(Əlizadə Əsədovun yaradıcılığına bir baxış)

Əlizadə Əsədov ismi çoxdan məşhurdur Azərbaycan ölkəsində, xüsusən Cənub bölgəsində. Tanıyırlar onu bir idman ustası kimi. Sevirlər onu Cənub bölgəsində “boksun atası” kimi. Boks arenasında şöhrətlidir SSRİ idman ustası, Beynəlxalq dərəcəli hakim kimi. Əzizdir-doğmadır yaşadığı Liman şəhərində bir müəllim kimi. Azərbaycan Respublikasının Əməkdar məşqçisidir. Azərbaycan Respublikasının “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”dir... Yetirmələri saysız-hesabsızdır. Soraqları, şöhrətləri dünyanı dolaşır. Qələbələri- zəfərlərilə ucaldırlar Vətənin başını. Qürurlandırırlar yurdun min-min vətəndaşını. Şan-şöhrətdirlər Cənub bölgəsinə, həm də böyük Azərbaycana - erməni faşizmini diri-diri gəbərdən o basılmaz aslana.
Ömrünün 67- ci baharını yaşayır Əlizadə İmran oğlu. Yaşayır Vətənə tükənməz sevgi-məhəbbətlə dolu. Yaşayır və çalışır bu gün də Vətən naminə, Vətən eşqinə. Mənə bir həqiqət gün kimi aydındır ki, Əlizadənin müəllimliyi də, idman fəaliyyəti də yalnız Vətənə xidmətə hesablanıb. Elə Əlizadənin bu günlərdə “Elm və təhsil” nəşriyyatında buraxılan “VƏTƏN, SEVGİ ÜNVANIM” (Bakı-2022) kitabı da Vətənə xidmətin bir örnəyi, bir görküdür. Kitabda Əlizadənin şeirləri, hekayə, lətifə və publisistik yazıları toplanmışdır. Kitabın ön sözündə “Respublika həyatı” qəzetinin baş redaktoru şair-publisist Xudaverdi Cavad çox düzgün olaraq qeyd edir ki, kitabda gedən şerlərin əksəriyyəti vətənpərvərlik hissindən qaynaqlanır. Müəllif oxucusunun əlindən tutaraq doğma Azərbaycanın seyrinə çıxır, səyahətdən doğan xoş təəssüratları misralara çevirir”. (səh.15) Ön söz müəllifinin dediklərini qəbul edərək onu da bildirirəm ki, oxucu yalnız seyrə çıxmır. Yalnız yurdun gözəlliklərindən zövq almır. O, eyni zamanda, bu ecazkar tanrısal təbiəti, müqəddəs torpaqlarımızı erməni canavarlarının caynaqlarından qoparan qəhrəman əsgər və zabitlərimizin, əbədiyyət zirvəsinə ucalan şəhidlərimizin, bədəninin bu və ya digər üzvünü itirən qazilərimizin qazandıqları möhtəşəm qələbədən qürurlanır və bu müqəddəs savaşda dünyasını dəyişənlərə Allahdan rəhmət, sağ qalanlara min-min təşəkkürlər, uzun-uzun ömürlər diləyirlər. Və oxucu ürəyindən keçən bu minnətdarlıq duyğularını müəllif misralara-poerik səmimiyyəti açıq-aydın hiss edilən misralara hopduraraq sevimli oxuculara ərməğan göndərir:
Sıxaraq göz yaşını,
Uddun hərb savaşını.
Əzdin düşmən başını,
Azərbaycan əsgəri.
... Yatağın oldu səngər,
Etdin sinəni sipər.
Oldun qalib bir əsgər,
Azərbaycan əsgəri. (səh.33)

Əlizadənin poetik təqdimatında Azərbaycan əsgəri “düşmənə qəbirqazandır”, “düşmən başını əzəndir”, “Qarabağın xilaskarıdır”, “düşmən aşına zəhər qatandır”, “qeyrət-şücaət simvoludur”.
Sən də xalqa oğuldun,
Ölümündən doğuldun.
Qeyrət simvolu oldun,
Azərbaycan əsgəri (səh.33)

Əlizadənin “Azərbaycan oğulları” şeri 8 bənddən ibarətdir. Janrına görə gəraylıdır, mərdlik və qəhrəmanlığa, savaş və çarpışlara çağıran gəraylı. Şair çalışıb ki, bu gəraylıda “Vətənin ər oğullarını” onlara və göstərdikləri qəhrəmanlıqlara xoş söz və ifadələrlə vəsf etsin və bu mərd oğulları bugünün və sabahın gənclərinə parlaq nümunə, qəhrəmanlığın həqiqi varisləri kimi təqdim etsin. Şair Babəkin və Şah İsmayılın adlarını yad etməklə oxucularına demək istəyir ki, bugünkü Azərbaycan oğulları öz ulu əcdadlarının qəhrəmanlıq ənənələri əsasında tərbiyə almışlar, bu ənənə üzərində boy atmışlar, ox kimi, nizə kimi düşmən gözlərinə batmışlar. Və Babək , Şah İsmayıl kimi xan-bəy babalardan qullar yox, Vətənin dərdinə yanan, Vətən üçün özünü odlara atan oğullar da böyüməlidir.
Şah İsmyıl nəvəsidir,
Ulu Babək varisidir.
Qəhrəmanlıq töhfəsidir
Vətənin ər oğulları. (səh.26)

Bugünkü ər-oğullar haqdan, qeyrətdən doğulublar. Eşqi-andı rüşvət, talan, saxtakarlıq, yalançılıq yox, eldir-obadır-yurddur. Beşiklərdə yatdılar. Döyüş-savaşlarda yaşa doldular. Çünki üstünddə boy atdıqları torpaq onlara haqsevər kişilərdən əmanətdir. Əmanətə isə xəyanət olmur:
Haqdan, qeyrətdən doğuldu,
Eşqi, andı Vətən oldu.
Döyüşlərdə yaşa doldu
Vətənin ər oğulları (səh.25)

Şeirdə adları keçən Pəncəli, Mübariz, Polad kimi Milli Qəhrəmanlarımız da Cavanşir, Babək, Cavadxan kimi igidlərimizin qəhrəmanlıq çeşməsindən su içənlərdir, ulu babaları kimi Vətən-yurd uğrunda şirin canından keçənlərdir:
Həzi kimi çox əzizdi,
Pəncəlidi, Mübarizdi.
Coşqun, dalğalı dənizdi
Vətənin ər oğulları.
İtirsə də Poladını,
İtirməyib soyadını.
Yazdı tarixə adını
Vətənin ər oğulları (səh.25)

Əgər Əlizadə “Vətənin ər oğulları”, “Azərbaycan əsgəri” şeirlərində ümuminin qəhrəmanlığından danışırsa, “General”, “Mübariz”, “Haqqın yaşayır” şeirlərində artıq konkret hərbçilərdən: Milli Qəhrəmanlarımızdan: Polad Həşimovdan, Mübariz İbrahimovdan və milli ordu quruculuğuna ilk qatılanlardan sayılan general-mayor Fikrət Seyfulla oğlu Məmmədovdan danışır. Şair hər üç eloğlunu hörmətlə yad edir, onların vətənə böyük məhəbbətlərindən danışır, qəhrəmanlıq və şücaətlərindən söz açır. Şairin “General” şeri hərbi-vətənpərvərlik ruhlu qoşmadır. Burada sevinc və kədər qol-boyundur. Şair sevinir ki, Qarabağ azaddır. İşğal libasını soyunub. Ay-ulduzlu üçboyalı bayraq dalğalanır Qarabağda. Şuşa, Kəlbəcər, Laçın, Zəngilandan duman çəkilib. Hər yanda toy-şadyanalıqdır. Kədərlidir şair. Kədərlidir ki, Polad Həşimovsuzdur, o, qələbə sevincini yaşamadı. Təsəllisi budur ki, Polad rəşadəti, Polad hünəri yadigar qalıb, mənəvi-əxlaqi miras qalıb xalqına.
Sən yoxsan, qələbə sevincimiz var,
Yoxluğundan doğan nisgilimiz var.
Sənlə qürur duyan ürəyimiz var
Göstərdin rəşadət, hünər, general! (səh.29)

“General” şerinin ümumi ruhundan belə qənaət hasil olur ki, el-oba, yurd-vətən uğrunda şəhid olanlar ölmürlər, əbədiyyətə qovuşur, xalqın hafizəsində canlı, diri qalırlar:
Şöhrətin, nüfuzun doğma elində,
Nəğmətək səslənir adın dilində.
Döyüşür silahın əsgər əlində,
Səni anır hər bir əsgər, general! (səh.30)

Azərbaycanın Milli Qəhrəmanı, təkbaşına azğın düşmənlərə qan udduran Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunub şairin “Mübariz” şeri. Əlizadə bu şeirdə bir ordunun görə bilmədiyini Mübarizin təkbaşına gördüyü faktı ümumiləşdirir. Bu fakt fonunda Əlizadə Mübariz qəhrəmanlığının özünəxaslığını şerin nüvəsinə yeridərək fokuslaşdırır və Mübariz cəsarəti, Mübariz fədakarlığı qarşısında oxucunu heyrətləndirir:
Qoydu ölümünü göz qabağında,
Düşmənlə üz-üzə durdu Mübariz.
Bir ordunun görə bilmədiyini,
Fəqət təkbaşına gördü Mübariz. (səh.36)

Dağ görkəmli, fil gövdəli Mübariz qorxu-hürkü bilmədi. Aldı avtomatı əlinə. Gözlənilməz hücumla getdi düşmən üstünə. Getdi ki, onlara göstərsin həddini. Kəssin yağıların əhədini. Biçsin töksün onları alaq otutək. Alsın onlardan yurdunun qisasını, yurdunun intiqamını. Ürəklərdə qoymasın xalqın-millətin arzu-kamını:
Gəldi düşmən ilə qabaq-qabağa,
Gəldi ki, göstərsin ona həddini.
Cəsədlər leş kimi düşdü torpağa,
Əymədi əyilməz çinar qəddini. (səh.35)

Şair Əlizadə təfərrüata varmadan Mübarizi yaddaqalan poetik ştrixlərlə əbədiyyət taxtına - Allah dərgahına qaldırır və təsdiqləyir ki, Mübariz cismani ölümünü mənəvi diriliyinə qurban verdi, şəxsi həyatını xalqının ömrünə qatdı, ölümü ilə həm özünü, həm də vətənini yaşatdı:
Saxladı özünə son gülləsini,
Ölümdən qorxmadan ölümə getdi.
Apardı özüylə yurd sevgisini,
Tanrı dərgahını ziyarət etdi. (səh.38)

Əlizadə Əsədov “Haqqın yaşayır” şerində oxucuları daha bir şəhid eloğlumuzla - general-mayor Fikrət Məmmədovla görüşdürür. Fikrət Məmmədov əslən Lənkərandandır. Ziyalı ailəsində doğulub, şəhər 4 saylı orta məktəbinin məzunudur. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib və Frunze adına Moskva Hərbi Akademiyada ali hərbi təhsilini başa vurub. Və Zaqafqaziya Hərbi Dairəsində bir sıra məsul vəzifələrdə çalışıb. Erməni təcavüzü başlayanda doğma Azərbaycana qayıdıb və milli ordu quruculuğuna qatılıb. Lakin hərbi yaradıcılığının qaynar çağlarında general-mayor Fikrət Seyfulla oğlu Məmmədov 40 yaşında gözlənilmədən həyatı tərk edir... Əlizadənin şeri ömrü yarımçıq qırılmış bu gənc generalın həyatına bir ağı, bir mərsiyə, bir elegiyadır. Öz şerilə şair matəm saxlayır, göz yaşı tökür 40 yaşlı istedadlı hərbiçiyə, təəssüflənir ömrü-günü mübhəmliklərdə talan generala:
Qapını kəsəndə o azğln düşmən,
Ordunu yaratmaq zərurət oldu.
Vətən kömək umdu hər bir hərçidən,
İşğala qəlbində bir hiddət oldu. (səh.39)

Fikrət Qarabağın azad, xoşbəxt günlərini görmədi. Lakin Fikrətin varisləri – milli ordumuzun cavan qurucuları 44 günlük müharibədə misilsiz hünərlər bahasına dünya şöhrətli elə bir Qələbə qazandılar ki, Qərb də, Şərq də bu Qələbəyə heyran kəsildi və bu Qələbədə elə Fikrətin də payı görünür:
Qələbə gününü görməsən də sən,
Zəfər sevincini xalqın yaşayır.
Pay düşür sənə də bu qələbədən,
Müzəffər orduda haqqın yaşayır(səh.40)

44 günlük Qələbə sevinci, Qələbə coşqusu kitabdakı əksər şeirlərin ruhuna-qanına hopub. Sevinir sanki Qarabağın daşı da, torpağı da. Sevinir güllərin-çiçəklərin ləçəyi-yarpağı da. Sevinir Cıdır düzü. Gülür Kəlbəcər, Laçın. Gülür Füzuli, Ağdam. Gülür Vaqif, gülür Xan qızı Natəvan da. Gülür Üzeyir, Bülbül. Gülür min nəğməli xarıbülbül. Gülür muğamat paytaxtı qoca Şuşa da!
Xan qızı, Vaqifin sözü səndədir,
Üzeyir, Bülbülün özü səndədir.
Hələ də düşmənin gözü səndədir,
Başlanıbdı yeni növrağın, Şuşa! (səh.34)

Ağdam, Cəbrayılın eyni açılıb,
Xan qızı, Vaqifin beyni açılıb.
Xarıbülbülün də ətri açılıb,
Zəfər sevincini yaşayırıq biz (səh.37)

“Qarabağdadır” şerinin hər beytində, hər bəndində qovuşur bir-birilə Qarabağın dünəni və bugünü. Qovuşur dünənin qanlı Cıdır düzü ilə bugünün zəfər-qələbə libaslı, toylu-büsatlı Cıdır düzü.
Zaman şimşək kimi çaxır başında,
Neçə həyat sönüb haqq savaşında.
Qalıbdı tarixin qan yaddaşında,
Qanlı Cıdır düzü Qarabağdadır (səh.51)

Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin “dürrü-yektası” Natəvanı da hörmətlə yad edir bu şerində şair Əlizadə. Və o, Natəvanın Qarabağ camaatına analıq etdiyini, elin hər dərd-sərinə yandığını, ehtiyac və möhtaclıqlarını ürək açıqlığı ilə aradan qaldırdığını tarixi həqiqətləri təhrif etmədən lirikanın dililə oxucuya çatdırmağı da unutmur:
Xan qızı bu yurdun anası olub,
Elinin dərdinə yanası olub.
Sənətin qəm-kədər sonası olub,
Dərd püskürən sözü Qarabağdadır (səh.51)

Dünən erməni terrorçuların güllələdikləri, zərbələdikləri Vaqif və Natəvan, Seyid və Xan, Bülbül və Üzeyir artıq yağı-yağmaçılardan aldıqları travmalardan sağalıblar, artıq üz-gözləri gülür, qaş-qabaqları yer süpürmür. Yenə şaddırlar, sevinclidirlər, qoşmalı-qəzəllidirlər, muğamatlı-segahlıdırlar. Hətta Xarıbülbül də nə küləkdən qorxur, nə də tikandan:
Üzeyir, Vaqif də ilhama gəlib,
Xan, Seyid, Bülbülün səsi yüksəlib.
Xarıbülbülün də qəddi dikəlib,
Ətir saçan üzü Qarabağdadır (səh.52)

“Qarabağ Azərbaycandır” silsilə şeirlərinin sonuncu poetik akkordudur, sonuncu lirik ilməsidir “Gözün aydın, Qarabağ” şeri. Gözaydınlığı verir şair bu şerilə Qarabağa, ümumən Azərbaycana.
Gözün aydın, Qarabağ,
Ağarıb qara baxtın.
İtib döyüş gücüylə,
Otuzillik həsrətin.

Şair Əlizadə xalqını müjdələyir, toy-büsata çağırır ki;
Gözü yolda Xan qızı
Güllərdən çələng tutub.
Dilində bayatısı,
Əlində səhəng tutub.

Şair Əlizadə xalqını böyük sevinclə muştuluqlayır ki,
Qəfəsdən qurtulubdu
Üzeyirin bəstəsi.
Yayılır pərdə-pərdə
Qarabağ şikəstəsi.

“Gözün aydın, Qarabağ” şerinin doğuluş tarixi 10.10.2020-ci ildir. Bu tarix o tarixdir ki, həmin gecə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev böyük ruh yüksəkliyi ilə 44 günlük Böyük Vətən Müharibəsinin qələbəmizlə başa çatdığını bütün dünyaya bəyanladı, xalqı-milləti, qəhrəman Milli Ordunu bu böyük Qələbə münasibətilə təbriklədi. Azərbaycana sülh, əmin-amanlıq arzuladı. Əlizadənin bu şeri də məhz elə o gecədə - o Qələbə xəbərli gecədə dünyaya ayaq açdı və oxucuların sevincinə sevinc qatdı.
Keçilməz zirvələri,
Ordumuz aşır bu gün.
Qələbə sevinciylə,
Yurdumuz daşır bu gün (səh.56)

“Gəlimli-gedimlü dünya” haqqında çox şeirlər yazılıb. Hələ bundan sonra da yazılacaq. Əlizadənin də bir neçə şeri dünya haqqındadır. Düzü, Əlizadənin şeirlərini oxumamış düşünmüşəm ki, axı əvvəlki şairlər dünya haqqında nə lazımdır, necə lazımdır yazıblar, Əlizadə üçün yazılası bir şey saxlamayıblar. Maraq çəkdi məni və başladım şeirləri oxumağa. Hiss etdim ki, Əlizadə ənənəvi mövzuda yeni söz, yeni fikir meydana qoymağı bacarıb. Köhnə mövzuya müasirlik donu biçməyin, müasir baxış sərgiləməyin öhdəsindən gəlib. Öz dünyasını (zəmanəsini) və bu dünyada təkrar-təkrar üzləşdiyi naqislikləri (qeyri-xalislikləri) rəsm edir, tablolaşdırır Əlizadə bədii sözün tükənməz güc və qüvvəsiylə:
Sonu yoxdur cinayətin,
Xəbisliyin, xəyanətin.
İzi itib ədalətin,
Dünya həmin dünya deyil (səh.61)

“Dünya həmin dünya deyil” gileylənən şairə, məncə, etirazlanan tapılmaz, heç kəs şairi qınamaz, onunla mübahisəyə girişməz. Axı o kəs şairə necə etiraz edər ki, şair göz çıxaran, burun əzən, könül bulandıran, əxlaq-mənəviyyatı çamurlayan görsənişləri önə çəkir və bunların yox olmasına həyəcan təbili çalırsa?
Zəhərdir dünyanın aşı,
Zamana qurşanıb başı.
Səngiməyir hərb maşını,
Dünya həmin dünya deyil (səh.61)

Şair Əlizadəyə görə, dünyanın xeyir-şər tərəzisi çoxdan pozulub. Pozulub insan haram tikə yeyəndən. Pozulub haramzadələr zər-ziba geyəndən. Pozulub rəyasət naminə ata oğlunu güllələyəndən. Pozulub qadınının yanında qardaş qardaşını şillələyəndən. Pozulub atların meydanı eşşəklərə veriləndən. Pozulub nadan başda, aqil ayaqda oturandan:
Nadan yuxarı başdadır,
Aqilin işi daşdadır.
Həyatın özü boşdadır,
Acımayır yaşa dünya (səh.58)

Əlizadənin doğmalarına, yaxınlarına həsr etdiyi “Ay atasız dünyam mənim”, “Mənim Göyçək anam”, “Vaxtsız ata itkisi”, “Qardaşım”, “Həyatdan doymadın”, “Şahcamal nənə”, “Həyat sevgisi”, “Sadiq dost kimi”... şeirləri təbii və səmimidir, oxunaqlı və yaddaqalandır. Çünki bu şeirlər şairin yaşanmış arzu və istəklərinin, hiss və düşüncələrinin ifadəsi, əks-sədasıdır. Şairin bu şeirlərdə tərənnüm etdiyi həmin sıravi adamların çoxu mənə də doğma və əzizdir. İndi haqq dünyasında uyuyan bu doğmaları mən də tanımış, mən də onlarla duz-çörək kəsib həmsöhbət olmuşam. Əlizadə rəhmətlik atasını – İmran müəllimi, rəhmətlik anasını - Göyçək xanımı tərənnümdə daha çox səmimidir, daha çox duyğulu, həssas və yanğılıdır. Və sair özünü bu iki doğmasına, bu iki əzizinə ömrü boyu borclu bilir, özünü bu iki müqəddəsin əxlaq və mənəviyyatının varisi, davamçısı adlandırır. “Ay atasız dünyam mənim” və “Vaxtsız ata itkisi” şeirlərindən aydın olur ki, atasız böyüyüb Əlizadə.. Ata mehri, ata sığalı qismət olmayıb Əlizadəyə. Ata sözündən, ata nəfəsindən isinməyib – qızınmayıb Əlizadə. Əlizadə özü ata öyüdünə, ata nəsihətinə tamarzı qaldığı kimi, balaları da baba üzünə, baba nağıllarına həsrət çəkə-çəkə ərsəyə çatıblar.
Yazıldı bəxtimə atasız illər,
Atasız dünyanın ağrısı kimi.
Göz açıb dünyaya indi nəvələr,
Baba öyüdünə tamarzı kimi (səh.80)

Ata həsrətilə böyüdü, ata həsrətini əzizlədi, öydü Əlizadə. Doğmalaşdı ata həsrətilə Əlizadə. Hara getdi ata həsrətini apardı özü ilə. Özündən kənarda saxlamadı bu həsrəti Əlizadə. Atasının iyini-ətrini həsrətdə tapdı Əlizadə və nəhayət “həsrət ata əvəzi” oldu Əlizadəyə.
Lerik dağlarında saldığın izi,
Demə ki, bəmbəyaz qar alıb, ata.
Mənə həsrət qoydun ata əvəzi,
İndi həsrətin də qocalıb, ata.

Bəndin sonuncu beytində ifadə olunan fikir təzədir, orijinaldır. Poeziyada az-az rast olunan deyim-tapıntıdır – “həsrətin ata əvəzi olması” ifadəsi. Poeziyaya vurğun, poeziyaya aşina bir oxucu kimi mən belə bir uğurlu ifadənin şahidi olmamışam. Bu, Əlizadənin poetik hünəri, poetik tapıntısıdır. Bu, artıq poeziyadır, yəni görünəndə görünməyəni tapmaq, kəşf etmək və oxucuların ixtiyarına vermək!
“Şahcamal nənə” şerində şair Azərbaycan ağbirçəklərinin tipik bir nümayəndəsinin daxili- mənəvi dünyasına aparır oxucunu. Bu vəfakeş, bu cəfakeş ağbirçək mənim dosdoğmaca Musa əmimin ömür-gün yoldaşı idi. Əmimin ölümündən sonra bir xeyli də yaşadı. Yalnız yaşamadı, həm də yaşatdı. Yaşatdı əmimin 5-6 əmanətini. Yaşatdı və tərbiyə etdi, ərsəyə çatdırdı onları. Yaşadı həyatı cavankən tərk edən Göyçək qızının yetim balalarını, yəni öz qız nəvələrini də. himayədar, pərəstar oldu nəvələrinə. Qoymadı ki, korluq çəksinlər. Çörək üçün, pal-paltar üçün, ağartı üçün qohum-qonşuya getsinlər. Kimsəyə möhtac olsunlar. Yurdcanlı, elcanlı böyütdü onları Şahcamal nənə. Böyütdü tərbiyəli, intizamlı, ədəb-ərkanlı. Böyütdü namuslu-vicdanlı. Əməksevərlik ruhu aşıladı onlara Şahcamal nənə. Əlizadənin bu şeirdə surətini canladırdığı Şahcamal nənə elə Əlizadənin ana nənəsidir. Bu qadın bu şeirdə təsvir-tərənnüm olunduğundan da uca və böyük idi, möhtəşəm və əzəmətli idi. İpək nənə, çiçək nənə idi Şahcamal nənə. Nənələrin şahı idi, nəvələrinin pənahı idi Şahcamal nənə:
Sinəmdə döyünən ürək anamın, -
Ömrü qısa, ətri çiçək anamın.
Yeri boş qalmadı Göyçək anamın,
Anamın anası Şahcamal nənə.

Əlizadənin tərənnümündə nənələrin xasıdır, həyatın mənasıdır, zamanın aynasıdır, bir ona dünyasıdır Şahcamal nənə - təpədən-dırnağa cah-cəlal nənə:
Qalmadın bircə an dərdi-sərinə,
Kəsib boğazından yedirtdin mənə.
Yaşatdın o yetim nəvələrinə,
Bir ana dünyası Şahcamal nənə.

Əlizadə poeziyanın əbədi və əzəli mövzusu sevgi-məhəbbətdən də yan keçmir. Şairin şeirlərində qanadlı sözlərə, söz birləşmələrinə, misra və beytlərə hopan (hopdurulan) məhəbbət elə-belə, yüngül bir duyğu, ötəri bir hiss deyil. Bu məhəbbət insanı, xüsusən gəncləri təmizliyə, saflığa, ucalığa çağıran mənəvi qüvvədir, yenilməz-əyilməz qüdrətdir. Elə bir gücdür ki, o, ömrə bəxtiyarlıq, vəfadarlıq, sevinc və şadyanalıq, ümid və təsəlli gətirir və bu məhəbbət bəzən də insanı özündən, dünyadan küsdürür, həsrətlərdə yandırır-yaxır:
Küsmək bizə gəldi baha,
Yetər, gülüm, qayıt daha.
Birlikdə gedək sabaha,
Həsrətinlə yaşayıram (səh.102)

Əlizadə oxucunu məhəbbətə, sədaqətə çağıran “Peşiman-peşiman”, “Həsrətinlə yaşayıram”, “Yoluma çıxma”, “Görüş yeri”, “Ürəyimi”, “Məcnun dəyanəti”... şeirlərinin hər biri üçün özünə xas ifadə tərzi, forma tapır və ürəyinin ən dəruni hisslərini zərif və gözlənilməz obrazlarla oxucularına çatdırır. Bu çatdırmada peşmanlıq da var, xəyanət də, nəzərə çarpır inadkarlıq da!
... Axıtma gəl göz yaşını,
Atdım ömürlük daşını.
Xatirələr yaddaşını
Saxla peşiman-peşiman
(səh.95)

... Bəs aşiqin suçu nəymiş? –
Xəyanətin qəddin əymiş.
Demə eşqin dilindəymiş
Məni gözləmə, gözləmə (səh.96)

Gözü nur saçsa da bir səhər kimi,
Həsrət boğur məni bir qəhər kimi.
Gəzirəm dalınca dərbədər kimi
Hər yerdə izini axtarıram mən (səh.97)

Şair Əlizadə Cənub bölgəsinin bir sıra yaşayış məntəqələrini: Lənkəranı, Limanı, Qızılağacı böyük Azərbaycanın bir parçası kimi poeziyanın tərənnüm obyektinə çəkir, adlarını çəkdiyi bu doğma yurd adlarının hər birinə şeir də həsr edir. Amma bu şeirlərdə nə Lənkəranın, nə Qızılağacın, nə Limanın özəllikləri, uğur və uğursuzluqları barədə bir kəlmə belə yoxdur – sanki nöqsansızdır, problemsizdir, yağ-bal içindədir yurdun bu dilbər guşələri. Halbuki bu məkanlar boğazacan sosial burulğanlar məngənəsindədir. Müstəqilliyimizin 30 illik var olması bu yerlərdən səssiz-səmirsiz ötüşüb elə bil. Və bu şeirləri oxuyan oxucu nə Limanın, nə də Qızılağacın əsl simasını görə bilir. Hər üç şeri (“Lənkəran” nisbətən istisnadır, çünki orda qəhrəman Həzinin və Baloğlanın adları keçir asanlıqla) “Boladi”, “Nərimanabad” və s. adlandırmaq olar.
Bir yaşıl ağacam, gövdəsi səndə,
Bir sısqa bulağam, çeşməsi səndə.
Ərköyün övladam, sevgisi səndə,
Nurlu çırağımsan, Limanım mənim. (səh.62)
Bu ürək ovlayan, ruh təzələyən lirik parça şairin “Liman” şerindəndir. Bəndin sonundakı “Limanım mənim” təkrir-epiforanı asanlıqla bu və ya digər coğrafi məkanla əvəzləmək mümkündür.
“Vətən, sevgim mənim” kitabında poetik səviyyəsi yüksək şeirlər çoxdur. Hiss olunur ki, həmin şeirlər (“Odlar yudu”, “Peşiman-peşiman”, “Məni gözləmə”, “Görüş yeri”, “Nəvələr”, “Yoluma çıxma”, “Paxıl adam”...) müəllifin ilhamlı çağlarının, poetik ovqatının pik həddə qalxmasının bədii ifadəsi, bədii görsənişləridir. Bu şeirlərdə dil axıcıdır - ahəngdardır, fikir məzmunu poetik məzmunla üst-üstə düşüb, biri digərini tamamlayır.
Təəssüf ki, kitabda yer olan bəzi şeirlər (“Erməni”, “Məşəl”, “Məcnun dəyanəti”, “Müharibə olmasa”...) Əlizadənin yuxarıdakı abzasda adını çəkdiyim şeirlərlə bədii yarışa girə bilmir və bu şeirlərdə poeziya odu sönükdür, dəruni şair səsi eşidilmir, hiss və duyğuların poeziyası ürəklərə yol tapmır və s.
Oxucu kitabda Əlizadənin nəsr yaradıcılığının bəzi nümunələri ilə də tanış olmaq imkanı əldə edir. Bu nümunələr “Şuşa qartalı” hekayəsindən, silsilə lətifələrdən, Qarabağ uğrunda qəhrəmancasına vuruşan qazi və veteranların, ölməzlik zirvəsinə ucalan şəhid əsgər və zabitlərimizin parlaq obrazlarını əks etdirən publisistik yazılardan ibarətdir.

Mən Əlizadəyəm, səninlə şadam,
Kiməsə yaxınam, kiməsə yadam.
Özüm də bilmirəm necə övladam? -
Səndə qalacaqmı izim, Lənkəran?!
(səh.58)

Göründüyü kimi, Əlizadə narahatdır - nigarandır öz sabahından, öz gələcək taleyindən. Bu, təbiidir. Ancaq o bir həqiqəti bilməlidir ki, Əlizadə həm özünün idman ömürlüyü, həm də poeziyada atdığı uğurlu addımları ilə çoxdan, lap çoxdan qazanıb hafizələrdə yaşamaq haqqı, nə boksyor Əlizadəni, nə də şair Əlizadəni unutmaz əsla milləti-xalqı. Mən isə Əlizadəyə arzulayıram ki, o davam etsin yaradıcılıq axtarışlarını, əsirgəməsin ədəbiyyatımızdan, şeir sənətimizdən rəngarəng poeziya naxışlarını!

Musa XANBABAZADƏ
filoloq-ədəbiyyatşünas

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...