Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları ilə birgə bu ölkədə yaşayan soydaşlarımız da iştirak ediblər. Əvvəlcə Ulu Öndərin səfirlikdəki fotoşəkili önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasim iştirakçılarının qarşısında çıxış edən səfir Zaur Əhmədov Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi tarixindəki əvəzsiz xidmətlərindən söhbət açaraq, Ulu Öndərin həm müstəqilliyimizin qorunub saxlanılmasında, həm də dövlətçiliyimizin möhkəmləndirilməsindəki tarixi rolundan bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin müasir, müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı kimi xalqımızın qəlbində daima yaşayacağını, Heydər Əliyev irsinin gələcək nəsillərə örnək və tədqiqat mövzusu olacağını söyləyib.
“Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Məhz ona görə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad edib”, - deyə Zaur Əhmədov vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə