Gözümü yummuşam hicran dağında,
Dağıda bilmirəm dumanı, çəni.
Gizlənib qalmısan uşaqlığında,
Hələ ki axtarıb gəzirəm səni.
(Ağamir CAVAD)
Söhbət edəcəyim qəmli əhvalat 1964-cü ilin iyul ayının sonlarında baş vermişdi. Havalar çox isti keçirdi. Orta məktəbin ilk on birinci sinifləri buraxılış imtahanlarını verib orta təhsil haqqında attestatlarını almış, gələcək həyat yollarında addımlamaq üçün imkanlarını araşdırırdılar. İllər boyu müəllimlərini diqqətlə dinləyən, elm öyrənən məzunların əksəriyyəti artıq hara sənəd verəcəklərini çoxdan müəyyənləşdirmişdilər. Az saylı məzunlar isə dəstədən geri qalırdılar. Bunlar “3”-lə oxuyan məzunlar idi.
Toğrulun attestatında iki “4”-ü vardı, qalan fənlərin hamısından “5” qiymət almışdı. Arzusu memar olmaq idi. Odur ki, qarşıdakı qəbul imtahanlarına ciddi hazırlaşırdı. Səhər yeməyini yeyən kimi kitablarını qoltuğuna vurub qəsəbənin gün çıxan tərəfinə yollanır, Xəzərin ləpələrinin sahili döyəclədiyi bir yerdə günəşdən qorunmaq üçün qamışlardan düzəltdiyi alaçıqda uzanar, yorulanda dənizdə çimərdi. Ancaq dərslikləri oxuya-oxuya sevdasına düşdüyü sinif yoldaşı Gülbahar gözləri önündən getmirdi. Onu dəlicəsinə sevirdi. VIII sinifdən könlünə yatmışdı Gülbahar. Bu istək gün-gündən pöhrə atır, onun kökləri get-gedə dərinliklərə gedirdi. Hər dəfə Gülbaharı görərkən ürəyi riqqətə gəlir, ən şirin eşq nəğmələri damarlarına işləyir, ovsunlanır və istəyirdi ki, bu eşq işığının zərrəciyinə çevrilsin. İstəyirdi ki, hər gün, hər saat, hər dəqiqə, hər saniyə eşq odunda yansın, qovrulsun...
Bu eşq nə vaxt doğuldu?
Bu eşq harda doğuldu?
Bu eşq nədən doğuldu?
Nədən başladı bu eşqin əzəli?
Öldürmə bu eşqi, İlahi,
Bu eşq-eşqlərin ən gözəli!
(Şeirlər şair Ağamir Cavadındır)
Bəlkə də Toğrul eşq məsələsində yanılırdı. Bəlkə də o, eşq haqqında fikirlərinin fəlsəfi mahiyyətini yaxşı görə bilmirdi. Bəlkə də bu görüntülərin arxasında ona məlum olmayan daha sirli, dünyanın ölçüsünə, mizanına sığışmayan bir eşq gizlənirdi ki, o, bu eşqi görə bilmirdi...
Toğrul məktəbdə oxuduğu zamanlarda dəfələrlə Gülbaharın çantasına sevgi məktublarını qoymuş, ancaq heç zaman ondan cavabını almamışdı. Cürəti də çatmamışdı ki, qıza öz sevgisini elan etsin, ona bildirsin ki, sevdaya düşüb, gecəli-gündüzlü yalnız onu düşünür. Beləcə, bu lal məhəbbət onlar orta məktəbi bitirənə qədər davam etmişdi.
Gülbahar Toğrulun məktublarını həmişə ürək çırpıntısı ilə oxuyardı. Bu məktubların sayı o qədər çoxdu ki, qız onları evdə pünhan bir yerdə gizlədər, hərdən onları yenə də bir-bir oxuyar, oğlanın hissləri ilə yenidən tanış olardı. Hələ də Toğrula “hə” cavabı verməmişdi, tərəddüd edirdi. Bununla belə, Gülbahar Toğrulu sevirdi, qəlbən ona bağlı idi. Son günlər anasının tez-tez xəstələnməsi Gülbaharın həyəcanlarını artırsa da, hər gecə Allahdan ona kömək istəyir, dualar edirdi. Buna baxmayaraq, fələk öz işini gördü. Anası bir axşam qəflətən dünyasını dəyişdi. Onu doğma yurdunda dəfn etdilər. Bu, qəsəbədən 80 km məsafədə yerləşən bir rayon mərkəzi idi ki, Gülbahar da burada doğulmuş, 7 yaşında atasının işi ilə əlaqədar olaraq bu qəsəbəyə müvəqqəti köçmüşdü. Bir gün Talıb kişi qızının orta məktəbi bitirdiyini görüb ortaya söz atdı:
-Qızım, anan da rəhmətə getdi. Rayonda evimiz var. Köhnə də olsa, yaşamaq olar. Mənə də iş veriblər. Pis yaşamarıq. Sən də sənədlərini qonşu rayonun tibb texnikumuna verərsən, orada oxuyarsan. Hazırlaş. Sabah yox, birisi gün yük maşını gələcək, ev əyalarını maşına yükləyib evimizə gedəcəyik.
Bu qəfil xəbərdən Gülbahar tutuldu, az qala bayılacaqdı. “Bəs Toğrul?! Mən onsuz necə yaşayaram?!”
Gülbahar atasına sezdirmədən eyvana çıxdı. Ay buludlar arasından çıxıb ətrafı işıqlandırdı. Gecə böcəklərinin, sisənglərin yeknəsək səsləri gecənin sükutunu pozurdu. “Bəs bu xəbəri Toğrula necə çatdırım? Toğrulun xəbəri olmadan burdan getmək mümkün olan bütün ümidlərimi qırmırmı?” Gülbahar indi tam yəqin etdi ki, Toğrulu dünyalar qədər sevir və bu sevdanın uğursuz nəticələnəcəyinə inanmır.
Birdən Gülbaharın ağlına gəldi ki, Göllü məhəlləsinə bulaqdan su gətirməyə gedəndə sinif yoldaşı Şakirə bu xəbəri verərsə, yəqin ki, Şakir dərhal Toğrula bu xəbəri çatdıracaq. Fikirləşdiyi kimi də etdi. Şakir bu xəbərdən çox kədərləndi, bu xəbər əhvalını pozdu.
-Gülbahar, incimə məndən, Toğrul bu xəbərdən dəli olmasa yaxşıdır. Siz köçən günü mütləq biz köməyə gələcəyik. Arxayın ol.
-Sağ ol, Şakir! Bu qəsəbədən heç getmək istəmirəm. Axı mən burada böyümüşəm. Ancaq anamın qəbri doğulduğum rayondadır. Bir də ki, atam orada işləyəcək, mən də sənədlərimi qonşu rayonun tibb texnikumuna verəcəyəm. Sənə qardaşım kimi bir söz demək istəyirəm, Şakir. Bəlkə görüşmək qismət olmadı. – gözləri yaşardı Gülbaharın, yanaqlarına süzülən göz yaşlarını silib sözünə davam etdi – Toğrula deyərsən ki, məni unutmasın...
-Deyərəm, Gülbahar. Mütləq deyərəm.- kədərlə cavab verdi Şakir. Eyni zamanda, bu şad xəbəri – qızın sevgi etirafını dostuna çatdırmağa tələsdi.
***
Bu sevdanın necə qurtaracağı haqqında heç nə demək olmazdı. Dörd il keçməsinə baxmayaraq, lal məhəbbətin ağrı-acılarını çəkən, hələ də onun şirin badəsini içməyən bu sevdalıların taleyin sınaqlarından keçəcəyi anlarda onun acılarına necə tab gətirəcəkləri də sual altında idi.
Gülbahar Toğrulun bütün məktub və foto şəkillərini geyim paltarlarının arasında gizlətdi. Evlərinin pəncərəsindən küçə aydın görünürdü. Bir gün öncə Toğrul dostu Şakirlə bir neçə dəfə onların küçələrindən keçmişdi və hər dəfə Toğrulu görəndə qızın ürəyi bərk döyünmüşdü. Toğrulu görərkən onda belə hallar tez-tez baş verirdi. Evdə tək olsa da, Toğrulu həyətə dəvət etməyə cürəti çatmır və ya xəcalət çəkirdi.
Beləcə, bir gün də ötüb keçdi. Köçəcəkləri məşəqqətli gün gəlib çatdı. Toğrulla Şakir utana-utana Gülbahargilin həyətinə girəndə günəş artıq onların başlarının üstündə idi.
Talıb kişi qızının sinif yoldaşlarını yaxşı qarşıladı. Onlar gəlişlərinin məqsədini bildirdikdən sonra işə başladılar. Gülbahar əşyaları bayıra çıxara-çıxara ağlayırdı. Onun bu halı Toğrulun ürəyini parçalayırdı.
Yük maşını hələ gəlməmişdi. Birlikdə əyləşib çay içdilər. Gülbaharın diqqəti Toğrulda idi, ona elə gəlirdi ki, sevgilisini bir daha görməyəcək. Bu, onların son görüşləri olacaq.
Toğrul isə tutulmuşdu. Az qala ağlayacaqdı, taleyin bu ağır hökmü qarşısında üsyan edəcəkdi. Dörd il ərzində dəlicəsinə sevdiyi bu qızın məhəbbətini qazansa da, bu tezliklə onu itirəcəyindən qorxur, nə edəcəyini bilmirdi.
Nəhayət, QAZ-51 markalı yük maşını gəlib çıxdı. Darvaza qapısını açdılar və ev əşyalarını bir-bir maşına yükləməyə başladılar. Qonşular da gəlib köməkləşdilər.
Talıb kişi sürücünün yanında oturdu. Gülbahar isə maşının arxasında döşəklərin üstündə əyləşdi və pərişan halda Toğrula baxmaqda davam etdi. Gözlərindən axan yaş yanaqlarından süzülüb boynuna tökülürdü.
Yük maşını hərəkətə gəldi. Qonşular maşının arxasınca su da atdılar. Və bu zaman Gülbahar əlini havada yellətdi:
-Toğrul! Əlvida, Toğrul!-deyərək əlini üzünə tutdu.
Toğrul nə edəcəyini bilmədi. Dostu Şakirə baxdı və birdən qaça-qaça hərəkətdə olan yük maşınının arxasına ayaqlarını qoyub yuxarı qalxdı, ehmalca Gülbaharın yanında əyləşdi. Nə sürücü, nə də Gülbaharın atası onu görə bildilər. Bir azdan yük maşını şosse yola çıxıb rayona tərəf yol aldı.
-Toğrul, sən nə etdin? Canım ölsün, bəs necə qayıdacaqsan?!
-Pay-piyada qayıdaram. Mənim üçün narahat olma.-deyib Toğrul Gülbahar ilə ilk dəfə kəlmə kəsdi, sonra da qızın əllərindən tutub hönkürə-hönkürə dedi:
-Gülbahar..., mən səni dəlicəsinə sevirəm! Mən sənsiz yaşaya bilmərəm. Mən sənsiz ölərəm, Gülbahar! Ölərəm!..
Qız başını oğlanın sinəsinə qoydu. Hıçqıra-hıçqıra dedi:
-Toğrul, mən də səni sevirəm. Bu dörd il ərzində öz hisslərimi sənə bildirməmişəm. Ancaq bu sevdamı yalnız rəfiqəm Nübarəyə danışmışam. Sənin məktublarını göz bəbəyim kimi qoruyub-saxlamışam. Mənim Toğrulum, mən sənin eşqinə layiq olacağam. Səni gözləyəcəyəm...
Əlləri titrəyə-titrəyə Toğrul qızın saçlarına toxundu və öpdü.
-Mənim Gülbaharım...
Onların hər ikisi rayona qədər yolun min kilometrlərlə uzun olmasını arzulayırdılar. Hətta Allahdan da arzulayırdılar ki, kaş yük maşını tısbağa yerişi ilə mənzilə çataydı. O zaman hər iki sevgili dünyanın ən bəxtəvər adamı olardılar.
-İlahi! Qarşında sənə əl açırıq. Bizi qoru. Bizə qıyma. Bizi nakam qoyma. Qovuşdur bizi, İlahi...-ağlaya-ağlaya söylədi Gülbahar.
Onlar qol-boyun olub o ki var ağladılar. Az sonra bu sevdalılardan xəbərsiz olan insafsız sürücü maşının sürətini artırmağa başladı.
Mənzil başına çox az qalırdı. Toğrul qızı yenidən qucaqladı, dönə-dönə öpdü onu.
-Gülbahar, gözlə məni...
-Gözləyəcəyəm səni, Toğrul..., gözləyəcəyəm...
-Əhd-peyman bağlayaq, Gülbahar, -Toğrul dilləndi.
-Əhd edirəm, Toğrul, sənin olacağam!
-Mən də əhd edirəm ki, sənə sadiq olacağam, mənim Gülbaharım...
Maşın yolu burulanda sürətini xeyli azaltdı və bu zaman Toğrul cəldliklə yerə atıldı. Sonra da qıza əl eləməyə başladı.
Gülbahar isə əlləri ilə üzünü tutub hönkür-hönkür ağlayırdı...
Yük maşını get-gedə uzaqlaşırdı. Bir azdan o, uzaqda nöqtə boyda görünməyə başladı. Daha sonra Gülbahar da əriyib sanki taleyin burulğanlarında itib-batdı, yox oldu...
Toğrulun əlləri hələ də havada idi, elə bil yerində quruyub qalmışdı...
***
Neçə-neçə illər keçdi. Neçə neçə fəsillər dəyişdi. Artıq 2023-cü il girmişdi. Bahar öz qədəmləri ilə insanlara sevinc, fərəh gətirmişdi. Üçüncü il idi ki, ölkə Vətən müharibəsindən sonra Novruz bayramını böyük iftixarla keçirirdi. “Dəmir yumruq” əməliyyatından sonra hələ də özlərinə gəlməyən ermənilər havadarları vasitəsilə ara-sıra terrora əl atır, qanlı hadisələr törədirdilər. Ölkədə hər şey öz axarı ilə gedirdi.
Toğrul dəniz sahilində tikdirdiyi evin balkonunda oturub çay içir, xəyala dalırdı. Ötüb keçən illəri yadına salmaq üçün mobil telefonuna yazdığı mahnılara qulaq asmağa başladı. Mahnılar səsləndikcə Toğrulun xəyalı gəncliyinə qayıdir, sanki o sevdalı illəri, günləri yaşayırdı. Bir mahnı üzərində xeyli dayandı. Təkrar-təkrar mahnıya qulaq asdı. “Bir sevda ağlayır içimdə mənim” mahnısını məşhur müğənni Qədir Qızılsəs şövqlə oxuyurdu. Çox gözəl oxuyurdu. Onun oxuduğu mahnının sözləri Toğrulun taleyinə o qədər oxşar idi ki. o, özünü sakit və təmkinli apara bilmirdi. Tez-tez ayağa qalxır, siqaret yandırır, kürəyini balkonun sütununa dayayıb mahnının təsirindən gözləri yaşarırdı.
Toğrul mahnını yenidən dinləməyə başladı:
Bir sevda ağlayır içimdə mənim,
Axı niyə sevdim səni, əzizim?
Olmadın bircə gün mənim həmdəmim,
Axı niyə sevdim səni, əzizim?
Söz verdin sözünə yalan sən oldun,
Neyləyim, əhdini danan sən oldun.
Ağlaya-ağlaya qalan mən oldum,
Axı niyə sevdim səni, əzizim?
Ağlaya-ağlaya səni mən səsləyirəm, gəl,
Sızlaya-sızlaya səni gözləyirəm, gəl.
Toğrul bu ahıl yaşında hələ də anlaya bilmirdi ki, Gülbahar ilə aralarında nə baş verdi ki, onlar qovuşa bilmədilər. Bəs günahkar kim idi? Əhd-peymanı kim pozmuşdu? Bu müəmmalı suala cavab tapmaq çox çətindi. Bununla belə, o, günahı özündə görürdü. Toğrulun içində bir sevda daim ağlayırdı... Bu sevda Haqqın qapısınadək ona yoldaş, sirdaş idi. Onu ömrü boyu sızıldadan özü tərəfindən əhd-peymanın pozulması idi...
Səyavuş SÜLEYMANLI
Yazıçı-publisist, Prezident mükafatçısı
Lənkəran rayonu, Liman şəhəri
21 mart 2023-cü il
Bütün xəbərlər Facebook səhifəmizdə