Dünyanı heyrətə gətirən daha bir zəfər

Artıq hər şey həll olunub və Azərbaycan öz ərazilərini boz zonadan çıxarmaqla separatizmin və erməni işğalçılığının kökünə, necə deyərlər, od qoydu. Bu reallıq həm də 24 saatın qalibiyyət hökmü olaraq da qiymətləndirilə bilər. O cümlədən, Prezident İlham Əliyevin dövlət televiziyasında vurğuladığı kimi, Qarabağ erməniləri bundan sonra heç vaxt cinayətkar xunta rejiminin girovların çevrilməyəcəklər və onlar da Azərbaycan vətəndaşı hüquqlarından istifadə olunmaqla munisipial seçkilərdə iştirak edəcək, təhsil alacaq və əmin-amanlıq şəraitində yaşayacaq, işləyib-çalışacaqlar. Dövlət başçısının bu çıxışları paralel olaraq regionumuzda sabitlik arzu etməyən bəlli xarici dairələrə, məlum ölkələrin dövlət başçılarına da kifayət qədər yetərli cavab oldu!

Cinayətkar rejimin mənsubları öz mənfur əməllərinə görə Azərbaycan və beynəlxalq insan haqları qanunları çərçivəsində cavab verməli olacaqlar

Artıq qondarma rejim yoxdur və hazırda Xankəndidə "dqr", "artsax" kimi adlar altında "mövcudluqlarını" isbat etməyə cəhd edənlər də yaxşı bilirlər ki, bu cəhdlər, əslində, onların son nəfəsləridir. Cinayətkar rejimin mənsubları öz mənfur əməllərinə görə Azərbaycan və beynəlxalq insan haqları qanunları çərçivəsində cavab verməli olacaqlar və bu, danılmaz bir aksiomadır.

Bu arada, Yevlaxda Azərbaycan tərəfi ilə Qarabağın erməni icmasının nümayəndələrinin görüşündə də, məhz bu amillər üzərində dayanılıb. Qeyd edək ki, həmin görüşün məhz Yevlaxda keçirilməsi də rəsmi Bakının təklifləri, şərtləri və diktəsi altında baş tutub.

RSK peşəkarlıq nümayiş etdirdi

Bu proseslərdə, yəni antiterror tədbirləri zamanı Rusiya sülhməramlılarının da peşəkarlıqları diqqətdən kənarda qalmadı. Atəşkəs elan edildikdən sonra mülki ermənilərin RSK-nın bazasında yerləşdirilməsi və təhlükəli ərazilərdən çıxarılmaları kifayət qədər professionallıqla icra olundu.

Varujan Geqamyan: "Azərbaycan və Türkiyəyə dəhliz verilir, bunlardan biri Zəngəzur dəhlizi adlandırılır"

Yeri gəlmişkən, erməni türkoloq Varujan Geqamyan ölkəsinin mediasına açıqlamasında “artsax” xülyalarının üstündən birdəfəlik xətt çəkildiyini etiraf edib. Ermənistanlı ekspert Azərbaycan ordusunun son antiterror tədbirləri ilə məhv edilmiş xülyaların tarixin zibilliyinə atıldığını bildirib.

Geqamyan bundan sonrakı aşağıdakı addımların atılacağını proqnozlaşdırır:

“Ermənistan-Azərbaycan müqaviləsi (sülh) imzalanır, burada bir neçə bənd olacaq:

“Ermənistan Qazağın və Naxçıvanın kəndlərini Azərbaycana qaytarır.

Sünik (Zəngəzur) və Tavuş üzərindən Azərbaycan və Türkiyəyə dəhliz verilir, bunlardan biri Zəngəzur dəhlizi adlandırılır.

"Hraparak": "Paşinyan öz komandasına birbaşa olmasa da, bildirib ki, heç bir şərtlər daxilində istefa verməyəcək”

Bu gerçəkliklər və ağır məğlubiyyətlər nədənsə Ermənistandakı revanşist qüvvələri hələ də ağıllandırmayıb. Bir tərəfdən qərbyönümlü baş nazir Nikol Paşinyanın istefasını tələb edənlər, İrəvan küçələrində qiyam və inqilab çağırışları edənlər, digər tərəfdən də, anti-Rusiya çağırışlarını səsləndirirlər. Məhz bu amil də erməni cəmiyyətinin, əslində, nə istədiyini bilməməsi, habelə kəskin çaşqınlıq içində olması gerçəkliyini ortaya qoymaqdadır. Amma buna baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı etiraz aksiyaları fonunda yaxın əhatəsini toplayaraq iclas keçirib.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Məlumata görə, Paşinyan gecəboyu sözügedən şəxslərlə danışıqlar aparıb: “Paşinyan öz komandasına birbaşa olmasa da, bildirib ki, heç bir şərtlər daxilində istefa verməyəcək”.

Eyni zamanda bildirilir ki, Paşinyan öz ailəsini şəhərdən kənara, bağ evinə göndərib.

Tomas de Vall: "Görünən budur ki, bu, Qarabağ ermənilərinin Azərbaycanın tərkibindən çıxmaları üçün 35 illik, bəziləri isə deyirlər ki, 100 illik layihələrinin sonudur"

Sonda isə Böyük Britaniya Qafqaz üzrə mütəxəssisi, tanınmış ekspert və yazar Tomas de Vallın BBC-yə verdiyi müsahibəsi zamanı irəli sürdüyü fikirlərindən diqqətçəkənini nəzərə çatdırmaq olar. O vurğulayıb: "Görünən budur ki, bu, Qarabağ ermənilərinin Azərbaycanın tərkibindən çıxmaları üçün 35 illik, bəziləri isə deyirlər ki, 100 illik layihələrinin sonudur".

Bəli, artıq bu bir sondur, həm də başlanğıc: separatçılığın, işğalçılığın sonu, Qarabağda, ümumən isə regionumuzda yeni reallığın və inkişafın başlanğıcı.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə