də müdafiə sənayesinin bütün sahələrində xüsusilə yüksək texnologiyalar istifadə edərək daha güclü olmağın, hər iki ölkənin müdafiə sənayesini gücləndirmək üçün addımlar atılmasının çox vacib əhəmiyyət daşıdığını bir daha bildirmək istəyirəm. Keçən həftə həyatını itirən PUA-ların öncülü, layihənin memarı, 30 illik dostum Özdemir Bayraktarı rəhmətlə anırıq. Fədakarcasına bütün çətinliklərə, beynəlxalq sistemin bəzi ünsürlərinin mane olmaq səylərinə baxmayaraq, PUA-ları milli imkanlarımızla yetişkin gənclərlə birlikdə ortaya qoymuşdur.

Bu müddət ərzində beşinci önəmli dərsimiz isə döyüş meydanında güclü olmaq, hər cür imkana sahib olmaq, savaşda da masadakı gücümüzü əsla itirməməkdir. Bu mənada Azərbaycan masada da güclü olmuşdur. Müharibə vəziyyətində belə, fikir və düşüncələrimizi ifadə edə biləcək gücə, təcrübəyə sahib olmağı vacib hesab edirik. Bu beş qənaət mənim şəxsən Qarabağ Zəfərindən çıxardığım nəticələrdir. İnşallah, bunların hər birində daha da qüvvətlənərək yolumuza davam edəcəyik”.

AK Parti Sədrinin birinci müavininin fikrincə, bundan sonra sülh zamanıdır: “Sülhü təsis etmək də savaşı qazanmaq qədər çətin işdir. Ona görə də deyirik ki, bundan sonrakı onillər boyunca dünyanın ən önəmli bölgələrindən biri, Şərqlə Qərbin, Asiya ilə Avropanın keçid nöqtəsi olan Qafqazda sülhün bərqərar olmasını təmin etmək ortaq vəzifəmizdir. Bunun üçün də cənab Prezidentimizin ifadə etdiyi bu bölgənin altı ölkəsinin “altılıq platforması” şəklində çalışaraq işbirliyi imkanlarını artırmaq üçün mübarizə aparması qaçılmazdır. Bu mənada, ortada olan problemlərin həll olunması üçün bu müzakirə masası altılıq platforması çərçivəsində Qafqaza yeni bir perspektiv qazandıracaqdır. Qafqaza qazandırılacaq bu perspektivin də dünyada, bölgədə sülhün bərqərar olmasına töhfə verəcəyinə ürəkdən inanıram. İkincisi, Qarabağ azad olundu, amma indi Qarabağın abad olmaq zamanıdır. Bu gün gözəl bir təsadüfdür ki, Füzuli Beynəlxalq Hava Limanının açılmasını heyranlıqla və böyük təqdirlə izlədik. Zəngəzur və onun ətrafındakı iqtisadi dəhlizlərin açılması başda olmaqla Qarabağ bölgəsindəki, oranı abad edəcək hər cür çalışmada Türkiyə qeyd-şərtsiz qardaşı Azərbaycanın yanında duracaqdır. Ən qısa zamanda azad Qarabağın abad olmasını görmək mümkün olacaq. Qarabağ torpaqları əbədiyyətə qədər Azərbaycan torpağı olaraq qalacaq. Burada bu vəsilə ilə beynəlxalq aləmə də səslənmək üçün bunları söyləyirəm. Qarabağda indi abadlıq-quruculuq işləri görülür, amma təəssüf ki, acı həqiqət də var - orada on minlərlə mina mövcuddur. Bu minaların təmizlənməsi və orada təhlükəsiz şəkildə quruculuq fəaliyyətlərinin davam etdirilməsi üçün ermənilərin mina xəritələrini Azərbaycana vermələri qaçılmazdır. Beynəlxalq ictimaiyyətin ciddi şəkildə həm tələb etməsi, həm də bu yöndə ermənilərə təzyiq göstərməsi vacibdir.

Üçüncü vacib məsələyə toxunmaq istəyirəm. Onillər boyunca Asiya ilə Avropa arasındakı bağlantı, iqtisadi, logistik fəaliyyətlər və s. dünya iqtisadiyyatının və dünya siyasətinin əsas nöqtələrindən birinin də Qafqaz olduğunu ortaya çıxarır. Qafqaz bundan sonra dünya iqtisadi-siyasi sisteminin kilid nöqtəsində olacaq bölgələrdən biridir. Aydındır ki, bölgənin güclü bir aktoru olaraq bundan sonra Azərbaycan Qafqaz bölgəsində ortaya çıxacaq bütün iqtisadi-siyasi gəlişmələrin mərkəzində olmaq məcburiyyətindədir. Bu sadəcə öz gücünü, qüvvətini qorumaq, təmin etmək baxımında deyil, bu mənada dünyada inkişaf edən proseslərə təsir etmək baxımından Azərbaycanın önündəki önəmli bir vəzifədir.

Dördüncü məsələyə gəlincə, necə ki, Azərbaycan Qafqazın kilid nöqtəsidir, eləcə də dünyadakı bütün iqisadi-siyasi gəlişmələr, ən əsası son 10-15 ildir Türkiyəni öz bölgəsinin, yəni Qara dəniz, Şərqi Aralıq, Balkanlar və Orta Şərq coğrafiyasının vazkeçilməz ən böyük gücü halına gətirməkdədir. Türkiyə bu anlamda bu regional gücündən istifadə etmək üçün əlindəki bütün imkanlarını səfərbər etmişdir. Yenidən güclü bir Türkiyə istiqamətində addımlayır. Türkiyəni çox güclü sabahlara aparmaq üçün çalışacağıq. Dolayısı ilə Türkiyə üçün də önümüzdəki dönəmdə önəmli məsələ regional bir güc olaraq gücünü, dostlarının sayını artırmaqdır, bu bölgənin sülh adası olan önəmli ölkə olaraq varlığını gücləndirərək davam etdirməkdir. Yəni Qafqaz bölgəsində, bizim də içində olduğumuz bölgədə hər iki ayağımızı da - bir tərəfdə iqtisadi, bir tərəfdə siyasi - sağlam şəkildə yerə basaraq tarixin bizə verdiyi bu fürsətdən ən yaxşı şəkildə yararlanacağıq. Bunu da əlavə etmək istəyirəm ki, necə ki biz Türkiyənin güclü, böyük bir ölkə olaraq sülhün və əmin amanlığın mərkəzi halına gəlməsini arzu ediriksə, birilərinin də Türkiyənin güclənməsindən rahatsızlıq hiss etdiyi aşkardır. Bizim burada Türkiyə olaraq üzərimizə düşən vəzifə qorxmadan, çəkinmədən usanmadan doğru addımlar ataraq yolumuza davam etməkdir. Nümunə olaraq onlarca örnəyi sizə sadalaya bilərəm. Son günlərdə Türkiyədə yaşamaqda olduğumuz bu səfirlər məsələsi var. Təəssüf ki, səfirlərin əsas vəzifəsi fəaliyyət göstərdikləri ölkələrlə öz ölkələrinin arasındakı münasibətləri inkişaf etdirmək, əgər problemlər varsa, onları həll etməkdir. Bu mənada, Vyana Konvensiyası səfirlərin fəaliyyət göstərdikləri ölkələrin daxili işlərinə qarışmamalı olduqlarını bəyan edən bir sözləşmədir. Türkiyənin güclü bir şəkildə yürüməsindən, yürüyüşündən, güclü bir Türkiyə idarəsi ətrafında bütünləşməsindən narahat olanlar keçmiş zamanlardan qalan alışqanlıqları ilə barmaq silkələyərək Türkiyəni tabe etdirəcəklərini zənn etdilər. Amma başda cənab Prezidentimizin qərarlı duruşu sayəsində bu cəhdlərə qarşı Türkiyənin mənfəətlərini, haqqını, hüququnu qoruyan tərzdə mübarizə apardıq. Bu sözlərə qarşı Türkiyənin lazımlı addımları atacağını dünyaya elan etdik. Bunun nəticəsi olaraq 10 ölkənin səfiri geri addım atdı. Bu mənada, Vyana Konvensiyasının 41-ci maddəsini xatırlayaraq Türkiyənin daxili işlərinə müdaxilə etməyəcəklərini elan etdilər. Beləliklə, ortaya çıxan, böhran yaratma potensialı daşıyan cəhd neytrallaşdırılmış oldu. Bunu ona görə söyləyirəm ki, bundan sonra Türkiyə və Azərbaycan güclü və böyük ölkə olma hədəfi istiqamətində qarşısına çıxarılan bütün əngəlləri neytrallaşdıraraq irəliləmək bacarığını qazanmaq məcburiyyətindədir. Bunun şifrəsi də doğru və haqlı olduğumuz mövzularda əsla geri addım atmamaqdır. Qorxmadan, usanmadan beynəlxalq münasibətlərin bütün qaydalarına riayət edərək, heç kimə haqsızlıq etmədən, amma heç kimə də haqqımızı yedirmədən yolumuza davam etməkdir. Bu anlamda, dördüncü olaraq sözləyəcəyim budur. Türkiyənin də bir regional güc olaraq üzərinə düşən budur.

Az əvvəkli filmdə də əks olunan cənab Prezidentimizin bir cümləsini bir daha xatırlatmaq istəyirəm: “Güclü Türkiyə güclü Azərbaycan deməkdir. Güclü Azərbaycan da güclü Türkiyə deməkdir”.

Numan Kurtulmuş son olaraq diqqətə çatdırıb ki, önəmli məqamlardan biri bundan sonrakı zaman içərisində sürətli şəkildə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin hər sahədə inkişaf etdirilməsi, irəliyə doğru aparılmasıdır. Onun fikrincə, iki partiya arasındakı bu münasibətlər mükəmməl bir şəkildə irəliləyir: “Xüsusilə, Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə-Azərbaycan münasibətləri yeni bir fazaya keçmişdir. Bundan irəli gələn vəzifələr çərçivəsində bütün imkanlarımızı – iqtisadi, mədəniyyət, siyasət, ticarət, nəqliyyat sahəsində imkanlarımızı, gücümüzü səfərbər edərək, inşallah, Türkiyə-Azərbaycan münasibətlərini çox daha güclü hala gətirmək məcburiyyətindəyik. Zəngəzur dəhlizinin açılması bu münasibətləri sürətli inkişafına vəsilə olacaq. Bizim insanlarımız, sadəcə, rəsmi heyətlərimiz deyil, insanlarımız, tələbələrimiz, ticarətlə məşğul olanlar gedib-gələcəklər, ortaq layihələr reallaşdırılacaq. Bu layihələrdən ortaq qazanclar əldə edəcəyik və inşallah, önümüzdəki dönəmdə də vacib hesab etdiyim bu məsələni də birgə gerçəkləşdirmiş olacağıq. Mən bu vəsilə ilə konfransımızın da iki ölkə arasındakı münasibətlərə müsbət töhfə verəcəyinə inanıram”.

Videokonfransda Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək bildirib ki, şəhidlərimizin qanı ilə torpaqlarımızın işğaldan azad edilməsi və bu mübarizədə Türkiyənin mənəvi və siyasi dəstəyi birliyimizin parlaq nümunəsidir. Onun sözlərinə görə, bu il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvəsidir: “İyunun 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentimizdə çıxış edərək tarixi fikirlər səsləndirdi. O dedi ki, “Müqəddəs Vətən müharibəsi dövründə Türkiyə dövlət və millət olaraq Azərbaycanın yanında yer aldı. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, sabah da yanında olacağıq. Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir”. Ümumiyyətlə, Mustafa Kamal Atatatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri hər iki ölkədə dillər əzbəridir. Ölkələrimizin birliyini təcəssüm etdirən bu fəlsəfə bu gün prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın regionda və dünyada yaratdığı reallıqlarla özünü ifadə edir. Biz sevincimizlə, kədərimizlə, birgə tariximizlə, mədəniyyətimizlə, ortaq siyasətimizlə gələcəyə doğru irəliləyirik. Ən aktual şüarımız isə “Azərbaycanın gücü Türkiyənin gücüdür, Türkiyənin gücü isə Azərbaycanın gücüdür” şüarıdır”.

S.Seyidovun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətləri müasir beynəlxalq münasibətlər sisteminə yeni nəfəs gətirib: “Məsələ ondan ibarətdir ki, müasir beynəlxalq münasibətlər sistemində hər hansı regionda bir ölkənin güclənməsinin başqa ölkələrin müstəqilliyinə təhdid yaratdığını görürük. Təəssüf ki, bir birinə yaxın ölkələr belə bir reallığı yaşayırlar. Misal olaraq, Rusiya ilə Ukrayna arasında olan mövcud münasibətləri göstərmək olar. Eyni kökə, tarixə sahib olan qonşu dövlətlərin arasında bu gün ciddi problemlər var. Digər misalı Ermənistan və Rusiya münasibətləri kontekstində deyə bilərik. Uzun illərdir bu ölkələrin yaxın münasibətləri var. Amma bu münasibətlər bərabər səviyyədə əlaqələrin yaradılması əsasında təşkil olunmayıb. Ermənistan faktiki olaraq öz müstəqilliyini itirmiş vəziyyətdədir. Onun iqtisadiyyatı, hərbi durumu və s. özündən asılı deyil. Ermənistanın gələcəyi birbaşa Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasından asılıdır. Bu, Ermənistan üçün tarixi şansdır. Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev də MDB Dövlət Başçıları Şurasının iclasında qeyd etdi ki, Ermənistan bu tarixi şansı itirməməlidir. Ermənistanın real dövlət kimi gələcəyi məhz Türkiyə və Azərbaycanla bağlıdır. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlər, infrastruktur layihələrinin həyata keçirilməsi çox önəmlidir.

Beynəlxalq münasibətlər sistemində problemlər Avropa İttifaqı müstəvisində də özünü göstərir. Tərəqqini, inkişafı, bərabərliyi təbliğ edən Avropa İttifaqı bu gün öz üzvü olan Macarıstana və Polşaya qarşı sanksiya tətbiq etməyi düşünür. Bu ölkələrin müstəqilliyi sual altına düşür. Bu yaxınlarda İtaliyanın məhşur bir professorunun İtaliya-Avropa İttifaqı münasibətlərinə həsr olunmuş məqaləsini oxudum. O, məqəladə yazır ki, Avropa İttifaqı avronu tətbiq etməklə bizi aldatdı, İtaliyanı iqtisadi cəhətdən çökdürdülər ki, bunun da adı siyasi xəyanətdir. Göründüyü kimi, Avropa İttifaqının üzvü olan ölkələr də bir biriləri ilə dil tapa bilmirlər. Onlardan biri yüksəldikcə, digərinin marağını nəzərə almır. Eyni zamanda, Aİ-nin və Avropa Şurasının Azərbaycana və Türkiyəyə qarşı təpkiləri, müstəqil məhkəmə sisteminə qanunsuz müdaxilə cəhdləri, təzyiqləri, ölkələrimizin müstəqil siyasətinə qarşı çıxmaq cəhdləri qəbuledilməzdir. Bu yaxınlarda Türkiyədə bir sıra ölkələrin səfirlərinin səlahiyyətlərini aşaraq müstəqil məhkəmə sisteminə müdaxilə etmək cəhdlərinin şahidi olduq. Doğrudur, onlar geri çəkildilər, Vyana Konvensiyasının 41-ci maddəsinin önə çıxması ilə Türkiyədən faktiki olaraq üzr istədilər. Amma bu cəhdlərindən də əl çəkmirlər. Bu misallardan göründüyü kimi beynəlxalq münasibətlər sistemində bir tendensiya üzə çıxır. Yəni, hansısa ölkə güclənirsə, digər ölkənin milli maraqlarını nəzərə almır və ya ona zidd hərəkət edir. Amma biz Türkiyə və Azərbaycanın siyasətində fərqli məqamlar görürük. Belə ki, hər iki ölkə öz milli maraqlarını vahid maraqlar kimi qəbul edib qoruyur. Xatirinizdədirsə, Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ildə Aİ-nin Şərq Tərəfdaşlığı sammitində Ermənistan prezidentinin Türkiyəyə qarşı çıxışına cavab olaraq “Burda Türkiyə yoxdur, amma mən varam” dedi və onu susdurdu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu ilin iyun ayında Milli Məclisdə çıxışı zamanı bəyan etdi ki, “Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanındadır”. Bütün bunlar birliyimizin göstəricisidir”.

Milli Məclisin komitə sədri qeyd edib ki, Azərbaycanla Türkiyənin həyata keçirdiyi siyasət beynəlxalq münasibətlər sistemi üçün nümunə olmalıdır və artıq bu siyasət regionda başqa ölkələr tərəfindən qəbul olunmağa başlayıb: “Bizim zəfərimizin fəlsəfəsi bundan ibarətdir ki, bu siyasət öz düzgünlüyünü təsdiq edib. Bu gün Azərbaycan-Türkiyə-Gürcüstan münasibətləri strateji əhəmiyyət kəsb edən əlaqələrə çevrilib. Bu yaxınlarda 3 ölkənin parlamentinin komitə sədrləri olaraq Türkiyədə görüşdük və Azərbaycan, Türkiyə və Gürcüstanın Parlament Assambleyasının yaradılmasını müzakirə etdik. Eyni zamanda, Türkiyə-Rusiya-Azərbaycan münasibətləri də yüksək mərhələsini yaşayır. Bu, çox vacib məsələdir. Bundan başqa, bilirsiniz ki, bu yaxınlarda Azərbaycanla İran arasında müəyyən gərginlik yaşandı. Amma apardığımız siyasət öz düzgünlüyünü təsdiq etdi və həmin gərginlik arxada qaldı. Bütün bunlar göstərir ki, regionda Azərbaycanla Türkiyənin həyata keçirdiyi siyasətin alternativi yoxdur”.

Vətən müharibəsində qələbəmizin bütün region, o cümlədən Ermənistan üçün yeni imkanlar açdığını deyən Səməd Seyidov bu fikrini siyasətimizin düzgünlüyü ilə əsaslandırıb. O həmçinin diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafı Mərkəzi Asiyada türkdilli dövlətlər üçün də kifayət qədər cəlbedici görünür və onların da maraqlarına uyğundur.

Milli Məclisin komitə sədri vurğulayıb ki, Naxçıvanda əsası qoyulan Türk Şurası bu gün inkişaf edir: “Hesab edirəm ki, Türk Şurasının ən yüksək zirvəsi Şuşa Bəyannaməsidir. Şuşa Bəyannaməsi bizim üçün bir yol xəritəsidir ki, Azərbaycan və Türkiyə ilə yanaşı digər türkdilli ölkələri də güclü birliyə dəvət edir. Bu siyasətimizin uğurları digər qardaş türkdilli ölkələrin ortaq maraqlarına xidmət edir. Bunu Azərbaycanla Türkiyə öz siyasətləri ilə təsdiqləyirlər. Digər bir vacib məqam ondan ibarətdir ki, ölkələrimizin müstəqilliyinin möhkəmlənməsi bizi daha da birləşdirir. Yəni birimiz nə qədər güclüyüksə, digərimiz də o qədər güclənir. Vətən müharibəsində zəfərimizi birliyimiz sayəsində qazandıq. İlk dəfə idi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri beynəlxalq birlik tərəfindən həyata keçirilmədi. Həmin qətnamələri öz birliyimiz sayəsində icra etdik. Bundan sonra da, beynəlxalq hüququ həm masada, həm də savaşda müdafiə etməliyik. Düşünürəm ki, Azərbaycan və Türkiyə olaraq bundan sonra da gələcək uğurlarımız birliyimizdən asılı olacaq. Bizim siyasətimiz regionda və dünyada sülhə, sabitliyə və rifaha xidmət edir. Bu baxımdan, hesab edirəm ki, gələcəyimiz də uğurludur”.

AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala çıxışında bildirib ki, qardaş Azərbaycan Qarabağda cənab Prezident İlham Əliyevin məharətli rəhbərliyi və qətiyyətli iradəsi ilə 44 günlük qısa müddətdə tarixi Zəfər qazandı: “Qazanılan bu Zəfərin birinci ildönümü münasibətilə bir daha qəhrəman Azərbaycan Ordusunu və xalqını təbrik edirəm. Torpaqların azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizi rəhmətlə anır, qazilərimizə cansağlığı diləyirəm. Qazanılan Zəfərin ardından təxminən 1 milyon qaçqın soydaşımıza ata-baba yurdlarına, evlərinə dönüş yolunda müvəffəqiyyətlər arzulayıram. Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsində başda cənab Prezidentimiz olmaqla 84 milyon vətəndaşımız qardaş Azərbaycanın yanında olmuş, hər cür dəstək göstərmiş və dualarını əsirgəməmişdir. Sadəcə, Qarabağ Zəfəri deyil, tariximizdə birlikdə qazandığımız ortaq qələbələrimiz də taleyimizin birliyinin ortaq təməlini yaratmaqdadır. Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə göstərdiyi mübarizə nəticəsində Bakının azad edilməsini hər an qürurla xatırlayırıq. Digər tərəfdən, Çanaqqalada azərbaycanlı qardaşlarımızın müstəqillik mübarizəmizdə göstərdikləri dəstək də tariximizə qardaşlığımızın nişanələrindən biri olaraq həkk olunmuşdur. 15 iyul 2016-cı ildə yaşadığımız mənfur çevriliş cəhdindən sonra da azərbaycanlı qardaşlarımız dəstəyini əsirgəməmişlər. Eyni zamanda, bu il ölkəmizdə baş verən meşə yanğınları ilə mübarizədə azərbaycanlı qardaşlarımızın dəstəyi və mübarizəsi millətimiz tərəfindən təqdirlə qarşılanmışdır. COVID-19 pandemiyası dönəmində də biz Azərbaycana dəstək göstərərək qardaşlığımız üçün lazım olanı etdik və eyni şəkildə də qarşılıq gördük. Bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən bizə miras qalan “Bir millət, iki dövlət” şüarının real həyatda təsdiqidir”.

Efkan Ala deyib ki, işğaldan azad olunan bölgələrin təhlükəsizliyinin və yenidən bərpa-quruculuq işlərinin həyata keçirilməsində də Azərbaycana dəstək olmaqdan məmnuniyyət və xoşbəxtlik hissi duyuruq, bunu ali vəzifə hesab edirik: “Bu baxımdan, tədbirlər planı çərçivəsində işğaldan azad olunan torpaqların dirçəlməsinə səy göstərilir. Yanvarın 30-da Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə də bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunmasına öz töhfəmizi vermiş oluruq. Bu gün cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Azərbaycana son bir ildə üçüncü səfərini gerçəkləşdirərkən cənab Prezident İlham Əliyev ilə birlikdə açılışını etdikləri bir ildən qısa müddətdə ərsəyə gələn “Zəfər yolu” və Füzuli Beynəlxalq Hava Limanı kimi önəmli layihələrin həyata keçirilməsinə qürurla şahidlik edirik. Füzuli Beynəlxalq Hava Limanı bölgənin inkişafında və yüksəlişində çox önəmli rol oynayacaq. Zəngilanın Ağalı kəndində inşa edilən Azərbaycan-Türkiyə “Qardaşlıq bağı” da kənd təsərrüfatı sahəsindəki işbirliyimizi göstərməkdədir. Cənab Prezident İlham Əliyevin güclü rəhbərliyi altında 30 illik işğaldan azad edilən ərazilər küllərindən yenidən doğulur və inşa edilir. Xüsusilə, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının qurulması ilə bölgənin iqtisadi inkişafının təmin olunduğunu görəcəyik. Bərpa-quruculuq müddətində azərbaycanlı qardaşlarımıza dəstək göstərməyə davam edəcəyik”.

“Sabitlik və təhlükəsizliyin önündəki ən önəmli əngəl olan işğalın sona çatması ilə yeni fürsətlər yaranmışdır. Qarabağ Zəfərindən sonrakı yeni reallıqları nəzərə alaraq bölgəmizdə daha yaxşı qonşuluq münasibətlərinin qurulmasını arzu edirik. Bu baxımdan Cənubi Qafqazın münaqişə və gözyaşı ilə deyil, sabitlik və rifahla anılması üçün çalışırıq və cəhd göstəririk. Azərbaycanla bərabər yer aldığımız üçtərəfli və dördtəfli mexanizmlərin regional məsələlər üçün müsbət nəticələr əldə etdik. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi önəm verdiyi və hazırda gündəmdə olan regional əməkdaşlıq qurulduğu təqdirdə, bu inkişafın regional iqtisadiyyatın canlanmasına və sosial rifahın artmasına müsbət təsirlərinin olacağı mütləqdir. Bu günə qədər Ermənistan regional əməkdaşlıqdan kənarda qalaraq ən böyük zərəri özünə vurub. 2021-ci il yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında imzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulmuş nəqliyyat xətlərinin regionda fəaliyyətə başlamasını və iqtisadi fəaliyyətlərin sürətlənməsini arzu edir və dəstəkləyirik. Türk Hava Yolları və Azərbaycan Hava Yollarının Ermənistan hava sahəsi üzərindən uçuşlarının gerçəkləşdirilməsi normallaşma istiqamətində atılan müsbət addımlardır. Cənab Prezidentimiz Ermənistanın səmimi və konstruktiv addımlar atdığı təqdirdə, münasibətlərimizi ehtiyatla və tədricən normallaşdıra biləcəyimizi vurğulamışdır. Prezident cənab İlham Əliyevin sağlam düşüncəli və tolerant mesajlarını da təqdirlə qarşılamaq və dəyərləndirmək lazımdır. Azərbaycanın Ermənistanla hərtərəfli sülh sazişi imzalanması təklifini də dəstəkləyirik. Əlbəttə ki, normallaşma müddətini Azərbaycanla birlikdə davam etdirəcəyik. İşğal dönəmində Ermənistan tərəfindən yerləşdirilən minaların bölgənin təhlükəsizliyinin önündəki ən önəmli təhlükələrdən biri olduğunu hər platformada ifadə etməyə davam edəcəyik. Türkiyə istər mütəxəssis, istərsə də təchizat dəstəyi göstərərək minaların təmizlənməsi prosesində aktiv rol oynamaqdadır. Minalar səbəbindən mülki şəxslər arasında itkilər olduğunu, bəzi qardaşlarımızın da yaralandığını kədərlənərək öyrənirik. Ötən dövr ərzində Azərbaycana təqdim edilən mina xəritələrinin düzgünlüyün 25 faiz səviyyəsində olması problemin həllini çətinləşdirir. Ermənistanın tam və doğru mina xəritələrini təqdim etməsi həm səmimiliyinin göstəricisi, həm inam formalaşması üçün vacib addım olacaq, həm də bölgədə itkilərin qarşısını alacaq. 15 iyun tarixində prezidentlərimizin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada imzaladıqları Bəyannamə ilə müttəfiqliyimizin zəmini gücləndirilərək tarixi addım atılıb. Şuşa Bəyannaməsi ölkələrimizin maraqlarını təmin edən bütün sahələrdə bizim üçün yeni vəzifələr müəyyənləşdirir. Siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsini, yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini ortaya qoymaqdadır. Bununla yanaşı, 1 aprel tarixindən Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə səfərlərin başlaması sıx təmaslarımızı daha da artıracaq. Bu, qardaşlığımıza layiq olan bir addımdır. Pandemiyadan sonra şəxsiyyət vəsiqəsi ilə səfərlərin artmasını müşahidə edəcəyik. Siyasi əlaqələrimizlə yanaşı, iqtisadi əlaqələrimizin gücləndirilməsi baxımından 1 mart 2021-ci il tarixindən qüvvəyə minən asanlaşdırılmış ticarət sazişini vacib bir addım olaraq qiymətləndiririk. Bununla yanaşı, qısa zaman ərzində sərbəst ticarət sazişinin imzalanmasını arzu edirəm. 15 milyard qarşılıqlı ticarət dövriyyəsinə çatmaq üçün lazımi potensial və siyasi iradəmiz var. Qarşılıqlı olaraq 30 milyard dollar olan investisiyalarımızla azərbaycanlı qardaşlarımıza iş imkanları təmin etməkdəyik. Ölkəmizdə də “Star” zavodu kimi nəhəng layihələrlə vətəndaşlarımıza iş imkanları təmin edirik. Dövlətlərimiz üçüncü ölkələrə də investisiya qoyurlar”,-deyə Efkan Ala əlavə edib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsindəki digər bir vacib məsələ isə Azərbaycan ilə müdafiə sənayesi sahəsindəki əməkdaşlığın sadəcə tədarük deyil, texnologiya mübadiləsi və ortaq istehsalı da əhatə edəcək şəkildə genişləndirilməsinin proqnozlaşdırılımasıdır: “Bundan başqa, imzaladığımız sazişlərdə müəyyən olunan öhdəliklər çərçivəsində Azərbaycan Ordusu ilə hərbi təlimlər davam etməkdədir. “Sarsılmaz Qardaşlıq-2021” birgə təlim oktyabr ayının əvvəlində uğurla başa çatdırılıb. Qarabağ zəfəri sonrasında “Türk qapısı” adlandırdığımız Naxçıvanın strateji əhəmiyyəti daha da artıb. Xüsusilə, Naxçıvanla Azərbaycanın Qərb rayonları arasında Zəngəzur dəhlizi vasitəsilə yaradılacaq əlaqə ölkələrimizi daha da yaxınlaşdıracaqdır. Zəngəzur dəhlizi ölkələrimizi birləşdirməklə yanaşı, qardaş türk respublikaları ilə əlaqələrimizi daha da asanlaşdıracaq. Zəngəzur dəhlizi vasitəsilə yaradılacaq əlaqə Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə beynəlxalq Şərq-Qərb nəqliyyat dəhlizinin orta koridoru çərçivəsində vacib fayda verəcək. Son zamanlar Naxçıvana istiqamətlənmiş enerji və nəqliyyat layihələrimizi də həyata keçirmək üçün çalışırıq. Iğdır-Naxçıvan təbii qaz boru kəməri və Qars-Naxçıvan dəmiryolu layihələri əlaqələrimizin inkişafına mühüm fayda verəcək. Dövlətlərimiz arasında olduğu kimi, YAP və AK Parti arasındakı əlaqələr hər ötən gün inkişaf etməkdədir. Məlum olduğu kimi, partiyalarımız arasında imzalanan əməkdaşlığa dair niyyət protokolu bu məqsədə hesablanıb. Protokolun partiyalarımız, dolayısı ilə ölkələrimiz arasındakı əməkdaşlığa daha çox fayda gətirməsini arzu edirəm. Bir daha qardaş Azərbaycan xalqının 8 noyabr – Zəfər Gününü təbrik edirəm”.

Videokonfransda çıxış edən “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Nurlan Qələndərli Azərbaycan xalqının ədalətli, şərəfli, təntənəli və qürurlu milli mübarizəsi kimi tarixə düşən 44 günlük İkinci Qarabağ müharibəsinin şanlı tariximiz, iftixar mənbəyimiz olduğunu diqqətə çatdırıb: “Biz İkinci Qarabağ savaşını haqlı olaraq Vətən müharibəsi adlandırırıq. Çünki bu, Vətənin bütövlüyü – ölkəmizin suverenliyinin tam təmin olunması uğrunda başlanmış və uğurla başa çatdırılmış Zəfər yürüşüdür. Bu şanlı qələbə sayəsində təkcə Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət deyil, eyni zamanda, milli qürurumuz, milli ləyaqətimiz bərpa olundu. Eyni zamanda, qüdrətli Azərbaycan dövləti erməni faşizminin başını əzməklə - belini qırmaqla, separatizmi məhv etməklə, təcavüzkarları döyüş meydanında layiqincə cəzalandırmaqla bəzi geosiyasi mərkəzlərin ikili standartlara əsaslanan siyasətini iflasa uğratdı”.

O əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Qələbə təkcə döyüş meydanında əldə edilməyib, bu, beş mühüm istiqamətdə aparılan strateji fəaliyyətin real nəticəsidir: “Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, çoxvektorlu və praqmatik xarici siyasət kursu, məqsədyönlü informasiya – təbliğat və strateji diplomatiya siyasətinin həyata keçirilməsi, ölkənin iqtisadi müstəqilliyinin təmin olunması və maliyyə gücünün artırılması, milli həmrəyliyin gücləndirilməsi və nəhayət, hərbi potensialın – müdafiə qabiliyyətinin artırılması Azərbaycanı möhtəşəm Zəfərə aparan fundamental amillər qismində çıxış etdi. Son sözü isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə və peşəkarlıqla yerinə yetirən qüdrətli Azərbaycan Ordusu dedi: “Qarabağ Azərbaycandır!”.

N.Qələndərli diqqətə çatdırıb ki, Azərbaycan təkcə döyüş meydanında zəfər qazanmayıb, eyni zamanda, informasiya cəbhəsində mütləq üstünlüyü ələ alıb: “Prezident İlham Əliyevin rasional strategiyası nəticəsində ölkəmiz həm müharibədən əvvəl, həm İkinci Qarabağ savaşı zamanı, həm də postkonflikt mərhələsində informasiya savaşında mühüm uğurlar əldə edib. Xüsusilə də, Prezident İlham Əliyev həm müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə, həm nüfuzlu transmilli media orqanlarına müsahibələri, həm də xalqa müraciətləri ilə reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırıb. Dövlət başçısının səsləndirdiyi fikirlər həm xalqın ruh yüksəkliyini artırıb, həm milli həmrəyliyin güclənməsini təmin edib, həm də milli media təsisatlarımız üçün mühüm “yol xəritəsi” və strateji istiqamətləri müəyyən edən paradiqma olub. 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin Azərbaycan xalqına çox sayda müraciət etməsi, 30-dan artıq xarici KİV-ə müsahibə verməsi, Azərbaycanın haqlı mövqeyini, reallıqları sistemli şəkildə, siyasi uzaqgörənliklə yerli və beynəlxalq auditoriyanın diqqətinə çatdırması Ermənistanın erməni lobbisi və xaricdəki havadarlarına əsaslanaraq yenidən özü üçün münbit informasiya mühiti yaratmaq niyyətini iflasa uğradıb. Beləliklə, uğurlu informasiya siyasəti nəticəsində Ermənistanın “feyk nyus” taktikası da darmadağın edilib. Bu müddət ərzində dünya mətbuatında Prezident İlham Əliyevin xalqa müraciətləri və müsahibələrində əksini tapmış fikirlərinə istinad olunmaqla Azərbaycanın haqlı, ədalətli mövqeyini əks etdirən çoxsaylı informasiyanın və analitik materialların dərc olunması da çox mühüm əhəmiyyətə malikdir. Bu, şübhəsiz ki, informasiya müharibəsində Azərbaycanın mütləq üstünlüyünü və qələbəsini təmin edən başlıca strateji amillərdəndir. Bir sözlə, informasiya cəbhəsində də üstünlüyünün təmin edilməsi möhtəşəm Qələbəmizin qazanılmasında müstəsna yerə və rola malikdir”,-deyən “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru əlavə edib ki, Türkiyə mediasının 44 günlük savaşdan öncə, müharibə ərəfəsində və sonrakı dövrdə Azərbaycana birmənalı dəstəyi erməni yalanlarının ifşası və ölkələrimizə qarşı dezinformasiya siyasətinin neytrallaşdırılması, qara piar kampaniyasının fiaskoya uğradılması baxımından çox önəmlidir.

N.Qələndərli onu da qeyd edib ki, bu gün həm Azərbaycan, həm də Türkiyə mediasında diqqət mərkəzində olan mühüm məsələlərdən biri hakim partiyalar - YAP ilə AK Parti arasında təmasların intensiv xarakter daşımasının əhəmiyyətidir. “Bu, siyasi ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Çünki daimi, səmərəli və faydalı təmaslar, çoxşaxəli əlaqələrin əhatə dairəsinin qarşılıqlı səfərlər vasitəsilə genişləndirilməsi çox böyük önəmə malikdir. Bu, bir millətin iki dövləti arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan, zirvədə olan münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir. Həmçinin bu proses qlobal informasiya platformasında hər iki ölkənin maraqlarının müdafiə olunmasına, dezinformasiyaların qarşısının alınmasına müstəsna töhfədir. Nəhayət, YAP-AK Parti əlaqələrinin dinamik xarakter daşıması nəticəsində siyasi leksikonumuza yeni anlayış – “partiya diplomatiyası” ifadəsi daxil olub. Partiya diplomatiyası, heç şübhəsiz, praqmatik xarici siyasət kursunun və dərin strateji diplomatiyanın tərkib hissəsi kimi milli maraqların təmini və ortaq hədəflərin gerçəkləşdirilməsi kontekstində çox önəmli və təsirli vasitədir”,-deyən N.Qələndərlinin sözlərinə görə, obyektiv təhlillər aparan beynəlxalq media orqanlarında da ifadə edildiyi kimi, Türkiyə-Azərbaycan birliyi bu gün bütün dünyada ən uğurlu geopolitik ittifaq nümunəsidir. Postmüharibə dövründə iki ölkənin birgə təşəbbüsləri regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxşaxəli əməkdaşlığın təmin olunmasına xidmət edir.

“Bu qədər dəyərli dövlət xadimləri və siyasətçilərdən sonra danışmaq bir az çətin olacaq. Mən bu məsələlərin siyasi tərəfinə çox da toxunmayacam. Proseslərin hərbi və geosiyasi tərəfləri ilə bağlı sözlərim olacaq. İlk növbədə bunu qeyd etməliyəm. Qələbə həm Azərbaycan, həm Türk dünyası, həm insanlıq, həm də haqqını axtaran günahsız insanlar üçün son dərəcə dəyərlidir, böyük bir ruh yüksəkliyi verdi. Həqiqətən də, Azərbaycan son dərəcə güclü, arxası sağlam olan bir düşmənə qarşı əks-hücum etmək məcburiyyətində qaldı. Bu dünyada ən çətin fəaliyyət formalarından biridir Amerika Birləşmiş Ştatlarının İraqda apardığı 8 illik müharibə dövründə 350 min kilometr ərazidə əsgər itkilərinin sayı 4147 nəfərdir. Lakin 44 gün davam edən İkinci Qarabağ müharibəsinə diqqət yetirdikdə 12 min kvadrat kilometr ərazidə aparılmasına baxmayaraq, 2908 şəhidimiz olduğunu görürük. Bu rəqəmlər belə müharibənin nə qədər sürətli, nə qədər sarsıdıcı olduğunu göstərdi. Müharibənin digər tərəfi isə ermənilərin cəsarət edib açıqlaya bilmədiyi və gizlətdiyi itkilərdir. Mənim aldığım məlumatlara görə, ermənilərin bu müharibə dövründə itkilərinin sayı 7 minlə 11 min arasındadır. İndi bu rəqəmlərin önəmli tərəfi də var. Adətən hücum edən tərəfin itkiləri müdafiə edən tərəflə müqayisədə üç qat daha çox olmalı olduğu halda, Azərbaycan tərəfi müharibəni professional səviyyədə apardığına görə erməni tərəfi ilə müqayisədə itkiləri üç dəfə azdır. Bu, müharibənin necə məharətlə aparıldığının ən əsaslı və ən böyük sübutlarından biridir”. Bu fikirləri isə videokonfransda Bahçeşehir Universitetinin müəllimi, terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyib.

O deyib ki, müharibənin qazanılmasında Türkiyənin mənəvi və siyasi dəstəyinin böyük rolu var: “Hər halda, Türkiyənin savaş zamanı ola biləcək bir problem halında hər cür dəstəyi verəcəyini bəyan etməyi, həm müharibənin gedişində, həm də xarici təsirlərdən qorumaq baxımından böyük əhəmiyyət kəsb etmişdir. Birliyimiz və bərabərliyimizin önəmi bundan sonrakı dövrlərdə çox böyük dəyər və əhəmiyyət kəsb edir. Bir həqiqət də budur ki, erməni tərəfinin müharibədə beli qırılıbdır. Lakin diqqət yetirdikdə görürük ki, ermənilər müharibə aparmaq istəyini davam etdirməyə çalışır. Hələ də bir gözlənti içərisindədirlər. Digər tərəfdən, həm də son dərəcə narahat olan xarici mərkəzlərin varlığından hamımız xəbərdarıq. Yəni bir az əvvəl Səməd müəllimin də söylədiyi kimi, bəzi ölkələr müharibədən və onun nəticəsi olaraq qazanılan Zəfərdən son dərəcə narahatdırlar. Bunu da söyləmək vacibdir ki, qarşı-qarşıya qaldığımız təhdid Azərbaycanın parçalanmasını hədəfləyən təhdiddir. Xüsusilə, general Polad Həşimovun şəhid olduğu iyul hadisələrində Ermənistanın törətdiyi təxribat Türkiyəni, türk dünyasını maraqlandıran regional layihələri - Bakı-Tbilisi Ceyhan təbii qaz boru xəttini, Türkiyə ilə Azərbaycan arasında avtomobil və dəmir yollarını təhlükə altında saxlamağa yönəlmişdi. Bundan sonrakı proseslər gərgin olaraq davam etdi və müharibəyə çevrildi. Müharibənin dünyada enerji geosiyasəti ilə bağlı gedən mübarizə zamanı, xüsusilə də Türkiyənin daxil olduğu Şərqi Aralıq dənizində, Liviyada, Egeydə gedən mübarizələr ilə paralel olaraq baş verməsi xüsusi vurğulanmalıdır. Bu müharibə böyük məharətlə idarə edildi. Həqiqətən, Azərbaycan Ordusunun apardığı bu müharibə son dərəcə qiymətli, mənalı və dəyərlidir. Niyə? Əsas səbəb budur: Dünyada indiyə kimi belə müharibə olmayıb. Birinci, ikinci, üçüncü nəsil müharibələrin özünəməxsus xüsusiyyətləri var. Amma, bu müharibə 5-ci nəsil müharibənin erkən mərhələsidir. Həm də keçmişdə baş verən bütün müharibələrin özəlliklərini özündə daşıya bilir. Xüsusi təyinatlı qüvvələrin və digər qüvvələrin də rolu böyükdür. Dünyada heç bir zaman istifadə olunmayan müharibə, yəni 5-ci nəsil müharibədir. Bu da bir həqiqətdir ki, Qarabağ zəfəri müharibənin fəlsəfəsini, paradiqmalarını, doktrinasını, konsepsiyasını və taktikalarını dəyişdirməyə başladı. Bu müharibə bütün dünya orduları üçün vacib dərsdir. Hər kəs Azərbaycanın döyüş taktikasını öyrənməyə çalışır. Bu, müharibə təkcə pilotsuz uçuş aparatları ilə qazanılmadı. Düzdür, PUA-lar qələbəyə təsir göstərdi. Amma həm də Azərbaycan Ordusu nizam-intizamı ilə böyük bir müharibə fəlsəfəsi yaratdı. Müharibə konsepsiyalarında bir sıra dəyişiklərə yol açdı. PUA-larla bərabər hava hücumundan müdafiə sistemlərindən, döyüş kəşfiyyatından. komanda və idarəetmə sistemlərindən, istifadə müharibənin ən əsas xüsusiyyətlərindən biridir”.

“Ermənilər hakim olduqları ərazilərdə çox möhkəm istehkamların içərisində çox böyük qüvvələrlə və çox güclü silahlarla Qarabağ torpaqlarını tutduqları halda qaçmaq məcburiyyətində qaldılar. Bu bir seçimdir. Bu seçimə səbəbiyyət verən də Azərbaycan əsgərinin iradəsi idi, yəni Zəfərə inamı idi. Erməni əsgəri bu inanc qarşısında dayana bilmədi, yəni mənim bu Zəfərin qazanılmasında gördüyüm ən təməl parametrlərdən biri budur. Həqiqətən zəfər yalnız silah, atəş gücü ilə qazanılmır. Bu, savaşın bir qəhrəmanlıq dastanıdır. Bu Zəfərin birinci ilidir. Bu Zəfərin minlərcə il qeyd olunmasını Allah hamımıza nəsib etsin. Belə bir Zəfərə ehtiyacımız vardı. Çox böyük bir ruh yüksəkliyi verdi bizə. Bu, təkcə Ermənistanın deyil, yenilməz zənn edilənlərin yenildiyi, məğlub olduğu bir savaşdır”,-deyə Abdullah Ağar əlavə edib.

Tədbirin sonunda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov videokonfransda çox faydalı müzakirələrin aparıldığını, gələcəkdə atılacaq addımlarla bağlı səmərəli fikirlərin səsləndirildiyini bildirib. Vətən müharibəsinin tariximizdə dönüş nöqtəsi olduğunu deyən Tahir Budaqov qeyd edib ki, Azərbaycan xalqı bundan sonra da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək qarşıda duran vəzifələrin həyata keçirilməsində səfərbər olacaq.

YAP Sədrinin müavini vurğulayıb ki, Vətən müharibəsində qazanılmış Zəfər tarixi əhəmiyyət daşıyır: “Bu qələbələr türkə yaraşır. Arzu edirəm ki, bir millətin iki dövlətinin Zəfər yürüşü bundan sonra da davamlı olsun”.

AK Parti Sədrinin birinci müavini, İstanbul Millət Vəkili Numan Kurtulmuş da yekunda çıxış edərək “Qarabağ savaşı: Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi” mövzusunda keçirilən videokonfransın əhəmiyyətini vurğulayıb və birgə tədbirlərin bundan sonra da keçiriləcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...