SƏYAVUŞ SÜLEYMANLI

“Qonşum qonşu olsa, kor qızım ərə gedər.”

(Atalar sözü)

And olsun bizi yaradana, söhbətimdə heç bir yalan-filan yoxdur. Olan olub, keçən keçib. Təxminən 60-cı illərin söhbətidir.

Hər gün səhər Hüseynağanın çayxanasına yığışar, bir-birimizdən hal-əhval tutar, olub-keçənləri xatırlayar, ölənlərə rəhmət, dirilərə də salamatlıq diləyərdik. Qonşum Nuruş da o biri başda oturub əda ilə mənə baxıb başını bulayar, sanki mənə acıq verərdi. Nə qədər nəzərlərimi yayındırsam da, o, elə bil ki, baxışları ilə məni diri-diri yemək istəyərdi. Bu vəziyyət hər gün davam edərdi. Hər gün əsəbiləşər, özümü dava etməkdən zorla saxlayardım.

İndi soruşacaqsınız ki, gorəsən bunda nə var ki, mən belə əsəbilik keçirirəm? Nə olsun, Nuruş kimi çayxanada o qədər adam var ki, məsələn, elə götürək Qəşəmi, oturub çayxanada, yeyir Məsmə xalanın təndir çörəyini, yeyir kərə yağını, beçə balını, motal pendirini, qaynamış yumurtasını, daha nə bilim nəyi ötürür içəri, doymaq da bilmir.

Çox zaman fikirləşirəm ki, bu ləziz nemətlər necə də bunun boğazından keçir. Ona görə ki, Qəşəmin evində arvad-uşaq boş şirinçay-çörəklə səhər yeməyini başa vurur və buna da şükür edirlər.

Nuruşdan sol tərəfdə əyləşən altdan yuxarı dişləri qızıldan ona Şəmi yenicə kababxanadan gəlib, çay içir, hərdən də ağac budağından qopardığı çöp qırığı ilə qızıl dişlərinin dibini qurdalayıb ət qırıqlarını çıxarıb ədəbsizcəsinə ətrafına tullayır. Bu da məni əsəbiləşdirmirdi.

Amma Nuruşu görəndə az qala dəli olurdum. Axı niyə? Bunun çox uzun bir tarixi var. Danışsam, təəccüb edərsiniz. Ancaq heç təəccüb etməyin.

Atalar yaxşı deyib, “Sən sözü at, yiyəsi özü götürər". Ancaq məsələ belədir ki, mənim qonşum, həm də rəqibim Nuruş çoxdan dünyasını dəyişib. Mən bu söhbəti heç kəsə danışmamışam. İstəyirəm ki, ilk müsahibim siz olasınız. Elə isə, gəlin yola körpü salaq.

Nuruş mənim çəpər qonşum idi. Belə də gediş-gəlişimiz yox idi. Bir az da lovğa idi. Bizim evlərin arasında qamışdan çəpər vardı. Yəni, Nuruşun evinin arxası qamış çəpərdən idi. Elə ki, səhər açılardı, Nuruşun iri xoruzu çəpərin üstünə çıxıb qanadlarını silkələyər, ucadan banlayar, hamımızı oyadardı. Sonra da biz tərəfə tullanıb məğrur-məğrur həyətdə addımlayar, mənim yeyib-içməkdən yoğunlayıb harınlaşmış fərələrimi tapar, öz xoruzumun gözləri qarşısında onları rahatlayıb, sonra da yenə məğrur-məğrur addımlayar, bədnam xoruzum nəhayət, kişiləşib onun üstünə hücum edəndə onu qanına qəltan edib yarımcan etdikdən sonra yenə də çəpərin üstünə çıxıb, bir-iki dəfə banlayandan sonra öz tərəfinə düşərdi. Gün ərzində bizim tərəfə dəfələrlə keçərdi, döyüş səhnələri yenə təkrar olunardı. Bu, mənə çox dərd verirdi. Yer aralansaydı, girərdim yerə. Necə olsa da, arada qeyrət məsələsi vardı...

Cəhənnəm olsun onun xoruzu da... Məni yandıran-yaxan, mənə dəyən Nuruşun çəpərin dibində əlini qoltuqlarına vurub irişə-irişə mənə baxması idi. Elə bil ki, bundan həzz alırdı. Sanki baxışlarından oxuyurdum: “Hələ ki...” Yəni, daha ardını demirəm, özünüz başa düşürsünüz də...

Bax, hər gün səhər açılanda mən bunların şahidi olurdum və hər gün çayxanada Nuruş ağızdolusu mənim fərələrimdən danışar, qəhqəhə çəkər, adamları da güldürərdi. Öz xoruzunun şücaətindən o ki var danışar, onu tərifləməkdən yorulmazdı. Daha nə deyə bilərdim ki... Hər şey göz qabağında idi, ona görə də bu məsələdə çox aciz idim. Danışmağa da sözüm yoxdu...

***

Bir həftə keçdi. Daha sonra yenə bir həftə keçdi. Bir gün şəhər bazarına gedib döyüşkən xoruz almaq qərarına gəldim. Heyratı xoruzlarını yaman tərifləyirdilər. Axtarıb-axtarıb axırda heyratı xoruzlarından birini çox baha qiymətə alıb həyətimizə buraxdım. Heyratıdan güclü xoruz ola bilməzdi ki...

Ertədən durub müşahidə etməyə başladım. Nuruşun xoruzu adəti üzrə yenə də tərəfimizə keçdi və heyratı xoruzla mənim bədnam olmuş xoruzumun gözləri qarşısında fərələri tapdı. Elə bu zaman hər iki xoruz düşdülər Nuruşun xoruzunun canına. Canım, burada bir vuruş başlandı ki, gəl görəsən! “Qladiator”filmindəki döyüşçülər kimi, bir nəfərə qarşı iki qladiator. Dəhşət idi! Qan su yerinə axırdı. Döyüşün sonunda mənim hər iki xoruzum möhkəm yaralandı, sinələri yarıldı, axırda taqətsiz düşüb qaldılar yerdə. Nuruşun xoruzu isə hər iki pəncəsinin arxası ilə bir-iki dəfə də torpağı cırmaqlayıb onların “nəşi” üzərinə tökdü. Sonra isə yenə də məğrur-məğrur həyətdə var-gəl edib mənim fərələrimi bir-bir özünəməxsus bir təntənə ilə rahatladı. Ürəyümdən bir fikir keçdi: güclü gücsüz üzərində hökmrandır.

Qanım yenə qaraldı. Çevrilib geri baxanda nə görsəm yaxşıdır? Vay, dədəm vay! Nuruş çəpərin arxasında yenə də bu mənzərəni seyr edir. Bilirdim ki, sabah səhər çağı yenə də çayxananı səsi götürəcək. Bu, şəksiz idi.

Hirsimdən hər iki xoruzu kəsib yondurdum. Fərələr yenə də Nuruşun xoruzunun ümidində qaldılar. Düz bir həftə çayxanada görünmədim. Fikir məni götürmüşdü. Axı əlimdən nə gələrdi ki...

Bir gün ertədən qonşu rayonun bazarına getdim. Bazarda xoruz axtarırdım ki, qoca bir kişinin əlindəki çox arıq bir heyratı diqqətimi cəlb etdi. Kəsdiyim xoruzlar bunun yanında toy-bayram idi. Kişiyə dedim:

-Ay kişi, bu nə xoruzdur gətirmisən bazara, bu ki, öz üstünə ölüb. Ayaq üstdə zorla dayanır. Camaatı xam tapmısan?

Kişi gülüb dedi:

-Bala, nöşün belə deyirsən? Sən bunun arıqlığına niyə baxırsan? Bu, elə heyratıdır ki, sırtıqlıqdan, döyüşməkdən bu günə qalıb. İnanmırsan, döyüşdürüm. Ancaq qiyməti bahadır. Hə, nə deyirsən, götürəcəksən?

Başımın işarəsilə kişi heyratını buraxdı xoruzların arasına. Həqiqətən, kişi deyən düz çıxdı. Dərhal heyratının pulunu verib yola düzəldim. Ürəyim həyəcandan elə döyünürdü ki... Görəsən, bu işin sonu necə olacaq?

Evə gəlib heyratını buraxdım həyətə, dən-dününü verib ta o vaxta qədər gözlədim ki, heyratı təzə ailəsi ilə-fərələrlə qaynayıb-qarışsın, özünün bu fərələr yanında hegemonluğunu göstərə bilsin. Doğrudan da, bir qədər sonra fərələr düşdülər heyratının ardına.

***

Səhər yavaş-yavaş açılırdı. Günəş hələ çıxmamışdı. Ancaq havanın işıqlanmasını səbirsizliklə gözləyirdim. Görəsən, heyratı ümidlərimi doğruldacaqmı?

Bəli, Nuruşun xoruzu yenə çəpərin üzərində göründü, qanadlarını bir neçə dəfə çırpdı, boyunu uzadıb bir neçə dəfə ucadan banladı, diqqətlə aşağı baxdı, elə istədi ki, aşağı ensin, atam, heyratı Nuruşun xoruzunu havada qamarladı. İlahi, bu, bir möcüzə idi!

Döyüş çox az çəkdi. Heyratının zərbələri o qədər ağır və dözülməz idi ki, Nuruşun xoruzu nokauta düşüb yerə sərildi və çapalamağa başladı. Bir şeyi sizə deməyi unutdum ki, Nuruşun xoruzu çəpərin üstünə çıxarkən Nuruş da çəpərin arxasında idi və hətta öskürdü də, bu, o demək idi ki, yəni, mən də burdayam ha...

İndi qonşumun xoruzu can verərkən ürəyim dözmədi, tez xoruzumu döyüşməkdən ayırdım. Nuruşun yazıq günə qalmış xoruzunun nəşini götürüb ona verəndə dedim:

-Nə qədər ki, mundar olmayıb, başını kəs, ay Nuruş! Özgənin torpağına girməyin aqibəti belədir.

Nuruş tərs-tərs mənə baxdı, al-qan içində olan xoruzuna baxdı, sonra da köksünü ötürüb az qala güllə dəymiş adamlar kimi səndirləyə-səndirləyə evlərinə tərəf yollandı.

“Qələbə! Qələbə! Qələbə!”. Sevindiyimdən bağırmaq, quş kimi uçmaq istəyirdim. İstəyirdim ki, hamı mənim bu sevincimə şərik olsun. İstəyirdim ki, hamı bu səhnəni gözləri ilə görsün. İstəyirdim ki, çayxanada mənim xoruzumun şəninə xoş sözlər danışılsın, bu parlaq qələbədən hamı danışsın.

***

Çayxanada yenə canlanma vardı. Balıqçı gəmiləri artıq sahilə yan almışdılar.

Bir azdan balıqçılar da gəldilər. Onlar gecəki uğurlu ovdan həvəslə danışırdılar. Çayçıya hər gün gələnlər gəldilər, amma Nuruş gəlmədi. Gəlmədi deyəndə ki, xəcalətindən gözə görünmürdü. Bu balaca qəsəbədə söz tez yayılır. “Söz var el içində, söz də var ev içində”. Gəlin insafla danışaq, bu əhvalatı mən heç kəsə danışmamışdım, çayçıda da lal oturmuşdum. Amma bu əhvalat arvadların ağzından çıxmışdı deyə, el içində yayılmışdı və elə o vaxtdan yeri düşəndə biri o birinə deyərdi: ”Çaşma ha...Nuruşun xoruzuna dönərsən...”

Allah Nuruşa rəhmət eləsin!

Lənkəran, Liman

2010

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...