Humanizmi simasızlıqla, ikiüzlülüklə qarışıq salanlar TƏHLİL

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın düşdüyü acınacaqlı durum günün reallığıdır və bu, işğalçı ölkə vətəndaşlarının da, elə dünya ictimaiyyətinin də diqqətindən yayınmayıb. Öz işğalçılıq siyasəti sayəsində bütün qlobal layihələrdən məhrum olmuş, küncə qısılmış, marginallaşmış Ermənistanin onsuz da iqtisadi inkişafdan məhrum olduğu bəlli idi, vətəndaşları da əllərini belə üzmüşdülər ölkə iqtisadiyyatından və bu işğalçı ölkənin iqtisadiyatı yox səviyyəsində idi. Üstəlik, müharibə zamanı itgilər Ermənistanı tamamilə çökdürdü desək, yanılmarıq. Bu itgilərə maliyyə vəsaitləri itgiləri də daxildir, həmçinin canlı qüvvə itgiləri də. Dağlıq Qarabağa məcburi yerləşdirilən erməni əsilli əhalinin Ermənistan ərazisinə axın etməsi də Ermənistan hökuməti üçün daha böyük bir baş ağrısına çevrilib ki, bu da bundan sonrakı əlavə itgiləri proqnozlaşdırmağa əsas verir.
Təsəvvür edəndə ki, 30 il ərzində dilənib-dolanıb silah, sursat, hərbi texnika və digər vasitələr əldə edən ölkə cəmi 44 gün ərzində bütün bunlardan məhrum oldu, bu zaman Ermənistanın vəziyyətini başa düşmək çətin deyil. İstənilən bir ölkənin hərbi bazasının olması gərəkdiyini nəzərə alaraq isə, bundan sonra Ermənistan adlı bir ölkənin hansı çətinlik qarşısında qaldığını da təsəvvür etmək olar. Deyək ki, heç bir gəlir yeri, iqtisadiyyatı olmayan, üstəlik Dağlıq Qarabağdakı Azərbaycana məxsus mədənlərdən də məhrum olan bir dövlət bundan sonra hansı vəsaitlər hesabına itirilənləri bərpa edəcəyi sual altında qalır.

Sadalanan itgilər həqiqətən də Ermənistan üçün faciəvidir və əgər yardımlar, köməkliklər olmasa, bu ölkənin bundan sonra necə ayaqda duracağı da hələki müəmmalı olaraq qalır. Qeyd olunduğu kimi, əgər yardım və köməkliklər olmasa. Məsələ burasındadır ki, iqtisadiyyatını bərpa etməsi üçün düzgün istiqamət verilməsi, doğru yolun göstərilməsi, işğalçılıqdan, şər-böhtandan əl çəkməsi məsləhətləri əvəzinə, bu işğalçı ölkəyə tamam başqa bir prizmadan yanaşılır və bir növ haqsız olduqları halda müdafiəsinə qalxılır. Özü də, məsələn, Fransanın timsalında dünyanın sayılıb-seçilən, özünü demokratik adlandıran, hesab edən ölkələri tərəfindən. “Qoca qitə”də özünə yaxşıca yer eləmiş və özünü demokratik ölkə kimi bəyan eləmiş, hətta “tanıtmış” Fransa gah nala vurur, gah da mıxa. Amma necə vurursa, heç də onun vurduğu demokratiyanın müdafiəsi, ədalətin naminə deyil, əksinə, demokratiyanın böğulması, haqqın, ədalətin qarşısının alınmasına xidmət edir.

İllərdir ki, Fransanın timsalında Avropa ölkələrində, özünü demokratik adlandıran dövlətlərdə hansı hadisələrin cərəyan etdiyini bütün dünya ictimaiyyəti görür. Dinc nümayişçilərə qarşı bu ölkədə edilən təzyiqləri bütün dünya ictimaiyyətindən gizlətmək olmaz və heç gizlədə də bilməsdilər. Eləcə də İspaniyada Katalonlara qarşı şiddət tətbiq edilməsinin də şahidi olmuşuq. Yəni, “Qoca qitə”də nələrin baş verdiyi, hansı ədalətsizliklərin olduğu, demokratiyanın, söz azadlığının pozulması nümunələri var və bunu artıq bilməyən yoxdur. Maraqlıdır ki, belə bir halda, bu ölkələrin timsalında kimlərsə, Azərbaycanı hansı haqla müzakirə etməyə cürət edir, yaxud, üzündə necə üz tapır müzakirə etməyə? Bunlar nəinki mühakimə, heç müzakiəyə belə çıxarmaq üçün mənəvi haqq sahibləri deyil. Həm öz daxillərindəki vəziyyətlə əlaqədar, həm də ümumiyyətlə Azərbaycanın haqlı, ədalətli mövqeyi ilə əlaqədar.

Bəli, Ermənistan itkilər verdi və acınacaqlı vəziyyətə düşdü, bu işğalçı ölkənin vətəndaşları çətin durumdadırlar və bu reallığı hamı görür. Amma bu o demək deyil ki, burada günahkar Azərbaycan tərəfidir. Əsla. Nəinki, belə düşünənlər, hətta belə düşünmək istəyənlər də yanılırlar. Bir çox hallarda isə qərəzli yanaşırlar. Çünki, Ermənistan dövlətinin, onun vətəndaşlarının başına gələnlər, acınacaqlı vəziyyətləri öz ədalətsiz, haqsız mövqelərinin, qanunsuz hərəkətlərinin, işğalçılıq, terrorçuluq siyəsətlərinin məntiqi nəticəsidir. Bu mövzuda kimsə, hansısa ölkə, hansısa qurum, təşkilat Azərbaycana qarşı ittiham səsləndirə bilməz. Çünki, Azərbaycan öz torpaqları ilə yanaşı, ədaləti, onların göstərmək istədiyi haqqı, qanunauyğunluğu bırpa edib, onların guya ən çox istinad etdikləri BMT qətmanələrini icra edib.

Dağlıq Qarabağda məcburi şəkildə məskunlaşdırılmış erməni əsilli insanların vəziyyəti ilə əlaqədar indi guya narahat olduqlarını göstərməyə çalışan, əslində isə, hansısa divident naminə ortaya atılan bəzi qüvvələr ədalət, humanizm carçısı nə vaxtdan olublar? Bu gün həmin o məcburi məskunlaşdırılmış ermənilərin İrəvana geri döndüklərini qaçqın, məcburi köçkün kimi qələmə vermək istəyənlər, özlərini onların halına yanan kimi təqdim edənlər 30 ilə yaxın bir müddət ərzində həqiqətən qaçqınlıq həyatı yaşayanların vəziyyətinə, halına görə niyə narahat deyildilər? Maraqlıdır, qaçqın və məcburi köçkün kimi ağır vəziyyət yalnız ermənilərə şamil ediləndə narahatçılıq doğurur?

İndi guya erməni əsillilərin halına yanan kimi özlərini göstərənlər üçün tarixi bir ekskursiya tövsiyyə edirik. Tövsiyyə edirik ki, düz 30 ilə yaxın bir müddət əvvəl Azərbaycan vətəndaşlarının həmin Dağlıq Qarabağdan, öz torpaqlarından, ata-baba yurdlarından, döğma yerlərindən məcburi şəkildə qovulduqlarını heç olmasa xatırlasınlar. Bəli, onlar, Azərbaycan vətəndaşları o zaman məhz qovuldular. Məcburi məskunlaşdırılan ermənilər kimi vaxt verilərək, təhlükəsizlikləri təmin edilərək, həqarət, təhdid edilməyərək deyil, qanunun, imzalanmış razılaşma sənədinin tələblətinə uyğun yox, qanunsuz şəkildə, vaxt verilmədən, hətta qırğınlara məruz qoyularaq, soyqırımlar törədilərək qovuldular. Xocalı faciəsi kimi soyqırıma imza atan erməni terrorçuları məhz bu separatçılıq əməlləri ilə Azərbaycan vətəndaşlarına qaçqınlıq həyatı yaşatdılar. Öz yurd-yuvalarını qoyub qaçmaq məcburiyyətində qalan insanları, əliyalın insanları, dinc əhalini qaçmağa belə qoymayaraq təqib edib amansızcasına qətlə yetirən erməni terrorçuları bununla da kifayətlənmədilər. Qaçarkən qarşılarını kəsərək, min bir işgəncə ilə öldürülən Azərbaycan vətəndaşlarının cəsədləri üzərində təhqiramiz hərəkətlər belə etdilər erməni vəhşiləri, vandalları. Hələ də barəsində məlumat belə olmayan, itgin düşən 5 min nəfərə qədər azərbaycanlı var. Təqribən 30 minə yaxın insan tələfatı barədə statistik rəqəmlər var ki, bu bəd əməllərin də müəllifi məhz həmin o işğalçı, separatçı, vəhşi ermənilərdir. Hətta, unutmaq lazım deyil ki, Ermənistanın bundan əvvəlki, üçüncü prezidenti Serj Sarkisyanın timsalında, həmin o terrorçular, separatçılar, özü də məhz Xocalı faciəsini törədənlər bu əməlləri ilə öyünməkdən belə çəkinmədilər. Bu barədə, törətdikləri soyqırım barədə açıq-aşkar bəyan etməkdən də çəkinmədikləri kimi, utanmadılar da. Əksinə, lovğalandılar. Xatırladaq ki, eks-prezident Serj Sarkisyan, “azərbaycanlılar elə bilirdilər ki, biz onlara heç nə etmərik, işgəncə vermərik, onları qətlə yetirmərik, amma Xocalı soyqırımı ilə biz bu stereotipləri qırdıq” deməklə, erməni terrorçuluğunun, separatçılığının, vəhşiliyinin, son olaraq, erməniliyin mahiyyətini açıb ortaya qoydu.

Az qala 30 il, əsrin üçdə biri qədər olan müddət ərzində qaçqın düşən Azərbaycan vətəndaşları ermənilər tərəfindən həm onlara verilən işgəncələrin, həm də qaçqınlıq həyatının acısını çəkdilər. Yaxınlarını itirən, barəsində heç bir xəbər öyrənə bilməyən qaçqınlar bu müddət ərzində hansı iztirablar çəkmədilər? Erməni vəhşiliyini görən bu qaçqınlar yaşadıqları kabusun bu illər ərzində əzabını da çəkdilər. Üstəlik bütün bunlarla yanaşı, vətən həsrəti, yurd-yuva həsrəti, ata-babalarının vandallar tərəfindən dağıdılan məzarlarını düşünmək əzabı nəinki yaşanılası, heç düşünüləsi belə deyil.

Bəli, müharibədə Azərbaycan mükəmməl qələbə əldə etdi, “Böyük qələbə” qazandı. Bu qələbə Azərbaycan xalqının 30 ilə yaxın müddət ərzində arzuladığı, yetişdirdiyi qələbə idi. Bu təkcə qələbə yox, tarixi ədalətin bərpası idi ki, bu gün ağzını əyən bir çox təşkilatlar, hətta ATƏT-in timsalında tanınmış beynəlxalq qurumlar bu ədaləti bərpa edə bilmirdilər, yaxud etmək istəmirdilər, bunu Azərbaycan özü etdi. “Nə yaradar, nə də düzər, yaradana ağız büzər” zərb məsəlində olduğu kimi, indi bu qüvvələr niyə ağız büzürlər? Guya axtardıqları ədaləti tapmadılarmı? Ədalət onlar üçün erməni əsillilərin haq-nahaq qələbəsi deməkdir, yoxsa Azərbaycanın haqq işinin qalib gəlməsi?

Hər bir halda ədalət zəfər çaldı, Azərbaycan öz ordusu, öz qüdrəti, öz gücü hesabına, Ali Baş Komandanının rəhbərliyi, siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi, bacarığı ilə bu tarixi ədaləti bərpa etdi. Özü də qanunları əsas tutaraq, qanunlara riayət edərək, bütün beynəlxalq norma və prinspləri, humanizm idayelarını rəhbər tutaraq buna nail oldu. Buna ağız büzmək yox, bunu təlqin etmək, bunu bütün dünya xalqlarına nümunə, örnək göstərmək gərəkir.

Azərbaycanın istər hərb mədəniyyətini, istər siyasi, diplomatik etikasını bütün dünyaya nümayiş etdirmək əvəzinə, bəzi qurumlar, erməni əsillilərin Azərbaycan tərəfindən qaçqın halına salındığını bəyan edirlər. Bu müharibənin nəticəsində Dağlıq Qarabağdan köçürülmüş insanların acınacaqlı halına dünyanın diqqətini çəkməyə, bununla da erməni təəssübkeşliyini, ermənipərəstliyini, satılmış mövqelərini nümayiş etdirərək hansısa rakursda divident əldə etməyə çalışırlar bəziləri. Bu isə ədalətin tərənnümü deyil. Məgər, ötən əsrin sonlarında qaçqın düşən Azərbaycan vətəndaşları ehtiyac içində deyildilərmi? Qaçqınlıq həyatı yaşamaq məcburiyyətində qalanların hansı şəraitə uyğunlaşdıqlarını bircə dəfə araşdırdılarmı bu ağzıgöyçəklər, bu 30 il ərzində? İndi bir neçə həftə ərzində erməni əsillilərin yaşayışındakı diskamfort bunları nə yaman narahat elədi? Bu narahatlıqdır, humanizm idayasıdır, yoxsa simasızlıq və yaltaqlıq?

Demokratiya, söz azadlığı, ələlxüsus, humanizm simasızlıq, ikiüzlülük, yaltaqlıq demək deyil. Humanist idayaları təbliğ və tərənnüm edənlər bunu hər zaman, hər kəsə qarşı etməlidirlər. Əks halda bu məhz simasızlığa, ikiüzlülüyə, yaltaqlığa və daha hansı iyrənc sifətlərə çevrilir, bəllidir. Görünür, indi özlərini ermənilərin açılarına, məğlubiyyət iztirablarına, qacğınlıq əzablarına biganə qala bilməyənlər kimi göstərərək, bunu hansısa ali dəyərlərə aid etmək istəyənlər humanizmi simasızlıqla, ikiüzlülüklə, yaltaqlıqla qarışıq salanlardır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...