Prinsipial və gələcəyə hesablanmış strateji xətt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına səfəri zamanı verdiyi bəyanatla bir daha göstərdi ki, Azərbaycanın xarici siyasəti ardıcıl, prinsipial və gələcəyə hesablanmış strateji xətt üzərində qurulub. Dövlət başçısının “Bizim gələcək üçün də açıq-aydın planlarımız var” fikri təkcə ikitərəfli münasibətlərin deyil, ümumilikdə ölkəmizin beynəlxalq əməkdaşlıq modelinin mahiyyətini ifadə edir.

Azərbaycan ilə Serbiya arasında münasibətlər qarşılıqlı hörmət, ərazi bütövlüyünə dəstək və səmimi tərəfdaşlıq prinsiplərinə əsaslanır. Bu səfər çərçivəsində aparılan danışıqlar siyasi dialoqun daha da dərinləşdirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji, nəqliyyat və investisiya sahələrində əməkdaşlığın inkişafı üçün yeni imkanlar açdı. Prezident İlham Əliyevin bəyanatı göstərdi ki, Azərbaycan mövcud nailiyyətlərlə kifayətlənmir, uzunmüddətli və konkret hədəflərə əsaslanan yol xəritəsi ilə hərəkət edir.

Bu gün ölkəmiz regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və yeni iqtisadi layihələr sahəsində həyata keçirilən təşəbbüslər Azərbaycanın strateji baxışının nəticəsidir. Gələcək planların “açıq-aydın” olması isə dövlət siyasətində şəffaflığın, ardıcıllığın və milli maraqlara söykənən mövqenin göstəricisidir.

Serbiyaya səfər bir daha sübut etdi ki, Azərbaycan balanslaşdırılmış və müstəqil xarici siyasət kursunu davam etdirir, dost və tərəfdaş ölkələrlə əlaqələri daha da möhkəmləndirir. Qarşıdakı dövr üçün müəyyən edilmiş planlar isə həm siyasi, həm də iqtisadi müstəvidə ölkəmizin mövqelərini daha da gücləndirəcək.

Prezident İlham Əliyevin bəyanatında ifadə olunan bu mesaj Azərbaycanın gələcəyə inamla, aydın strategiya və konkret məqsədlərlə addımladığını bir daha təsdiq edir.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə