Böyük Qayıdış proqramının Xocalı səhifəsi

Prezident İlham Əliyev: Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm.

Bayraqdan söz düşmüşkən, Xocalı müstəqilliyin rəmzi olan üçrəngli bayrağımızı heç görməmişdi. 18 oktyabr 1991-ci ildə qəbul olunan Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilsə də, 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda əhalinin 95%-i səsvermədə ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs versə də, lakin bu müstəqillik hələ də reallaşa bilmirdi. Çünki ölkədə qarşıdurma, özbaşınalıq, xaos hökm sürürdü. Elə torpaqlarımızın işğalına da bütün bunlar şərait yaratmışdı. Bu səbəbdən Xocalı da işğal olunmuş, müstəqillik bayrağımızı görə bilməmişdi. Xocalılılar isə olmazın müsibətləri ilə üz-üzə qalmalı olmuşdu. Bunu mayın 28-i-Müstəqillik Günündə Xocalıda səfərdə olan və xocalılılarla görüşən Prezident İlham Əliyev də vurğulamışdır: Müstəqilliyin bərpası elan olunandan dörd ay sonra Ermənistan Xocalı soyqırımını törətdi, günahsız insanları qətlə yetirdi, insanlığa qarşı cinayət törətdi. Xocalılılar faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə keçirməli oldular...

Bu gün Xocalı azaddır. Ötən ilin sentyabr ayında Azərbaycan silahlı qüvvələrinin Xankəndidə birgünlük antiterror əməliyyatı nəticəsində Xocalı da öz azadlığına qovuşdu. Həmin lokal xarakterli tədbir ilə 2020-ci ildə əldə etdiyimiz Zəfər üzərinə yeni bir Zəfər gəldi və ümumilikdə işğal altında olan ərazilərimizin düşməndən xilası başa çatdı. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü, konstitusiya quruluşunu bərpa etdi.

Bu il ilk dəfə oldu ki, Xocalı faciəsini onun azadlığı şəraitində andıq. Xocalının düşməndən azad edildiyi və doğma bayrağına qovuşduğu gün tariximizin şanlı səhifəsini təşkil etdiyi üçün hər zaman qürurla anılacaq.

Müstəqillik gününə təsadüf edən qayıdış

Mayın 28-də- Müstəqillik Günündə xocalılıların Xocalıya ilk qayıdışının təməli qoyuldu. Həmin gün 20 ailə 32 il sonra doğma yurduna qayıtdı. Bu qayıdışın Müstəqillik Günündə olması heç də təsadüfi deyildi. Ad günlərində və əlamətdar bayramlarda həmişə xalqı, şəhid ailələri, məcburi köçkünlərlə, azad torpaqlarımıza qayıdan soydaşlarımızla birlikdə olan dövlətimizin başçısı Zəfərdən sonra-2022-ci ilin 27 mayında Ağalı sakinləri ilə görüşmüş, ötən il Müstəqillik Günündə Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmiş, bu il isə xocalılarla birlikdə oldu.

“Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur... Əvvəlkindən də daha gözəl şəhərdir və daha da gözəl olacaq. Bu gün sadəcə olaraq, birinci mərhələdir. Bu gün, əslində, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar, əminəm ki, böyük həvəslə”,- deyən Prezident İlham Əliyev xocalılıların müstəqillik illərini Xocalıdan ayrı keçirməli olduqlarını, müxtəlif yerlərdə və Ulu Öndərin iştirakı ilə Ağcakənd kəndində xocalılılar üçün salınmış birinci köçkün qəsəbəsində məskunlaşdıqlarını vurğulamış və həmin dövrü belə xatırlamışdır: Mən də, Mehriban xanım da o vaxt orada idik və o vaxtdan bu günədək, görün, nə qədər gözəl tarix yazdıq, Qarabağı tam azad etdik. Mən bilirəm ki, İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar, bilirdilər ki, bu gün də gələcək.

Unudulmayacaq tarix: bu gündən dünənə...

Bu gün Xocalı azaddır. Budur, artıq sakinlərin qayıdışı da başlanıb. Qarşıda Xocalının hələ xoş günləri var. Hər birimiz bunun şahidi olacağıq. Xocalı abadlaşacaq, əvvəlkindən də abad olacaq. Təbiəti isə onsuz da gözəldir, cəlbedicidir. Burada görülən işlər isə bu gözəlliyə yeni çalar qatacaq.

Lakin illər, əsrlər sonra da o müdhiş gecə unudulmayacaq. Xocalılıların taleyinə yazılan, soydaşlarımızın kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi o gecə. O gecə Xocalıda ermənilər tərəfindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü ki, onların 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

613... Bir gecənin soyqırımına məruz qalan 613 insan. Yataqlarında ölümünü gözləyən Xocalı sakinləri. Saatlar sonra nə baş verəcəyindən xəbərsiz insanlar...

O gecənin qaranlığı qədər dəhşətli anları yaşadı xocalılılar. 25 fevraldan 26 fevrala keçən gecə Xocalı şəhəri kimi, onun dinc əhalisi də məhv edildi. Həm xocalılılar, həm də Xocalı şəhid oldu və şəhərlə onun sakinləri bir-birilərinin ölümünə, məhvinə şahid oldular.

613 nəfər o gecənin qurbanı oldu. Kim ağlına gətirə bilərdi ki, bir gecədə bu qədər adam həyatla vidalaşacaq. Lakin oldu, yaşandı və 613 Xocalı sakini o qaranlıq gecənin dəhşəti ilə üz-üzə qaldı. Qonşu qonşunun, qohum qohumun, ata balanın, uşaq ana-atanın gözü qarşısında şəhid oldu. Dünyada oxşarı olmayan bir fəlakəti yaşadı Xocalı və xocalılılar.

Düşmən o gecə insanlıqdan əl götürdü. İnsanlığa qarşı bütün rəzalətləri sərgilədi. Bir sözlə, əsl xislətini ortaya qoydu. Bir-birinin ardınca törətdiyi hadisələrin hər biri ayrı-ayrılıqda əsl erməni obrazını nümayiş etdirdi. Əvvəlcə sakinlərin evlərindən çıxarılması, öldürülməsi, sonra onların evlərinin talanması, daha sonra evlərə və şəhərə od vurulub yandırılması, qaçan insanların yaxalanması, onların güllələnməsi, öldürülən insanların əl-ayağının kəsilməsi, gözünün çıxarılması, dərisinin soyulması kimi hərəkətlərin hər biri erməni vəhşiliyindən söhbət açdı o gecə, onların əsl üzünü tanıtdı. Daim gözü Azərbaycanın torpaqlarında, sərvətində olan bu qəbilənin nəyə qadir olduğundan danışdı. Yəni bu vəhşi qəbilədən bundan başqa nə isə gözləmək də düzgün olmazdı. Çünki onlar qəbilədirlər. Xalq, millət formasında nə vaxt yaşamışlar ki, onlardan başqa nə isə gözləyərdik.

Beləliklə, o qaranlıq gecə və açılan boz səhər Xocalı adlı şəhərin qətliamına şahid oldu. Soydaşlarımız öz yurdlarında öldürüldü, qalanlar isə məcburi köçkünə çevrildi, əsir götürüldü...

Xocalını “Xocalıya ədalət!” tanıtdı

Təəssüflər olsun ki, Xocalı soyqırımından sonra həmin dövrdə Azərbaycana rəhbərlik edənlər bu faciəyə biganə münasibət göstərmiş, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışmışlar. Yalnız həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən Ümummilli Liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənləri və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir.

Ulu Öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2Xocalıya ədalət!” beynəlxalq kampaniyasının başlanması isə Xocalının dünyaya tanıdılmasında yeni və əsas mərhələ oldu.

Xocalı soyqırımı, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyan kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir.

Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə etməklə əsas diqqəti kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəltmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir.

Mayın 28-də xocalılılarla görüşən Prezident İlham Əliyev “Xocalıya ədalət!” kampaniyasının fəaliyyətinə nəzər salaraq dedi : “Xocalıya ədalət!” kampaniyasına qədər, siz də yaxşı bilirsiniz, Xocalı soyqırımı haqqında o qədər də böyük məlumat yox idi, dünyada geniş məlumat yox idi. Çünki Ermənistan çalışırdı ki, hər vəchlə bunu ört-basdır etsin, bizdə də o vaxt belə imkanlar yox idi sözün düzü. Amma “Xocalıya ədalət!” kampaniyası bütün dünyaya səs saldı, geniş vüsət aldı və bunun nəticəsində 13 ölkə Xocalı soyqırımını soyqırımı kimi tanıdı.

Beləliklə, Xocalının dünyaya tanıdılmasında, burada törədilən vəhşiliyin analoqu olmadığının sübutunda, insanların qəddarlıqla qətlə yetirilməsinin beynəlxalq aləmə çatdrılmasında “Xocalıya ədalət” kampaniyası misilsiz xidmət göstərmişdir. Bu gün isə, baxmayaraq ki, Xocalı artıq azaddır, həmin fəaliyyət yenə də davam etdirilir.

Memorial kompleks: gün gələcək, Xocalıda bunu edəcəyik

Uzun illərdir, Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana”fəryadı” adlandırılan abidə ucaldılıb. Xocalı faciəsinin baş verdiyi gün hər il bu abidə dövlətimizin başçısı və vətəndaşlar tərəfindən ziyarət olunur, abidə önünə güllər düzülür.

Bu il fevralın 26-da isə 32 ol əvvəl Xocalıda törədilən faciənin ildönümü günündə dövlətimizin başçısı Xocalı şəhərində Soyqırımı Memorial Kompleksinin təməlni qoyub. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanıb, Mehriban xanım Əliyeva onu təsdiqləyib və Heydər Əliyev Fondu tərəfindən inşa edilir.

Prezident İlham Əliyev mayın 28-də Xocalıda xocalılılarla görüşü zamanı bu məsələyə də münasibət bildirərək deyib: Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın.

Xocalı Böyük Qayıdış üçün yenidən qurulur

Qeyd edək ki, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınıb, ilk 50 evə birləşmələr verilib. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir.

Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. Kompleksdə şahmat, cüdo, güləş, gimnastika, stolüstü tennis, basketbol, minifutbol, badminton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaq. İnfrastruktur işlərinin yaxın müddətdə tamamlanması nəzərdə tutulur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, Xocalı şəhərindəki yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 binada ikiotaqlı, üçotaqlı və dördotaqlı 180 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb.

Sonra Sənətkarlar məhəlləsində “AzeRobot Education” robototexnika tədris mərkəzinin Xocalıdakı filialı, “Nakhishli” atelyesi, “Gilabi Ceramics” emalatxanası, “Sariban” peşə inkişaf mərkəzinin filialında yaradılan şəraitlə və Xocalı şəhərinin Baş planı ilə tanışlıq olub.

Bu gün Xocalıya avtomobil və dəmir yolu çəkilir. Xocalıda gələcək üçün “yaşıl enerji”nin təməli qoyulur. Bir sözlə, Xocalı Böyük Qayıdış proqramının yeni səhifəsidir.

Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı

Bu gün hər bir azərbaycanlı ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatı zamanı düşmən üzərində qazandığımız tarixi qələbənin qürurunu yaşayır. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə 2020-ci il sentyabrın 27-də başladılan “Dəmir yumruq” əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı 30 ilə yaxın əsarətdən xilas etdi. Şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icraçılarından da var idi.

“Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq”, – deyən cənab İlham Əliyev çıxışlarında bu fikri də səsləndirmişdir: “Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.

Bu gün qürur duyuruq ki, faciənin 32-ci ilində Xocalıda Azərbaycan bayrağı dalğalanır. Bu əzəmətli bayraq Ali Baş Komandan İlham Əliyevin əzmi və minlərlə şəhid və qazimizin şücaəti ilə dalğalanır Xocalıda. Onun dalğaları hər bir xocalılının qisasının alındığını yayır yurd yerlərinə. Prezident İlham Əliyevin dediyi kimi: Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm.

O bayrağın dalğalarını həm də bütün dünya görür. Görür ki, illərlə susduğu, həlli üçün bir addım atmadığı məsələni Azərbaycan dövləti necə həll etdi. Onu da görür ki, artıq Xocalı Böyük Qayıdış proqramının bir səhifəsidir. Bu səhifə xocalılıların ardıcıl şəkildə yurd yerinə qayıdışı ilə qarşıda tarixin bir parçasına çevriləcək.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə