Ukrayna-Rusiya müharibəsini bitirmək barədə düşünüldüyü bir vaxtda hansısa təhdidlər, hədə-qorxular tamamilə yersiz səslənir və münaqişənin başa çatmasına əngəllər törədir. Doğrudur, Zelenski tərəfindən edilən təhdidlər, Rusiyaya qarşı hədə-qorxular bütün dünyanın, ələlxüsus da hərbi ekspertlərin diqqətini cəlb edir, amma mövcud şəraiti nəzərə aldıqda, tamamilə mənasız olduğu zərrə qədər də şübhə doğurmur.
Təhdid xarakterli iddialar ancaq təəssüf doğurur və bununla belə, təsirsiz də ötüşmür
Bildiyimiz kimi, Moskvanın atəşkəs təklifinə belə Ukrayna prezidenti şantaj və hədələrlə cavab verir. O, xalqa gündəlik müraciətində Ukrayna kəşfiyyatının mümkün təxribatı barədə danışdığı zaman çox müəmmalı məqamlara, xüsusən də Rusiyaya raket zərbələri ilə bağlı eyham vurur və buna bütün dünya ictimaiyyəti əlbəttə, təhdid kimi baxır. Daha dəqiq desək, münaqişənin nizamlanması, müharibənin sona çatdırılması müzakirə olunduğu bir vaxtda belə təhdidlər, belə hədə-qorxular heç kimin ürəyincə deyil. Amma reallıq bundan ibarətdir ki, təhdidlər var və nə qədər mənasız olsa belə hadisələrin gedişinə, xüsusən də nizamlanma prosesinə təsirsiz ötüşmür. Ən azından politoloqların, hərbi ekspertlərin belə diqqətindən yayınmır.
"Biz Rusiyanın ağrılı nöqtələrini seçirik, hansıki, bunlar Moskvanı diplomatiyaya ən çox sövq edəcək. İndi onlar çox narahatdırlar və narahat olmaqda da haqlıdırlar. Amma bu müharibənin davam edəcəyindən narahat olmalıdırlar. Onlar müharibəyə son qoymalıdırlar", deyə Ukrayna prezidenti bildirib. Zelenskinin sözlərindən belə çıxır ki, onun təhdid etməkdə məqsədi Kremli danışıqlara məcbur etməkdir. Maraqlıdır, bu qədər hadisələrdən, bu qədər davam edən müharibədən, tətbiq edilən sanksiyalardan və təsirlərdən sonra Moskva nəyə isə məcbur edilə bilməyibsə, indi hansısa raket hücumu təhdidi Rusiyanı nəyə məcbur edə bilər? Əgər bu gün ABŞ kimi bir ölkə Rusiya ilə artıq təhdid, təzyiq, sanksiya dili ilə danışmırsa, danışıqlara, razılaşmalara üstünlük verirsə, Ukrayna prezidentinin nəyə isə ümid etməsi heç bir məntiqə sığışmır və mənasız təhdid təəssüratı bağışlayır. Ukraynanı bir zamanlar silah-sursatla, iddialara görə 350 milyard məbləğində vəsaitlərlə təmin edən, daha doğrusu, Ukraynaya yardım edən ABŞ kimi bir hegemon ölkə təhdid dili ilə danışmadığı halda, yardımı alan ölkənin liderinin təhdid dili ilə danışması çox mənasız görünür.
Zelenskinin ardınca Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin katibi Roman Kostenko Ukrayna Silahlı Qüvvələrinin Qızıl Meydana mümkün zərbə endirmək üçün güclü uzaqmənzilli silahlara malik olduğunu iddia edib. "Düşünürəm ki, Rusiyanın bütün hava hücumundan müdafiə sistemləri Qızıl Meydanı əhatə edəcək. Amma bizim uzaqmənzilli silahlarımız var və belə bir əməliyyatı təşkil etmək çətin olmayacaq", deyə Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin katibi bildirib. Əslində, Roman Kostenko özü də bununla məhz iddialarla çıxış edib və bu iddiaların da təhdid xarakterli olduğu bəllidir. Bu şəkildə iddialar sözsüz ki, təəssüf doğurur və nə qədər mənasız olsa belə təsirsiz də ötüşmür. Hətta Zelenskinin, eləcə də Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsi katibinin bu şəkildə təhdid xarakterli çıxışları ukraynalı politoloqları belə çaşdırıb. Onların bəziləri öz çaşqınlıqlarını belə gizlətmirlər. Rusiyaya səfər edən irlandiyalı jurnalist Çey Bouz belə Zelenskinin hədələrinə təəccübləndiyini gizlətməyib. Hərbi ekspertlər belə mövcud vəziyyətə qətiyyən biganə yanaşmırlar və açıq şəkildə fikirlərini də ifadə edirlər. Məsələn, hərbi ekspert Aleksey Anpiloqovun timsalında bunu görə bilirik. “Ən azından belə bir mövqeyə görə narahatlıq açıq şəkildə ifadə olunur. Bu, Trampın CBS telekanalına verdiyi son müsahibəsində də öz əksini tapır, hansıki, o Zelenskinin əlində heç bir kozır olmadığını, lakin bu kartları bəzi başqa kartlarla əvəzləməyə çalışdığını bildirir və bunun terror fəaliyyəti ilə bağlı da ola biləcəyini nəzərdə tutan fikirlər səsləndirir”, deyə hərbi ekspert Aleksey Anpiloqov qeyd edib. Deməli, hər kəsə bəllidir ki, təhdid xarakterli iddialar ancaq təəssüf doğurur və bununla belə, təsirsiz də ötüşmür.
Kiyev hansı silahlardan istifadə edə, hansıları tətbiq edə bilər?
Zelenski və Ali Radanın deputatları hansı silahlardan danışırlar? Nəzəri olaraq, iddia edirlər ki, Alman Taurus raketləri və Amerika JASSM-ləri Moskvaya çata bilər. Bildirilir ki, daşıyıcı F-16 qırıcının da bu sırada olma ehtimalı var. Ancaq məsələ burasındadır ki, bu cür sursatların Ukraynaya tədarük olunub-olunmadığı barədə rəsmi heç bir məlumat yoxdur. Deməli, bu sadalananlar ancaq nəzəri olaraq ortaya atılır və mənasız söz yığınından başqa bir təəssürat bağışlamır. Hətta digər variant kimi Ukrayna tərəfindən hazırlanmış raketlər barədə də fikirlər, iddialar var. Lakin bunun elə yalnız fikir və iddia olduğu həqiqətə daha uyğundur.
"Bu cür silahların yaradılması üçün istifadə oluna bilən əsas və baza raket kimi, hazırlanması dövrünün əvvəlində “Sapsan” kimi tanınan “Qrom-2” kompleksidir. Bu elə bir ballistik raketdir ki, müəyyən mənada Rusiyanın "İskəndər"inin imkanlarına uyğun gəlməli idi. Məsələ burasındadır ki, hələ də ondan geri qalır. Məsələn, belə deyək ki, özünün imkanları baxımından, hərbi cəhətdən zəif hesab olunur", deyə hərbi ekspertlər bu qənaətdədirlər. Deməli, hərbi ekspertlər heç də Zelenski və onunla eyni fikirdə olanlarla razı deyillər. Bu isə onu deməyə əsas verir ki, bütün iddialar ancaq mənasız təhdiddən başqa bir şey deyil.
Sonuncu dəfə, 2024-cü ilin payızında Zelenskinin məhz raket sisteminin uğurlu sınağını elan etdiyini çoxları unutmayıb. Bununla belə, Rusiyaya məxsus “İskəndər” raketinin Odessa vilayətinin cənubunda Qrom-2-ni məhv etdiyi də xatirimizdədir. O vaxtdan bəri bu sistem xüsusi hərbi əməliyyat zonasında görünmədi. Diqqətə çatdıraq ki, məhz bu məqam Ukraynanın inkişafının hələ də seriyalı istehsaldan uzaq olduğunu göstərən məqamdır. Lakin onu da nəzərə alaq ki, Kiyev uzun müddətdir artıq Moskvaya zərbələr endirmək üçün, bir-birinin ardınca uzaq mənzilli dronlardan istifadə edir.
"Lyutıy” pilotsuz uçan aparatı dron modellərindən biridir. Bu, özü də ən məşhurudur, daha çox “tanınan” sayılır. Çünki Rusiyanın arxa cəbhəsinə vurulan bütöv bir sıra yüksək profilli zərbələr məhz bu dronlarla endirilib və məhz bu baxımdan da ruslara daha çox “tanış” hesab edilir. Ukraynalılar bu dronu hər mənada, hər istiqamətdə istifadə edirlər. Amma diqqətə çatdıraq ki, "Lyutıy" dronundan başqa, məsələn, “Bober” adlı pilotsuz təyyarə də var", deyə hərbi ekspert Anpiloq vurğulayıb. Diqqətə çatdıraq ki, “Bober” və “Lyutıy” kamikadze dronlarının uçuş məsafəsi təxminən 1000 kilometrdir. Bu, arxa bölgədən havaya qalxmaq və kiçik döyüş başlığı ilə Moskvaya uçmaq üçün kifayətdir. Amma belə dronları asanlıqla vururlar. Üstəlik, Moskva ətrafında səma tamamilə bağlıdır. Yəni, bunlar üçün nə imkan, nə də şərait mövcud deyil. "Tez-tez elə vəziyyətlər yaranır ki, Rusiya Federasiyasının yalnız bir regionu üzərində, məsələn, Bryansk və ya Belqorod üzərində bir neçə yüz pilotsuz uçan aparat ələ keçirilir. Məsələn, konkret olaraq belə bir fakt məlumdur ki, Bryansk vilayəti üzərində bir gündə 150 pilotsuz uçuş aparatı ələ keçirilib. Yəni, bu, Rusiyanın hava hücumundan müdafiə sisteminin işinin çox ciddi göstəricisidir", deyə mütəxəssislər belə qənaətdə olduqlarını gizlətmirlər.
Moskva səmalarını qoruyan silahlar
Moskva hava hücumundan müdafiə baxımından bəlkə də ümumilikdə, planetin ən qorunan şəhərlərindən biri sayılır. Bu heç də təsadüfi deyil. Xatırladaq ki, bir qədər əvvəl Rusiya NATO-nun böyük raket hücumunu dəf etməyə hazırlaşırdı və məhz buna görə də Rusiya paytaxtı ətrafındakı hərbi hissələr S-300, S-400 və S-500 sistemləri ilə təchiz olunaraq hazır vəziyyətə çoxdan gətiriliblər. Hava Hücumundan Müdafiə Qoşunlarının təcrübəsi göstərdi ki, pilotsuz təyyarələrin vurulmasında orta və yaxın mənzilli sistemlər daha effektivdir.
"Müdafiə məsələlərinə görə eyni zamanda daha etibarlı olanı “Pantsir” sayılır, hansıki, raketdən qat-qat ucuz olan top silahından istifadə etməklə, aşağıdan uçan və aşağı sürətli hədəfləri vura bilir", deyə hərbi ekspert Anpiloqov vurğulayıb. “Pantsir” ləqəblilər Moskva vilayətinin səmasını tamamilə əhatə edir. Eyni zamanda onlarla yanaşı, daha güclü sistemlər, yəni, “Tor” və “Buk” artıq “döyüş növbətçiliyində” hazır vəziyyətdədirlər. Bu texnika artıq döyüşdə öz effektivliyini nümayiş etdirib və bir növ, özünü təsdiq də edib. Bir sözlə, Moskva səmalarını qoruyan silahlar kifayət qədər, yetərincədir.
Təhdidlər nəzərdə tutulan heç bir məqsədə nail olmağa kömək edən deyilsə, sadəcə olaraq mənasızdır...
Zelenski sanki Avropa liderlərinin Moskvaya deyil, Kiyevə “toplaşması” üçün bir çox hədələrə əl atır. Yəqin ki, bir planı da var. Ən azından Moskvada deyil, Kiyevdə danışıqlar arzusundadır. Məsələ burasındadır ki, onun arzuları heç hesaba da, nəzərə də alınana oxşamır. Çünki Avropa liderləri artıq öz plan və proqramlarına uyğun olaraq səfərlər planlaşdırırlar. Onların hər birinin özünə məxsus “vacib işləri” var. Məsələn, Polşanın baş naziri Donald Tusk Makronla təhlükəsizlik müqaviləsi imzalamaq üçün Fransanın Nansi şəhərinə səfər planlaşdırır. Böyük Britaniyanın baş naziri Keir Starmer müdafiə sammiti üçün Norveçə uçur. Almaniya kansleri vəzifəsinə namizəd olan Fridrix Merz isə Bundestaqda rəsmi təsdiqini alana qədər heç yerə getməməyi doğru hesab edir və bu məqamda Ukrayna da, Zelenskidə heç birinin yadına düşmür.
Belə çıxır ki, Zelenski mənasız təhdidlər edir. Hər mənada bunu təkzib etmək mümkün deyil. Əvvəla ona görə ki, onun istifadə etmək üçün kifayət qədər silahının, sursatının olub-olmaması hələ bəlli deyil və çox müəmmalı, çox şübhəli məqamdır. İkincisi, məhz istifadə oluna bilən silahların, xüsusən də raketlərin hansısa zərbə vurma, xəsarət yetirmə ehtimalı Moskva səmalarının yetərincə qorunması fonunda sıfıra bərabərdir. Digər tərəfdən də əgər məhz hansısa təhdid vasitəsinə əl atmaqla, dünya siyasətçilərini, ələlxüsus da Avropa liderlərini Rusiyaya deyil, öz ölkəsinə, Ukraynaya yığmaq istəməsi də onların öz maraqları fonunda reallıqdan kənardır və liderlərin heç biri üçün bu “variant” təsirli, yəni, “keçərli” sayılmır. Deməli, buradan belə məlum olur ki, təhdidlər nəzərdə tutulan heç bir məqsədə nail olmağa kömək edən deyilsə, sadəcə olaraq mənasızdır...
Bütün xəbərlər Facebook səhifəmizdə