Qandurulducu dərmanların qəbulu qanaxmalara, insulta səbəb ola bilər

Yeni növ koronavirusa (COVID-19) yoluxan xəstələrin sağalması üçün müxtəlif üsul və müalicələrdən, o cümlədən protokolda qeyd olunan dərmanlardan istifadə olunur, halbuki həmin müalicələr ancaq xəstəxana şəraitində olan xəstələrə aiddir. Amma bəzən ev şəraitində müalicə alan xəstələri də protokolda qeyd olunan dərmanlarla yükləyərək sağaltmağa çalışırlar.

SİA AZƏRTACA istinadən xəbər verir ki, həkim-terapevt Emin Məmmədov bununla əlaqədar olaraq deyib: “Kütləvi antibiotik istifadəsi deksametazon, lazımsız miqdarda köçürülən sistemlər ikincili bakterial infeksiyalara səbəb olur. Deksametazon və digər steroid preparatların istifadəsi immun sistemini məhv etmək gücünə malikdir. Həmin preparatlar ancaq reanimasiyada və stasionar şəraitdə yatan COVID xəstələrinə tətbiq oluna bilər. Onların ev şəraitində tətbiqi qəti qadağandır. COVID-lə xəstələnmək öldürməsə də, həmin dərmanlarla yüklənmək həmin xəstələri ciddi təhlükə ilə üz-üzə qoyur”.

Həkim-terapevt onu da bildirib ki, ehtiyac olmadan, yersiz qəbul edilən antibiotiklərin kütləvi istifadəsi də yolverilməzdir, çünki həmin dərmanların qəbul edilməsi gələcəkdə başqa xəstəliyə tutularsa, antibiotiklər ona təsir göstərməyəcək. Protokolda qeyd olunan qandurulducu dərmanların qəbulu isə mütləq həkim nəzarətində olmalıdır, çünki həmin preparatlar qanaxmalara və insulta səbəb ola bilər: “COVID-ə yoluxma zamanı qandurulducu dərmanlar içmək yalnız bizim ölkədə müşahidə olunur. Heç bir Avropa, və digər inkişaf etmiş ölkələrdə ambulator şəraitdə müalicə alan xəstələrın qandurulducu preparatlar qəbul etməsinə icazə verilmir və qəti qadağandır. Avropa ölkələri ilə müqayisə etdikdə bizdə polifarmasiya yüksək və həddini aşan dozada dərman qəbulu ciddi bir səhiyyə problemidir”.

COVID-19 bəlası ilə mübarizə müəyyən qaydalar çərçivəsində olmalıdır. Bu qorxulu bəladan tez qurtulmaq üçün müxtəlif dərmanlar qəbul edənlər gələcəkdə daha təhlükəli vəziyyətə düşə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...