Ermənistan çətin suallar qarşısındadır... TƏHLİL

Rəsmi İrəvanın diasporla işində populist bəyanatlardan başqa heç bir gündəlik və fəaliyyət proqramı yoxdur. Hazırda Ermənistan mətbuatı da bu barədə bar-bar bağırır və mövcud hakimiyyəti də əməlli-başlı günahlandırır. Çünki, son dövrdə nəinki Tovuz istiqamətindəki döyüşlərdə, eləcə də dünya miqyasında diplomatik sahədə də Ermənistanın məğlubiyyəti erməni cəmiyyətini bərk narahat edir və bu işğaçı ölkənin mətbuat səhifələrinə də siraət edir.

Ermənipərəst təşkilatlara sığınmaq və sayələrində mövcudluğunu qorumaq Ermənistanın dövlət kimi mahiyyətini təşkil edir

Bir zamanlar erməni diasporu sayəsində ermənilərin ayaq tutub yeriyən yalanları artıq, necə deyərlər yerimir. Dünya ölkələri, beynəlxalq təşkilatlar, ABŞ kimi, Rusiya kimi fövqəl dövlətlərdə belə ermənilərin yalançı hay-küyləri işə yaramadı və diplomatik məğlubiyyətlərini də görməməzliyə vura bilməyən ermənilər bundan bərk narahatçılıq keçirirlər. Başda erməni baş naziri olmaqla, bu ölkənin hər bir vətəndaşının təlaşı əslində başadüşüləndir. Çünki, heç bir gücə, iqtisadi qüdrətə, dövlət kimi dayaqlara malik olmayan Ermənistanın hər zaman ümidləri xarici havadarlara, diaspor təşkilatlarının haray-həşirinə bağlı olub və indi bunun da işə yaramaması işğalçı ölkənin, onun vətəndaşlarının kürkünə birə salıb.

Hər bir ölkə özünəməxsus iqtisadi potensialla ayaqdadır və dövlətin mövcudluğu da, vətəndaşların vəziyyəti də məhz bu potensiala bağlıdır. Bununla yanaşı sabitlik, siyasi iradə, doğru-dürüst idarəetmə, sağlam hakimiyyət ölkənin stabilliyinin təminatıdır ki, bu sadalananlar da Ermənistanda yoxdur və bu işğalçı ölkə üçün xarakterik deyil. Bəs Ermənistan üçün xarakterik olan nədir? Əlbəttə ki, xarici güclərə, müxtəlif ermənipərəst təşkilatlara sığınmaq, arxalanmaq və onların sayəsində mövcudluğunu qorumaq bu işğalçı ölkənin dövlət kimi mahiyyətini təşkil edir.
Dünya miqyasında Ermənistan dayaqlarını itirməkdə davam edir
Son dövrlərdə Ermənistan-Azərbaycan toqquşmaları və müxtəlif diaspor icmalarında yaşanan gərginlik fonunda Diasporla İş üzrə Baş Komissarlığın aparatında mühüm dəyişikliklər baş verdi. Son vaxtlar nə baş verir ki, başda Erməni baş nazir özü olmaqla, bütün ermənilərin yuxusu ərşə çəkilib? Niyə şəxsən Paşinyanın əmri ilə Diasporla İş üzrə Baş Komissarlıqda əhəmiyyətli sayda əməkdaş işindən uzaqlaşdırıldı? Niyə bu işğalçı ölkənin baş naziri belə bir “təmizləmə” apardı və onu qane etməyən nə idi axı? Bəlkə də sual tam tərsinə qoyulsa daha düzgün səslənərdi və görəsən, dünya miqyasında Azərbaycana, azərbaycanlılara uduzan erməni diasporuna qarşı Nikolun bundan başqa hansı reaksiyası olmalı idi?
Şəxsən, baş nazir Paşinyanın əmri ilə idarə və şöbə müdirləri də daxil olmaqla ondan artıq ofis işçisi işdən azad edildi və uzaqlaşdırıldı. Elə bu fakt özü özlüyündə təsdiq edir ki, erməni cəmiyyəti də, Ermənistan hakimiyyəti də onların fəaliyyətindən razı deyil və hakimiyyət kürsüsünü inqlab bəhanəsi ilə, əslində isə dövlət çevrilişi ilə qamarlayan beli çantalı küçə nümayişçisinin aqressiyası da bundan dolayıdır. Bir növ erməni baş nazir özü belə anlamaq məcburiyyətində qaldı ki, dünya miqyasında özünün də, elə Ermənistanın da dayaqlarını itirir. Bu dayaqlarsız isə özü də, elə Ermənistan da bir heçdir. Xüsusən, bütün dünya ermənilərinə Ermənistana yardım ayırması üçün Paşinyanın müraciətindən sonra bu ölkəyə qəpik-quruş göndərilməsi də bir növ Nikolu qəflət yuxusundan ayıltı. Xəyallarının, utopik düşüncələrinin məst elədiyi yuxunun sonda özü üçün də, ölkəsi üçün də fəlakətlər vəd etdiyini dərhal dərk elədi.
Başda elə Nikol özü olmaqla, ermənilərin yalanla doldurulan pafoslu fikirləri, iddiaları mahiyyətsiz şəkildə kənara atıldı və hətta müttəfiqləri belə Azərbaycanın mövqelərini müdafiə etdilər. Daha dəqiq desək müdafiə etmək məcburiyyətində qaldılar. Çünki, Azərbaycan haqlı mövqeyini ortaya qoya bildi və hər bir sahədə uğurlu fəaliyyəti, siyasi, iqtisadi, diplomatik uğurları ilə ermənilərin müttəfiqlərini belə fakt qarşısında qoydu. Ermənilər isə bir sıra xarici ölkələrdə iğtişaşlar, qarşıqlıqlar törətməklə, Azərbaycan səfirliklərinə hücumlar təşkil etməklə, bir daha vandal, terrorçu olduqlarını sübut etdilər. Heç bir nəticə belə əldə edə bilməyən, əvəzində azərbaycanlıların sivil müqaviməti ilə rastlaşan və bu müqavimət qarşısında aciz qalan ermənilər, başda Nikol özü olmaqla indi bir növ günah keçisi axtarışındadır və real vəziyyətə görə, ermənilərin məğlubiyyəti reallığını həzm edə bilmir.
Ermənistanın diasporla işində real gündəliyi və fəaliyyət proqramı yoxdur
Görəsən, həzm edə bilməsələr belə, hər istiqamətdə məğlubiyyətlətlərini görən ermənilərin, Ermənistan hakimiyyətinin bu məğlubiyyətlərdən xilas olmağa ümidləri belə varmı? Yoxdur və ola da bilməz. Çünki, Ermənistan hakimiyyəti problemlərin nədən qaynaqlandığını düzgün qiymətləndirmək, etiraf etmək niyyətində deyil. Ötən əsrin ortalarından yalnız işğalçılıq siyasəti yürüdənlərin reallıqla, Azərbaycan həqiqətləri ilə, Azərbaycanın uğurları, potensial üstünlükləri ilə barışmaması onların belə bir niyyətdə olmamasını isbatlayır və bunu da bütün dünya artıq açıq-aşkar şəkildə görür, etiraf edir. Etiraf etməyənlər də özlərini görməməzliyə vururlar sadəcə. Reallıqları, həqiqətləri görməməzliyə vuranlar bu gün nöqsanları düzəltmək üçün çalışırlarmı və yaxud buna çalışa bilərlərmi? Diasporla normal, qanuni şəkildə işləmək üçün fəaliyyət proqramına ehtiyac duyumu Ermənistan? Bu işğalçı ölkənin belə bir proqramı ümumiyyətlə varmı? İndi müttəfiqlərinin belə gözündən düşən, müttəfiqlərinin belə müdafiəsinə sığına bilməyən Ermənistan çıxış yolu haqqında düşünürmü? Yaxud, Ermənistan düşdüyü, daha doğrusu özünü sürüklədiyi acınacaqlı vəziyyətdən çıxış yolu görürmü? Görürmü ki, işğalçılıq siyasətindən əl çəkməyəcəyi təqdirdə bir az da quyunun dibinə, məhvə sürüklənəcək? Bu və bir çox suallar bu gün öz aktuallığını qoruyur və başda Nikol Paşinyan olmaqla, bütün ermənilər dərk etmək məcburiyyətindədirlər ki, Ermənistan həyati vacib suallar qarşısındadır...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...