SƏRVƏT GÜRCAN: “EŞQ İMİŞ...”

Sərvət Gürcanla tanışlığımız 2017-ci ilin payızında doğma şəhərim Gəncədə oldu. Görüşümüzün ilk anından aramızda səmimiyyət yarandı. Mənə “Eşq imiş” adlı şeirlər kitabını hədiyyə etdi. Əvəzində kitabını diqqətlə oxuyacağıma və fikirlərimi yazacağıma söz verdim. O vədimdən bu vaxtadək 3 il ötüb…

Etiraf edim ki, taleyin vurduğu zərbələrin, daim təkrarlanan ümidsizliyin nəticəsində həm yaddaşımın özü, həm də əvvəllər həmişə mənə sadiq olmuş həmin yaddaşıma inamım zəifləmişdir. Bu yazıyadək mən daxili zəifliyin, ciddi şübhənin nə olduğunu bilməmişdim. Bütün olanlara baxmayaraq, bir zaman fərəhlə verdiyim həmin alovlu sözü tutmamağa, andımı pozmağa məni dünyanın heç bir hədəsi vadar edə bilməz. Özlüyündə qeyri-mümkün görünən hər bir şeyə, sən demə, sadəcə cəhd edilməlidir. Mən çıxış yolunu bunda gördüm.

İndi Sərvət Gürcanla görüşümüzün ayrı-ayrı təfərrüatlarından yadımda qalanları qeyd etməyə çalışmaq istədim və hər şey o qədər də asan olmadı. Bu yazını necə axarlı eləmək lazımdır məsələsinə gəlincə, düzü, heç nə bilmirəm. Bu ən xoş niyyətlərlə başlayan cəhdin özü məni sonsuzluğa, anlaşılmazlığa sürükləyir. Çünki mövzunun mahiyyəti əngindir – eşqdir.

Dünyanın hər üzünü görmüş, müdrikləşmiş, daxilən şairləşmiş Sərvət Gürcan da başqaları kimi eşq yolu ilə özünəməxsus şəkildə gedir. Sonsuzluğa hədəflənən səfəri durmadan, mənzilbəmənzil geridə qalır. İndiki halımla mənim yüyürüb ona çatmağım da çətindir.

Min dəfə təəssüflər olsun ki, zamanımızda nəyinki eşqə, hətta eşqi xəlq edən Allahın özünə sədaqətlə xidmət etmək getdikcə heç kimin məsuliyyətinə gəlmir.

Gəncliyində çoxları ruhaniyyat yoluna düşüblər. Daha doğrusu, onlara gəncliklərində cəmi bircə dəfə də olsa, nur çilənib, az-çox bəsirətləri açılıb, həmin nurun arxasınca gediblər. Lakin sonradan həyatın ironiyası, inamsızlıq, cəsarətsizlik, uğursuzluq, yorğunluq özünü yetirib, onlar da özlərini itiriblər, yoldan sapıblar. Ən pisi də odur ki, belələrinin çoxu sonradan ruhani yolun qəddar düşməninə çevriliblər, əllərindən gələn hər cür həqarət və ziyanı yetiriblər.

Mənəvi ustadı Şərq şeirinin, Azərbaycan şeirinin ən həssas yaradıcısı Füzulinin “Eşq imiş hər nə var aləmdə, elm bir qiyl ü qall imiş ancaq” beytini şüar edən Sərvət Gürcan daha çox Qərb şeir ahənginə köklənsə də, amma qəlbən, ruhən şərqlidir.

Ümumiyyətlə, şeiri dərk etməkçün idrakdan əvvəl eşq lazımdır. Elmlə eşqi qarşılaşdıran Mövlana Füzuli də eşqin üstünlüyünü iqrar etmişdir:

Elm kəsbilə rütbe-yi rifət

Arizu-yi mühal imiş ancaq.

Eşq imiş hər nə var aləmdə,

Elm bir qiyl ü qall imiş ancaq.

Atası İrəvan mahalından olan Sərvət Gürcan 1949-cu ildə Türkiyənin İğdırında doğulub. O, Türkiyədə Ülküçü şeirin qabaqcıl nümayəndəsi hesab edilir.

Türkiyə türkçəsində ülkü "ideal" deməkdir. Ülküçülük isə "idealizm"in qarşılığıdır. Türkçülük hərəkatının Atatürk zamanından Türkiyə dövlətinin milli siyasətinin əsası olmasına baxmayaraq, onun kütləvi ideologiyaya çevrilməsi bu hərəkatla başlayır. Ülküçülük hərəkatının məqsədi türkçülüyün təbliği, milli kimliyin formalaşdırılması, xarici təsirlərin azaldılması idi.

Sərvət Gürcanın 1971-ci ildə "Kavgaya”, 1974-cü ildə “Maviye Çağrı” şeir kitabları dərc olunmuşdur. Azərbaycanın istiqlal şairi Əhməd Cavadın şeirlərini “Çırpınırdı Karadeniz” adlı kitaba toplayaraq 1990-cı ildə böyük məhəbbət hissi ilə türkiyəli oxuculara təqdim etmişdir. 2010-cu ildə isə indi haqqında danışdığımız “Eşq imiş” kitabı işıq üzü görmüşdür.

Görkəmli ictimai-siyasi xadim Sərvət Gürcan bir çox məsul vəzifələrdə çalışmışdır. Hələ də Türkiyənin dövlət telekanalı TRT-də strateji mütəxəssis kimi fəaliyyətini davam etdirir. Sərvət Gürcan həm də Türkiyədə fəaliyyət göstərən “Dədə Qorqud” Fondunun rəhbəridir.

Şairin “Eşq imiş” kitabında 30 il ərzində qələmə aldığı sevgi şeirləri toplanmışdır. Həmin şeirləri kitabının nəşrinə qədər heç bir yerdə dərc etdirməmişdir. Buna səbəb hissi yaşantısını anlatmağa sözləri, kəlmələri illərlə doyumsuz görməsi olmuşdur.

Mənə bağışladığı kitabda sonradan özünün qələmlə etdiyi düzəlişləri görürəm. Bəlkə, indən belə bir 30 il də keçsə, Sərvət Gürcan həmin şeirlərini yenə təshih edəcəkdir. Çünki illər ötür, vaxtilə şairi daxilən tərpədən bəzi ifadələr sonradan onun nəzərində arzusuna uyğun gəlmir, hansısa simini kökdən salır, köhnədəb görünür. Şair həmin andaca nəğmələrinə yeni sevgi, təzə qan əlavə etməyə çalışır. Beləcə, sonsuzluq, şübhələr daimi olaraq dərin kök salsa da, şair yer üzərində onun qədər sevdiyi, qayğısını çəkdiyi, qanıyla isitdiyi, gücünü və ehtirasını verdiyi heç nə tanımır. Bütün bu kimi ziddiyyətləri Sərvət Gürcan belə ifadə etmişdir:

Hansı sözü söyləsəm sənə,

Min il qədər köhnə.

Min ilin eşq sözlərini söyləsəm sənə,

Min il sonra qədər yeni.

Lirikasının canını əsasən fərdi yaşantılarının hissi təəssüratları, duyğular, milli şeiriyyətdən irəli gələn romantik cizgilər təşkil edir. Ayrı-ayrı illərdə yazılmış şeirlərinin ümumi ideyası ardıcıl və vahid xarakter daşıyır. Şair tapındığı mistik, mürəkkəb, əsasən də real poetik obraza sonsuz məhəbbətlə pərəstiş edir. Eyni zamanda da, şeir ilə sevgini birləşdirərək onlara əbədi saf müqəddəslik aşılayır.

Sən, sevgilim, ceyranım,

Göz bəbəyim mənim!

Söylə,

Sən hələ sevirsənmi şeiri?

Sən hələ sevirsənmi məni?

“Keçmiş eşqlərin bəyanı” şeirində şair sevgini ziddiyyətlərin vəhdətləşməsi fonunda təsvir edir. Şərq şeirinin məşhur simvolik sevgi qəhrəmanlarının köməyi ilə eşqin dərkolunmazlığını sonsuzluğa calayır.

Leyli əlini kəsmişdi,

Baxdım, Məcnunun barmaqları qanıyırdı.

Alışmışdı Əslinin saçları ahdan,

Kərəm od tutub yanırdı.

Saçlarını darıyırdı sarayında Züleyxa,

Yusif quyuda çırpınırdı.

Fərhad külüngü əlində dağlarda su axtarırdı,

Şirin çağlayan bir bulağın başında dururdu.

Leyli əlini kəsmişdi,

Baxdım, Məcnunun barmaqları qanayırdı.

Sərvət Gürcanın şeirləri düşüncədən ani keçən, lakin sarsıdıcı duyğuların ifadəsinə, dərkinə hesablanıb. “Eşqim” şeirində şairin məhəbbət ideyası daha da dərinləşir, polifonik xarakter alır.

Bir Yezid xəncəri ilə aramsız tökülən al qanlarda

Və Kərbəlanın susuz çöllərində inləyən,

Ahı, naləsi göyləri titrədən

Haqsız tökülən qanın günahıdır;

Bir Füzuli qəsidəsidir “Su... Su” deyən seirimizin şahəsəri,

Vətənə həsrət qalan bir şair sözüdür eşqim!

Qəlbi dağlı, əzablı sürgün yollarda,

Aramsız yurdunu-yuvasını,

Oğlunu, qızını axtaran,

Bir Sibir şaxtasında yamçısına bürünən,

Sürgünlərin, zülmlərin qürbət illəri,

Qəlbi dağlı, əzablı sürgün həsrətidir eşqim!

Poeziyasında məzmunca bir qrup şevgi şeirləri ayrılıqdan bəhs edir. Lirik qəhrəmanın tək qalmaq qorxusu, sevgisinə və gələcəyə inamsızlığı hər şeyin itkisində elə də əhəmiyyətsiz görünmür, qatı sentimental ovqatla dərin kədər ifadə edir. “Hər kəsin gəldiyi fəsil” şeirində təsvir olunan ayrı-ayrı təbiət hadisələri payızın ayrılığı simvolizə edən poetik mühitini ustalıqla yaratmışdır:

Hər kəsin gəldiyi fəsildə sən çıxıb getdin,

İri zeytun dənəsi gözlərindən bir damcı yaş düşdü.

Aprel yağışları kimi ağladın sonra.

Sonra kirpiklərin örtüb pərdəsini,

Yedditəpəli şəhərini tərk etdim

Bir payız günü.

Mən çıxıb getdiyim fəsildə sən gəldin,

Ulduzlu yay gecəsinin hərarətində.

Sahil boyu qaçdım ayrıldığımız günü,

Divarlarına afişalar asdığımız

Eşqimizin şəhərinin küçələrini tərk etdim

Bir payız günü.

“Səni gözləmək” şeirində isə şair gözləməyi, intizarda qalmağı bütün əzabların ən çətini hesab etmişdir.

Qoluna girərkən bir qovuşma vaxtı

“Gözləmək nə qədər çətin bir işdir”

Demişdin, sevgilim.

“Səni gözləmək”

Gün doğuşundan-gün batana qədər

Həyatımızın hər gününün

Ən uzun və ən çətin işidir gözləmək.

Sevgilim, səni gözləmək.

Tumurcuğun gülə dönməsini gözlədiyi kimi,

Gözlədiyi kimi yer üzünün yağışını,

Gözləmək, hərarətini, qoxunu,

Gözlərinin işlıtısını.

Bir ömrün bütün anları qədər

Həyatımızın hər gününün

Ən uzun və ən çətin işidir gözləmək.

Sevgilim, səni gözləmək.

Bütün varlığı ilə sevən aşiq eşqin hər bir halını qəlbində yaşayır, ruhi vəziyyətlərin hissi dərkində baş verənləri dəyişməz reallıq kimi ideallaşdırır. Məhz buna görə də, Sərvət Gürcan sadə, anlaşılan dildə yazır. Şeirlərini daha qafiyə ilə yükləmir. Fəlsəfi fikirlər söyləmək, ibarəbazlıq kimi meyllərdən tamamilə uzaqda dayanır.

Gözlərini

Gözlərimdən yayındırdı.

Yalançılığı gözlərinə vurmuşdu.

Əllərini,

Əllərimdən çəkdi.

Əlləri sevgisizlikdən soyumuşdu.

Dillərini,

Dillərimdən qaçırdı.

Deyəcək sözləri unutmuşdu.

“Yanmaqdadır” şeirində isə məlum olur ki, Sərvət Gürcanın sevgisi həm də ümumbəşəri məzmun daşıyır. Vətəndən, Qarabağdan, Arazdan, Xocalıdan, Kərkükdən, Kırımdan, Fələstindən, Kabildən başlayan həlli guya müşkül məsələlər haqsızlığa sevgi gözü ilə baxmağın mümkünsüzlüyünü misralaşdırır.

“Mənim gözümlə bax”, deyirsən, sevgilim!

“Açan güllərə ki, biz qoxumaqdadır”.

Baxsam, olarmı sənin gözünlə

Lalə üzlü qaçqın bir Qarabağlı uşağa?

Gözləri qan ağlamaqdadır…

Ürəyim od tutub yanmaqdadır!

Eşq, sevgi mövzusu son dərəcə mürəkkəb fenomendir. Haqqında saysız-hesabsız fikirlər deyilmiş, əsərlər yazılmış, təriflər verilmiş, münasibətlər göstərilmiş “eşq” ona görə fenomen hesab edilir ki, o hələ öyrənilməmiş, dərk olunmamış məsələ olaraq qalır, qalacaqdır da. Sevginin mürəkkəb situasiyalarına aydınlıq gətirmək üçün sadəcə cəhdlər edilir.

Sərvət Gürcan heca vəznində qələmə aldığı şeirlərini “Eşq” deyilən bir tükənməz dil tapdım” adı altında sunur.

Həmin qoşma, varsağı və gəraylılarda formanın verdiyi imkanlar daxilində istər-istəməz klassik ruhu bölüşən şairin Azərbaycan ədəbiyyatından, xüsusən ozan-aşıq poeziyasından bəhrələnməsi özünü açıqca büruzə verir.

Bizcə, əksəriyyəti ilk qələm təcrübələri olan həmin şeirlərində Sərvət Gürcan da el aşıqları kimi çətinliklərlə üzləşməsindən, dostların vəfasızlığından, fələyin üzüdönüklüyündən şikayətlənir, keçirdiyi mənəvi iztirabların onu eşqi tapmasına gətirib çıxarmasından danışır.

... Necə dərdlər çəkdim bu gənc yaşımda,

Heç görmədim dostlarımı yanımda.

Gül saraldı, dal qurudu bağımda,

Tufan qopdu, sel çəkildi, çöl tapdım...

...Yarım, sənsən yollarımın rəhbəri,

İllər etdi məni dəli, sərsəri.

Dillərinin, dillərimin əzbəri

“Eşq” deyilən bir tükənməz dil tapdım!

Əsasən qoşma janrında olan şeirlərində şair xəyali şevgisini deyil, sırf real, dünyəvi məhəbbətini təsvir etmişdir. El dilində canlı təsvirlərin, ifadə səlisliyinin hakim kəsildiyi belə əsərlərində metaforik qatlara, söz oyunlarına az-az rast gəlinir. Unudulmamalıdır ki, poeziyanı doğuran məhz səmimiyyətdir.

Göz gözə, üz üzə gəldim onunla,

O gündən bu günə yada baxmadım.

Əl-ələ, diz-dizə durdum onunla,

Tutuşdum mən yandım, onu yaxmadım.

Məktub getdi, məktub gəldi bir zaman,

Telefonla söhbət etdik bir zaman.

Mesaj çıxdı, mesajlaşdıq bir zaman,

Qəlbdən qəlbə körpüləri yıxmadım…

Şeiriyyət ərəbcə incəlik, ahəngdarlıq, gözəllik deməkdir. Sözü şeir qəlibinə tökmək – məharət istəyir. Sərvət Gürcanın da xüsusi məharətlə yaratmış olduğu səmimi, sadə, təbii lirik şeirləri ən əsası həyatiliyi ilə seçilir.

Sərvət Gürcan poeziyasının başlıca mövzusunu yaradılışa sonsuzluq bəxş edən eşqdir. Müasir dövrlə sıx bağlı olan sənətkar ənənə ilə novatorluğun vəhdətində, sərbəst şeirin də imkanlarından istifadə edərək müasir insanların psixologiyasının dolğun və əhatəli təsvirinə nail olmuşdur.

Onun şeirləri həm də dua təsiri bağışlayır. Ümumiyyətlə, poeziya sənət növü kimi dua şəklində meydana gəlmişdir. Şairin Allahla “söhbəti” olan şeir, əslində, mənəvi saflığın, gözəlliyin təbliğidir. Elə bu səbəbdən də Sərvət Gürcan “Eşq imiş” kitabını “Yunis eşqinə, Tanrım” duası ilə tamamlamışdır.

Yunisin eşqinə, Tanrım,

Qoyma bizi darlığında.

Ürəklərə genişlik ver,

Dustaq etmə yarlığında.

Dirilik, birlik görsün elim,

Ərk içində dönsün dilim.

Vücudumda dörd iqlimim

Dönə dursun sağlığında.

Səni bilsin, səni ansın,

Sevgi cövlanında qalsın.

Elmin dəryasına dalsın

Bilik tapsın varlığında.

Üçə-beşə aldanmasın,

Dünya sonsuzdur sanmasın.

Tanrım! İnanan yanmasın

Cəhənnəmin ocağında.

Elmar Əliyev – VÜQARLI

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

prezident təqaüdçüsü

Bütün xəbərlər Facebook səhifəmizdə