Yaradıcılığına böyük cavabdehlik hiss edən şair

Həsənxan Əsədin “Hər sözün bir ətri var” şeitrlər kitabını oxuyanda gördüm ki, bu kitabda çox maraqlı şeirlər var. Onunla həmsöhbət olanda isə Həsənxanın necə məsuliyyətli, yazmaqdan daha çox mütaliə eləyən olduğunun şahidi oldum. Və söhbət əsnasında gördüm ki, Həsənxan Əsəd təkcə Azərbaycan klassik və müasir ədəbiyyatını yox, həm də dünya ədəbiyyatını yaxşı bilir. Əsasən də Şərq ədəbiyyatı haqqında çox geniş təfəvvürü var. Açığı bu gün məmləkətimizdə yazanlar, oxuyanlardan daha çox olduğundan, əksər yazarlar elə bilir ki, onlardan yaxşı yazan yoxdur. Amma gənc yazarlar əgər yazmamışdan əvvəl Azərbaycan və dünya ədəbiyyatı ilə yaxından tanış olsalar, mən qəti əminəm ki, çoxları daha əllərinə qələm götürüb, yazmazlar. Çünki onlar görəcəklər ki, artıq “velosiped” çoxdan kəşf olunub. Çox təəssüf ki, əsasən də poeziya sahəsində yazanlar daha çoxdur. Mənə elə gəlir ki, hər 10 azərbaycanlıdan biri şeir yazır. Bəlkə də bu işsizliydən, bekarçılıdan irəli gəlir. Həm də bu gün senzuranın, bədii şuranın, ədəbiyyat tənqidçilərinin də olmaması elə bil ki, “şairlərin” artmasına daha çox imkan verib. Amma yadıma gəlir ki, 40-50 il bundan qabaq biz ədəbiyyat aləminə gələndə, yazdığımız hər bir hekayəyə, pyesə və hətta məqaləyə görə bizə necə tənqidi münasibət vardı. Tanınmız ədəbiyyat tənqidçiləri, üzdə olan şairlər, nasirlər, jurnalistlər bizə necə ağıllı məsləhətlər verir və düzgün yol göstərirdilər... Əfsus ki, bu gün belə şeylər olmadığındandır ki, hamı yazır... Və hamı da özünün dahi hesab eləyir...

Mən Həsənxan Əsəd haqqında oxuclara qısa məlumat vernək istəyirəm ki, onun haqqında məlumatları olsun. Onu da vurğulayım ki, Həsənxan Əsəd o yazarlardan deyil ki, mütəmadi çap olunmağa can atsın. Əslində o, yazdığı şeirləri çox təsadüfən mətbuat səhifələrinə çıxarır. Çünki o, öz yaradıcılığına qarşı çox tələbkardır. Həsənxan Əsəd 1962-ci ilin aprel ayının 3-də Bakı şəhər Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olub. 1969 -cu ildə Yardımlı rayon Bilnə kəndində 1-ci sinifə gedib və 1979- cu ildə orta məktəbi yaxşı qiymətlərlə bitirib. Sonra ali təhsil alıb.
Hələ orta məktəbdə oxuduğu illərdən şeir yazmağa həvəsi olub. Yardımlı rayon qəzetində həmin vaxtı şeirləri çap olunub. Həsənxan Əsədin şeirləri çoxdur. Amma hər şeirini özü də bəyənmədiyinə görə çapa vermir. Ona görə də bu vaxta qədər cəmi iki kitab çap etdirib. Bu kitablar- “Hər sözün bir ətri var” və “Gəlin qonaq olun şeir dünyama” adlı kitablarıdır. Onun “Xəzinə” Azərbaycan müasir ədəbiyyat antalogiyası kitabının birinci və ikinci cildlərində və bir neçə qəzet və jurnallarda şeirləri çap olunub. Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı rəyasət heyyetinin qərarı ilə vətənpərvərlik mövzusundakı şeirlərinə görə Həsənxan Əsəd “İlin vətənpərvər şairi”, ”Qızıl qələm”, Məmməd Araz adina “Araz “ bədii media mükafatları ilə təltif olunub.
İndi isə onun yeni şeirlərini çoxminli oxuculara təqdim edirik. İnanıram ki, bu şeirlər özünün obrazlı ifadəsinə, maraqlı sözaltı mənasına və orijinallığna görə oxucuların xoşuna gələcək.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

HƏSƏNXAN ƏSƏD

Bu sevgini nə gizlədim, nə danım

Gedib əldən Şuşa adlı cənnətim,
Qatar-qatar düzülübdür həsrətim,
Qarabağda yazılacaq qüdrətim,
İstəyirəm keşiyində dayanım,
Bu sevgini nə gizlədim,nə danım.

Dünyam mənim zəhərlənmiş kədərdən,
Sevicimin atı çıxmış yəhərdən,
Sinəm olmuş yasa ocaq qəhərdən.
O ellərdir ürəyimdə al qanım,
Bu sevgini nə gizlədim, nə danım.

Qərar tutub vücudumda can kimi,
Məhəbbəti pətəyimdə şan kimi,
Sökəcəyəm qaranlığı dan kimi,
Arzum, Bütöv Azərbaycan yaradım,
Bu sevgini nə gizlədim, nə danım.

Gözlərimdə bir həsrətdir əkilib,
Sinəm üstə düyün olub bükülüb,
Bu ağır dağ ürəyimə çəkilib,
Mübariz tək susmaycaq vicdanım,
Bu sevgini nə gizlədim, nə danım.

Həsənxanam, səslənirəm hər kəsə,
Türkmən, Tatar, Özbək, Qazax, Çərkəsə,
Qoymayınız ürəyimi çər kəsə,
Türk dünyasın oyadacaq nalanım,
Bu sevgini nə gizlədim, nə danım.
03.04.2020-ci il

DƏRD DİDƏR
(təcnıs dodaqdəyməz)

Al kağızı yaz dərdini, yaz indi,
Çiçələsin dərd ağacın dərd did ər.
Qış keçəcək açılacaq yaz indi,
Yaz çiçəyin şehli-şehli dərddi dər.

Şair qardaş, Şahdağısan, qalasan,
Yaz-yarat ki, tarixlərdə qalasan.
Çatsa aclıq, necə yatar qal asan?
Yığ sinənə, ağ şanıtək dərddi,dər.

Lağlağayla dedilər ki, ha laldı,
Tez anladı, tez dəyişdi halaldı.
Qala - qala hala gəldi, hal aldı,
Həsənxanı dərd içində dərd didər.

17.04.2020-ci il

ƏVƏZİNƏ

Əriyir gözümün qarası, ağı.
Süzülür kirpikdən yaş əvəzində.
Dünyanın dərdləri qalxıb göylərə,
Tökülür başıma daş əvəzinə.

Vardır oyunbazlar, qallar törədən,
Guya təmizləyir bitdən, birədən.
Deyirlər səhv qoyub qaşı yaradan,
Çıxarır gözünü qaş əvəzinə.

İnsandır insana dağları çəkən,
Taleylər qaraldan, zülümlər əkən.
Davalar törədən, nahaqq qan tökən,
Əlini işlədir baş əvəzinə.

Dəyişir genləri, oyuq eyləyir,
Bir aya cücəni toyuq eyləyir,
Yaradır "korona" sayıq eyləyir,
Gətirir soyuğu qış əvəzinə.

Həsənxan, axıdır yenə tər, sinə,
Avropa bir deyir, edir tərsinə.
Dolaşır barlarda neçə tərsinə,
Baxırlar cibinə yaş əvəzinə.

21 03 2020 ci il

TAC AL ŞƏRƏFLƏ

İtirmə qeyrəti, itirmə arı,
Yaşa hünər ilə ucal şərəflə.
Yığma haram yolla dövləti, varı,
Mərdi-mərdanə ol, qocal şərəflə.

Qoru vətənini, yurdunu qoru,
Çaqqalı neynirsən qurdunu qoru.
Başı aşağı gəz, gətirsən barı,
Sinə gər düşmənə bac al şərəflə.

Dar gündə bacarıb gül kişi kimi,
Dostun qədrini bil, gəl kişi kimi,
Baş əymə haqsıza, öl kişi kimi,
Nadandan, namərdən öc al şərəflə.

Qızarmaz heç zaman utanmaz üzü,
Həqiqət üzülməz, kor olmaz gözü,
Dəyərli kişinin bir olar sözü,
Doğru əməlindən güc al şərəflə.

Çəkəndə tərəzi görünsün çəki.
Dağ ilə bir tutma heç zaman diki,
Həsənxan, deyəndə elə söz deki,
Söz xiridarından tac al şərəflə.

26 03 2020 ci il

XOCALI

O fevral gecəsi, o qış gecəsi,
Od tutdu Xocalı, yandı Xocalı.
Düşmən silahını aldı əlinə,
Qızıl qan gölünə döndü Xocalı.

Cani hər tərəfdən ələdi mərmi,
Qana, körpələri bələdi mərmi.
Özünə bir ölüm dilədi mərmi,
Köməksiz inləyən, candı Xocalı.

O gecə analar, qızlar incidi,
Neçə məsum baxış, gözlər incidi.
Dərədə sırsıra, buzlar incidi,
Dondu ürəklər də, dondu Xocalı.

O soyuq gecədə çıxdı neçə can,
Sulandı torpaqlar, axdı nahaq qan.
Çökdü meşələrə, ağladı duman,
Kəsildi yolları, çəndi Xocalı.

Sızladı qayalar, dərədə, çayda,
Ağladı göylərdə, ulduzda, ayda.
Olarmı İlahi, dərdə bu boyda?
Sönən bir işıqdır, gündü Xocalı.

Çıxmaz yaddaşlardan keçə qərinə,
Yağı göydən mərmi yağış yerinə.
Qeyrət aldı yara düşdü dərinə,
Həsənxan, kül oldu, söndü Xocalı.
Qızıl qan gölünə döndü Xocaçı.

17.01.1993-cü il

BİZİ QOÇALDIR

Çəksən çəpər olmaz qaratikəndən,
Yalanlar, böhtanlar üzü qocaldır,
Məddahlıq çıxıbdır daha boğaza,
Yaltaqlıq baş alıb, gözü qocaldır.

Dəyişib bu dövran dəyişib zaman,
Qənim kəsilibdir insana insan.
Üzülüb həqiqət, haqqsa çəkir can
Əyri at oynadır düzü qocaldır.

Azdır gözəllərin ətalarıda,
Solur, çiçəkləmir butalarıda.
Qolları bükülməz atalarıda,
Namərdin, nakasın sözü qoçaldır.

Sonuncu ağılıda alıbdır Allah,
İman-din kənarda qalıbdır vallah!!!
Həsənxan bu dərddən dolubdur Allah!!!
Dünya namərd olub, bizi qocaldır.

14.02.2020-ci il

OXUYAN
(təcnis)

Dəyişib dövranın üzü deyəsən,
Bəsdr şair qardaş atma oxu yan.
Nə vaxtsa tapılar, yazdın deyə sən
Sözə qiymət verən, sözü oxuyan

Yenə düzülübdür sözə gül dərdim,
Sıxma ürəyimi, daha gül, dərdim,
Sözün baxçasından tazə gül dərdim.
Gizli-gizli alış,könül oxu, yan.

Alıb ekranları ələ tər sinə
Bilmir ovandı nə? Bilmir tərsi nə?
Bəlkədə bu dünya dönüb tərsinə,
Yerindən hər duran olub oxuyan.

Həsənxanam, gəlib zarə dil indən,
Buğda kimi səpər yerə dilin dən.
Çəkiləndə yenə darə dilindən,
Hıçqırıb ağıyıb demə ox.., uy...,an.

10.12.2019-cu il

OLMAQ ÜÇÜN

Can demə canana ki, küskün könlün almaq üçün.
Sevərək halinə yan, dərdə dəva qılmaq üçün.

Çək onun nazını sən, versə sənə qəm yenədə,
Əhdinə sadiq olan, ömrünə yar qalmaq üçün

Yaşadıb qəlbinə gir, heç demə ki qəm əhlisən,
Qoxlayıb qönçə gülün, sanma çiçək, solmaq üçün.

Ol qara gözlü yarın həsrətiylə xəstədi can,
Kaş olam bir damla yaş yanağında donmaq üçün.

İnsandır idrak edən, əqil eşqin zirvəsində,
Kəm olub düşməz ömür, yaş yaş üstə dolmaq üçün.

Məhəbbət əhli gərək hər cəfayə dözməlidir,
Zümilə ömr eləyib, vüsalında solmaq üçün.

Həsənəm, var gileyim,xeyli qüssə, qəm çəkirəm,
Yaranıb sevgi əzəl, könlü-bihal olmaq üçün

20.12.2019-cu il

DARAĞA
(təcnis)

Səhər sübhdən duran kimi yuxudan,
Gözəl gözlüm, yapışırsan darağa.
Şahmar kimi gərdəninə dolanan,
Tellərinə sığal çəkir darağ a...

Sona kimi eşq gölündə üzürsən,
Baxışınla ürəyimi üzürsən.
Gözlərinllə istəyirsən üzür sən ,
Soruşursan, yerin oldu dar, Ağa?

Məhəbbətin var özündə mənşər ə...
Saflığımdan daim düşdüm mən şərə.
Haqq dünyada çəkiləndə mənşərə,
Çox insana qurulacaq dar Ağa.

Həsənxanam, ötür ömür, yaş, ama,
Quru yansa, yanacaqdır yaş ama.
Ölüm haxdır, yetişəndə yaşama,
Sonda hər kəs bükülür bir dar ağa.

29.08.2019- cu il

VƏTƏNİM

Verərəm yolunda mən canımı qurban, Vətənim,
Sən olmasan nə gərəkdir bu həyat, can, Vətənim.

Sənin üçün yaradıbdır bizi eşq aşiqinəm,
Sənə layiq ola kim olsa bir insan Vətənim.

Cəmi dünyayə nişansan, səni cənnət yaradıb,
Verəcək hökmünü sultanlığa dövran,Vətənim

On bir iqlimlə təbiət yaranan andan əyan,
Olubdu doqquzu ilə sənə bəyan, Vətənim.

Sənsən haqq cümlələrin cümləsi, haqdan bu yana,
Yaranıb dünyaya cənnət kimi cahan Vətənim.

Dözmərəm ömrümü sürsəm bir anın səndən iraq,
Olmaya qisməti bir övlada hicran,Vətənim.

Həsənəm, ömrümü vəsf eyləmişəm taleyinə,
Sənə qurbandı canım Azəribaycan ,Vətənim!
17. 04. 2019- cu il

GÖZƏL
(müxəmməs)

Yaraşıqda yox nisbətin, ey qaşları qara gözəl,
Bədnəzərdən pünhan dolan, gələrsən nəzərə, gözəl.
Səni görəndən düşmüşəm, segi adlı tora gözəl.
Kənar gəzib, gen dolanıb, salma ahu-zarə gözəl.
Məndən küsüb, nə incimə,vurma qəlbə yarə, gözəl.

Mərmər sinə, ay camallı, xanım, söylə haralısan?
Geyinmisən zər-zibanı, hansı yerin maralısan?
Qorxursan könül verməyə, bəlkə qəlbi yaralısan?
Dedim sənə tut əlimi, dedin eşqdən aralısan.
Yara vurdun yaram üstə, etdin parə-parə, gözəl.

Ötürmüşəm əllini mən, canım sulu, sazdı hələ,
Açır gülü, çiçəkləri, bağçamızda yazdı hələ.
Göydən gələn bir mələksən, bu eşq sənə azdı hələ,
Bas bağrına isit məni, demə könlüm buzdu hələ.
Qıyma sola bu sevgini, düşə boran-qarə, gözəl.

Koroğluyam, Nigarım ol, tellərini saz eylə sən,
Hər yarama məlhəm olub, həm də xoş avaz eylə sən.
Bülbül kimi cəh-cəh vurub, qış ömrümü yaz eylə sən,
İşvə-qəmzən canım alır, bu nazını az eylə sən.
Ayrılığa dözməz ürək, qıl bu dərdə çarə, gözəl.

Görməyibdir Həsənxan da ömrüboyu belə ceyran,
Mail olub mina boya, şəvə zülfə olub heyran.
Qoynun cənnət bağçasıdır, eylər canı sənə qurban.
Zülm eyləmə aşiqinə, yoxsa olar boran, tüfan.
Rəhm eylə gəl nazlı pəri, çəkmə məni darə, gözəl.

01.11.2018-ci il.

DOST (DİVANİ)

Dost hər zaman qiymətlidir dost qədrini bilənə,
Dost qapısı açıq olar qapısına gələnə,
Sədaqəti, düz ilqarı, kişilikdə pay gərək,
Dost deyilər o insana dost yolunda ölənə.
Dost gərəkdir ağzı bütöv, dostun sirrin açmaya,
Düşməninə sinə gərə, dostu qoyub qaçmaya,
Danışanda sözün kəsib, nə önünə keçməyə,
Dost dostuna dayaq ola, arxa ola, güvənə.

Həsənxan da deyir bunu, dost dostunu qınamaz,
Dar günündə dayaq olar, çətinliklə sınamaz.
Dost cibinə gözün dikməz, nədə varın sanamaz,
Dost gərəkdir dost yolunda, dərdə, qəmə bələnə.

23.01.2019-cu il.

SÖZ
Mən söz dedim, olsun mənə şöhrət gətirən söz,
Hər bir sözümün üstünə qüvvət gətirən söz.

İnsan odur rəhmət qazana hər ötən andan,
Kim söyləməyə ki, ona lənət gətirən söz.

Aşiqiyəm hər Haqqa tərəfdar olan olsa,
Mən də deyərəm bil ona qüdrət gətirən söz.

Sevgimlə təməl qoyduğum insanlığım olmuş,
Yazdım bu ömürdən dizə cənnət gətirən söz.

Bel bağlamadım hər üzə gülmüşlərə bir an,
Daim demişəm nankora nifrət gətirən söz.

Olmuş bu könül sahibi öz sevgilim, əlbət,
Cəzbə gətirib, qəlbə məhəbbət gətirən söz.

Fəxr eylə, Həsən, həm dilin, həm sevgilin ilə.
Gəl söylə dilinlə bizə adət gətirən söz.

13.06.2019-cu il

Bütün xəbərlər Facebook səhifəmizdə