Dünya ölkələrini bir-birinə bağlayan, əlaqələri sürətləndirən və bu günümüzün ayrılmaz hissəsinə çevrilmiş internetin qısa müddət ərzində dayanması böyük səs-küyə səbəb oldu. Bu hadisə hətta ən qaynar müharibə ocaqlarında baş verənləri arxa plana keçirdi. Qırmızı dənizin dibi ilə gedən internet kabelinin husilər tərəfindən kəsməsi Suveyş kanalında, o cümlədən Rusiya və Belarusdan keçən şimal dəhlizlərinin ciddi təhlükədə olduğunu göstərdi. Baltik dənizində qaz xəttində baş verənlərin də bu qəbildən olduğunu düşünə bilərik. Yəni, təhlükəsizlik baxımından heç bir kommunikasiya xətti sığortalanmayıb, hər cür hadisənin törədilməsi mümkündür.
Asiyadan Avropaya gedən, daha döğrusu Şərqlə Qərbi birləşdirən nəqliyyat və kommunikasiya xətləri bu günə qədər gördüyümüz və bildiyimiz marşrutlar üzrə mövcudluğunu itirməkdədir. 1979-cu ildə İranda islam inqilabı baş Verdi, Şah devrildi, ABŞ və Böyük Britaniyanın səfirlikləri etirazçılar tərəfindən beynəlxalq qanunlara zidd olaraq ələ keçirildi, əməkdaşları həbs edildi. Bunun qarşılığı olaraq Qərb dünyası İrana qarşı beynəlxalq sanksiyalar tətbiq etdilər. Bu gün də qüvvədə olan sanksiyalar səbəbindən İranın Qərblə iqtisadi, ticari əlaqələri demək olar ki, yoxdur. Ənənəvi İpək Yolu da İran ərazisindən keçmir. Dəniz daşınmaları ucuz olsa da vaxt nöqteyi-nəzərindən məqbul sayılmır. Üstəgəl, Avropa ilə Asiyanı birləşdirən dəniz yolları Qırmızı dəniz və Süveyş kanalında baş verən obyektiv və subyektiv amillər səbəbindən ləngimələrə gətirib çıxarır. Hətta milyardlarla ölçülən zərərə yol açır.
Rusiyaya gəldikdə isə bu ölkənin Ukraynada apardığı “xüsusi əməliyyat” səbəbindən Avropa Rusiya üzərindən gələn bütün kommunikasiya xətlərini kəsib. Həm karbohidrogen məhsulları daşınmaz, həm də nəqliyyat dəhlizi çalışmaz hala gəlib. Bundan sonra bütün diqət Azərbaycan üzərindən keçən Orta Dəhlizə fokuslanıb.
Qırmızı dənizdə Avropa, Asiya və Afrika arasında dörd rabitə kabeli qırılıb. Bu barədə HGC Global Communications Limited məlumat yayıb. Qeyd edilib ki, Qırmızı dənizdəki 15-dən çox sualtı kabeldən 4-ü (Seacom, TGN, AAE-1, EIG) kəsilib və hesab edilib ki, bu, trafikin 25 faizinə təsir edir. Şirkətdən qeyd ediblər ki, artıq təsirin azaldılması tədbirləri görüb və təsirə məruz qalan trafikin yönləndirilməsi üçün hərtərəfli plan hazırlayıb. Bundan əvvəl İsrailin iqtisadi nəşri “Globes” Avropa, Şərqi Asiya, Afrika və bir sıra ərəb ölkələrini birləşdirən dörd sualtı kabelin Qırmızı dənizdə zədələndiyi barədə məlumat yayıb. Zərər “kiçik” olsa da, bu, yeganə kabellər deyil. “Ənsar Alla”h Siyasi Bürosunun üzvü Xuzam Əsəd Avropa ilə Asiya arasında olan bu rabitə sistemlərinin Yəmən tərəfindən zədələnmədiyini deyib və bunun əksi ilə bağlı iddiaları səsləndirib. Husilərin Rabitə Nazirliyi daha sonra sualtı kabelləri mümkün risklərdən qorumağa çalışdığını və maraqlı tərəflərə onların təmiri və ya saxlanması üçün vəsait təklif edə biləcəyini söyləyib.
Müasir çağırışlar və təhlükələr fonunda Orta dəhlizin əhəmiyyəti artmağa başlayır. Orta Dəhliz yalnız ölkəmiz üçün deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsidir. Bu layihənin iqtisadi baxımdan səmərəli olduğu kimi, siyasi əhəmiyyəti də az deyil.
Orta Dəhliz ideyası
Asiya ilə Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz ideyası dünyada baş verən gərgin geosiyasi proseslər fonunda meydana çıxıb. Azərbaycan işğal altındakı Qarabağı azad etdikdən sonra regionun digər dövlətlərinin də beynəlxalq iqtisadi layihələrdə iştirakına imkan yaranıb. Eyni zamanda, bu Qələbə Azərbaycanın Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm tranzit məntəqəsi olmasını şərtləndirir. BMT-nin Avropa üzrə iqtisadi komisiyasının icra katibi xanım Olqa Aleqyerovanın da dediyi kimi, Avropa İttifaqına daxil olan bütün dövlətlər Orta Dəhlizin tez bir zamanda formalaşmasını dəstəkləyir və sərmayə yatırılması məsələsini nəzərdən keçirir. Orta Dəhlizi, həmçinin Asiya dövlətləri də dəstəkləyir ki, bu da səbəbsiz deyil. Son dövrlərdə Azərbaycan ərazisindən daşınan müxtəlif məhsulların həcminin artmasının əsas səbəbi Orta Dəhlizdə müşahidə olunan intensivliklə bağlıdır. Şimal və cənub qonşularımız sanksiya altında olduğundan Çin, Mərkəzi Asiya və Avropa Azərbaycandan keçən Orta Dəhlizə daha çox maraq göstərir. Çin nəzərə alır ki, Rusiya-Ukrayna müharibəsi Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırıb. Odur ki, Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ sayılır. Hesablamalar göstərir ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi seçərsə, 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət etməlidir. Bu da Asiya ilə Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Bu mənada Orta Dəhliz öz imkanları ilə şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən biri ola bilər.
Bu gün Azərbaycan Orta Dəhlizin reallaşmasına töhfə verən əsas ölkələrdəndir. Sözügedən marşrut isə Asiya və Avropanı birləşdirən vacib nəqliyyat dəhlizlərindən birinə çevrilmək üzrədir. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi fonunda sözügedən dəhlizə marağın artması müşahidə olunur ki, bu da Azərbaycan ərazisindən daha çox yükün daşınması imkanı deməkdir. Orta Dəhlizin vacib elementinə çevrilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi üçün Azərbaycan dövlət büdcəsindən 100 milyon dollar vəsait ayrılıb. Həmin vəsaitin hesabına yolun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona qaldırılacaq və Orta Dəhliz vasitəsilə daha çox yükün daşınmasına imkan yaranacaq. Bundan başqa, Zəngəzur dəhlizi Orta Dəhlizə inteqrasiya ediləcək layihələrdəndir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan ərazisindən illik təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Ötən ilin yekunları göstərir ki, Azərbaycan ərazisindən daşınan yükün həcmində 30 faizdən çox artım qeydə alınıb. Bu da regiona, o cümlədən yükdaşımalar baxımından Azərbaycana marağın artmasından xəbər verir. Region nəqliyyat habına çevrilir, Azərbaycan isə burada aparıcı ölkədir və Zəngəzur dəhlizinin istifadəyə verilməsi ölkəmizin beynəlxalq yükdaşımalarda mövqeyinin gücləndirilməsi baxımından vacibdir.
Bu günə qədər Orta Dəhlizin tərkib hissəsi olan Horadiz-Ağbənd yolunun 38, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun isə 74 faizi tikilib və bu yolların 2025-cü ildə istismara verilməsi gözlənilir. Bu da Orta Dəhliz ideyasının tezliklə reallığa çevriləcəyini söyləməyə əsas verir. Orta Dəhlizi bir dəyər zənciri də adlandırmaq olar. Amma daha geniş anlamda, bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxil məhsula (ÜDM) malik Türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir.
Beləliklə, Çin–Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən marşrutdur. Regionda yaranmış münbit geosiyasi şəraitdə, Avropa və Asiya arasında ən qısa və rahat marşrut olan bu dəhlizə maraq getdikcə artır. Şimal dəhlizinə əsas alternativ olan Orta Dəhlizlə Çindən Avropaya 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 600 milyard dolların üzərindədir.
2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm olaraq konteynerlərin daşınması reallaşdırılıb. Təkcə 2021-ci ildə Çin–Avropa arasında, hər iki istiqamət üzrə ümumilikdə, dəmir yolu ilə 84,9 milyard dollarlıq yük daşınması həyata keçirilib. 2020–2021-ci illərdə bu dəhlizdə nəql edilmiş yükün ümumi həcmi 350-530 min ton arası olsa da, təkcə 2022-ci ildə bu rəqəm 3,2 milyon tona qədər artıb.
Orta Dəhlizin siyasi əhəmiyyətinə gəlincə, nəzərə almaq lazımdır ki, Çin və digər Cənub Şərqi Asiya dövlətlərinin Avropa ilə ticarət əlaqəsi Orta Dəhlizlə reallaşacağı təqdirdə, onlar regionda daim sabitliyin hökm sürməsində maraqlı olacaqlar. Avropa İttifaqına daxil olan böyük dövlətlər də Orta Dəhlizin həm avtomobil, həm də dəmir yolunun keçdiyi tranzit ərazilərdə sülhün və əmin-amanlığın davamlı xarakter daşımasında maraqlıdır və bu istiqamətdə siyasət yürüdəcəklər. Bununla da istər Ermənistan, istərsə də digərlərinin qeyri-konstruktiv siyasətinin qarşısı beynəlxalq birlik tərəfindən qəti şəkildə alınacaq. Beləliklə, Orta Dəhliz ideyasının həyata keçməsi və Zəngəzur dəhlizinin formalaşdırması ölkəmizə iqtisadi səmərə ilə yanaşı, siyasi zəmanət də verəcək.
“Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi “Dubay Ekspo” ümumdünya sərgisində və “Capacity Middle East 2022” qlobal telekommunikasiya tədbirində təqdim edilib və beynəlxalq marağa səbəb olub. Layihənin məqsədi Azərbaycandan keçməklə Avropa və Asiyanı birləşdirəcək telekommunikasiya dəhlizinin yaradılmasıdır. NEQSOL Holding-in təşəbbüsü ilə AzerTelecom tərəfindən həyata keçirilən layihə Azərbaycanda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafı, eləcə də ölkənin regionun rəqəmsal mərkəzinə çevrilməsinə xidmət edir.
Qırmızı dənizdə vəziyyət gərgin olaraq qalır
Bu il martın 10-da başlayan Ramazan ayı yaxınlaşdıqca, Yaxın Şərqdəki münaqişələrin bütün tərəfləri riskləri artırmağa davam edir. Qaynar nöqtələrdən biri Qırmızı dənizdir. Martın 5 və 6-da husilər Yəmən sahillərində Barbados və Liberiya bayraqları altında üzən iki yük gəmisinə hücum ediblər. Bundan əlavə, hərəkat üzvləri Amerikanın iki hərbi gəmisinə raket zərbələri endiriblər. Husilər də beynəlxalq internet kabellərinə hücum etməkdə şübhəli bilinir, lakin hələlik bununla bağlı heç bir dəlil yoxdur.
Husilərin Qırmızı dənizdə ticarət gəmiçiliyinə hücumları ABŞ və Aİ-nin gəmiləri qorumaq və müşayiət etmək üçün effektiv koalisiyalar yaratmaq cəhdlərinə baxmayaraq davam edir. Martın 6-da husilər Ədən körfəzində Barbados True Confidence yük gəmisinə hücum ediblər. İngilis təhlükəsizlik firması Ambrey, raket hücumu nəticəsində gəminin əhəmiyyətli zərər gördüyünü və ekipajın bir qisminin xilasedici qayıqlarla təxliyyə edildiyini bildirib. Yük gəmisinin İsraillə açıq-aşkar əlaqəsi yoxdur (Husilər noyabr ayından etibarən iddia edirlər ki, onlar yalnız yəhudi dövləti ilə əlaqəli gəmilərə hücum edirlər) və Amerikanın Oaktree Capital Management şirkətinə məxsusdur.
Bu arada Hindistan Hərbi Dəniz Qüvvələri Liberiya bayrağı altında üzən MSC Sky II gəmisinin də Ədən körfəzində hücuma məruz qaldığını bildirib. Yəmən üsyançıları ticarət gəmilərinə hücumlarla məhdudlaşmır. Martın 6-da Husilər hərəkatının rəsmi sözçüsü Yəhya Sari X sosial şəbəkəsində Amerikanın iki hərbi gəmisinə hücumu elan edib. Husilərin onlara gəmi əleyhinə raketlər və pilotsuz uçuş aparatlarından istifadə edildiyi söylənilir. Hərəkatın sözçüsü hücumun təfərrüatlarını və hansı gəmilərin hədəf alındığını açıqlamayıb. Lakin o, əmin edib ki, bu cür hərəkətlər “Fələstin xalqının Qəzza zolağında blokadası götürülənə qədər dayanmayacaq”.
Daha sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndən Amerikanın USS Carney esminesinə hücumu təsdiqləsə də, pilotsuz təyyarələrin və raketin vurulmasına aydınlıq gətirib. Husilər indiyədək yalnız bir gəmini - Beliz bayrağı altında yük daşıyan MV Rubymar-ı batıra biliblər (ABŞ-ın himayəsi altında beynəlxalq koalisiya qüvvələri zədələnmiş gəmilərin qalan hissəsini ən yaxın limanlara çəkə bilib) .
Yaxın Şərqdə qarşıdurmalar səbəbində bütün beynəlxalq əlaqələr zədələndiyi bir vaxtda loqistik imkanlara sahib, əlverişli coğrafiyada yerləşən Azərbaycan yeni yanaşmalar, yeni kommunikasiyalar təklif edir. Bu layihədə Zəngəzur dəhlizi də var.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə