Rusiya-ABŞ münasibətlərində artan yalnız neqativlikdir

Rusiya nümayəndə heyətinin BMT BA-da iştirakına ABŞ tərəfindən viza maneəsi tətbiq edildi və bu tarixdə bəlkə də ilk dəfə baş verirdi. SİA xəbər verir ki, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu “Qarabağ saatı” mövzusunda keçirdiyi növbəti mətbuat konfransında deyib.

Politoloq bildirib ki, Rusiya kəskin reaksiya verdi və RF Xİ naziri S.Lavrov bunu ABŞ Dövlət Katibi Mayk Pompeo ilə müzakirə edib.

“Lavrovun açıqlamasına görə, Pompeo və Trampın Rusiyaya qarşı tətbiq olunan viza qadağasından xəbərləri yoxdur. Əksər ABŞ mütəxəssisləri bunu “texniki problem” adlandırdılar. Buna baxmayaraq, baş verənlər Rusiya-ABŞ münasibətlərində hər şeyin normal olduğu anlamında deyil; münasibətlərdə gərginlik artan istiqamətdədir. ABŞ özünün hərbi xərclərini artırır və səbəb kimi Rusiya və Çinin gücünün artmasını göstərib. ABŞ Suriyada Konstitusiya Komissiyasının yaradılması barədə Rusiyanın rolunu təsdiq edib. Eyni zamanda Suriyada proseslərin sabitləşməməsi istiqamətində fəaliyyət göstərir. Rusiya şirkətləri Suriyanı yanacaqla təmin etdiyi üçün ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Rusiya tərəfinin yaydığı məlumata görə, ABŞ Çin-lə Rusiyanın arasını vurmaq istiqamətində fəaliyyət göstərir.

Gərginliyin motivasiyası olan daha ciddi məsələlər var. RF XİN dünyada nüvə müharibəsinin başlanma riskinin böyük olduğunu açıqlayıb. RF müdafiə naziri S.Şoyqunun fikrincə, ABŞ-ın özünü üstün hesab etməsinə inamı Rusiya üçün ən böyük təhlükədir.

ABŞ Qara dənizdə Rusiyanı blokadaya almaq siyasətini aparır. Pentaqonun başçısı da Rusiya və Çini “ən böyük təhlükə mənbəyi” adlandırıb. ABŞ-ın Hərbi Hava Qüvvələrinin Avropadakı komandanı Cefri Xarriqyan RF-in Kalininqrad vilayətində RƏMS sistemini dağıtmağa hazır olduqlarını bildirdi. Bəlkə də tarixin ironiyasıdır ki, Xarriqyan da ermənidir, Kalininqrad şəhərinin qubernatoru da ermənidir və hal-hazırda Ermənistanın Rusiyadakı səfiri V.Toqonyan Kalininqrad ermənilərinin aktivləşməsi istiqamətində müəyyən işlər görüb.

BMT BA müstəvisi çərçivəsində RF Xİ naziri çoxsaylı görüşlər keçirdi və o cümlədən ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi H. Kissincerlə bir çox məsələləri müzakirə edib. RF Xİ naziri S.Lavrov Aİ-ni “etibarsız tərəfdaş” adlandırıb. ABŞ rəsmilərinin fikrincə, NATO Rusiya üzərində üstünlüyünü itirir”, deyə politoloq bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə