Politoloq: “Rusiya münaqişədə aktiv mövqe nümayiş etdirməyə məcburdur” AÇIQLAMA

"Cəbhə bölgəsindəki vəziyyət tamamilə Azərbaycanın xeyrinə dəyişib". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, politoloq Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar mövqelərimizi kifayət qədər möhkəmləndirib: "Uğurlu hərbi əməliyyatların ardından işğal altında olan Azərbaycan torpaqlarındakı seperatçı və işğalçı qüvvələr qorxuya düşərək ərazini tərk edib qaçırlar. Ermənistan qorxu içində olduğunu Sarkisyanın davranışlarından açıq şəkildə görmək mümkündür. Bütün bunlar danışıqlar prosesində Azərbaycanın daha üstün mövqedən çıxış etməsinə imkan yaradıb. Ermənistan Azərbaycan Ordusunun gücünü gördü. Düşmən ölkə anladı ki, beynəlxalq ictimai rəy də onun tərəfində deyil. Çünki beynəlxalq təşkilatlar, bir çox dövlətlər, beynəlxalq media erməni yalanlarından yorulub. Bu yalanlara əvvəlki kimi heç kim qucaq açmaq niyyətində deyil. Vasitəçilərdən isə fərqli bir mövqe gözləmək absurd olar".

Politoloq qeyd edib ki, Rusiya mövcud reallıqlardan çıxış edərək münaqişənin həlli üçün əlverişli şərait yarandığını və bununla bağlı ilkin razılaşmalar olduğunu bildirib: "Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi Madrid prinsiplərində də var və əslində Rusiya yeni bir təklifverməyib. Madrid prinsipləri isə həmsədrlər tərəfindən razılaşdırılmış sənəddir. Bu baxımdan da belə bir fikirlərin səsləndirilməsinin aparılan danışıqların daha öncəki məzmunu ilə hər hansı ziddiyyəti yoxdur. İndiki vəziyyətdə Ermənistanın atacağı ən ağıllı addım işğal olunmuş Azərbaycan torpaqlarından çəkilmək və Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət statusu ilə bağlı razılaşmaqdan ibarətdir. Belə olarsa Ermənistan özünü xilas edəcək və regionda baş qaldıra biləcək gərginliyin daha da genişlənməsinə imkan yaratmayacaq. Əks təqdirdə isə Azərbaycan qısa zaman ərazində öz torpaqlarını işğaldan azad etmək potensialını ortaya qoyub".

Elçin Mirzəbəylinin fikrincə, Rusiya bu məsələdə aktiv mövqe nümayiş etdirmək istəyir: "Çünki bu proseslərdə beynəlxalq media tərəfindən ictimai rəyə təqdim olunan amil ondan ibarətdir ki, Rusiya münaqişədə tərəfdir. Rusiya vasitəçi kimi tərəf olmadığını nümayiş etdirmək və ATƏT-in Minsk qrupunun digər həmsədrlərindən daha fəal görünmək üçün bu addımı atmaq məcburiyyətindədir. Əks təqdirdə bölgədə ABŞ-ın və Avropa İttifaqını təmsil edən Fransanın daha aktiv formada fəaliyyət göstərməsinə zəmin yarada bilər. Rusiya təbii ki, bölgədə özündən başqa digər gücün daha fəal mövqedə dayanmasını istəmir. Ona görə də indiki şəraitdə bilavasitə öz maraqlarından çıxış edərək danışıqlar prosesində iştirak edərək prosesin öz nəzarətində həyata keçirilməsini arzulayır".

Bütün xəbərlər Facebook səhifəmizdə