"Böyük Qayıdış Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran əsas reallıq və strateji hədəflərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu proses artıq dövlət səviyyəsində qəbul olunmuş xüsusi proqram əsasında həyata keçirilir: "Azərbaycanın Böyük Qayıdış siyasətinə yanaşması həm real, həm də uzunmüddətli perspektivləri özündə birləşdirir.
Hazırda bu prosesin əsas mahiyyəti işğaldan azad edilmiş ərazilərə, yəni Şərqi Zəngəzur və Qarabağ bölgəsinə, vaxtilə Ermənistan tərəfindən doğma yurdlarından qovulmuş vətəndaşlarımızın geri qaytarılmasını təmin etməkdən ibarətdir. Bu insanlar dövlətin dəstəyi və təşkilatçılığı ilə mərhələli şəkildə kəndlərə, qəsəbələrə köçürülür. Artıq təxminən 50 min vətəndaş doğma torpaqlarına qayıdaraq normal yaşayış şəraiti ilə təmin edilib. Gözləntilərə görə, bu rəqəm 2030-cu ilə qədər 100 mindən artıq insana çatacaq.
Qayıdışla paralel olaraq bölgədə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Ermənistanın dağıtdığı şəhər və kənd infrastrukturu, kommunal sistemlər, yollar və ictimai obyektlər mərhələli şəkildə yenidən qurulur. Həmçinin, bölgədə müasir texnologiyalara əsaslanan yaşıl enerji layihələri həyata keçirilir, yeni elektrik stansiyaları istifadəyə verilir, ekoloji baxımdan təmiz enerji mənbələrinin inkişafı təşviq olunur.
Bu təşəbbüslər yalnız iqtisadi və sosial dirçəlişlə məhdudlaşmır. Eyni zamanda, Azərbaycanın deportasiya olunmuş vətəndaşlarının hüquqlarının bərpası və beynəlxalq ictimaiyyətə bu prosesin insan hüquqları kontekstində təqdim edilməsi istiqamətində də ciddi diplomatik fəaliyyətlər aparılır. Ermənistan bu qayıdışı ərazi iddiası kimi təqdim etməyə çalışsa da, Azərbaycan tərəfi bunu sırf insan hüquqlarının bərpası çərçivəsində təqdim edir və beynəlxalq aləmdə bu mövqe getdikcə daha çox qəbul olunur.
Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ artıq dünya ictimaiyyəti tərəfindən də tanınmağa başlanıb. Dövlətin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı həm işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası, həm də on illər öncə qovulmuş soydaşlarımızın hüquqlarının qorunması baxımından mühüm nəticələr verməkdədir. Bu proses Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası yolunda atdığı ən mühüm addımlardan biri kimi dəyərləndirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə