İqbal Məmmədov,
Milli Məclisin deputatı

Azərbaycan xalqı müxtəlif dövrlərdə çətin sınaqlarla üz-üzə qalımış, lakin bu sınaqladan xalqın birliyi nəticəsində şərəflə çıxa bilmişdir. Ötən əsrin 90-cı illərin əvvələrində yaşanan faciəvi dövr Azərbaycan xalqının tarixən üzləşdi ən ağır dövr olmuşdur. Həmin kəşməkeşli dövrdə xalqın sabaha olan ümidi tammilə sarsılmış, yenicə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. AXC-Müsavat iqtidarı isə ölkədiki xaos və anarxiyanı aradan qaldırmağa cəhd etmirdi. Daha doğrusu səriştəsiz siyasətləri səbəbindən yaranan ağır, böhranlı durumu aradan qaldırmaq imkanında deyildilər. Haqlarının tapdanmasına, hüquqlarının pozulmasına, dövlətçiliyin itirilməsi təhlükəsi ilə barışa bilməyən əhali küçələrə çıxıb etiraz aksiyası keçirərkən AXC-Müsavat iqtidarı əhalinin üzərinə hücüm edir, insanları döyür, həbsxanalara atırdılar. Bu da xalqla hakimiyyət arasında həlli mümkün olmayan uçurum yaratmışdır. Böhranlı vəziyyətdən sui-istifadə edən erməni terrorçu qüvvələri ardıcıl olaraq torpaqlarımızı işğal edirdi. Belə bir ağır şəraitdə xalq üzünü Ulu Öndər Heydər Əliyevə tutdu. Azərbaycan xalqı başa düşürdü ki, ölkəni bu çətin vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən lider çıxara bilər. 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalının ünvanladığı müraciətdə Dahi Öndərdən yeni bir siyasi partiyanın yaradılması və ona rəhbərlik etməsi xahiş olundu.

1992-ci il oktyabrın 24-də cavab məktubunda Ümummilli Liderimiz Heydər Əliyev xalqın çağırışlarına səs verərək müraciəti qəbul etdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına, onun Sədri olmağa razılıq verdi. Beləliklə 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda partiyanın təsis konfransı keçirildi. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bununla da ölkəmizin həyatında yeni və sürətli inkşaf dövrünün əsası qoyuldu. Yeni Azərbaycan Partiyası yarandığı zamanda müxalifət partiyası olmasına baxmayarq böyük siyasətçi Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında xalqın sevgisini, inamını qazanaraq qısa müddət ərzində iqtidar partiyasına çevrildi.

1993-cü ilin iyunun 9-da xalqın tələbi ilə Dahi Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. İyunun 15-də isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Bütün çətinliklərə baxmayaraq Ulu Öndər xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Sonralar ümummilli lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun - Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Qısa müddətdə ölkədə sabitlik təmin olundu, yeni iş yerləri yaradıldı, hüquqi, demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, insan hüquq və azadlıqlarının təmin olunması məqsədilə Fərman və Sərəncamlar verildi, qanunlar qəbul olundu.

Dahi Öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdarkən demişdir: “Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”. Ulu Öndər Azərbaycan xalqının lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirdi, xalqı və dövləti yürütdüyü müdirik siyasətlə bütün bəlalardan xilas etdi, Azərbaycanı dünyanın inkişaf edən, nufuzlu dövlətləri sırasına çıxartdı.

Getdikcə beynəlxalq əlaqələri güclənən Azərbaycanda 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və yeni neft strategiyasının uğurlu başlanğıcının qoyulması isə ölkəmizin əldə etdiyi ən parlaq nailiyyətlərdən biri kimi tarixə yazıldı. Bununla bağlı İlham Əliyev də xalqa müraciətində demişdir: "Heydər Əliyev neft strategiyası bu gün imkan verir ki, inkişaf edək, Qarabağı, Zəngəzuru yenidən quraq. 1994-cü ildə "Əsrin kontraktı", 1996-cı ildə "Şahdəniz" qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir".

Azərbaycanın inkişafında yeni mərhələ

2003-cü ildən Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti Onun ən layiqli siyasi varisi, Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirməkdədir. 2003-cü ilin 15 oktyabr prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyev xalqa müraciət ilə əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

2003-cü il prezident seçkilərində xalq Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin davam etdirlməsinə səs verdi. Dahi Öndərimizi ən layiqli siyasi varisi Cənab İlham Əliyev xalqın 76,84 faiz səsini qazanaraq ölkə Prezidenti seçildi. Prezident İlham Əliyev andiçmə mərasimində demişdir: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilib, Azərbaycanın nüfuzu artıb. İndi Azəçrbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir”.

Son 20 il də Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail olub, əhalinin sosial-iqtisadi vəziyyəti daha da yaxşılaşıb, beynəlxalq aləmdə nüfuzu daha da artıb, dövlətimiz Cənubi Qafqazın siyasi, iqtisadi mərkəzinə çevrilib. Cari ilin yanvar ayının 1-dən bütün növ sosial ödənişlər, təqaüdlər, minimum əməkhaqları 30 faizədək artırılıb. Şəhid ailələrinin, qazilərin mənzil, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Şəhid ailə üzvləri və müharibə veteranlarından ibarət 103 min şəxsə aylıq sosial ödəniş təyin olunması, 3 565 şəxsə sığorta ödənişinin edilməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının götəricisidir. 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 164 şəxs üzrə birdəfəlik ödəmə verilib. Şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min şəxsə 43 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Ötən dövr ərzində şəhid ailələrinə və qazilərə 13560 mənzil və fərdi ev verilib.Qazilər avtomabillərlə təmin olunub, xarici ölkələrdə müalicə və müayinələri təmin edilib.

Beynəlxalq əlaqələrə xüsusi önəm verən Azərbaycan əksər ölkələrlə ikitərəfli əməkdaşlıq əlaqələri qurmağa nail olub. Bunun nəticəsidi ki, Azərbaycanı sevən, dərin hörmət və rəğbət bəsləyən dövlətlərin səsverməsi ilə Azərbaycan daha üç il müddətinə Qoşulmama Hərəkatına sədrlik edib və bununla təşkilatın dünyada nüfuzu daha da artıb, mövqeləri möhkəmlənib. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daim üzv seçilməsi ölkəmizin dünyada yerinin və rolunun yüksək olduğunun göstəricisidir. Bunla yanaşı Azərbaycan bir sıra Avropa və beynəlxalq miqyaslı idman yarışlarına, konfranslara, tədbirlərə də ev sahibliyi edir. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib.

Vətən müharibəsində qazanılmış qələbə

Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin əsasını 44 günlük Vətən müharibəsi ilə 30 il işğal altında olmuş torpaqlarımızın düşmən əsarətindən azad edilməsi və bununla da Ali Baş Komandanın ata vəsiyyətini yerinə yetirməsidir. Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı səhifə oldu. 2020-ci ildə Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. 2023-cü ilin aprelin 23-də isə Laçında, Həkəri çayının üzərində sərhəd-keçid məntəqəsi quruldu.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Bu fikirləri ilə Prezident İlham Əliev Ümummilli Liderimizin siyasətini inamla və qətiyyətlə davam etdirdiyini və Dahi Öndərin vəsiyyətini böyük qürur hissi ilə yerinə yetirdiyini söylədi.

İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, “demokratiya laboratoriyası”na çevrilən region ölkələrindən fərqli olaraq həm öz milli qüdrətini artırdı, həm də Zəfər tarixi yaradaraq tarixi yenidən yazdı - tarixin yaddaşına əbədi həkk olundu. Bu Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın sarsılmazlığını təmin edən əsas sütunlardan biridir.

Bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasında məhz Ümummilli Liderin 30 il öncə qəbul etdiyi qərarların nəticəsi olaraq müəyyən olunmuş strateji xəttin uğurla davam etdirilməsi dayanır. İndi Azərbaycan 30 il öncəki ölkə və dövlət deyil. Ancaq Azərbaycan xalqı 30 il öncə olduğu kimi, bu gün də öz müdrikliyini, tarixinə və milli dəyərlərinə sədaqətini qoruyub saxlayır. Sadəcə bir fərq var, indi o qalib xalqdır. 1993-cü ildə öz böyük Liderini hakimiyyətə dəvət edən Azərbaycan xalqı onun müəyyən etdiyi yolun, siyasi və milli idealların təhlükəsizliyini, rifahını və gələcəyini təmin edəcəyinə 30 il bundan öncə olduğu kimi inanır. Azərbaycana 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi Zəfəri qazandıran ən başlıca amil məhz bu inam, bu sədaqətdir. 15 İyun Milli Qurtuluş Gününün tarixi və ictimai-siyasi məzmunu həm də buna görə milli əhəmiyyət kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə