Dastanlarımızın yorulmaz tədqiqatçısı

Professor Fərahim Sadıqovun “Dağ Borçalı” dastanları işıq üzü gördü ressenziyasını oxuyandan sonra məndə bu dastanları toplayan Novruz Musayevə, gözəl insana, dəyərli ziyalıya böyük maraq yarandı. Pedoqoji elmlər doktoru Fərahim Sadıqovdan onun mobil telefonunu öyrənib zəng etdim. Əvvəlcədən professor Fərahim Sadıqov ona mənim haqqımda məlumat verdiyinə görə Novruz müəllim məni çox yaxşı qarşıladı və mənimlə qiyabi də olsa tanış olmağına çox şad olduğunu bildirdi. Mən ona bir vaxtlar, yəni 1976-cı ildə onun doğulub boya-başa çatdığı Dağ Borçalıda, Başkeçiddə (indiki Dmanisidə) olduğumu və həmin vaxtılar rəhbərlik elədiyim Ağdam Dövlət Dram Teatrının kollektivi ilə o yerlərdə bir ay qastrolda olduğumu və orada olan tamaşaçılara bir neçə tamaşa oynadığımızı da bildirdim.

Amma Xalq şairi, cavanlıq dostum, kirvəm Zəlimxan Yaqubun “Aşıq Ələsgər” tamaşasını isə tamaşaçıların necə böyük həvəslə qarşıladığını da dedim. Onu da vurğuladım ki, həmin bölgənin insanları haqqında “Sərhədsiz dünyamız” adlı kitabımda çox geniş yazmışam. Və həmin bölgədə yaşayan həmvətənlərimizin Azərbaycan ədəbiyyatını, incəsənətini, aşıq sənətini necə dərindən sevdiyinin, bildiyinin şahidi olmuşam. Həm də onların qonaqpərvərliyinə valeh olmuşam. Novruz müəllimə bir də ona görə təşəkkürümü bildirdim və vurğuladım ki, “öz sənəti fizik olan bu alim bəs nə əcəb Azərbaycan dastanlarını toplamağla məşğuldur və həm də heç bizim Azərbaycan Folklor İnsitutunda işləyən alimlərimizin bu dastanların çoxundan xəbəri yoxdur”. Hiss elədim ki, 83 yaşlı alim, professor kövrəldi və belə dedi: “Çox yaralı yerimə toxundunuz. Mən bu dastanları 1956-cı idən toplayıram. Özü də bu dastanları onları söyləyən aşıqların dilindən eşidib, qələmə almışam. Dəfələrlə Azərbaycan Folklor İnstitutuna bu haqda müraciət eləsəm də, mənim bu işimə biganə olublar. Bu dastanları çap etmək istəməyiblər. Axırda mən özüm məcbur olub, bu dastanları öz puluma çap etdirib, geniş oxucu kütləsinin ixtiyarına vermişəm”.

Novruz müəllimin bu vətənpərvərliyi və dastanlarımıza olan dərin, hədsiz sevgisi ona qarşı hörmətimi bir qədər də artırdı və belə qərara gəldim ki, fizika elmlər doktoru, professor Novruz Musayevlə oxucuları daha yaxından tanış eləyib və onun toplayıb, ərsəyə gətirdiyi “Dağ Borçalı” dastanlarını layiqincə təbliğ eləyim. Çünki bizim Dağ Borşalı adlandırılan ata-baba yurdlarımız bu gün erməni gavurlarının tapdağı altındadır. Onlar hayasızlıqla torpaqlarımızı zəbt etməklə birlikdə, bizim qədim mədəniyyətimizi də öz adlarına çıxırlar. Hətta utanmadan bu dastanların da məhz onlara məxsus olduğunu dillərinə gətirirlər. Artıq Novruz Musayevin bu kitabları işıq üzü görəndən sonra erməni gavurlları, vandalları yəqin ki, utanıb, xəcalət çəkib geri çəkiləcəklər...

Dəyərli ziyalı, əsl vətənpərvər insan Novruz Musayevi bu gün hamı yaxşı tanımalı və onun gördüyü bu müqəddəs, böyük işi alqışlamalıdır. Buna görə də onu sizinlə daha yaxından tanış etmək istəyirəm.

Qısa arayış: Novruz İsa oğlu Musayev 1937-ci ildə Başkeçid (indiki Dmanisi) rayonunun Lök-Candar kəndində anadan olub. Lök-Candar kiçik bir kənd olub, 90 evdən ibarətdir, dağlar əhatəsində, axar-baxarlı yerdə, sıx meşəlik qoynunda, dəniz səviyyəsindən 2000-2500 metr hündürlükdə yerləşib. Lök-Candar səkkiz illik məktəbini əla qiymətlərlə bitirdikdən sonra, Novruz müəllim Dmanisi rayonunun, Hamamlı kənd tam orta məktəbinin IX sifinə daxil olub. XI sinifin buraxılış imtahanlarından əla qiymətllər almaqla, orta məktəbi “əla”-çı kimi başa çatdırıb və orta məktəbi medalla başa vurub. O, 1956 - cı ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ( indiki Pedoqoji Universitet) fizika-riaziyyat fakültəsinə daxil olub. İnstitutda əla qiymətlərlə oxumaqla yanaşı, Novruz müəllim elmi-tədqiqat işləri ilə də maraqlanır və institutu bitirdikdən sonra mütləq aspiranturaya daxil olmaq arzusuna düşür. 1961-ci ilin sentyabrında Gürcüstan Respublikasının Kaxetiya bölgəsinin, Telavi rayonunun, Qaracalar kəndində Azərbaycan tam orta məktəbində müəllim işləməyə başlayır. Üç aydan sonra müəllimliyi buraxıb öz arzususnun ardınca Bakıya qayıdır. 1961-ci ilin may ayında “Neft-Kimya xüsusi layihə bürosu”nda mühəndis-texnoloq vəzifəsində işləməyə başlayır. 3 sentyabr 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasına assistent vəzifəsinə keçir. Novruz müəllim institutda işləyərkən, Azərbaycan SSR EA-nın fizika institutunda aspiranturaya qəbul imtahanı verib əla qiymət alır və aspiranturaya qəbul olunur. 7 noyabr 1964-cü ildə Moskvaya ezam edilir. Moskvada SSRİ EA-nın, A. Nesmeyanov adına “Element Üzvi Kimya Birləşmələri İnstitutu”nda yenidən aspiranturaya qəbul imtahanı verib, görkəmli fizik alim professor A.İ. Kitayqorodskinin laboratoriyasında bərk cisimlər fizikası üzrə elmi fəaliyyətə başlayır. Novruz müəllim “Üzvi kristallarda polimorf faza keçidlərinin morfologiyası” mövzusunda dissertasiya işini vaxtında yerinə yetirib tamamlayır. 1969-cu il yanvarın 9-da Moskvada akademik Bartenevin sədr olduğu və Şpolski, Pyorışkin, Kargin, Mayans və başqa görkəmli alimlərin üzv olduğu elmi şurada dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, bərk cisimlər fizikası üzrə, fizika-riyaziyyat elmləri namizədi, alimlik elmi dərəcəsi adını alır.

Novruz müəllim Bakıya qayıdaraq 1969-cu il yanvarın 6-dan, 1971-ci il martın 29-dək Bakıda Azərbaycan SSR Elmlər Akademiyasının Akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri Elmi Tədqiqat İnstitutunda “Elektron mikroskopu” qrupunun rəhbəri vəzifəsində çalışır. 1 aprel 1971-ci il tarixində müsabiqə yolu ilə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun fizika kafedrasına müəllim vəzifəsinə keçir. 14 mart 1974-cü il tarixində müsabiqə yolu ilə həmin kafedrada dosent vəzifəsinə seçilir və 30 aprel 2015- ci ilədək həmin vəzifədə çalışır. 30 aprel 2015-ci ildə Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasında professor vəzifəsinə seçilir və hal-hazırda da uğurla bu vəzifədə çalışır.

Novruz müəllim işlədiyi dövrdə elmi fəaliyyətini dayandırmamış, “Kəskin zəhərlənmənin fiziki üsulullarla müalicəsi” mövzusu üzrə doktorluq dissertasiyası üzərində işləməyə başlamışdır. Dissertasya işi Moskva şəhəridə Sklifosovski adına Təcili- Tibbi Yardım Elmi-Tədqiqat İnstitutunun Zəhərlənmə mərkəzində, professor Y.A.Lujnikovun elmi məsləhətçiliyi ilə və Botkin adına Moskva Mərkəzi Kliniki Xəstəxanasında yerinə yetirilmişdir. Dissertasiya işi üzrə yetərincə elmi məqalələri yerli və xarici jurnallarda çap etdirilmişdir. Dissertasiya işinə aid

“Неотложные состояния в клинической токсикологии” adında monoqrafiyası çapdan çıxmışdır (Bakı, Azərnəşr 1980, 210 s.). Novruz Musayev dissertasiya işini başa çatdırılıb, müdafiəyə hazırlaşdığı vaxt, 1989-cu ildə “Qarabağ” hadisələri və 20 yanvar 1990- cı il hadisələri baş vermiş və dissertasiya işi müdafiyə olunub başa çatdırılmamış qalıb və Rusiya ilə bütün əlaqələr kəsilmişdir. Ona görə də Novruz müəllim Tibb Universitetində işlədiyi müddətdə topladığı pedaqoji təcrübəsinə və nəzəri tibbi ixtisas fənlərini dərindən öyrənərək topladığı biliyinə əsaslanaraq “Ali tibb təhsil müəssisələrində tibbi və bioloji fizikanın tədrisinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda doktorluq dissertasiyasıni müdafiyə etmişdir. Dissertasiyaya aid yerli və xarici jurnallarda 29 elmi və elmi-pedaqoji məqalələr və iri həcmli, “Tibbi və bioloji fizikanın ixtisas fənləri ilə əlaqəli tədrisinin elmi-metodiki əsasları” monoqrafiyası (Bakı, Hüquq Ədəbiyyatı nəşriyyatı 2010, 509 səh.) hazırlanıb çap etdirilmişdir. Məqalələrdən 3-ü Rusiya Federasiyası, 5-i Qazağıstan Respublikasının jurnallarında, qalanları isə yerli jurnallarda çap olunub. Novruz müəllim görkəmli alim olmaqla bərabər, həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Samirə İsa qızı Musayeva uşaq həkimidir. Novruz müəllim həm də dörd övlad atasıdır:

Elçin Novruz oğlu Musayev ali təhsillidir, bir oğul atasıdır. Moskva şəhərində yaşayır və Rusiya Federasiyasının Gömrük Nazirliyində çalışır.

Elşad Novruz oğlu Musayev orta məktəbi qızıl medalla bitirib, iki Universitet (Xəzər Universitetini və Tibb Universitetini) bitirib, üç övlad atasıdır, ingilis, türk, rus dillərini təmiz bilir. Elşad Musayev həm stomatoloq, həm də əczaçıdır. Hazırda Bakı şəhərində Respublika Mərkəzi Klinik Xəstəxanasında üz-çənə cərrahiyəsi şöbəsinin müdiri vəzifəsində çalışır.

Nigar Novruz qızı Musayeva-Şamilova orta məktəbi qızıl medalla, sonra Azərbaycan Tibb Universitetinin Müalcə-profilaktika fakültəsini qırmızı diplomla bitirib. Nigar xanım üç uşaq anasıdır, hazırda həyat yoldaşı və üç uşağı ilə Moskvada yaşayırlar. Nigar xanım tibb elmləri namizədidir.

Elnur Novruz oğlu Musayev orta məktəbi qızıl medalla bitirib, Bakıda Xəzər Universitetinin Beynalxalq Əlaqələr fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir, ailəlidir, dörd uşaq atasıdır. Elnur Musayev rus, ingilis, türk dillərini təmiz bilir, fransız, alman və ərəb dillərində sərbəst danışır. Hazırda Elnur Musayev Bakıda Baş Prokurorluq yanında Baş Korrupsiya idarəsində Böyük prokuror vəzifəsində çalışır, rütbəsi polkovnikdir. Elnur Musayev həm də, Avstriyanın Vyana şəhərində Beynəlxalq Hüquq Akademiyasını bitirib.

Hazırda professor Novruz Musayev dastanlarla bağlı öz müqəddəs fəaliyyətini daha əzmkarlıqla davam etdirir. Onun 1950-60-cı illərdə Dağ Borçalı kəndlərinə aşıqların gəlməsi, dastanlar söyləməsi və bu tədbirlərin böyük bir maraqlı tamaşa olması haqqında yazdığı xatirə çox xoşuma gəldi və bu xatirəni oxucuların ixtiyarına verirəm. Bununla bir daha sübut olunur ki, bizim aşıq-ozan sənətimiz daha qədim teatr sənətimizdir. Dastanlarımız da pyeslərin bir növüdür. Amma əfsus ki, bu teatr sənətimiz və dastanlarımız mütəxəssilər tərəfindən layiqincə tədqiq olunmayıb. Əgər tədqiq olunsa, onda sübut olunar ki, bizim də bu teatr sənətimizin yaşı Antiq Yunan və Roma teatr sənətindən heç də az deyil. Elə dastanlarımız da qədim Yunan və Roma pyesləri kimi dünya tarixinə düşə bilər.

Ağalar İDRİSOĞLU,

Yaşıçı, rejissor, jurnalist,

Əməkdar incəsənət xadimi

Yaddaşımda qalan o müqəddəs illər

Əziz oxucular, hörmətli folklor sevərlər!

Bu dastanlar qələmə alınan dövrü yadınıza salmağı (əlbətdə ki, yaşlı nəslin oxucuları) xahiş edərdim. Həm də istəyirəm ki, bunları cavan nəsil də bilsin. Yadıma gəlir ki, Böyük Vətən Müharibəsi təzə qurtarmışdı. Əhalinin yaşayış səviyyəsi, dolanışığı da çox aşağı idi. O vaxt məişət texnikası inkişaf etməmişdi. Radio yox dərəcəsində idi. Televizor ümumiyyətlə yox idi. Dağ kəndi, dəniz səviyyəsindən 2000- 2500- ə yaxın hündürlükdə yaşayan kənddə, o vaxt bir dənə də olsun daşdan tikilmiş yaşayış evi yox idi. Muğamat indiki səviyyədə inkişaf etməmişdi. Şəhər yaşayış yerində radio yayımı olsa da, kənd yerində musiqi yaymı yox idi. Evlər gildən-palçıqdan tikilmiş qara damlar idi. Mədəniyyət evi də yox idi. Ona görə kənd yerində yaşayan insanlar əsas etibarilə canlı ifaları həddindən çox sevirdilər. Həmin dövrdə əsas yayılan, daha çox sevilən, daha çox dinləyici kütləsi toplayan şifahi xalq ədəbiyatına həsr olunmuş musiqilər idi. Bu nöqteyi nəzərdən həmin dövrdə ən çox sevilən və ən çox dinlənilən aşıq-ozan mahnıları idi. Ona görə də kəndə aşıq gələndə toy-bayram olurdu. Həm də aşığın kənddə oxumağı bir günlə qurtarmırdı. Aşıq kənddə ən azı üç gün oxuyardı. Yuxarıda deyildiyi kimi aşıq məclisinin aparılması üçün indiki kimi mədəniyyət evləri, ya da böyük sahəyə malik tikili meydanlar yox idi. Ağıq məclisi qara damlarda gildən tikilmiş bir az böyük sahəli tikililərdə aparılırdı. Hamı gündüzdən aparıb oturacaq stollarını aşığın oxuyacağı el arasında “oxu zalı” adlanan yerdə yerləşdirirdi. Məclis təsərrufat işləri ( mal qoyun çöldən gəldikdən sonra, sağılan heyvanlar sağılıb qurtardıqdan sonra, heyvanlara alaf-yəni yemək verildikdən sonra və sairə) yekunlaşdıqdan sonra başlayırdı. Məclis gecədən səhərə kimi davam edirdi. Kiçik yaşlı uşaqlar yatdıqda evin kişisi onu aparıb evdə yatızdirır, sonra yenidən aşıq məclisinə qayıdırdı. Adətən məclisi bir aşıq yola salırdı, yəni aparırdı. Lakin məclisi iki aşıq aparan hallar da olurdu. Dağ Borçalı aşıq məclisində məclisi yalnız aşıq aparırdı. Bu aşıq məclisində zurna çalan, balaban çalan olmazdı. Bu, bir növ bir aktyor teatrını xatırladırdı. Adətən aşıq oxuduğu hər bir “kupleti” sonra sözlərlə də obrazlı formağa, yəni aktyorsayağı maraqlı pafosla deyərdi. Məclisdə aşığın işinə heç kəs müdaxilə etməzdi. Aşıq oxuyarkən gəzişrədi, mizanlarla gəzərdi, lakin oynamazdı.

Həmin vaxtı yerdə oturan tamaşaçılar da bir növ bu tamaşanın inşirakçısına çüvrilərdi. Bu hərəkətləri ilə də aşıq, məclisi tam ələ alırdı. Dağ Borçalı aşıq məclisləri kəndlərdə bəzən üç günlərlə davam edirdi. Aşıq məclislərində deyişmələr tək-tək olurdı. Məclislərdə oxuyan aşıqlar Borçalının hər yerindən olurdı. Hətta ucqar kəndlərdə bəzən aşıq Ələskərin vətənindən də aşıqlar gəlib çıxış edirdilər. Çox vaxt daha istedadlı aşıqlar öz qoşduqları (yəni yazdıqları) mahnılarını da oxuyurdılar. Məclisi aparan hər bir aşığın adı bəlli olurdı. Ona görə də insanlar artıq onların adını əzbər bilirdilər. Öz sənətlərinə, bacarığın, peşəkarlığına, aktyorluq qabiliyyətinə, səs tembrinə görə də onlara qiymət verirdilər...

Aşıqlar isti havalarda məclisi açıq havada aparırdılar. Onda da məclisdə iştirak edənlər öz oturacaq stulları ilə iştirak edirdilər. Aşıq məclislərində heç vaxt dava düşməzdi. Səs salaraq məclisin gedişinə mane olan olmazdılar. Məclisdə iştirak edənlər, aşığın danışdığı hadisələrə o qədər diqqətlə qulaq asırdılar,yəni, aşığa qulaq asanlar dastanlarda cərəyan edən hadisələrə o dərəcədə inanırdılar ki, onu həqiqət kimi qəbul edirdilər. Özləri də bilmədən həmin hadisələrin iştirakçısına çevrilirdilər. Çünki həmin aşıqlar da dastanları yüksək peşəkarlıqla, böyük aktyor məharəti ilə söyləyirdilər. Məclis iştirakçıları aşığa qarşı çox tələbkar idilər, belə ki, həmin vaxtlar məclislərə sambalı olmayan, yəni, biliksiz, istedadsız, dərin düşüncəsi olmayan aşıqlar gəlməzdilər. Çünki dinləyicilər aşıq sənədini ürəkdən sevənlər, aşıq sənədindən başı çıxan və ona obyektiv qiymət verən adamlar idi. Bunu əksər aşıqlar bildikləri üçün və biri-birinə çatdırdıqları üçün, belə məclislərə səthi, savadsız aşıqlar gəlməyə cürət etməzdilər. Bu, aşıq sənəti tamaşaları çox-çox qədimlərdən həmin bölgələrdə çox geniş yayılmışdı. Bunun dəqiq tarixini heç bilən də yoxdur. Bunu araşdırmaq isə bizim mütəxəssislərin işidir.

Əziz aşıq məclisi sevərlər, əziz Dağ Borçalı aşıq sənətini sevərləri!

Bilin ki, bu dastanları toplayan və qələmə alan şəxs, yəni mən- Novruz İsa oğlu Musayev, nə muğamat oxuyandı, nə ümumiyyətlə mahnı oxuyandı. Amma musiqini sevən, muğamatı sevən bir adamam. Əmrahın çaldığı əsl saz havalarına qulaq asanda hər şeyi yaddan çıxarıb dərin xəyallara qapılanam. Xüsusilə, karvan suitasını, rast simfonik muğamını, kürd ovşarını eşidəndə diqqətlə qulaq asıb həzz alan bir insanam. Koroğlunun ariyasına qulaq asanda necə ola bilər ki, ondan həzz alıb yağı düşmənə qarşı nifrət hissi yaranmasın. Fransız bəstəkarı Ravelin şərq suitasına qulaq asanda necə ola bilər ki, dərin-dərin xəyallara dalmayasan.

Əziz oxucular, bu dastanları çox kiçik yaşlarımda toplayıb qələmə almışam. Bu dastanları toplayanda radio səsi eşitməmişdim, televizora da baxmamışdım, sadəcə olaraq el aşıqlarına olan məhəbbətim, aşıq mahnılarına olan sevgim, təbiətin gözəlliyinə aşiq olmağım və nəhayət Dağ Borçalının füsunkar gözəlliyini özümdən də çox sevməyim məcbur edib. Fizika-riyaziyyat elmlər namizədi və pedaqogika elmləri doktoru, professoram. Folklorşünas deyiləm. Sadəcə folklora həvəsim uşaq yaşlarımdan olub. Aşıq sənəti və dastanlar ilə də elə həmin yaşlarımdan maraqlanmışam.

Əziz Dağ Borçalılar və bütövlükdə Borçalı mahalında yaşayan həmvətənlərim! Eləcə də o taylı, bu taylı 60 milyona yaxın həmvətənlərim olan azərbaycanlılar! Vətənimizin bir parçası olan Dağ Borçalını unutmaq olarmı? Bu gün Borçalının Dağ hissəsi erməni faşistlənin tapdağı altındadır. Onların murdar ayaqları o torpağın, bizim ana yurdumuzun, torpağımızın üzərində gəzir. Buna dözmək olarmı? Əlbəttə, yox. Bizim milli birliyimiz olsa, biz, tezliklə, nəinki Qarabağı və hətta həmin yerləri də gavurlardan təmizləyə bilərik. Həmvətənlərimiz, ata-baba yurdumuza qayıdarlar.

Əziz oxucular! Onu da vurğulamaq istəyirəm ki, Azərbaycan dastanlarının Dağ Borçalı nümunələrini çap etdirib oxuculara çatdırmaq üçün çox çətinliklərlə qarşılaşdım, hirsləndim, iztirablar keçirdim! “Əsl” folklor şunasların hansının yanına getdim, hansına müraciət etdimsə, əvvəlcə hamısının ürəyi getdi, oxudular “çox şad oldular”. Lakin sonradan dedilər ki, “gedin özünüz çap etdirin”. Bir də dedilər ki, “Azərbaycan dastanları artıq çap olunub”. Mən onlara dedim ki, bu dastanlar 1953-cü ildə qələmə alınıb və çap olunmayıb. Bunları, öz əlimlə, öz xəttimlə yazmışam, inanmırsınız məhkəmə tibbi ekspertizaya göndərin, yoxlatdırın! Bilmirəm bunların belə deməyinə səbəb və onların məqsədi nə idi ? Yoxsa bu dastanları özəlləşdirmək, öz adlarına çıxmaq istəyirdilər? Bax, indi də onların belə biganəliyini, hərəkətlərini başa düşə bilmirəm!..

Əgər onlar yaxşı ixtisasçıdırlarsa onların vəzifəsi, bu dastanların elmi tərəfini araşdırmaqdır. Toplayanı, qələmə alanı isə mənəm. Özü də bilavasitə əsl mənbədən-orijinaldan, yəni, aşıqların öz danışdıqlarından, onların əlyazmalarından toplayıb, qələmə almışam. Bu, əslində daha maraqlıdır. Və onlar üçün də maraqlı olmalıdır. Axı bunlar dastanlarımıza yeni-yeni orijinal əlavələrdir...

Mən, bir neçə dəfə ölümlə üzləşmişəm. Həmişə də fikirləşirdim ki, bu müqəddəs işim yarımçıq qalacaq. Ona görə də Allahıma minnətdaram ki, mənə imkan verdi, bu müqəddəs işi tamamlayıb, oxucuların ixtiyarına verdim. Bu, artıq xalqımızın ozan-aşıq sənətinin bir sərvəti kimi yazılı ədəbiyyatda qaldı. Məhz mənə belə şansı yaratdığına görə Ulu Tanrıya minnətdaram. Deməli, Böyük Tanrı da müqəddəs işlə məşğul olanlara arzularını reallaşdırmağa həmişə yardımçı olur.

Novruz MUSAYEV,

Pedaqogika elmlər doktoru, professor

Bütün xəbərlər Facebook səhifəmizdə