NƏCİBƏ İLKİN

BÜTÖV AZƏRBAYCANAM

Dünya boyda harayam, dünya boyda qoram mən,
Xırda-xırda doğranıb, sanmışam ki, varam mən.
İçimdəki ağrıdan parçalanmış hər daşım,
Gəl məni yaxşı dinlə, mənim əziz qardaşım.
Başı min cür bəlalı, gözü qan yaşlı canam,
Parça-parça olunmuş bütöv Azərbaycanam!

Min dəfə qəsd etdilər, min cürə bəhs etdilər,
Gözlərimi gözümdən çıxarıb həbs etdilər.
Ayaqlarım bir yanda, qollarım da bir yanda,
Məndən didərgin oldu, oğlum, qızım hayanda.
Mən Göyçəyəm, Dərbəndəm, o qanlı İrəvanam,
Zəngəzuram, Təbrizəm, bütöv Azərbaycanam!

Əl tutan əllərimi biləyimdən qırdılar,
Əyilməyən boynumu neçə min yol vurdular.
Qamarlayıb aldılar, o boyda Çin səddimi,
Fəqət, bunlar əymədi əyilməyən qəddimi.
Yad əllərlə yazılmış tarixəm, “Gülüstanam”,
Şəhid qanlı torpağam, bütöv Azrbaycanam!

Oğuz boylu Qorqudam, fəqət Turan elliyəm,
Əslim, nəslim türk olub, şahənşah türk dilliyəm.
Bayrağımın enməyən qürur, igid rəmziyəm,
Haqq-ədalət yolçusu, haqqın görən gözüyəm.
Millətimçün, xalqımçün, dilə düşən ad-sanam,
Hər yanda səsim, ünüm, bütöv Azərbaycanam!

Nizami, Füzuliyəm, Xəqani, Vaqifəm mən,
Şah İsmayıl Xətai, Hüseyin Cavidəm mən.
Hər an dara çəkilən, ərənlər ölkəsiyəm,
Otuz yeddinin ağlar qalan vətən səsiyəm.
Azadlığı uğrunda ürəyi dolu qanam,
Mən bölünə-bölünə, bütöv Azərbaycanam!

Güllələnmiş, odlanmış min əsir Qarabağam,
Laçın, Şuşa, Kəlbəcər, Füzuli adlı dağam.
Neçə dəfə soyqırım, Şamaxı, Bakı, Quba,
Yaddaşdan silinməyən, qanlı məzarlığım var.
Qan verən Xocalıyam, yaralı Ağdabanam,
Sünkgülərə keçilmiş bütöv Azərbaycanam!

Yetmiş il imperiyanın əsarəti altında,
İnildədi milllətim neçə min dərd qatında.
Nəhayət ki, qazandım müstəqillik adını,
20 yanvar ünvanlı qan yazdı muradımı.
Amma ki, sarsılmadım, qürur adlı cahanam.
Mən Odlar ölkəsiyəm, bütöv Azərbaycanam!!!

ŞƏHİD ANASI
(Şəhidlər xiyabanında məzara sarılmış bir ana gördüm.Oğlu ad günündə şəhid olmuşdu)

Dünən bir ana gördüm, qəlbi qaynar, od-alov,
Sinəsində qarlı qış, kipriklərində qırov.
Dünən bir ana gördüm, gözlərində qəm-qüssə,
Fəryadından ürəyi olmuşdu hissə-hissə.
Alnında düyün-düyün olmuşdu qırışları,
Həsrətdən yoğrulmuşdu o solğun baxışları.
Odlara qalamışdı, oğul dərdi ananı,
Od içinə atmışdı oğul, dərdə yananı.
Ölüm günü, ad günü bir tarixə yazılmış,
Ananın sinəsindən bir daş kimi asılmış.
Qarşımda ana sanki buz heykələ dönmüşdü,
Yaşamaq, həyat eşqi gözlərində sönmüşdü.
İntizardan, xiffətdən ana saralıb solmuş,
Həsrət seli qəlbindən axıb gözünə dolmuş.
Danışdıqca ananın dodaqları əsirdi,
Oğul dərdi ananı şaxta kimi kəsirdi.
Başında qara örpək, əynində qara paltar,
Oğlum özü alıbdı,-dedi məndən yadigar.
Hər gün bu geyim ilə görüşünə gəlirəm,
Nisgilmi, dərdimi soyuq daşla bölürəm.
Evim muzeyə dönüb onun şəkillərindən,
Təkcə o şəkillərdən təsəlli tapıram mən.
Oğlum bir oğul idi, istiqanlı, mehriban,
Dediyim hər kəlməmə cavabı olurdu “can”.
Ad gününə az qalmış ona hədiyyə aldım,
Şirin qoğal bişirib, adına sürfə saldım.
Gözləyirdim yolunu əziz xələf oğlumun,
Adı özündən şirin, sözü şəkər noğlumun.
Səhər-səhər həyətdən gələn səsə boylandım,
İki əsgər soruşdu, adımı dərhal andım.
Tələsik qaça-qaça tez yüyürdüm həyətə,
-Kimsiniz? Kim lazımdır?-tez qarışdım söhbətə.
Biri ürkək baxışla üzümə baxıb xeyli,
Gözlərin dikib yerə, axır dindi gileyli.
-Biz cəbhədən gəlmişik, necə dedyim ki,
Oğlun- agır yaralanıbdı…
-Necə? Nə dedin? Yox, yalandı balama,
Güllə dəyməz heç zaman o qəhrəman oğluma.
Düşündümbu, zarafat, dostların haqq səsidi,
Mənə muştuluq üçün əsgər hədiyyəsidi.
Sevincimdən gözlərim doluxsunmuş, dolmuşdu,
Oğlumu görmək üçün ürəyim od olmuşdu.
Yaşarmış gözlərimə göründü tabutbu an,
Anasız da hər şeyi həll eləyirmiş zaman.
Əsgər paltarlı oğlum bürünmüşdü bayrağa,
Onu qarşılamaqçün gedəmmədim qabağa.
Nə o qolları naçdı, nə mən ayağa durdum,
Oğluma layla deyib şirin dillə toy qurdum.
Anan ölsün ay bala, bu necə gəlişindi,
Gəlişinlə bildinmi anan necə “sevindi”!
Ahım çıxdı göylərə, dağılmadı göy nədən?!
Amansız ölüm idi, məni belə göynədən.
Oğul verdin ay Allah, neçə il bundan öncə,
Sənə dualar edib bürünmüşdüm sevincə.
İndi bu ad günündə mənə paymı göndərdin,
Bəslədiyim qönçəmi qıyıb necə tez dərdin?!
Ahım çatmadı əfsus, nə yerə, nə də göyə,
Tabutu qucaqladım, -Yaşın mübarək!-deyə.
Oğul deyən dillərim dilim-dilim soyuldu,
Yandı bağrım nalədən, için-için oyuldu.
Yenidənmi doğuldun, Şəhid qoyuldu adın,
Vətən! Qoy sənin olsun bu qəhrəman övladın.
Dan yeri tək söküldü ürəyimin telləri,
Son nəfəsdə oğlumun nə söyləyib dilləri.
O susuz dodaqları pıçıldayıb, nə deyib,
Ürəyindən nə keçib, görəsən nə söyləyib?!
Necə dözüm ay Allah, necə dözüm bu dağa,
Ad günündə oğlumu tapşırıram torpağa.
İgid doğuldu oğul, şəhid doğuldu oğul,
Ürəyimin başında yanıb kül oldu oğul.
Yığışdı dostları, qonşular ad günündə,
Ehsan verdilər ona, balamın şad günündə.
Qoy sevinməsin düşmən, oğlum ölməyib mənim,
Oğlum şəhiddir deyə, ana kimi öyünüm!!!

Öyrənə bilmədik ölməyi VƏTƏN

Nə vaxtdır gözünün yaşı qurumur,
Çəkilməyir səndən qan iyi Vətən.
Hər şəhid qəlbinin köksündən qopan,
Fəryadın bürüyüb yer, göyü Vətən.

Nə ana olmadıq, nə bacı qardaş,
Sinəndən asılıb olduq qara daş,
Bizləri özünə bilmə vətəndaş,
Saxlayıb qoruduq de nəyi, Vətən.

Sənə dəyən güllə sinəmdə qalıb,
Yazılan qan yazın binəmdə qalıb,
Göyərməz ümidlər dünəndə qalıb,
Öyrənə bimədik ölməyi Vətən.

Can verdik canını ala bilmədik,
Qan tökdük qanını ala bilmədik,
Səninçün haqq yolu ola bilmədik,
Yalandan göstərdik hər səyi, Vətən.

Hər nə dərdin varsa, de mənim olsun,
Adın naxələfə qoy qənim olsun,
Öləndə qoy mənim kəfənim olsun,
Təkcə bir şəhidin köynəyi Vətən!

Qalıbdı

De, hansı dərdimi mən deyim indi,
Sözümü deməyə huşmu qalıbdı?!
Uçubdu tərlanım, uçubdu sonam,
Gölzümdə üzməyə quşmu qalıbdı?!

Murovun gözüylə bax Kəlbəcərə,
Gör necə alışır o dağ, o dərə,
Çaşıram yolumu gedib Tərtərə,
Ağılımı qalıbdı, başmı qalıbdı.

Dərbəndim şikəstəm, qəmli avazım,
Xocalı qan gölüm, bir qanlı yaxım,
Qarabağ Təbrizim, Tərtər arazım,
Başıma dəyməyən daşmı alıbdı.

Nəcibəyəm gözlərimdən süzülən,
Kipriyimə dənə-dənə düzülən,
Ağlayıram yüz aynan, yüz ilnən,
Qurtarıb gözümdə yaşmı qalıbdı?!

Ey türk oğlu, qalx ayağa

Türk oğlu, qalx ayağa!
Düşməni qandırmağa,
Türkün kim olduğunu,
Onlara andırmağa.

Əlində bayraq elə,
Yenə haqqın səsini.
Ucalt ulu göylərə,
Atatürk nəğməsini.

Qoyma cəsarətimiz
Boğulsun içimizdə.
Qoyma haqqın kürəyi,
Dağ olsun köçümüzdə.

Biz türk oğlu, qardaşıq,
Dünən yox, əbədiyik.
Haqq səsiylə ucalmış
Həqiqət məbədiyik!

Ölümlü gecəm

İslatdı dərdimi göz yaşlarımda,
Qucağında ölüm gətirən gecə.
Hönkürtü səsində açılan səhər,
Kəsdi kələyimi dan yerinəcən.

Donmuş nəfəsimdə şehə bələndi,
Ruhumun can adlı sızıltıları.
Sən demə dərd elə üzə güləndi,
Açıldı ömrümün ölüm qatları.

Susdu kabus kimi, susdu o gecə,
Ölüm küləyinin əsdi yelləri.
Asdı ürəyimdən kəfənliyimi,
Açıldı qəbrimin qərib dilləri.

Bir ölüm gətirdi mənə o gecə,
Bir ölüm oxudu ömür payıma.
Mən can diəmədim, heyf bu ömür-
Can verə bilmədi vətən hayına.

Şairlər günü

Deyirlər ki, bu gün şair günüdü,
Şairlərin hansı günü yoxdu ki?!
Əzab, həsrət, hicran, bir də dərd yükü,
Şairin günüdü, şair toxdu ki?!

Əynində vətənin şəhid köynəyi,
Gözündə kədərin dənizi yatır.
Hər gün xırda-xırda artır göynəyi,
Şair ağrısıyla başını qatır.

Şairə gün verib, gün ayırmayın,
Şairə pay verin, qüssədən-qəmdən.
Bütün dərdinizi şələ eyləyib,
Asın şairlərin çiyinlərindən.

Şairin sinəsi bülbül qəfəsi,
Orda fəğana bax, orda aha bax.
Dağı da əridir onun naləsi,
Qəfəsi ərimir, bir günaha bax?!

Pənahı haqq olub, haqqa arxadır,
Göydə Allahı var, yerdə sözü var.
Sözüylə baş qatıb özün toxdadır,
Axı şairlərin nədə gözü var?”

Arzusu kəm olub, gözündə oynar,
Yanıltmaz haqqını, inamı iti.
Ağlında, sözündə, çağlayıb qaynar,
Qəlbindən tökülüb düşən ümidi.

Şair dərd bükürmü, bilinməyən sədd,
Şairin bəxtində gecələr zaman.
Siz ona gün verib, gün ayırmayın,
Asın şairləri dar ağacından.

Bütün xəbərlər Facebook səhifəmizdə