AĞALAR İDRİSOĞLU
Əməkdar incəsənət xadimi

Ay kişilər, müxalifət qəzetlərini ki, oxuyuram, əh, hirs vurur başıma də. Az qalıram hirsimdən öləm. Nemeslər məni üç gün torpaq altında saxladı, ölmədim. Deyəsən, aşna, bu qəzetlər məni öldürəcək. Əşi, yerindən duran, ağzına gələn hətərən-pətərəni doldurur bu qəzetlərə... Bir bulara deyən, burnunu ovan da yoxdu ki, ay fılankəs, nə cır noxud kimi atdanıb düşmüsən ortalığa? Nə şatdığuza şittik eləyirsiz? Axı siz kimsiz? Siz kimsiz ki, bu boyda kişini qoyubsuz ortalığa? Onun bu millətçün, xalqçün elədiyinin yüzdə birini, sizin hamınız, redaktorlu, müxbirli, partiyalı, partiyasız, lap nəsillikcə yığışsanız da, eləyə bilməzsiz. Bunlardan nə təhər yığmışdımsa, macal axtarırdım ki, bu sözləri şappadan deyim onların üzünə. Boşaldım ürəyimi. Dişimin dibindən çıxanı deyim olara. Macal da elə tapıldı ki, elə bil, Allah özü yetirdi... Hə... Canım sizə desin... Bu qəzetlərin bayram günündə özümü saldım e zala. Keçdim əyləşdim bir küncdə, guya mən də bulardanam. Əlqərəz, gördüm ki, bir-birini elə tərifləyirlər, elə bil, budu ey, aparıb bayrağımızı taxıblar Şuşaya, Xankəndiyə... O bunu tərifləyir, bu onu. Tərifin biri bir qəpikdən də ucuz... Sonra da başlayırlar deyinməyə, ay nə bilim, qəzet dördüncü hökumətdi. Kişi bizi eşitmir. Doğru sözə görə bizi döyürlər, öldürürlər, türməyə salırlar. Nə bilim, canım sizə desin, daha nələr, nələr... Boş-boş cəfəngiyyat. Boş-boş şəbədə. Dözdüm-dözdüm... Axır ki, cumdum ey tribunaya. Bunların tribunası da özləri kimi əldə qayırma şey imiş. Əvvəllər tribunalar vardı... Yekə, iri. Lap ev kimi. Gir içində yat. Nə isə... Gördüm tribunaları da laxlayır, keçdim lap səhnənin qabağına. Tutuzdurdum ey...

Əvvəl bir az mədəni danışmağa başladım, deməsinlər savadsızdı, iki eşşəyin arpasını bölə bilmir. Bu atalar da misal tapıblar də çəkməyə. Əşi, eşşək nə matah heyvandı ki, onun arpasını bölmək nə olsun. Eşşək dedim, yadıma bir əhvalat düşdü.

Bir kişi möhkəm içən olur. Arvad deyir ki, bir də içsən, səni evə buraxmayacam. Kişi nəfsini saxlaya bilməyib bir də içir. Gəlir evə. Arvad zalım qızı da onu evə buraxmır ki, buraxmır.

Kişi nə illah eləyirsə, arvad deyir net ki, net. Hava soyuq, kişi bilmir neynəsin. Birdən yadına düşür tövlə və oradakı dişi eşşək... Gəlir tövləyə... Yadına salır yeniyetməlik illərini... Sonra hannan-hana eşşəyin boynunu qucaqlayıb deyir:

- Ay köpək oğlunun şoğəribi, bir bozbaş bişirməyi də bacarsaydın, neynirdim axı bu arvadı, gündə üzümü dannayır ki, niyə içirsən?.. Sən elə lal-dinməz burada durubsan də...
Hə. Nə başınızı ağrıdım. Boğazımı arıtdayıb başladım ey...

- Mən bura çox uzaqdan gəlmişəm... Dağ kəndindən. Gəlməyəcəkdim. Amma siz məcbur elədiz. Bəli, bəli, siz... Niyə gülürsən, ay saqqallı oğlan? Sən niyə gülürsən, eynəkli oğlan? Hə, hə, saqqallının yanında əyləşən eynəkli, bığlı oğlan... O yanuzda əyləşən göyçək oğlana da bu sözlər aiddi. Özü də şairdi. Qəzetdə oxudum ki, mükafatdan da atkaz eləyib. Sən bunun hikkəsinə bax e... Axı, yazdıqların nədi?
Millət necə tarac olur-olsun, nə işim var?

Millətin didərgin, millətin acdı...

Bu vaxt yerdən biri qışqırdı ki, şeiri-şeirə qarışdırma. Birinci sətri onun ulu adaşı yazıb. İstədim qayıdıb deyim ki, savadsız özünsən. Lənət şeytana. Gücnən özümü saxladım. Guya bular mənə öyrədəcək?.. Üç-dörd il bundan qabaq bizim fermaya bir artist gəlmişdi. Bir az da vurub çıxmışdı axurun üstünə. Özüm öz qulağımla eşitmişəm o, bu şeiri deyəndə. Hə, indi bunlar, dünənki cücə, bildirki cücəyə cik-cik öyrədəcəklər. Cik-cik dedim, yadıma onların cikkildəməsi düşdü. Nə təhər keçdimsə hücuma, onlar başladı cikkildəşməyə.
- Özüzü alim kimi göstərməyin. Ayıb olsun sizə, o boyda, dağdan ağır kişini qoyubsuz ortalığa belədən-beləyə tənqid eləyirsiz, elədən-elə... Nə pislik eləyib sizə? Onun sayəsində hamınız yeyib-içib şellənirsiz. Baxın də mağazalara. Hər şey tığ kimi tökülüb qalıb. O qədər çoxdu ki, heç alan da yoxdu. Hər şey növ-növ, çeşid-çeşid... Niyə gülürsüz? Düz deyil?.. Nə pul? Sizə pul da verməlidi?.. Gedin qazanın də. Necə yəni, iş yoxdur?.. İşdən çox iş var... Odu ey, torpaqlar qalıb hamısı boş-boşuna. Əkən yox, biçən yox. Burda, şəhərdə çayxanalarda qiybət qırmaqdansa, gedin əkin-biçin də. Duxunuz, bacarığınız yoxdur?.. Texnikanı bəhanə gətirmə... Misal var: “Vuran oğul dayısı ilə məsləhətləşməz”. Kimi vuracaqsuz? Kişini?.. Ay vurduz ha...
Vurmaq dedim, elə yadıma düşdü düznəqulu vurmaq. Deyirəm nə olaydı, bu kişi günlərin bir günü əmr verəydi ki, hətərən-pətərən yazan qəzetlərin, saytların hamısı bağlansın. Yəni, kaput. Necə biz o vaxt Hitlerə kaput dedik. Hə, hamı səhər yuxudan durub görəydi ki, qəzetlər, saytlar bağlanıb. Onların bu uzun dilli işçiləri də ləley-giryan düşüblər küçələrə, iş axtarırlar... Hə, onda hamısı düşəcək kişinin dalıycan ki, çevir bizi o şikil balovun başına. Bir qələtdi eləmişik... Day bir də hətərən-pətərən yazmarıq. Siz nə desəniz, onu da yazarıq. Yalvarırıq, bağışla bizi cavanlığımıza…

Dəli şeytan deyir şəhərə gəlibsən elə get gir kişinin yanına, bu ağıllı məsləhəti danış ona. Vallah, yəqin xoşuna gələcək. Hələ bir mənə “malades” də deyəcək. Hələ bir yaxşı iş də təklif eləyəcək. Lap belə bizim rayonun İcra Hakimiyyəti başçısı qoysa məni necə yaxşı olar. İşləyərəm özümçün... Bir-iki ilə özüm də, uşaqlarım da, qohumlarım da yaxşı-yaxşı tutarıq özümüzü. Elə onsuz da indiki məmurlar, birinci özlərini, öz qohum-əqrabalarını fikirləşirlər də. Düz də eləyirlər. Vəzifə adama bir dəfə verilir. Bal tutan, barmaq yalayar... Birdən yadıma düşdü ki, bilmək olmaz. Elə burda oturanların içərisində yəqin ki, kişinin adamlarından da var. Olmamış olmaz. Müharibədə nemislərə də, bizə də işləyən o qədər şpion vardı ki... Bunu fikirləşib, üçüncü dəfə daha bərkdən keçdim hücuma ki, kişinin şpionları aparıb çatdırsınlar ona ki, bəs filan rayondan filankəs gəlmişdi onu müdafiəyə. Yəqin ki, o saat məni axtarıb tapdıracaqdı... Bunları fikirləşən kimi mənə elə güc gəldi, elə güc gəldi ki, gəl görəsən və keçdim e hucuma.

- Allaha yalvarın ki, o bizə belə padşah göndərib. Bu cür xeyirxah, bu cür ağıllı, bu cür böyük şəxsiyyət... Bütün dünya onunla fəxr edir. Biz niyə fəxr eləməyək? Sizsə paxıllıq eləyirsiz... Çünki gözünüz onu götürmür. Onun ayağı biləni, sizin heç birinizin başı da bilmir. O, əsl siyasətçidi... Necə yəni sizi aldadıb, hakimiyyəiti ələ keçirib? Bə siyasət nəyə deyirlər? Siyasət də futbol kimi bir şeydi də. Yəni oyundur. Hansı futbolçu yaxşı fənd işlədib, rəqiblərini aldada bilirsə, o, yaxşı futbolçudu. Deməli, hansı siyasətçi də rəqiblərini aldada bilirsə, o da yaxşı siyasətçidi. Qışqırma! Sakit ol! Mən düz deyirəm. Özü də bildiyimi deyirəm. Sizin kimi onun-bunun sözünü danışmıram. Əgər sizin də onun kimi siyasətçiniz varsa, göstərin. Çıxarın, göstərin də... Ayıb özüvə olsun. Mən adamınızi deyirəm. Allaha şükür, hamısını görmüşük... Bu xalq onları çox yaxşı tanıyır... Bəli, bəli... Gülmə orda. Özün də qışqırma. Mənim gülüşüm də, qışqırığım da səninkindən zildi... Bəli, bəli. Dağ adamıyam. Süddən, qatıqdan çox yeyirəm... Özün qatıqlayırsan. Siz siqareti-siqaretə calaya-calaya axşama qədər fıkirləşirsiz ki, kimin bostanına daş atıb, evini yıxasız... Əşi, sizin nə işinizə, nazirlər nə işlə məşğuldular, neçə ev alıllar, neçə bağ tikdirillər... Dövlət pullarını necə məngirləyirlər. Neçə məşuqə saxlayıllar. Bacarana can qurban, deyib, atalar. Guya sizi nazir qoysalar, siz yeməyəcəksiz? Bizim rayona qabaqlar bir İcra Hakimiyyəti başçısı qoymuşdular. Hamı deyirdi ki, bu ən çesni adamdı, heç nə yemir... Soruşdum ki, dişləri var? Dedilər hamısı cağbacağ yerində. Dedim hə, o birilər bunun yanında toya getməli olacaq. Elə də oldu... Siz də cavansız, şükür, dişləriz də hamısı yerində... Bura bax, mən heç kimə şər atmıram... Qışqırma!.. Burdan da düşməyəcəm! Duxun var, gəl məni sal burdan aşağı. Bayaqdan sən iki saat qəzetini tərifləyirsən, mən oturub sənə qulaq asıram, indi sən də otur, mənə qulaq as... Fit də çalma. Mən köhnənin çobanıyam. Elə fit çalaram ki, şəhərin o biri başında eşidilər. İnanmırsan? Yox?.. Onda bax...

Barmaqlarımın dördünü soxdum ağzıma, bir qoşa fıt çaldım ki, hamı qulaqlarını tutdu. Ha, budu ha... Hələ cibimdən bir zurna da çıxardım. Fikirləşdim ki, hətərən-pətərən danışsalar zurna da çaılım. Çünki uzun illər toylarda zurna çalmışam. Çox adamın da ardınca zurna qoşmuşam…

- Hə. İndi mənə cavab verin görüm, sizə dəxli var pul bölən nazir nə əməllərdən çıxır? Milyardlarla pul oğurlayıb? Hardan bilirsən? Yanında olubsan? Ya pulları şərik bölürdüz? O, nazirdi. O qədər çıxarı var ki... Neynəməlidi? Öz pullarını xərcləməlidi? Sən xərcləyərsən?.. Yaxşı ki, yoxdur. Allah elə dağına baxıb, qarını yağdırıb... Bal tutan, barmaq yalayar, bala... Pul onun əlində, nə təhər istəyir, elə də eləyir. Sən onun yox, öz dərdini çək... O kişi hər şeyi əvvəlcədən ölçüb-biçib... Hə. O güc nazirlərinin yerində olsaydım, sənə öz gücümü göstərərdim... Qulağuvun dibinə bir dənə ilişdirərdim ki... Deyərdim yerüvi bil, mənə sataşma. Onda baxardım bu guppultuya. Görüm sən bir də onlardan yazardın?.. Eh, hanı o Stalin, indi durub gələydi, sizin hamınızın burnunu ovaydı... Sən nə qımışırsan, bığlı oğlan? Onun yanında əyləşən eynəkli qocaya bax e... Nəyə gülürsüz? Siz də qoşa-qoşa özüvüzi padşahlığa namizəd vermişdiz. Nə oldu?.. Dönüm gözünə kişinin... Neynədi, nə təhər elədisə, qaldınız oyundan kənarda. İndi düşübsüz ortalığa ki, ay düz keçirilməyib seçki. Ay nə bilim nə... Aranı qarışdırırsız. Nə deyirsən?... Ağsaqqal kişisən, ayıb deyil? Niyə kəfəni geyib, aranı qarışdırırsan?.. Necə yəni, çestni oyun getməyib?.. İndi Hitler də durub deyəydi Stalinə ki, çestni oyun getmədi. Ax... Müharibədə siz düşəydiz mənim əlimə... Mən bilərdim sizinlə neynəyərdim...

O qədər qır-qır elədiz ki, çörək də qəhətə çıxdı, qiyməti qalxdı... Yazıq kişi gecə-gündüz özünü vurub, o xarici ölkə mənim, bu xarici ölkə sənin, bizə çörək gətirmək hayındadı. Siz də o qəzet mənim, bu qəzet sənin, bar-bar bağırırsız ki, yox. Guya kişi özü üçün gəzir. Kef eləyir. Əh... yalançının lap belə... Qışqırma dedim!.. Söyüş söyərəm, lap belə o yana da keçərəm. Siz söyəndə olur, mən söyəndə yox?.. Sizə agah olsun ki, bu gündən gəlib əyləşmişəm şəhərdə. Bir maşın da qoyun gətirmişəm. Qurbanlıq üçün. Ehsan demişdim ki, Allah o kişinin canını sağ eləsin. Böyük Yaradan da məni eşitdi. Qurbanım qəbul oldu... Bəli, bəli, qəbul oldu...
Bu sözləri bir az ucadan dedim ki, kişinin adamları eşitsin. Gedib ona çatdırsınlar. Əslində isə qoyunları satmağa gətirmişəm. Balaca nökərçəni instituta düzəltmək üçün pul verməliyəm. O qoyunları satıram ki, bu qoyuna ali təhsil almaq haqqında diplom ala bilim. Çünki tanışlar var, deyirlər ki, hüquq fakültəsinin diplomunu alım uşaq üçün və onlar da onu prokuror qoydursunlar rayonların birinə. Əşi puluna minnət də. Bir-iki il işləyər, qoyduğum xərci çıxararam. Sonra da bala-bala onu-bunu həbs eləmək qorxusu ilə pul yığar də. Onsuz da bu məmləkətdə pulsuz heç kimi pul çıxan yerə vəzifəyə qoymurlar. Lap nözənbillah, Allah ol. Lap savadın qıcqrıb daşsın, fərq eləməz.

Mən qoyun, qurban deyən vaxt bir də gördüm oturanlardan bəziləri başladı əl çalmağa. Hə. Başa düşdüm ki, bu sözlər ürəklərinə yatıb. Yəqin ki, müxalifət adı ilə bura toplaşan kişinin şpionlarıdı. Keçdim e axırıncı həmləyə.

- Açın qulağınızı, eşidin. İndi mən burdan çıxıb gedəcəm kişinin iqamətgahının qabağına. Lazım olsa, lap orda yatacam ki, kişi məni qəbul eləsin. Öldü var, döndü yoxdu. Sizə bir qulaqburması verdirim, bir qulaqburması verdirim ki, özüz də görün... Mən, mən olum, siz də siz!.. Baxarsız!.. Baxarsız!.. Görün, sizin başınıza nə oyun açdıracam!..

Sonra zurnanı ucadan pilədim. Kürklərinə bilərəkdən birə salıb nə təhər aradan çıxdımsa, uzun müddət ardımca əl çaldılar. Bax, buna deyərəm qorxu... Ax... Heyif ki, mən padşah olmamışam... Yoxsa bunların...

Dərbənd şəhəri
avqust, 1999-cu il.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...