"Ədalətli sülhü təmin etmək beynəlxalq təşkilatların əsas missiyası olmalıdır" - POLİTOLOQ
"Əslində, beynəlxalq münasibətlər sistemi ilə bağlı klassik yanaşma belə idi ki, beynəlxalq və regional təşkilatlar yaranmamışdan əvvəl beynəlxalq münasibətlər daha anarxik vəziyyətdə idi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Araz Aslanlı deyib.

Onun sözlərinə görə, dövlətlər nə istəyirdilərsə, onu edirdilər: "Onların hərəkətlərini məhdudlaşdıran hər hansı norma, qayda, beynəlxalq sənəd, beynəlxalq və ya regional təşkilat yox idi. Buna görə də, belə demək mümkünsə, ürəkləri nə istəyirdisə, onu edirdilər.
Məhz buna görə beynəlxalq hüquq, beynəlxalq və regional təşkilatlar önəm qazanmağa başladı. Fikirləşdilər ki, dövlətlərarası münasibətləri müəyyən şəkildə tənzimləmək lazımdır. Çünki beynəlxalq münasibətlərdəki anarxiya vəziyyəti həm dövlətləri, həm də ümumilikdə insanları təhdid edirdi. Buna görə də münasibətləri tənzimləyən qaydaların olmasının vacibliyi qəbul edildi və müxtəlif beynəlxalq təşkilatlar yaradıldı.
Bunun qlobal səviyyədə ilk böyük nümunəsi Millətlər Cəmiyyəti – Millətlər Liqası idi. Birinci Dünya müharibəsindən sonra, xüsusilə ABŞ-ın keçmiş prezidenti Vudro Vilsonun təşəbbüsü ilə yaradılmağa başlandı. Lakin çox uğurlu olmadı. Daha sonra Birləşmiş Millətlər Təşkilatının yaradılması ideyası İkinci Dünya müharibəsi dövründə ortaya atıldı və müharibə tam başa çatmamış onun təməli qoyuldu.
Bu və digər beynəlxalq təşkilatların beynəlxalq münasibətlərdəki rolu sonradan da daim müzakirə mövzusu olub. Sual bundan ibarət idi ki, onlar nə dərəcədə effektivdirlər. Müqayisə etdikdə görürük ki, beynəlxalq və regional təşkilatların olmadığı dövrlə olduğu dövr arasında müəyyən fərqlər var. Yəni beynəlxalq təşkilatlar müəyyən dərəcədə dövlətlərin bəzi addımlar atmasına mane ola bilir, tam anarxiya vəziyyəti deyil.
Amma dünyada güc balansı pozulanda müəyyən dövlətlərin addımlarına mane olan heç nə olmur. Hər hansı beynəlxalq və ya regional təşkilat işğalçının qarşısını almır, işğalı və onun nəticələrini aradan qaldırmır. Bu zaman ayrı-ayrı dövlətlər öz imkanları hesabına hərəkət edirlər. Azərbaycanın timsalında da biz bunu gördük.
Beynəlxalq və regional təşkilatlar görüntüdə sülhün əldə olunması, işğalın başa çatdırılması və işğalçının cəzalandırılması üçün çalışmalıdırlar. Digər tərəfdən isə sülhü qalıcı vəziyyətə gətirmək, daimi sülhü təmin etmək üçün fəaliyyət göstərməlidirlər. Amma praktikada tam ədaləti bərpa etmək üçün bunu etmirdilər.
Hətta beynəlxalq vasitəçilərin, hansı ki beynəlxalq təşkilatları təmsil edirlər, baxmayaraq ki, ayrı-ayrı dövlətlərdəndirlər, onların sülh təşəbbüsləri və münaqişələrin həlli ilə bağlı təklifləri çox vaxt beynəlxalq hüquqa uyğun olmurdu. Təmsil etdikləri beynəlxalq təşkilatların nizamnaməsinə, həmin təşkilatlar çərçivəsində qəbul olunmuş beynəlxalq müqavilələrə və insan hüquqları ilə bağlı əsas sənədlərə uyğun deyildi.
Bu da təbii ki, Azərbaycanın timsalında cəmiyyətin beynəlxalq və regional təşkilatlara inamını sarsıtdı. Lakin bu, yalnız bir münaqişə fonunda baş verdiyi üçün həmin dövrdə bu ədalətsizlik və qeyri-effektivlik o qədər də aydın görünmürdü. Ancaq dünyada münaqişələrin sayı artdıqca, güclü dövlətlərin və ya onların dəstəklədiyi qüvvələrin beynəlxalq hüquqa zidd addımları çoxaldıqca, müharibələrin və işğalların dağıdıcı nəticələri artdıqca beynəlxalq təşkilatların qeyri-effektivliyi daha qabarıq şəkildə görünməyə başladı.
Bu gün rahatlıqla demək olar ki, beynəlxalq təşkilatlar ən yaxşı halda müzakirə platforması rolunu oynaya bilirlər. İstər BMT-də, istər ATƏT-də, istərsə də digər təşkilatlarda bunu görürük. Dövlətlər burada öz mövqelərini ifadə edir, bir-birlərinə sözlərini deyirlər.
Digər tərəfdən, elə hallar da olur ki, hansısa münaqişənin genişlənməsinin qarşısını almaq və ya atəşkəsin ömrünü uzatmaq baxımından müəyyən rol oynayırlar. Bu da müəyyən mənada dəyərlidir. Çünki müharibə hər zaman ən pis, ən son variantdır.
Amma əgər hansısa, dırnaqarası, sülh prosesi işğalın ömrünü uzadırsa, işğalçını mükafatlandırmağa xidmət edirsə, bu, təbii ki, məntiqsizdir. Sülh çox dəyərli anlayışdır. Amma haqsızlığı, işğalı və soyqırımını legitimləşdirmək üçün davam etdirilən sülh qəbuledilməzdir.
Beynəlxalq hüquq ona görə formalaşdırılmışdı ki, ən azı ümumi inanc ədalətli sülhün təmin olunması idi. Nəyin bahasına olursa olsun sülh yox. Amma indi bəzən görürük ki, beynəlxalq təşkilatlar nəyin bahasına olursa olsun sülhü belə təmin edə bilmirlər.
Ədalətli sülhü beynəlxalq təşkilatların sonuncu dəfə nə vaxt təmin etməsi ilə bağlı ciddi suallar var. Bəzən maraqlar üst-üstə düşəndə onlar ədalətli sülhün təmin olunmasına səssiz qalırlar, bəzən isə buna dəstək verirlər. Digər hallarda isə hansısa regional və ya beynəlxalq təşkilat ədalətsiz müharibənin başlamasına, davam etməsinə və işğalın uzanmasına ya təhrikedici, ya da dəstəkçi kimi çıxış edir.
Bu mənada beynəlxalq təşkilatların rolu mübahisəlidir. Təbii ki, bu o demək deyil ki, beynəlxalq təşkilatlardan imtina etmək lazımdır. Beynəlxalq münasibətlər sisteminin sağlam şəkildə mövcud olması, dünyada dayanıqlı sülhün və əməkdaşlıq mühitinin təmin olunması üçün beynəlxalq hüquq işləməli, beynəlxalq təşkilatlar fəaliyyət göstərməlidir. Amma ən azı indiki formada yox, daha fərqli şəkildə. Bu təşkilatların fəaliyyəti onları yaradan dövlətlərin özlərinin müəyyən etdiyi qaydalara uyğun qurulmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB