İnsanın ömür yolu qatı açılmamış bir kitabdır, vərəqlədikcə nəyisə öyrənir, nəyisə kəşf edirsən. Yoxluğundan sonra onu tanıyanların, yaxın və doğmalarının xatirində, yaddaşlarında yaşayır, nə vaxtsa bu ömür kitabı hökmən vərəqlənir. İnsan var ki, ömür boyu həyata niyə gəldi, niyə getdi bilinmir, insan da var pərvanə kimi el üçün, doğmaları üçün yanır, qarsılır.

Bəli, bu, uzun müddət tanıdığım və müşahidə etdiyim həmin insanlardan biri də artıq dünyasını dəyişmiş Sadıq Murtuzayevdir.

Sadıq Murtuzayev zamanın bütün keşməkeşlərinə baxmayaraq, dəmir zindanda, kürədə odun içərisindən polad kimi bərkiyib çıxan, ləyaqət sahibi, öz mənliyini qoruyub saxlaya bilən mərd bir insan idi.

Mən onu hələ özüm komsomol işində işləyərkən 1960-cı illərdən tanıyırdım. Sonralar da respublika miqyasında müxtəlif rəhbər işlərdə, xüsusi ilə kənd təsərrüfatı sahələrində çalışarkən daha dərindən tanımalı oldum. O, çox maraqlı, dolğun və zəngin həyat yoluna malik bir şəxsiyyət idi. 31 il Zaqatala, Şəki, Ağdam və Abşeron rayon partiya komitələrinin birinci katibi vəzifələrində özünü əsl yaradıcı rəhbər işçi kimi göstərə bildi. Onun yaradıcılıq qabiliyyətinə ən geniş imkanlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra böyük meydan açıldı və o, işlədiyi rayonlarda diqqətəlayiq işlər və tədbirlər həyata keçirdi.

Sadıq Murtuzayev işlədiyi rayonlarda əhalinin maddi, sosial rifahını yaxşılaşdırmaq üçün çox işlər görmüşdür. Mən onun işlədiyi dövrdə kənd təsərrüfatında yaratdığı bəzi quruculuq işlərini qeyd etmək istəyirəm. Hələ Şəki şəhər partiya komitəsinin birinci katibi işləyərkən rayonda forel balıqçılıq təsərrüfatını yaratdı. O, bununla kifayətlənmədi, Azərbaycanda ilk dəfə olaraq Şəki heyvandarlıq üzrə 10 min başlıq mal-qara kökəltmə kompleksini yaratdı. Bu respublikada heyvandarlığın sənaye əsasları üzrə inkişafına böyük təkan vermiş oldu. Şəki rayonunda istifadəyə verilən bu sənaye kompleksinin təcrübəsini yaymaq üçün 1974-cü ildə ulu öndər Heydər Əliyevin və keçmiş Sov. İKP MK-nin bölmə müdiri N.M.Tişşenkonun iştirakı ilə Zaqafqaziya seminar-müşavirəsi keçirildi. Bundan sonra Ulu Öndərin göstərişi ilə həmin illərdə demək olar ki, bütün rayonlarda mal-qara kökəltmə kompleksləri tikildi.

Sadıq Murtuzayev bununla kifayətlənmədi, o, Şəkidə yeni yem istehsalı, qoyunçuluq, Daşüz savxozunda müasir camışçılıq, kçemiş Lenin adına kolxozda südçülük və Dilbaz atçılıq müəssisəsinin yaradılması üçün bütün bacarığını sərf elədi.

O, həmişə yenilik hissi ilə yaşayırdı. Rayonda o dövr üçün ilk olaraq palmet bağçılıq təsərrüfatını təşkil etdi, Şəki rayonunda məhsul istehsalı xeyli artdı, Şəki taxılçılıq sovxozunda taxıl istehsalı 100 min tona çatdırıldı.

Ulu öndər Heydər Əliyev sonra Sadıq Murtuzuyevi geridə qalmış Ağdam rayonuna göndərərək orada kənd təsərrüfatında dönüş yaratmağı tapşırdı.

Ağdamda işlədiyi dövrdə Sadıq müəllim yeni cavan mal-qara kökəltmə kompleksi, Ergi zonasında yemçilik kompleksi orada yaşayış massivi yaratdı, Ağdam atçılıq təsərrüfatını Qarabağ at cinsləri üzrə atçılıq zavodu yaratdı.

Ağdam rayonunun qoyunlar üçün yay örüş sahəlırinin çatışmadığını nəzərə alaraq Ergi sahəsində respublikada ilk olaraq qoyunların oturaq (stasionar) şəraitdə saxlanması işini həyata keçirdi. Həmin dövrdə briqadir işləyən məşhur qoyunçu Əli Abbasovun bəslədiyi qoyunların (Qarabağ cinsi) bir başının diri çəkisi 100-110 kq-a çatırdı. Onun iş təcrübəsi digər rayonlara da yayılmağa başladı.

Sadıq Murtuzayev hələ Abşeron rayonunda işlədiyi dövrdə də yaradıcı rəhbər işçi kimi özünü bir daha təsdiq etmişdi. Rayonda Zəfəran savxozunun yenidən inkişaf etdirilməsi barədə işlər görmüşdü. Həmin vaxtı Abşeronda kənd təsərrüfatı məhsulları istahsalı xeyli artmışdı.

Sadıq müəllimin gördüyü işləri saymaqla qurtarmaq olmaz. O, xalq arasında, işlədiyi kollektivdə, respublika ziyalıları arasında böyük hörmətə malik, əsl təşkilatçı rəhbər, yüksək ziyalı idi. Təqaüdə gedərkən belə o, sakit qalmırdı. Respublika Fermer təsərrüfatını yaradaraq onun sədri oldu. Bu sahədə Azərbaycan üçün böyük işlər gördü. Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini seçildi. Burada da çox böyük işlər gördü. Bu siyahını daha da artıqrmaq olar.

O, bir insan kimi çox mədəni, savadlı, ziyalı, alicənab və qayğıkeş, prinsipial və mərd idi. Həzrəti İmam Əli deyib ki, “ ən yaxş arxa nəfsi toxluqdur”. Bu kəlamı bütövlükdə Sadıq müəllimə şamil etmək olar. O, harada işləməsindən asılı olmayaraq, həmişə nəfsi tox insan idi. Ona görə də həmişə, hamı tərəfindən sevilirdi. Onun gözəl övladları da atalarını həmişə sevindirib. Sadıq müəllimin ömrü illərin sayına görə yox, xatirələrdə izi qalan əsrə bərabər bir ömür oldu. Bir ömür ki, heç kimsəyə əziyyəti düşmədi, baş əymədi. Əsl kişi ömrü yaşadı. Onun keçdiyi şərəfli, ləyaqətli həyat yolu indiki nəslə örnək ola bilər. Allah Sadıq müəllimə rəhmət eləsin.

İmran ƏBİLOV,

Respublikanın Əməkdar kənd

təsərrüfatı işçisi, zootexnika doktoru.

17.02.2021-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə