Koronavirusla mübarizədə dünyaya örnək olan Azərbaycan modeli - ŞƏRH

Prezidentin islahatlarının nəticəsi, çevik hökumət və...

Bu gün dünyanın əsas bəlası, eyni zamanda mövzusu olan koronavirus pandemiyası həm də yeni təcrübələr yaratdı. Müharibələr, çətin vəziyyətlər adamları da, dövlətləri də tanımağa imkan verir. Belə vəziyyətlərdə ilk şərtlərdən biri panikaya məğlub olmamaq, bəlanın miqyasını real qiymətləndirmək, çevik idarəetmə ilə operativ və düzgün qərarlar qabul etməkdir. Soyuqqanlı və təcrübəli olmaq həmişə işə yarayır.

Bəli, Birinci Qarabağ savaşından sonra Azərbaycan bu miqyasda ağırlıq, sınaq görməmişdi. Əlbəttə, atəşkəsdən - 1994-cü ildən bu yana da ölkəmizdə xeyli siyasi-iqtisadi xarakterli təlatümlər, çətinliklər, böhranlar olub, yaşanıb. Ancaq indi bütövlükdə dünyanı çalxalayan gözəgörünməz koronavirus pandemiyası demək olar ki, sərhəd tanımır. Yer üzündə sanki həyat dayanıb. Dünyanın əksər ölkələri, hətta inkişaf etmiş ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya və sair kimi qüdrətli dövlətlər çıxılmaz durumda qalıb. Bəzi dövlətlərdə nəinki iqtisadi-sosial, tibbi sferada, bütövlükdə hökumətin fəaliyyətində böhran yaranıb. Bir çox ölkələr faktiki olaraq idarəolunmaz duruma doğru gedir... Elə dövlət başçısının çevik və düşünülmüş addımlarının nəticəsidir ki, bu gün Azərbaycan bu bəladan da böyük nəticələrlə çıxmaqdadır. Yaranmış mövcud durumda Azərbaycan dövləti bütün çətinliklərin öhdəsindən gələ bilir, müvafiq, adekvat addımlar atılır. Ən mühüm olan budur və biz faktiki olaraq ölkə əəəəəəəəəprezidenti İlham Əliyevin həyata keçirdiyi böyük islahatların faydalı nəticələrini görürük.

Rob Sobhani: “Azərbaycan bir çox ölkələr üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran uğurlu modeldir”

“Azərbaycan dünyada bir çox ölkə üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran uğurlu modeldir”. Bunu "Caspian Group Holdings"in baş direktoru, amerikalı ekspert Rob Sobhani deyib. O bildirib ki, bu çox təhlükəli pandemiyanın qarşısını almaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər aktualdır və təqdirəlayiqdir. Amerikalı ekspert, sosial təcrid tədbirlərini, təhlükəsizlik üçün ictimai yerlərin bağlanmasını və insanları evdə qalmağa çağıran peşəkar şəkildə lentə alınan videoları xüsusi qeyd edib.

"Bu tədbirlər sayəsində Azərbaycanda koronavirusdan ölənlərin sayı ümumi əhalinin çox az bir faizini təşkil edir", - deyə amerikalı ekspert vurğulayıb. R.Sobhani, həmçinin Azərbaycanda karantində olan əhaliyə maddi yardım göstərilməsini yüksək qiymətləndirib: "Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik qərarı sayəsində vaxtı ilə ölkədə Dövlət Neft Fondu yaradılıb və Prezident İlham Əliyev bu fondun səmərəli işini təmin edib. Buna görə, bu gün xüsusi karantin rejimi zamanı aztəminatlı ailələrə maddi yardım göstərmək üçün kifayət qədər vəsait var".

Bundan əlavə, amerikalı ekspert qeyd edib ki, koronavirusdan sonrakı dövrdə bütün dünyada, o cümlədən Azərbaycanda da iqtisadi fəaliyyətin mərhələli şəkildə bərpasını təmin etmək lazımdır: "Əminəm ki, Azərbaycan rəhbərliyi karantin rejimindən tədricən çıxmaq və iqtisadi fəaliyyətin tam bərpası üçün effektiv bir plan hazırlayacaq".

Dövlət başçısı koronavirusla mübarizədə dünyaya örnək olan mövqe nümayiş etdirir

Bəli, bəşəriyyətin sınağa çəkildiyi belə bir məqamda xəbər hər şeydən qiymətli olur. Hər bir kəs məlumatları izləyir və hansı dövlətin daha düzgün qərar verdiyini, daha səlis addım atdığını özlüyündə aydınlaşdırmağa cəhd edir. Bu baxımdan Prezident İlham Əliyevin qətiyyətli və operativ olması, kreativ lider kimi ən mürəkkəb hadisələri yüksək peşəkarlıqla idarə etməsi, qarşısına çıxan maneələri sürətlə keçməsi, düzgün qərarlar verməsi və bütün ölkənin aqibəti ilə yanaşı, hər bir vətəndaşın da qayğılarını eyni həssaslıqla düşünməsi onun nüfuzunu dünya miqyasında artırır. Dövlət başçısının mübarizliyi və müdrik lider keyfiyyətləri yüz minlərlə insanın rəğbətinə səbəb olur.

Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfransda verdiyi bütün tapşırıqların yerinə yetirilməsinin vacibliyini qeyd edərək, pandemiyanın davam etməsi ilə bağlı əlavə tapşırıqların veriləcəyini də bildirmişdir: "Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Eyni zamanda təbii ki, biz bu şəraitdə iqtisadi sahəyə də daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründə ki, bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir. Ona görə bir daha demək istəyirəm, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır”.

Dövlət başçısının uzaqgörən və çevik siyasəti nəticəsində yoluxma zənciri qırılmış, müsbət dinamika əldə edilmişdir. Operativ qərarlar, sosial məsələlərin həllinin önə çəkilməsi Azərbaycanda milli həmrəyliyi misli görünməmiş ucalıqlara qaldırmış, xalq-iqtidar birliyinin möhtəşəm gücə çevrildiyini sübut etmişdir.

Təsadüfü deyil ki, İlham Əliyev videobağlantıda ən vacib məsələnin insanların sağlamlığı ilə bağlı olduğunu bildirmiş, səhiyyə sistemimizin böyük sınaqdan keçdiyini qeyd etmişdir. Təsadüfi deyil ki, dövlət başçısı Azərbaycanda xəstəliyin yayılma sürətinin nəzarət altında saxlanıldığını qeyd edərək digər ölkələrdə səhiyyənin vəziyyəti ilə əlaqədar olaraq vurğulamışdır: "Bu gün inkişaf etmiş bəzi ölkələrin, - indi oradakı vəziyyət televiziya və internet resurslarında göstərilir, - insanları ümumiyyətlə müalicə etmək imkanı yoxdur. Bəzi xəstələr dəhlizlərdə yerləşdirilir, yerə uzadılır, uzanıblar yerlərdə və sadəcə olaraq, xəstəxana binasında qalırlar. Ən inkişaf etmiş ölkələrdə yüzlərlə, bəzi hallarda mindən çox insan vəfat edir. Nəyə görə? Sadəcə olaraq, səhiyyə sistemi buna davam gətirə bilmir, xəstəxanalarda yer yoxdur, bəzi hallarda lazım olan avadanlıq çatışmır. Əgər bu ölkələrin səhiyyə sistemi normal fəaliyyət göstərsəydi, o insanların böyük əksəriyyətinin həyatını xilas etmək olardı”.

Prezident İlham Əliyev 200 min əvəzinə, 600 min insana iki ay ərzində 190 manat məbləğində vəsait verilməsini də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında bir tələb kimi qoymuş, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olanların problemlərini dövlətin öz üzərinə götürdüyünü bəyan etmişdir. Azərbaycan Prezidenti verdiyi tapşırıqların operativ, şəffaf şəkildə yerinə yetirilməsini tələb etmiş, insanların sağlamlığı və həyatı üçün bundan sonra da müvafiq tədbirlərin davam etdiriləcəyini bildirmişdir: "İndi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək. Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun. Əminəm ki, biz bunu təmin edəcəyik”.

İşğalçı Ermənistan isə kritik vəziyyətdən çıxmaq üçün təxribata əl atmağa məcbur idi

Bir müddət əvvəl həm ölkə mediasında, həm də ərəb mətbuatında dərc olunmuş "Pandemiyadan sonrakı Qarabağ: sülh, müharibə yoxsa inqilab?" sərlövhəli məqaləmdə böhranla əlaqədar olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin müharibəyə əl atacağı ilə bağlı verdiyim proqnozlar özünü doğrultdu. İşğalçı Ermənistan kritik vəziyyətdən çıxmaq, ondan narazı olan əhalinin fikrini yayındırmaq üçün təxribata əl atdı. Ermənistan tərəfinin koronavirus pandemiyasının yaratdığı çıxılmaz iqtisadi böhran vəziyyətində “kiçik müharibə”yə başlamaqla narazı kütlənin diqqətini ağır iqtisadi-sosial problemlərdın yayındırmağa çalışdı və 12 iyulda Tovuz ətrafı təxribatla özünü "sığortalamaq" istədi. Ancaq Nikol Paşinyan çox gözəl dərk edirdi ki, iri miqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkəsinin güclü Azərbaycan ordusu qarşısında biabırçı məğlubiyyəti və deməli, özünün də hakimiyyətdən salınması sırf zaman məsələsidir. Bu vəziyyətə Ermənistanın məqsədi “kiçik müharibə” effekti yaradıb, daxili auditoriyanın hakimiyyətə olan qəzəbini soyutmaq və sonra isə beynəlxalq aləmdə hay-həşir qoparıb, Azərbaycan ordusunun hücuma keçdiyi, Ermənistan dövləti və onun “məzlum” xalqı üçün yenidən təhdidlərin yarandığı ilə bağlı dezinformasiya yaymaq istədi. Ancaq güclü Azərbaycan ordusu və rəşadəli əsgərlərimizin şücaəti nəticəsində Paşinyana yerini göstərdi. Aprel döyüşlərində oduğu kimi, bu dəfə də biabırçı uğursuzluğa düçar oldu.

Əsas olan odur ki, hər belə təxribat Ermənistanın işğalçılıq siyasətinin ifşasını sürətləndirir, Azərbaycanın öz torpaqlarını azad etmək üçün siyasi və hüquqi baxımdan mövqelərini möhkəmləndirir. Tarixi başdan-başa saxtakarlıqlardan, xalqımıza qarşı soyqırımlardan, quldurluqdan ibarət olan cinayətkarlar, oğrular, saxta demokrat cildinə girmiş diktatorlar ölkəsi hər addımı ilə öz sonunu yaxınlaşdırır.

Bu günlərdə mətbuata açıqlamasında Prezident İlham Əliyev sülh danışıqlarının gedişatı ilə bağlı fikirlərini bildirirərək, dövlətimizin mövqeyini bəyan etdi. Görünən odur ki, Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil. Dövlətimizin başçısı müsahibəsinin sonunda “Heç kimin Aprel döyüşləri yadından çıxmasın!” fikrini də təsadüfən söyləmədi. Bəli, Azərbaycan nəyə qadir olduğunu artıq sübut edib. Ermənistanın siyasi-hərbi rəhbərliyi də ölkəsinin zəifliyini bilir və buna görə də indiki təxribatı məqsədyönlü şəkildə dövlət sərhədində törədib. Amma beynəlxalq situasiya elə bir mərhələyə doğru gedir ki, üzvü olduğu təşkilatlar belə Ermənistanı xilas edə bilməyəcək və işğalçı siyasətin son nöqtələrini Ordumuzun atəşləri qoyacaq”.

Paşinyan pandemiyanın əlində aciz qalmaqla ən böyük uğursuzluq göstəricisidir

Bu gün Ermənistanın isə koronovirusla mübarizədə gəlib çıxdığı hazırkı acınacaqlı vəziyyət mövcud hakimiyyətin apardığı yarıtmaz sosial-iqtisadi və beynəlxalq siyasətin məntiqi nəticəsidir. Paşinyan hakimiyyətinin adət etdiyi populist fəaliyyət üsullarının pandemiya ilə mübarizədə də uğurlu ola biləcəyinə götürdüyü hesablar tam iflasa uğradı.

Çünki ihğalçı ölkənin pandemiyadan qorumaqda heç bir qabaqlaylcı fəhminin, zəruri təcrübə və təşkilatçılığının olmadığı özünü ən pis formalarda göstərdi. Bu isə, Paşinyanın pandemiya ilə mübarizənin nə qədər ciddi bir vəzifə olduğunu yetərincə anlamadığının sübutudur. Və populist çıxışlarla bir addım belə irəli gedə bilməyən Ermənistanın baş naziri Paşinyan öz ölkəsini ən neqativ proseslərin lideri adlandırıldı.

Ən əsası isə, bütün dünya gördü ki, dövlətlər öz xalqlarının sağlamlığı naminə real işlər gördüyü vaxtda Paşinyan Azərbaycandan işğal yolu ilə müvəqqəti qopardıqları torpaqlarda yolverilməz kütləvi tədbirlər və inauqurasiya şouları göstərir.

Pandemiya əleyhinə uğurlu mübarizə ilə Azərbaycan bir daha göstərdi ki, belə nəticələri yalnız həqiqətən müstəqil siyasət aparan ölkələr əldə edə bilər. Paşinyanın "pandemiya ilə mübarizədə məğlub olduq' kimi etirafı sübut edir ki, Ermənistan kimi stabil və ya müstəqil siyasət kursu olmayan ölkələr hətta koronavirus pandemiyasından da zəif dalğalar qarşısında duruş gətirə bilməz. Paşinyan öz ölkəsinin virusa yoluxmada lider olduğunu etiraf etməklə təsdiqlədi ki, başqa ölkələr ümummilli əhəmiyyətli missiya həyata keçirdiyi vaxtda Ermənistan hökuməti öz siyasi rəqiblərini məhv etmək və sıradan çıxarmaq üçün diktaturanı gücləndirməklə məşğul olub. Elə bu səbədən də….

Ermənistan virusla mübarizə üçün, sadəcə, məqsədli şəkildə pul dilənir

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsü BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklədiyi halda, bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olduğunu deyib. Dövlət başçısı çıxışı zamanı bir daha Ermənistanın baş nazirini terroru dəstəkləyən dövlət kimi növbəti dəfə faktlarla ifşa etmişdi.

Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını qeyd edib. Azərbaycan Prezidenti isə çıxışında vurğulayıb ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmaqla, eyni zamanda, 30 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müqayisə edilməyən nisbətin mövcudluğunu nümayiş etdirən əsaslı faktdır. Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün, sadəcə, məqsədli şəkildə pul dilənir. Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 17 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir. Beləliklə, prosesləri təhlil etdikdə, gəlinən obyektiv nəticə budur ki, Azərbaycan koronavirus sınağından üzüağ çıxır. Prezident İlham Əliyevin xüsusi nəzarətində olan və məhz onun tapşırıq və tövsiyyələri əsasında müvafiq qurumların həyata keçirdiyi işlər qısa müddətdə yekun hədəflərə çatdıracaq. Bu prosesdə dövlət bütün yükü üzərinə çəkib. Vətəndaşlardan isə bircə tələb var – karantin qaydalarına əməl etmək! Çünki Azərbaycanda koronovirusla mübarizə modeli həm də özünü daha da təkmilləşdirmək gücündədir...

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə