15 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri və bu səfər zamanı verdiyi bəyanat təkcə iki ölkə arasındakı münasibətlərin deyil, bütövlükdə Avropa–Qafqaz geosiyasi xəttinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi hadisə kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin Belqradda səsləndirdiyi mövqelər Azərbaycanın artıq regional deyil, Avrasiya məkanında söz sahibi olan strateji aktora çevrildiyini açıq şəkildə nümayiş etdirdi. Bu bəyanat diplomatik protokolun sərhədlərini aşaraq Azərbaycan–Serbiya əlaqələrinin qarşılıqlı etimada və uzunmüddətli maraqlara əsaslanan yeni mərhələyə qədəm qoyduğunu ortaya qoydu.
Dövlət başçısının vurğuladığı əsas məqamlardan biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola dair idi. Azərbaycan artıq sadəcə enerji ixrac edən ölkə deyil, Avropanın dayanıqlı enerji arxitekturasının formalaşmasında mühüm mövqe tutan etibarlı tərəfdaşdır. Serbiya ilə əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır, çünki Balkan regionu Avropanın enerji xəritəsində strateji keçid nöqtəsidir. Azərbaycan qazının Serbiya üzərindən Balkanlara və Mərkəzi Avropaya çatdırılması təkcə iqtisadi layihə yox, həm də siyasi sabitlik və qarşılıqlı asılılıq yaradan mühüm geosiyasi mexanizmdir. Prezident İlham Əliyevin bəyanatı ilə bu xətt açıq şəkildə ortaya qoyuldu: Bakı ilə Belqrad arasında qurulan əməkdaşlıq artıq regional balansları formalaşdıran amilə çevrilir.
Bəyanatın daha dərin məzmunu ondan ibarət idi ki, Azərbaycan və Serbiya beynəlxalq münasibətlərdə suveren qərarvermə və milli maraqlara əsaslanan siyasət yürüdən ölkələr kimi bir-birini tamamlayır. Prezident İlham Əliyevin diplomatik xətti açıq mesaj verdi ki, Azərbaycan tərəfdaşlarını blok siyasətinə görə deyil, qarşılıqlı hörmət və fayda prinsipinə görə seçir. Bu yanaşma Serbiyanın da çoxvektorlu xarici siyasəti ilə uyğunluq təşkil edir və iki ölkə arasında strateji etimad mühitini gücləndirir.
Eyni zamanda dövlət başçısının bəyanatında Azərbaycanın müharibədən sonrakı inkişaf modeli xüsusi yer tutdu. Azərbaycan bu gün öz ərazi bütövlüyünü bərpa etmiş, post-münaqişə dövründə bərpa, reinteqrasiya və regional əməkdaşlıq konsepsiyasını uğurla həyata keçirən ölkə kimi çıxış edir. Bu modelin Serbiya ilə əməkdaşlıq kontekstində səsləndirilməsi Azərbaycanın artıq sülh, sabitlik və iqtisadi tərəfdaşlıq ixrac edən dövlətə çevrildiyini göstərir. Bu, təkcə Cənubi Qafqaz üçün deyil, Balkanlar üçün də yeni siyasi düşüncə tərzinin formalaşmasına xidmət edir.
Prezident İlham Əliyevin Serbiyada səsləndirdiyi fikirlər Azərbaycanın Avropa məkanındakı rolunu yeni səviyyəyə qaldırdı. Bu səfər və bəyanatla Azərbaycan Balkan regionuna yalnız enerji resursları ilə deyil, siyasi iradə, diplomatik nüfuz və strateji baxışla daxil oldu. Beləliklə, Bakı artıq Avropanın təhlükəsizlik və inkişaf arxitekturasında kənar müşahidəçi yox, fəal iştirakçı kimi çıxış edir. Serbiya ilə qurulan bu yeni əməkdaşlıq modeli isə Azərbaycanın Avropa ilə münasibətlərində yeni bir səhifənin açıldığını göstərən ən bariz sübutdur.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB