“Nümunəvi Həkim Olmağa Doğru 5” forumuna dəvət

Müstəqilliyimizi qazandığımız 1991-ci ildən bu günə qədər ölkəmizdən 1000-dən çox gənc həkim, müasir standartlarda tibb təhsili almaq üçün qardaş ölkə Türkiyəyə üz tutdu. Bu gün 200-dən çox uzman həkim, Azərbaycanın dövlət və özəl xəstəxanalarında müxtəlif tibb sahələrində xidmət göstərir. Əlavə olaraq, 1000-ə yaxın tibb tələbəsi və residentlər təhsillərini Türkiyənin qabaqcıl universitetlərində davam edirlər.

Azərbaycanlı Həkimlər Dərnəyi, tibb sahəsində təhsil alan və xidmət göstərən Azərbaycanlı həkimlər, səhiyyə işçiləri və tələbələrin həmrəyliyini təmin etmək, ehtiyac və problemlərini müəyyənləşdirərək bunlara həll yolu tapmaq, onların mütəxəssis olaraq yetişməsinə töhfə vermək və Azərbaycan ilə Türkiyə və digər ölkələrdəki səhiyyə sistemləri arasında körpü qurmaq məqsədi ilə 2014–cü ildə, Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanlı həkimlər və tibb tələbələri tərəfindən qurulmuşdur.

Dərnəyimiz yuxarıdakı məqsədlər üçün ötən illərdə müxtəlif fəaliyyətlər gerçəkləşdirmiş, çox saylı tədbirlər təşkil etmişdir. Heç şübhəsiz ki, bunların arasında ən önəmli yeri “Nümunəvi Həkim Olmağa Doğru” forumları tutmaqdadır. Birincisini hələ dərnəyimizin qurulmasından öncə 2011-ci ildə təşkil etdiyimiz Forumun beşincisi bu il 7- 8 oktyabr tarixində Ankara Universiteti Tibb fakultəsində həyata keçiriləcəkdir. Ötən illər ərzində forumlarımıza Azərbaycanın səhiyyə nazirinin müavini, Türkiyə Böyük Millət Məclisinin Səhiyyə Komitəsinin Sədri, Türkiyədəki universitetlərin rektorları ve tibb fakültələrinin dekanları da daxil olmaqla siyasət, təhsil və səhiyyə dünyasından yüksək səviyyəli qatılım olmuşdur. Bu il də əvvəlki illərdə olduğu kimi başda Türkiyə olmaq üzərə Azərbaycan, Almaniya, Rusiya və başqa ölkələrdən gənc həkimlərin və tibb sahəsində təhsil alan tələbələrin iştirak edəcəyi forumda önəmli mövzularda panellərin təşkil olunacağı maraqlı bir program hazırlayırıq. Tədbirdə Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikasının önəmli dövlət adamları və mütəxəssislərinin iştirakı gözlənilir.

Sizi, Türkiyə Respublikasındakı Azərbaycanlı gənc həkimlərin və tibb sahəsində təhsil alan tələbələrin təşkil etdiyi bu foruma (“Nümunəvi Həkim Olmağa Doğru 5”) dəvət edir və bu önəmli tədbirdə bizimlə olmağınızdan şərəf duyacağımızı bildiririk.

Ümidvarıq ki, dəstəyinizi və dəyərli məsləhətlərinizi bizdən əsirgəməyəcəksiniz.

Uzm. Dr. Şahin Hanalioğlu (Xanıyev)

Azərbaycanlı Həkimlər Dərnəyinin sədri

AZERBAYCANLI HEKİMLER DERNEĞİ

www.azhd.org

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...