"Azərbaycan qəti addımlar ataraq bugünkü nəticəyə nail oldu" - QHT RƏSMİSİ DANIŞDI
"44 günlük savaşın nəticəsi olaraq imzalanan üçtərəfli anlaşmaya görə Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri çıxarılmalı idi. Amma təəssüf ki, ötən 3 il müddətində bu müddəa icra olunmadı. Ermənistan silahlı qüvvələri, eyni zamanda Qarabağdakı qanunsuz hərbi birləşmələr öz fəaliyyətlərini davam etdirdilər. Bu fəaliyyətlərini davam etdirmək yalnız hərbi hissələrdə qalmaqla yekunlaşmadı, davamlı olaraq Azərbaycan ordusuna, mülki şəxslərə, həmin bölgədə infrastruktur layihələrdə çalışan işçilərə qarşı zaman-zaman təhlükələr yaratdılar. Bundan başqa mina təxribatları bu günlərə qədər davam etdi". Bu sözləri SİA-ya açıqlamasında "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal deyib.
Onun sözlərinə görə, eyni zamanda Ermənistan dövləti baxmayaraq ki həmin üçtərəfli razılaşmada üzərinə bir sıra öhdəliklər götürmüşdü, amma bu 3 ildə də Ermənistan öz dövlət büdcəsindən hər il Qarabağdakı qanunsuz hərbi birləşmələrin saxlanılması ilə bağlı böyük miqdarda büdcə ayırırdı: "Bu da o deməkdir ki Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı verdiyi bəyanatlar sadəcə onların düşdüyü vəziyyətlə bağlıdır.
Ermənistan revanş əhval-ruhiyyəsindədir, sadəcə fürsət gözləyirlər. Bu baxımdan son günlərdə də xüsusilə Qarabağdakı hərbi birləşmələrin Azərbaycanın hərbi qüvvələrinə, həmin bölgədə fəaliyyət göstərən mülki şəxslərə qarşı təxribatların artması, xüsusilə mina təxribatları və bunun nəticəsində Azərbaycan vətəndaşlarının hüquq-mühafizə orqanları əməkdaşlarının həyatlarını itirməsi Azərbaycanı belə bir qəti addımlar atmağa vadar etdi.
Bundan başqa, Azərbaycan rəsmi dairələri Qarabağdakı erməniləri danışıqlar üçün dəvət etmişdi, amma onlar bu danışıqlardan və Azərbaycanın açdığı yardım koridorundan da imtina edirdilər. Bu baxımdan artıq Azərbaycan qəti addımlar ataraq bugünkü nəticəyə nail oldu ki, Qarabağdakı hərbi separatçı Azərbaycanın tələbləri qarşısında geri çəkildi və tərksilah olunmaqla bağlı tələbi qəbul etdi.
Hesab edirəm ki, qarşıdakı dövrdə Azərbaycan həmin bölgə ilə bağlı nəzərdə tutulan işləri mərhələli şəkildə həyata keçirəcək. Həmin ərazidə yaşamaq istəyən erməni sakinlərdən kim istəsə, qalıb yaşayar. Amma onlar Azərbaycanın qanunları çərçivəsində Azərbaycan vətəndaşı kimi yaşaya bilər və onların hüquqları digər Azərbaycan vətəndaşları kimi qorunacaqdır. Yaşamaq istəməyənlər də bu şərtlər altında Azərbaycanı tərk edib Laçın yolu vasitəsilə Ermənistana, və yaxud da istədikləri dünyanın hər hansı bir nöqtəsinə gedə bilərlər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə