Ekologiya və ətraf mühitin mühafizəsi ən vacib məsələdir - TƏHLİL

Ətraf mühitin, ekologiyanın mühafizəsi, ekoloji təhlükəsizliyin təmin olunması günün ən aktual məsələsidir və qlobal miqyasda diqqət mərkəzindədir. Bütün dünya üçün əslində, ekolojiyanın, ətraf mühitin, təbiətin mühafizəsi ən vacib məsələ olaraq qəbul olunmalı, ətraf mühitin çirkləndirilməsinin minimuna endirilməsi ön planda durmalıdır. Çünki ekoloji məsələ, ekoloji tarazlıq təkcə bir ölkə üçün deyil, bütövlükdə dünya ölkələrinin hamısı üçün eyni dərəcədə maraqlıdır. Ona görə eyni dərəcədə maraqlıdır ki, ekoloji tarazlığın pozulması dünya ölkələrinə eyni dərəcədə mənfi təsirlər vəd edir və bunun maksimum dərəcədə qarşısının alınması ən vacib məsələ olaraq qəbul edilməkdədir.

Bilirik ki, insan cəmiyyəti inkişaf etdikcə, yeni-yeni texnologiyalar tətbiq edildikcə, sənaye, istehsal genişləndikcə tullantıların da miqdarı artıq. İnsan cəmiyyəti günü-gündən daha çox təbii resurslardan istifadə edir və bu zaman təbiətin çirklənməsinə şərait yaranır. Bununla belə, istər tullantıların miqdarının azaldılması, istər resurslardan səmərəli istifadə, istərsə də çirklənmənin miqdarının minimuna endirilməsi də mümkündür. Əgər gələcək nəsillərin də təbii ehtiyatlardan faydalanmasını istəyiriksə, mütləq həmin ehtiyatların səmərəli şəkilə istifadəsi ön planda olmalıdır. İnsanlar təbii ehtiyatlardan istifadə edərkən, həmin ehtiyatların gələcək nəsillər üçün də qorunub saxlanılmasını nəzərdən qaçırmamalıdırlar. Eləcə də, təbii ehtiyatlardan istifadə etdikdə elə bir şəkildə davranmaq tələb olunur ki, təbiətə atılan tullantılar, bir sözlə, çirklənmə minimum həddə olsun və ekologiyanın korlanması, ekoloji tarazlığın pozulması üçün şərait yaranmasın. Təsadüfi deyil ki, ölkəmizin, Azərbaycan dövlətinin ekoloji siyasətinin əsasını da məhz ətraf mühitin, ekologiyanın qorunması, tullantıların miqdarının minimuma endirilməsi, çirklənmənin tamamilə qarşısının alınması, ətraf mühitin mümkün qədər, bacardıqca sağlamlaşdırılması təşkil edir. Sözsüz ki, bunun əbəs yerə olmadığını, böyük əhəmiyyət kəsb etdiyini ölkə vətəndaşları çox yaxşı başa düşürlər və bu səbəbdən də yüksək qiymətləndirirlər.

Etiraf etmək lazımdır ki, Azərbaycan öz müstəqilliyini yenidən bərpa edən vaxta qədər, daha dəqiq desək, Sovet hakimiyyəti dövründə, 70 il ərzində ölkəmizin ərazisində ekoloji məsələlərə hansısa diqqət göstərilməyib. İstehsalın durmadan artırılması fonunda ölkəmizin ərazisində fəaliyyət göstərən zavod və fabriklərin atmosferə buraxdığı zəhərli qazların miqdarının həddindən artıq çox olması, ətraf mühitə zərərli tullantıların atılması, Azərbaycan ərazilərinin çirkləndirilməsi, vətəndaşlarımızın ekoloji baxımdan əziyyət çəkməsi Kremli qətiyyən maraqlandırmayıb və bunun qarşısını alacaq tədbirlər haqqında Moskva heç düşünmək də istəməyib. Bununla belə xatırlatmaq yerinə düşərdi ki, Ulu Öndər Heydər Əliyev hələ o dövrdə belə Azərbaycan ərazisində fəaliyyət göstərən zavod və fabriklərin minimum dərəcədə zərərlə işləməsi, ekologiyaya mümkün qədər az zərər vurması, mümkün qədər az tullantılarla işləməsi, təbiətin çirkləndirilməsinin minimuma endirilməsi üçün həmin zavodların ən yeni texnologiyalarla qurulmasının və işləməsinin vacibliyini vurğulayırdı. Sözsüz ki, belə bir texnologiyanın tətbiqi Moskva üçün əlavə qayğılar yaradır və müvafiq vəsaitlər tələb olunurdu. Buna görə də elə həmin dövrdə Heydər Əliyevə qarşı Kreml təzyiqlər edir, onu fikrindən döndərməyə, bu niyyətindən daşındırmağa çalışır, hətta siyasi arenadan uzaqlaşdırmağa belə cəhdlər edirdi. Amma bununla belə Ulu Öndər öz iradəsi ilə ətraf mühitin mühafizəsi ilə bağlı müvafiq qərarların qəbul olunmasına da nail ola bilirdi və artıq Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan dahi rəhbər, Ümummilli Lider Heydər Əliyev ekoloji məsələlərə, ekoloji tarazlığa, ekologiyanın mühafizəsinə, ətraf mühitin qorunmasına xüsisi diqqət ayırdı. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda ekologiya məsələləri ön plana keçdi və təbiətin, ətraf mühitin mühafizəsinə olan diqqət və qayğı ciddi şəkildə nəzarətə götürüldü. Hətta ölkəmizin ərazisində yaşıllıqların, meşə zolaqlarının mühafizəsi, canlı təbiətin, fauna və floranın qorunması prioritet olaraq qəbul olundu. Yaşıllıq sahələrinin genişləndirilməsi, ağacların, tinglərin əkilməsi bu baxımdan heç də təsadüfi deyildi və həmin siyasətin tərkib hissəsi hesab olunur. Bu gün Ulu Öndərin yolunun layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev ekologiyanın, ətraf mühitin qorunmasına, mühafizə edilməsinə xüsusi diqqət ayırıb və bunu görməmək mümkün deyil. Respublikamızın ərazisində salınan və hələ də salınmaqda olan yaşıllıqlar, parklar bunu təsdiq edir.

Hər il ölkəmizdə ağacəkmə kampaniyasının keçirilməsi, müxtəlif ərazilərdə ağac tinglərinin əkilməsi və əhalinin müxtəlif təbəqəsinin bu kampaniyaya həvəslə qoşulması ənənə halını alıb ki, bu mənzərə hazırda ölkəmizdə ətraf mühitin mühafizəsinə olan diqqətin nə dərəcədə olduğunu açıq-aşkar göstərir. Digər sahələrdə olduğu kimi, məhz ekologiya və ətraf mühitin qorunması istiqamətində də mühüm, məqsədyönlü addımların atıldığı göz önündədir. Cənab İlham Əliyevin Azərbaycan Prezidenti olaraq ölkəyə rəhbərlik etdiyi son illər ərzində ekologiya, təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı bir sıra normativ hüquqi aktların qəbul edilməsi, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki işlərin görülməsi qeyd olunan məqsədyönlü addımların atıldığını isbatlayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nda bir çox tələblərlə yanaşı, meşələrin seyrəkləşməsinin, torpağın erroziyasının, meşə massivlərinin azalmasının qarşısının alınması barədə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu və həmin tədbirlər sayəsində görülən işlər də göz önündədir. Göz önündə olan həmin işlər dövlətimizin, dövlət başçımızın ekologiyaya, ətraf mühitin mühafizəsinə, təbiətin qorunmasına həssas yanaşdığını təsdiq edir. Azərbaycan dövləti və cənab Prezident İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsinə nə qədər önəm verdiyi 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması ilə bir daha öz təsdiqini tapdı və təsadüfi deyil ki, həmin il Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması baxımından dönüş ili kimi tarixə yazıldı.

Hazırda ölkəmiz, ölkə rəhbərimiz bütün dünya ictimaiyyətini məhz ekoloji tarazlığı qorumağa çağırır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 dediyimiz tədbirin bu il Azərbaycanda keçirilməsi, ölkəmizin bu tədbirə ev sahibliyi etməsi bir daha bunu təsdiq edir. COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də təsadüfi deyil. Bilirik ki, cənab Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Onu da yaxşı bilrik ki, sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri də məhz “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlıdır. Bu isə yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyur. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Azərbaycanda ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən təqdir edilməsi də təsadüfi sayıla bilməz. ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2016-ci ilin yanvar ayında hazırlanan Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi üzrə qiymətləndirmənin nəticələrinə əsasən, mövcud ekoloji vəziyyətə görə Azərbaycanın dünya ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemi üzrə 31-cı sırada qərarlaşması sıradan bir hadisə deyil. Məhz bu qiymətləndirmənin nəticələrinə, reytinq sıralanmasına, qərarlaşmasına görə ölkəmizin Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən öndə olması böyük uğurdur. Ekoloji Fəaliyyətin Effektivliyi İndeksinə əsasən meşələrlə bağlı istiqamətdə qiymətləndirmə üzrə isə Azərbaycanın 180 ölkə arasında 5-ci yerdə qərarlaşması isə daha qürurverici məqam sayılır və bu da ekoloji məsələlərə, təbiətin və ətraf mühitin mühafizəsinə dövlətimizin, dövlət başçımızın nə dərəcə diqqət ayırdığını bir daha aydın şəkildə göstərir.

Əlbəttə ki, bədnam qonşularımızın, Ermənistan tərəfinin təcavüzü, ərazilərimizi 30 ilə yaxın müddətdə işğal altında saxlaması fonunda Azərbaycanın Qarabağ iqtisadi rayonunda ekologiyaya nə dərəcədə zərər vurulduğunu təkcə biz yox, ümumilikdə dünya ictimaiyyəti çox yaxşı bilir. Çox yaxşı bilir ki, bizə məxsus olan torpaqlarda ekologiyaya ciddi zərbə vuran ermənilər fauna və floranı demək olar ki, məhv ediblər. Meşələri, yaşıllıqları qırıb məhv edən vandallar canlı təbiətə ciddi zərbə vurmaqla kifayətlənməyiblər. Ərazilərimizdə olan əlvan metal, filiz yataqlarını qanunsuz şəkildə istismar etməklə, həm faydalı ehtiyatların qanunsuz və səmərəsiz istifadəsinə yol vermişlər, həm də ətraf mühiti tullantılarla həddindən artıq çirkləndirmişlər. Sözsüz ki, cəmiyyətimiz bu məsələ ilə də barışmadığını ekoaktivistlərin aksiyası ilə bir daha dünyaya bəyan etmiş oldu. Bəyan etmiş oldu ki, əvvəla, Azərbaycan ekologiyanın, ətraf mühitin, təbiətin qorunduğu, mühafizə edildiyi ölkədir və təbiətin, ətraf mühitin çirkləndirilməsinə, ekoloji problemlərin yaradılmasına biz yol vermərik. Eyni zamanda həmin aksiya ilə bir daha göstərildi ki, ölkəmizdə ekoloji məsələlərə həssas yanaşılır və bundan sonra kimsələrin buna mane olmasına imkan verilməyəcək. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi ən vacib məsələ olaraq qəbul edilir və bu hətta bütün dünyaya belə açıq-aşkar şəkildə bəyan edilir, eləcə də dünya ölkələrinə, dünya ictimaiyyətinə də ekologiyanın mühafizəsi çağırışı edilir.

Müəllif: İnam Hacıyev

6.3.17. “Ekologiya və ətraf mühitin mühafizəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə