(Qarabağ nisgili ilə dünyadan köçən ruhlara ithaf olunub)

Təbrizli soydaşımız, tanımış şair və tərcüməçi Əkbər Əlyar Həmidi Azərbaycan torpaqlarının düşmən tapdağından azad olunması ilə bağlı bitib-tükənməyən sevgisini daha bir şeirlə oxucularımıza çatdırır.

"Bu gecə yuxuma girmişdi Şuşa",

Sevincdən dam-divar tam ağlayırdı,

Dönmüşdü qanadlı, azad bir quşa,

Vüsaldan alırdı kam, ağlayırdı!

Çökmüşdü şəhərə şadlıq həvəsi,

Cabbar mahnı deyir, yar oynayırdı.

Ucalmışdı Xanın Şikəstə səsi,

Kaman oynayırdı, tar oynayırdı.

Boylanıb Bakıya Murov tərəfdən,

"Halal olsun sizə, halal", deyirdi.

"Həzz aldım misilsiz qeyrət, şərəfdən,

Əbədi olsun bu cəlal", deyirdi.

Bu gecə yuxumda bəy idi Şuşa,

Sağdışı Ağdamdı, soldışı laçın.

Dünya heyran idi bu şux duruşa,

Tayın görməmişdi nə Çin nə Maçin!

Pənahxan baxaraq qürur duyurdu,

Natəvan bağında gülürdü güllər.

Vaqif gözəlləmə, tərif deyirdi,

Qədir oxuyurdu "Sona bülbüllər".

Bu gecə görürdüm "Daşlı qala"dan,

Əbülfət enirdi "Bulaqbaşı"na,

Deyirdi "Ay pəri" bircə an dayan,

Qoy çəkim əlimlə daraq başına!

Bağqıran başında od qalanmışdı,

Qırxqızda qartallar qıy vururdular.

Yağının var- yoxu tam talanmışdı,

Oğuz iyitləri hay vururdular.

Atlar şahə qalxıb Cıdır düzündə,

Kişnərti səsindən qulaq batırdı.

Qorxu yoxdu aslan iyit gözündə,

İti-qurdu çölə qovub dartırdı.

Üzeyir notaya düzüb yazırdı,

"Qarabağ iyidi" operasını.

Bülbül oxumaqçün durmuş hazırdı,

Qəhrəman ellərin macərasını.

Bu gecə coşurdu İsa bulağı,

Şəhidlər, suyunda qüsl edirdilər.

Məsciddə bağlayıb yaşıl qurşağı,

Yollara saçaraq nur, gedirdilər...

Məclis qurulmuşdu Turşsuyun üstə,

Məclisi aparan kimdi? Zəlimxan:

- Sara Qədimova, Kəsmə Şikəstə,

Eşq olsun xalqına, can Azərbaycan!

Şahmar da bu gecə məmnun qalmışdı,

"Kimsənin yerinə utanmayırdı!"

Bəxtiyar qəmə yox, dəmə dalmışdı,

"Axı dünya donmuş, fırlanmayırdı!"

Bu gecə Germanın Şuşa nisgili,

Açıldı Sədinin ifalarında.

Bu gecə ulduztək, Qarabağ eli,

Gəzirdi xoşbəxtlik səmalarında.

Şuşanın özü də şair olmuşdu,

Onu dinləyirdi baş-canla hamı.

O Əlyar şəklində zahir olmuşdu,

Göylərdən gəlirdi onun İlhamı!

Tanımış şair və tərcüməçi Əkbər Əlyar Həmidi

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə