Öz ambisiyalarına görə CƏNUBİ QAFQAZI QARIŞDIRMAQ İSTƏYƏNLƏR – TƏHLİL

Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək, hansısa niyyətləri reallaşdırmaq, həyata keçirmək üçün Ermənistandan hər zaman istifadə olunub və bu ənənə yenə də davam etməkdədir. Məsələn, qeyd edək ki, Hindistanın timsalında hansısa ölkənin məhz Ermənistanı silahla “doldurması” heç də erməni təəssübkeşliyi demək deyil, birbaşa həmin ölkənin öz maraqları naminə İrəvanı alət etməsi deməkdir. Əvvəla öz rəqiblərinə əzələ nümayiş etdirmək, onların əleyhində çıxış etdiyini nümayiş etdirmək, digər tərəfdən də Qafqaza soxulmaq, regionda özünə mövqe qazanmaq üçün məsələn, Hindistanın özünün də atdığı addımların digər ermənipərəst dövlətlərin davranışlarından qətiyyən fərqi yoxdur və öz ambisiyalarına görə Cənubi Qafqazı qarışdıraq, qarışıqlıq yaratmaq istəyinin təzahürü kimi də başa düşülməkdədir.

Ermənilərə silah daşınması Cənubi Qafqazda mövqe istəyindən, ambisiyalardan başqa bir şey deyil

Təəssüf hissi ilə qeyd etmək istərdik ki, Hindistanın İADN xəbər agentliyi bu yaxınlarda Ermənistanın Dehlidən ən çox silah alıcısına çevrildiyini bildirib və bu xəbəri böyük həvəslə yayımlayıb. Diqqətə çatdıraq ki, 2024-2025-ci maliyyə ilində Ermənistanın bir qəpik ödəmədən Hindistandan aldığı silahların ümumi həcmi artıq 600 milyon dollara çatıb. Bu heç də kiçik bir rəqəm, yaxud da, nəzərdən qaçacaq, nəzərə alınmayacaq bir hal, bir statistika deyil. Hətta bu rəqəmin artacağı da təkzib edilə bilməz. Belə görünür ki, eyni ilə Qərb və Avropa kimi məhz Hindistan da Ermənistan ordusunun arsenalını doldurmaq üçün cox ciddi cəhd edir. Belə çıxır ki, elə Hindistanın da niyyəti Qərbin, Avropanın niyyəti ilə eynidir. Çünki Hindistanın da məsələn, Fransa kimi, Amerika kimi eyni şəkildə ermənilərə silah daşıması Cənubi Qafqazda mövqe istəyindən başqa bir şey ola bilməz.

Bir halda ki, Ermənistan səfalət içərisindədir və belə bir ölkə ilə yaxınlıq, həmin ölkəyə dəstək məntiqi görünmür, deməli, hansısa qaranlıq məqamlar var və bu ilk addımda belə tam aydın olur. Qisas istəyində, revanş arzusunda olanların mövcudluğundan istifadə etmək niyyəti axmaqlıq olsa da bir reallıqdır və təəssüf ki, buna meyl edənlər var. Məhz ermənilərin bəzi utopik ideyaları, hansısa boş və mənasız fikirləri, artıq puç olan ümidləri üzərində oyun quranlar, onları alətə çevirənlər əlbəttə ki, öz məqsədləri üçün çalışırlar. Hindistan kimi aranı qızışdırmaq istəyən ölkələr də öz növbəsində Ermənistanı hərbiləşdirərək burada öz geosiyasi məqsədlərini həyata keçirməyə çalışır. Göründüyü kimi, Ermənistan da məmnuniyyətlə bu oyunun aləti olmağı özünə rəva bilir və öz ambisiyalarına görə Cənubi Qafqazı qızışdırmaq istəyənlər üçün meydana çevrilir.

Öz maraqları, öz ambisiyaları, regionda mövqeyi naminə Ermənistanı silahla təmin edənlər rəsmi İrəvanı alətə çevirirlər

Heç şübhəsiz ki, məsələn, Hindistanın Ermənistana silah göndərməsində daha bir məram, daha bir məqsəd Pakistana, məhz Azərbaycanın strateji tərəfdaşına qarşı yönəlməkdən ibarətdir. Azərbaycanla Ermənistan arasında münasibətlərin mövcud vəziyyətindən istifadə edən Hindistan öz rəqibi olan Pakistana da, onun tərəfdaşlarına da əzələ nümayiş etdirir. Çünki Hindistan hökuməti çox yaxşı bilir ki, 2017-ci ildə Bakı, Ankara və İslamabad arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, birgə müdafiə istehsalının inkişaf etdirilməsi, beynəlxalq məsələlərdə müştərək mövqeyin gücləndirilməsi, parlamentlərarası əməkdaşlığın intensivləşdirilməsi və terrora qarşı mübarizədə birgə səylərin göstərilməsi məqsədi daşıyan üçtərəfli bəyanat imzalanıb. Yaxşı bilir ki, bundan əlavə, üç ölkə “Üç qardaş” adlı hərbi təlimlər keçirib və 2021-ci ilin yanvarında üçtərəfli siyasi və iqtisadi əməkdaşlığın, eləcə də sülhün möhkəmləndirilməsi sahəsində, təhlükəsizlik və bir sıra digər sahələrdə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini nəzərdə tutan İslamabad Bəyannaməsi imzalanıb. Həmin ölkə hakimiyyəti onu da unutmayıb ki, daha sonra, həmin ilin iyulunda üç ölkə arasında strateji əlaqələrin möhkəmlənməsinə töhfə vermək üçün üçtərəfli Bakı Bəyannaməsi də imzalanıb. Bütün bunlar hər üç ölkənin qüdrətinin artması, rəqibləri, düşmənləri üzərində üstünlüyünün daha da möhkəmlənməsi deməkdir və görünür, bu da kimləri isə bərk narahat edir ki, atılıb ortaya düşüblər və işğalçı ölkəni silahla doldurmaqla nəyə isə nail olmağa, bununla nəyi isə göstərməyə çalışırlar.

Sözsüz ki, Azərbaycan, Türkiyə və Pakistanın hərbi və hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsi millətçi Hindistan hökumətində böyük narahatlıq yaratdığı üçün Ermənistanı silahlandırmaq və həvəsləndirmək qərara alınıb və hətta bu yolla üç qardaş ölkənin qurulmuş ittifaqına müqavimət göstərmək niyyəti də təkzib edilə bilməz. Doğrudur, Bakı ilə İslamabad arasında qurulan münasibətlər, strateji tərəfdaşlıq hansısa ölkəyə qarşı yönəlməyib, amma buna baxmayaraq, görünür, Hindistan hakimiyyəti qorxu kompleksi keçirir. Elə məhz bu qorxunun fonunda da Hindistan Ermənistandakı revanşist əhval-ruhiyyədə olanları dəstəkləməyə, onları silahla təmin etməyə çalışır, çünki onların kimə qarşı yönəldiyini ilk növbədə nəzərə alır. Belə çıxır ki, öz maraqları, öz ambisiyaları, regionda mövqeyi naminə bunu edir və Ermənistanı silahla təmin etməklə, rəsmi İrəvanı alətə çevirir.

İşğalçılara silah verənlər, işğalçılığı dəstəkləyənlər bilməlidirlər ki, bununla Azərbaycana qarşı düşmənçilik etmiş olurlar

Rəsmi Bakı Hindistanın, eləcə də həmin ölkənin timsalında digərlərinin də Ermənistana silah tədarükünə öz narazılığını bəyan edib. Hətta belə silah tədarükündən yanlış şəkildə ruhlanaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyinin mümkün qisas illüziyasının ortaya çıxacağına dözməyəcəyini də bildirib. Hələ ötən ilin mayında Azərbaycan Prezidenti cənab İlham Əliyev Hindistanın yeni səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən Ermənistanda revanşist qüvvələrin baş qaldırdığını və Azərbaycana qarşı ərazi iddialarının səngimədiyini diqətə çatdırmışdı və bu heç də əbəs yerə deyildi. “Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülh istəyirsə, o zaman niyə yüz milyonlarla dollar dəyərində silahlar əldə edir?”, deyən cənab Prezident İlham Əliyev belə bir siyasətin region üçün yeni təhlükələrə səbəb ola biləcəyi barədə də zamanında xəbərdarlıq edib.

Hindistanın timsalında məhz Ermənistana silah verənlər, işğalçıları və işğalçılığı dəstəkləyənlər bilməlidirlər ki, bununla Azərbaycana qarşı açıq düşmənçilik etmiş olurlar. Bilməlidirlər ki, Ermənistanın İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətindən sonra onların işğalçı ölkəyə silah verməklə, beləcə düşmənçilik etmələri özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Məsələn, Hindistan Ermənistanla dəyəri 40 milyon dollar dəyərində yerli istehsal olan dörd “Swathi” radarının tədarükü üçün müdafiə müqaviləsi bağlaması ölkəmizə qarşı olmaq deməkdir. Özü də belə düşmənçilik mövqeyi birinci dəfə də deyil və bildiyimiz kimi, əvvəllər də Hindistanın timsalında həmin o silah verən ölkələr kimin tərəfində olduqlarını gizlətmirdilər. Lap əvvəldən də onlar Ermənistanın tərəfini tuturdular. İstənilən halda işğalçını dəstəkləmək, işğala məruz qalana qarşı qızışdırmaq qəbuledilməzdir. Sözsüz ki, işğalçıya, haqsız və günahkar olana hər birinin öz ambisiyaları, öz maraqları naminə dəstək verdiyi təkzib edilə bilməz. Əslində, Ermənistan tərəfi özü də bunu dərk etməli, anlamalı və belə bir dəstəyi qəbul etməkdən də imtina etməli idi. Çünki ermənilər bilməli idilər ki, bununla, yəni, kimlərinsə hansısa formada işğalçılığı, revanşizmi dəstəkləməsi fonunda onlar sadəcə olaraq alət kimi istifadə olunurlar və müstəqil siyasət yürütməkdən, suveren dövlət olmaqdan da məhrum olurlar.

Hindistan kimi Ermənistanı silahlandırmaqda davam edən ölkələr Azərbaycanla qurulmuş iqtisadi əməkdaşlığı təhlükə altına qoyurlar

Bildiyiniz kimi, Azərbaycan bir çox dövlətlərin maraq göstərdiyi Avropa İttifaqından tutmuş Çin və Hindistana qədər mühüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşir. Amma bu, Hindistan hökumətinin timsalında hansısa hökumətlərin regionumuzdakı düşmənçilik hərəkətlərindən əl çəkməsi və anti-Azərbaycan fəaliyyətinə son qoyması üçün nədənsə tutarlı səbəb kimi görünmür. Hindistan kimi Ermənistanı silahlandırmaqda davam edən ölkələr Azərbaycanla qurulmuş iqtisadi əməkdaşlığı təhlükə altına qoyur. Bilirik ki, Hindistan Azərbaycan neftini alır və 2023-cü ilin birinci yarısının nəticələrinə görə, bu ölkə bizdən 1 milyon tondan çox “qara qızıl” alıb. Azərbaycan da öz növbəsində Hindistandan əczaçılıq məhsulları, ərzaq məhsulları, tekstil məhsulları alır. Bütün bunlar onu deməyə əsas verir ki, əslində, Hindistan tərəfi öz əməkdaşlıq potensialını, üstəlik, uzun müddət Qərb oyunçularının iddialı maraqlarını təşviq etmək üçün alətə çevrilmiş yoxsul Ermənistan vasitəsilə silah bazarında özünü göstərmək əvəzinə regionun aparıcı ölkəsi ilə iqtisadi əlaqələrin genişləndirilməsinə maraq göstərməli, buna cəhd etməlidir. Eyni zamanda Ermənistan tərəfi də bilməli və nəzərdən qaçırmamalıdır ki, regionda yeni müharibə baş verərsə, silah alaraq, bir növ həvəslənən Ermənistan özü fəlakətli nəticələrlə üzləşməli olacaq və həmin ölkəyə nə Hindistan, nə Fransa, nə də ABŞ kimi silah verən, vədlər verən ölkələr qətiyyən kömək edə bilməyəcəklər, heç kömək etmək istəməyəcəklər də. Çünki onlar Ermənistana, ermənilərə görə çalışmırlar, yalnız öz ambisiyalarına görə Cənubi Qafqazı qarışdırmaq istəyirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə