Həsən Ruhani: "Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir"
İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri və bu səfər çərçivəsində əldə edilən ikitərəfli razılaşmalar, ilk öncə, ikitərəfli əlaqələrdə yeni inkişaf mərhələsinin başlanması kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, onu da qeyd edə bilərik ki, Azərbaycanla İran arasında imzalanmış mühüm tarixi sənədlər iki ölkə arasında mövcud olan və uzun illərə söykənən yaxın qonşuluğun və tərəfdaşlığın göstəricisidir. Bu baxımdan, güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni kökləri olan İran-Azərbaycan münasibətləri dünya üçün müsbət qonşuluq nümunəsi kimi göstərilə bilər. Misal üçün, təkcə 4 ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan verib və məhz bu kimi mühüm faktorlar ölkələrimiz arasındakı münbit tərəfdaşlıq münasibətlərini önə çəkir.
Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək
İmzalanan sənədlərdən İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişi göstərə bilərik ki, bütün bunlar tarixi əhəmiyyət daşıyan sənəd kimi dəyərləndirilməkdədir. Belə ki, Xəzərdə tarixi razılaşma dənizin bölünməsi ilə bağlı İranla Azərbaycan arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir. Artıq əminliklə belə bir nəticəyə gəlmək mümkündür ki, Xəzərdə tarixi razılaşma nəticəsində, dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək və bu kimi layihələr hər iki dövlətə və xalqa fayda gətirəcəkdir.
Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi Sazişi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu aradan qaldıracaq
Eləcə də, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş, müvafiq tikinti işlərinə başlanması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu aradan qaldıracaq. Bütövlükdə isə, qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu, qısa müddət ərzində, tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaqdır.
Xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri...
Digər əhəmiyyətli məqamlardan biri də İranın Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməsidir. Belə ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani Bakı səfərindəki çıxışında DQ münaqişəsi ilə bağlı ölkəsinin mövqeyini bu cür bəyan edib və beynəlxalq prinsiplərin məsələnin həlli üçün alət kimi istifadə edilməməsinin vacibliyini vurğulayıb. SİTAT: "Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir".
Beləliklə, belə bir ümumi nəticəyə gələ bilərik ki, Həsən Ruhaninin Bakıya rəsmi səfəri çərçivəsində İranla Azərbaycan arasında imzalanan rəsmi sənədlər xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşməklə yanaşı, yaxın gələcəkdə bu əlaqələrin daha da möhkəmlənəcəyini proqnozlaşdırır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə