Azərbaycan həkimlərinin uğurları bizi sevindirir

Respublikamız müstəqillik əldə etdikdən sonra səhiyyə, təhsil, idman sahəsində çox geniş uğurlarımız inkişaf etməyə başladı. Hamımıza bəllidir keçmiş SSSR-dən qalan məktəblər, səhiyyə ocaqları əsaslı təmir olundu. Yeni yeni müasir tipli məktəblər, diaqnostika mərkəzləri tikilib xalqın ixtiyarına verildi. Son illər Respublikamız günü-gündən inkişaf edir. Ələxsus bu inkişafın qabağında 200 ildə itirdiyimiz torpaqların bir metrini ala bilmədiyimiz halda, 2020-ci il bizim üçün Zəfər ili oldu. 44 günlük Vətən müharibəsində ordumuz Ermənistan hərbi birləşmələrini Qarabağdan qovaraq itirilmiş torpaqlarımızı azad etdi. Allah şəhidlərimizə rəhmət eləsin! Bu qələbə bütün Azərbaycan xalqının qələbəsi idi. Bu qələbə Ali Baş Komandanın qələbəsi idi.

Vətən müharibəsində həkimlərimizin zəhmətini heç vaxt unutmaq olmaz. Həkimlərimiz də insanların sağlamlığı keşiyində mətin dayanıblar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik M.C.Cavad-zadə adına Respublika Klinik Uroloji Xəstəxanasında çalışan həkimlər də peşə andına sadiq qalaraq sağlamlıq problemi olan vətəndaşlara, o cümlədən Vətən müharibəsinin iştirakçısı olan qazilərə nümunəvi xidmət göstəriblər. Xəstəxananın adı kimi, orada çalışan tibb işçiləri də bütün respublikada məşhurdurlar.

...1969-cu ildə tələbə idim. Ali məktəbdə oxuyurdum. Yay tətilində Qərbi Azərbaycanın Kirovakan şəhəri Vartana kəndinə getmişdim. Kəndimizdə tarix müəlliməsi işləyən bacım Salatın sağlamlığından şikayət etdi. Məlum oldu ki, bacımın böyrəyində daş var. Əməliyyat üçün bacım göndərişlə İrəvana göndərilir. Cərrah Bablumyan göndərişi oxuyub, “Siz, türksünüz?”, deyə soruşub. Erməni həkim "Bəli" cavabı alan kimi elə qəzəblənib ki, bacım və yeznəm kor-peşman geri qayıdıblar. Bacıma təsəlli verdim. Yay tətilindən sonra Bakıya qayıtdım. Oxuduğum institutun yataqxanasında yerləşəndən sonra, üz tutdum Respublika Uroloji Klinikasına. Xəstəxanaya daxil oldum, gəlişimin səbəbini açıqladım. Mən xəstəxananın baş həkimi, professor Cavadzadə ilə görüşdüm. Professor məni dinləyəndən sonra, təklif etdi ki, bacını gətir Bakıya, xəstəxanaya. Sevincimin həddi-hüdudu yox idi. Quş olsaydım uçub bu şad xəbəri bacıma çatdırardım. Sevincək bacıma teleqram vurdum ki, "Təcili gəl". Bir neçə gündən sonra bacım həyat yoldaşı ilə Qərbi Azərbaycandan Bakıya gəldilər. Dəmiryolu Vağzalından birbaşa bacımı xəstəxanaya apardıq. Məlumat verdilər ki, 2 gündən sonra cərrahiyyə əməliyyatı olunmalıdır. Professor Cavadzadə ilə görüşdüm. Mənə, "Biz elə edəcəyik ki, sizin bacınız sağ-salamat ailəsinə qayıdacaq”, dedi.

Bu yaxınlarda səhətim ilə əlaqədar akademik Cavad-zadə adına Respublika Klinik Uroloji Xəstəxanaya getdim. Xəstəxananın həkimlərinin regionlardan gələn insanlarla rəftarını müşahidə etdib. İnsanları gülər üzlə qarşılayırdılar. Mən bir neçə xəstə ilə söhbət etdim. Hamı bu xəstəxananın yüksək keyfiyyətli xidmətindən danışdı. Təsəvvür edin ki, xəstəxananın baş həkiminin kabinetinin qapısı vətəndaşların üzünə həmişə açıqdır. Baş həkimi Əli Babayev qəbula gələnlərin problemlərini həll edir. Şöbə müdiri Nicat Kərimov xəstələrə əlindən gələn köməkliyi əsirgəmir. Buna görə xəstəxananın baş həkimi Əli Babayevə və şöbə müdiri Nicat Kərimova öz dərin təşəkkürümü bildirirəm.

Məmmədhəsən Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə