"Azərbaycan və Çin Birgə Bəyanatda ortaq hədəfləri müəyyənləşdiriblər" - MÜNASİBƏT BİLDİRİLDİ

"30 ildən artıq müddətdir, Azərbaycanla Çin arasında qurulan diplomatik münasibətlər səmərəli nəticələr verməkdədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

O bildirib ki, dünyanın iqtisadi nəhəngi sayılan Çinin Azərbaycana yüksək səviyyəli münasibəti səbəbsiz deyil: "Belə ki, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Bu, ilk növbədə dövlət başçımızın qətiyyətli lider kimi prinsipial mövqeyi və nüfuzu ilə əlaqədardır. Sözü imzası qədər dəyərli olan dövlət kimi Azərbaycanın dünyada yeri və rolu getdikcə möhkəmlənir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu ölkəyə dövlət səfəri bu mənada xüsusi əhəmiyyət kəs edir. Belə ki, səfər zamanı keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli münasibətlərdə yeni mərhələ açdı. İmzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatda əməkdaşlığın müxtəlif istiqamətlərini əks etdirən məqamlar əksini tapıb. Eyni zamanda tərəflər bu sənəddə ortaq hədəflərini müəyyənləşdiriblər.

Çin də Azərbaycanla əlaqələri hərtərəfli strateji səviyyəyə yüksəltməkdə maraqlıdır. Cənab Prezidentin Çinə dövlət səfəri zamanı bu mövqe bir daha bəyan olundu. Təbii ki, hərtərəfli strateji tərəfdaşlıq ilk növbədə dövlət başçılarının diplomatiyasına, qarşılıqlı razılaşmalara əsaslanır.

Məlumdur ki, tərəflər 2 il əvvəl - 2023-cü il iyulun 3-də strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul edib. Həmin sənəddə də Bakı və Pekin beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə etməklə bağlı razılıq ifadə ediblər. Azərbaycan və Çin eyni zamanda mürəkkəb geosiyasi dünyada regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edir. Dövlət başçımız bu günlərdə Çinin Sinxua agentliyinə müsahibəsində də bəyan edib ki, ikitərəfli münasibətlərin dərinləşməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.

Tərəflər iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində yeni hədəflər müəyyənləşdirdi. Azərbaycanla Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz, tranzit daşımaların həcmi isə 2024-cü ildə 86 faiz çoxdur. Hazırda ölkəmizdə fəaliyyət göstərən Çin şirkətlərinin sayı 300-ə çatır.

Azərbaycan həm də ÇXR-nin Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünün ilk dəstəkçilərindən biridir. Ölkəmiz bu istiqamətdə ciddi praktik layihələr həyata keçirməkdədir. Ölkə başçımızın da söylədiyi kimi, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Rəsmi Bakı hesab edir ki, sözügedən layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.

Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhliz, həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.

Azərbaycan eyni zamanda Çinin təsisçisi olduğu Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malikdir. Bu təşkilat çərçivəsində bir çox istiqamətlər üzrə, o cümlədən regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində uğurlu addımlar atılmaqdadır.

Yeri gəlmişkən, yeni imzalanan Birgə Bəyanatda da Bakı və Pekin sülhlə bağlı ortaq mövqe ifadə ediblər. Eyni zaman Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini dəstəkləyir. Azərbaycan Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakını təbii proses hesab edir.

Beləliklə, Azərbaycan və Çin bir daha qarşıdurmaya yönəlmiş geosiyasi oyunlardan uzaq olduqlarını bir daha bəyan etdilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə