Qarabağın suyunu içənin mütləq bir istedadı var – yazan, yaradan, bəstələyən, oxuyan, ixtira edən...
Azərbaycanın incisi, 30 il əlçatmaz, ünyetməz qalan, təpədə göz, gözdə bəbək Qarabağa deyilən oxşamalar, oxunan bənzətmələr, həsr edilən şeirlər, mahnılar hüsnünü vəsf etməyə yetməyib. Qarabağ həm təbiəti, həm maddi, həm mənəvi sərvəti ilə hər zaman ora səyahət edənlərin marağını cəlb edib. Qarabağın suyundan içib, çörəyindən yeyən əksər sakininin mütləq seçilən, bəyənilən bir bacarığı olub. Səsi ilə insanları heyrətləndirən, qəzəlləri ilə ağladan, yaradıcılığı ilə milli ədəbiyyata misilsiz töhfələr verən bir çox məşhur insan bu torpaqlarda doğulublar. Silsilə yazılarımızda Qarabağın misilsiz insanlarından, ədəbiyyata, incəsənətə, elmə bəxş etdiyi tanınmış simalarından danışacağıq.
Naşir, dramaturq, ədəbiyyatşünas, dirijor, əməkdar incəsənət xadimi... Onun olmayan məziyyəti olmayıb. Təpədən dırnağa istedad olan Əbdürrəhim bəy Haqverdiyev 1870-ci mayın 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində dünyaya gəlib. Ailə sarıdan üzü gülməyib, atasını erkən itirib, anası ikinci dəfə ailə qurub və Əbdürrəhimi əmisinin himayəsinə verib. Amma əmisi də tez dünyasını dəyişir, körpə Əbdürrəhim əmisi arvadının işgəncələrindən anasına sığınmaqla qurtulur. Atalığı onun təhsilinə önəm verir, savadlı yetişməsi üçün məktəbə göndərir.
Əvvəlcə ibtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində alır, sonra Şuşa realnı məktəbində oxuyur. Əbdürəhim bəy ədəbi fəaliyyətə də həmin ərəfələrdə, təxminən 1880-ci illərin sonunda başlayıb. Əvvəlcə M.F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazır. Ədəbi duyumu, istedadı ilə tələbələr arasında ad-san qazanır, yazdığı hər cümlə yoldaşları tərəfindən maraqla qarşılanır. Peterburqda, Yol mühəndisliyi institutunda təhsil aldığı dövrlərdə sonralar onun vizit kartına çevrilən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazır.
Tələbə hayatı boyunca durmadan yazan, yaradan gənc Əbdürrəhim ali təhsil alıb Şuşaya qayıdır, burada hər fürsətdə tamaşalar təşkil edir, var gücü ilə mədəniyyətə, incəsənətə töhfə verir, insanları bu istiqamətdə məlumatlanırır, mədəni məşğuliyyətlərə meylləndirir. O Azərbaycanın ilk peşəkar rejissoru hesab edilir. İnsanları teatra cəlb etmək üçün bütün mümkün yollardan istifadə edir. Bakıda yaşadığı müddətdə müəllimliklə məşğul olur, yorulmadan elm, ədəbiyyat tədris edir, eyni zamanda onun rəhbərliyi ilə Şərq konsertləri verilir, insanların mədəni istirahəti və mənəvi zövqü üçün yeni ideyalar fikirləşir. Bu ərəfədə "Bəxtsiz cavan" və "Pəri-cadu" faciələrini yazır.
Əbdürrəhim bəyin Azərbaycan ədəbiyyatına verdiyi nəhəng töhfə sayəsində zəngin ədəbi nümunələri var. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" kimi ədəbi nümunələrin ölməz müəllifi yazdığı hər əbədiyaşar əsərdə bütün dövrlərin problemlərini, gerçəkliklərini ifadə edir. Onun "Ac həriflər" əsəri əsasında çəkilmiş eyniadlı ekran əsəri isə sadəcə şedevrdir. Əbdürrəhim bəyin yazı dili o qədər axıcı, o qədər rəvandır ki, dövrün təhsilsil və natamam təhsilli insanları onu rahatlıqla anlayır, əsərlərini acgözlüklə oxuyur, dinləyirdilər. O həm də dövrün ictimai-sosial ədalətsizliyini öz əsərlərində qabartdığı üçün sadə insanların sevimlisinə çevrilir.
Bakıda olduğu müddətdə ilk hekayələrini - "Ata və oğul"u, "Ayın şahidliyi"ni yazır və "İki hekayət" adı ilə çap etdirir. 1905-ci il inqilabdan sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş Əbdürrəhim bəy Peterburqa yollanır. Bu səbəbdən də o Azərbaycanın ilk diplomatlarından biri kimi tarixə düşür. Duma dağılandan sonra bir müddət orada yaşayır və yazacağı "Ağa Məhəmməd şah Qacar" faciəsinə lazımlı materiallar toplamaqla məşğul olur. Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etdiyi müddət boyunca da boş durmayan Haqverdiyev "Ceyranəli", "Xortdan". "Həkimi-nuni-səqir", "Lağlağı", "Mozalan", "Süpürgəsaqqal" və s. imzalarla durmadan yazır və "Molla Nəsrəddin" jurnalında hekayə, felyeton çap etdirir.
Əbdürrəhim bəy Azərbaycan tarixinə həm də ilk drijor kimi düşüb. "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xoru və orkestri idarə edir. İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş verir, drijorluq üçün Haqverdiyevə müraciət edirlər, o da bu işi məmnuniyyətlə öhdəsinə götürür. Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz köməkçisi işləyən, təsadüfən Üzeyir Hacıbəyov tərəfindən kəşf edilən Əbdürrəhim Fərəcov çıxış edir. Sonrakı tamaşalarda isə Hacıbəyov özü və bəstəkar Müslüm Maqomayev dirijorluq edib.
Bu ərəfədə Əbdürrəhim bəy Haqverdiyevin "Molla Nəsrəddin" jurnalında hekayə və felyetonları çap edilir, böyük maraqla oxunur. Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi fəaliyyəti olur, daha sonra Ağdama köçüb 4 il orada yaşayır, Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" adlı aylıq məcmuənin müdiri olur, fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilir, sonra isə Borçalı qəzasına müvəkkil təyin olunur.
1919-cu ildə Müsavat hökuməti onu Dağıstana Azərbaycan Demokratik Respublikasının nümayəndəsi göndərir, 1920-ci ilin iyununda isə o, Bakıda yenicə yaranan Şura Teatrının komissarı seçilir. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyur, 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzvi seçilir. Həm ədəbi, həm də ictimai müstəvidə olduqca qaynar həyat tərzi keçirən Əbdürrəhim bəy nə işdən, nə də yazmaqdan yorulmur.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunur, milli teatrın yaranmasında. Inkişafında olan xidmətləri hər zaman yüksək qiymətləndirilir. Əbdürrəhim bəy Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibətilə keçirilən yubileyə də rəhbərlik edir. Azərbaycan Dövlət Unive rsitetində tələbələrin yetişdirilməsində onun ədəbi mühazirələrinin böyük rolu olur. Azərbaycanın , ilk elmi-tədqiqat müəssisəsi Tədqiq və Tətəbbö Cəmiyyətində əvvəl sədr müavini və sonra sədri (1923–1925) olur.
Əbdürrəhim bəy tərcümə bacarığı ilə də ədəbiyyata böyük töhfələr vermiş insandır. Görkəmli ədib, Şekspirin "Hamlet", Şillerin "Qaçaqlar", Volterin "Soltan Osman", Zolyanın "Qazmaçılar", Andersenin "Bülbül","Şahın təzə libası", Lanskoyun "Qəzəvat", Çirikovun "Yəhudilər", Korolenkonun "Qoca zəng çalan" əsərlərini tərcümə edərək xalqın maariflənməsi və mütaliəsi üçün çalışıb.
1924-cü ildə Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilən Haverdiyev həm də Şərq fakültəsinin katibi (1922–1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931–1932) olur. Azərbaycan Xalq Komissarlar Şurasının 6 fevral 1929-cu il tarixli qərarı ilə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına, 1933-cü ildə isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülür. Onun ölməz əsərləri SSRİ ölkələrində, SSRİ sərhədlərini aşaraq bir çox ölkədə tərcümə olunur.
1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş Əbdürrəhim bəy Haqverdiyevin məzarı Fəxri xiyabandadır. Onun Azərbaycanın mədəni və ictimai həyatında böyük rolunun və xidmətlərinin olması danılmazdır. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;" istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə