Qərb, Avropa Cənubi Qafqazda məkrli oyunları davam etdirdikcə və rəsmi İrəvan da bu oyunlara qatıldıqca, bütövlükdə Ermənistan təhlükələrə sürüklənir. Regionda ABŞ və Avropanın apardığı məkrli siyasətə işğalçı ölkənin də qoşulması heç də həmin ölkəyə yaxşı nə isə vəd etmir. Qərbin, eləcə də Avropanın Cənubi Qafqazda geosiyasi hədəfləri genişləndikcə, Ermənistan da alət olmağı qəbul etdikcə, daha dərin “quyuya” yuvarlanır.
Proseslərə kənardan edilən müdaxilələr, heç şübhəsiz ki, ancaq dağıdıcı xarakter daşımaqdadır
Ermənistan üzərindən regional təhlükəli manevrlərin intensivləşdirilməsi bildiyimiz kimi, arzuolunmaz nəticələrə rəvac verir. Cənubi Qafqazda gedən geosiyasi proseslərə kənardan edilən müdaxilələr, heç şübhəsiz ki, ancaq dağıdıcı xarakter daşımaqdadır və bunu tam zamanında nəzərə almaq gərəkir. Məhz kənar müdaxilələrin mövcudluğu ilk növbədə regional savaş təhlükəsinin olması deməkdir. Azərbaycanın xəbərdarlıq mesajları da bu baxımdan, heç də təsadüfi və səbəbsiz deyil. Bu xəbərdarlıq mesajlarına görə isə Qərb və Avropada yaranan çaşqınlıq da anlaşılandır və həm də məntiqidir. Eyni zamanda Ermənistanın da qorxuya düşməsini başa düşmək çətin deyil. Çünki ermənilər başa düşürlər ki, onlara xəbərdarlıq mesajlarını verən ölkə, yəni Azərbaycan, qüdrətli bir ölkədir və 44 günlük müharibədə ölkəmizin mükəmməl qələbəni əldə etməsini, eləcə də, bir gündən az müddətə ordumuzun separatizmin, terrorçuluğun kökünü kəsməsini müşahidə ediənlər bundan sonra da nə ilə qarşılaşa biləcəklərinin artıq çoxdandır ki, fərqindədirlər. Fərqindədirlər ki, bu dəfə də təxribatlara əl atsalar, onlar xoşagəlməz nəticələrlə qarşılaşmalı olacaqlar. Yaxşı bilirlər ki, bu dəfə savaş olsa, Ermənistanın bir dövlət kimi mövcudluğu belə sual altında qala bilər. Bir çoxları dərk edirlər ki, çox təhlükəli oyunlara qatılıblar və bu onlara, işğalçı ölkəyə baha başa gələ bilər və Ermənistan dövləti bundan sonra tarixin arxivinə düşər. Belə bir qorxunun yaranmasının səbəbi də odur ki, onlara yardimin, ələlxüsus da Rusiya tərəfindən köməkliyin edilməyəcəyinə haylar artıq əmindirlər. Hayların bir çoxları əmindirlər ki, savaş ehtimalı reallaşsa, nə Qərb, nə də Avropa onlara köməyə gəlməyəcək və pafoslu mövqelərinə güvənə bilməzlər. Hər halda bunun dəfələrlə şahidi olduları da təkzib edilə bilməz və ermənilər bilirlər ki, ruslar onlardan kifayət qədər narazıdırlar və Ermənistanı xilas etməyə, həmin dövlətə kömək etməyə maraqları da yoxdur və hətta həvəsin olmadığı da göz önündədir.
Qərb və Avropaya güvənərək alətə çevrilmələrinin onların özləri üçün nə qədər təhlükəli olduğunu başa düşməlidirlər
Etiraf edilməlidir ki, ikitərəfli qaydada danışıqların aparılmasına, eləcə də sonda sülh danışıqlarının baş tutmasına məhz Qərb, eləcə də Avropa heç də maraq göstərmir. Daha doğrusu, ABŞ da, Avropa da ancaq maneçilik törətməklə məşğuldur. Məhz bu maneçiliyə görə də iki qonşu ölkə, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının baş tutması gecikir və hətta belə bir danışıqların olmasına inamı belə sarsıdır. Göz önündədir ki, rəsmi İrəvanın daha aqressiv mövqe tutmağa sövq edilməsi ilə bağlı prosesə artıq başlanılıb. Qərb və Avropa artıq revanşizmə, ermənilərin daha çox aqressivlik göstərməsinə həmişəkindən daha ciddi-cəhdlə çalışır. Bunun üçün həm köməklik vəd edir, həm də dəstək də göstərir. Görünən odur ki, hayların məhz Qərbin dəstəyini hiss etməsi onların təxribatlara əl atması üçün kifayət edir. Heç şübhəsiz ki, son vaxtlar Azərbaycanla sərhəd bölgəsində Ermənistanın atəşkəsi daha tez-tez pozmağa cəhd göstərməsi də bu baxımdan səbəbsiz deyil. Əgər son vaxtlara qədər Paşinyan hakimiyyətinin atəşkəsi daha tez-tez pozmağa hərbi-siyasi cəsarəti çatmırdısa və indi belə bir cəhdi görürüksə, deməli, haylar kənar qüvvələrin oyunlarına alət olmaqda davam dirlər. Ermənilərin bu şəkildə Qərb və Avropaya güvənərək alətə çevrilmələrinin onların özləri üçün nə qədər təhlükəli olduğunu başa düşməlidirlər.
Rəsmi İrəvanın siyasi ritorikasındakı sərtləşmə də Ermənistanın qatıldığı təhlükəli oyunlar səbəbindəndir
ABŞ-ın Ermənistanla hərbi təlimlər keçirməsinin də təsirini dərhal hiss etmiş olduq. Sərhəd ərazilərdə müşahidə olunanları yəqin ki, başa düşmək çətin deyil. Hər halda, təlimlərdən, eləcə də Fransadan yeni silahların alınmasından sonra rəsmi İrəvanın “cəsarətləndiyini” görməmək mümkün də deyil. Belə görünür ki, ABŞ və Avropa Birliyinin Ermənistana hərbi məqsədlərə yönəlik maliyyə yardımı ayırması da işğalçı ölkənin davranışlarına təsirsiz ötüşə bilməz, necə ki, ötüşə də bilmədi. Yəqin ki, Pentaqonun Ermənistan Müdafiə Nazirliyinə yüksək rütbəli hərbi təmsilçi təyin etməsindən sonra rəsmi İrəvanın siyasi ritorikasındakı sərtləşmə də diqqətdən yayınan deyil. Bu şəkildə təzahürlər məhz Qərbin, eləcə də Avropanın oyunlarına Ermənistanın alət olması fonunda artıb. Amma nə qədər artıbsa, Ermənistan üçün təhlükəni bir o qədər də artırıb. Haylar özləri də bilirlər ki, onların kimə güvənmələrindən, kimin oyunlarına alət olmalarından, hansı təhlükəli oyunlara qatılmalarından asılı olmayaraq, hansısa təxribatlara, nəyə isə əl atacaqları təqdirdə Azərbaycan kimi qüdrətli bir dövlətlə qarşılaşmalı olacaqlar.
Azərbaycan təkcə Ermənistana deyil, hayların beynəlxalq himayədarlarına da xəbərdarlıq mesajı göndərib
Ermənistan üzərindən qurulan məkrli oyunlara, ermənilərin də buna alət olmalarına Azərbaycan tərəfi qətiyyən müşahidəçi qala bilməzdi. Heç qalmadı da. Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən Ermənistana sərt xəbərdarlıq olundu, hansıki bunu Ermənistan tərəfi əvvəlcədən gözləməli idi. Rəsmi İrəvan bilməli idi ki, təhlükəli oyunlara alət olmaları region üçün qətiyyən qəbuledilən deyil və buna Azərbaycan tərəfindən mütləq reaksiya olacaq. Bilməli idi ki, rəsmi Bakı layiqli cavab verəcək və hətta sərt mesajlar da göndərəcək. Məsələ burasındadır ki, Azərbaycan təkcə Ermənistana mesaj göndərməklə kifayətlənmədi və görürük ki, rəsmi Bakı hayların beynəlxalq himayədarlarına da xəbərdarlıq mesajı göndərdi. Bildirildi ki, rəsmi İrəvanın son davranışlarına son qoyulmazsa, Azərbaycanın buna adekvat olaraq, sərt reaksiya verəcəyinə heç kimin şübhəsi olmasın. Həmçinin o da çatdırıldı ki, Cənubi Qafqazda yaranacaq yeni savaş vəziyyətinə görə Ermənistan və onun beynəlxalq himayədarları məsuliyyət daşıyacaqlar. Bir sözlə, rəsmi Bakı Ermənistanla yanaşı, ABŞ, Avropa Birliyi və Fransaya da həddini bildirdi. Həmçinin bildirdi ki, ABŞ və Avropa Azərbaycanın regional maraqlarını nəzərə almadan, istədiyini edə, Ermənistan üzərindən Cənubi Qafqazda hər hansı geopolitik oyunlar qura, rəsmi İrəvanı da alətə çevirərək, bölgə üçün təhlükələr yarada bilməz və belə cəhdlər mütləq regionda yeni savaş vəziyyəti yarada bilər. Rəsmi İrəvanın qorxuya düşməsindən də görünür ki, bu mesajları Ermənistan tərəfi çox yaxşı başa düşüb. Elə bu qorxu fonunda da Azərbaycanın yaxın aylarda Ermənistana qarşı hərbi əməliyyatlara başlaya biləcəyindən rəsmi İrəvanın narahat olması başadüşüləndir. Erməni baş nazir Nikol Paşinyanın və onun hakimiyyət komandasının bu vaxta qədər ancaq vədlər verən Qərb siyasi dairələrindən təhlükəsizlik təminatı istəməsi də bu qorxu fonunda anlaşılandır. Ona görə başadüşüləndir və anlaşılandır ki, Ermənistanın hansı təhlükəli oyunlara qatıldığını rəsmi İrəvan, Paşinyan və onun hakimiyyət komandası, eləcə də erməni cəmiyyəti özü də yaxşı başa düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə