"Ali təhsil haqqında" qanun layihəsi - NƏ VƏD EDİR? - EKSPERTLƏR AÇIQLADI
Son zamanlar Milli Məclisdə müzakirə olunan mövzulardan biri Ali təhsil müəssələrində, tədris prosesində müəyyən dəyişikliyin olması ilə bağlıdır. "Ali təhsil haqqında" qanun layihəsinin müzakirə olunması tələbələrdə müəyyən suallar yaradır. Bu qanun qəbul olunarsa, tələbələrə verilən üstünlüklər nədən ibarət olacaq? Məsələ ilə bağlı SİA təhsil ekspertlərinin rəyini öyrənib.
“İlk növbədə qeyd edim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, təhsil haqqında qanunun qəbulu çox gecikdi, yəni 2009-cu ildə qəbul olundu”. Bunu SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
K.Əsədov bildirib ki, bu "Ümumi təhsil haqqında" qanun idi: “Amma təhsilin müxtəlif pillələri haqqında ayrıca qanun layihəsinə ciddi ehtiyac var idi. Bunlara "Məktəbəqədər təhsil haqqında" qanun, "Peşə təhsili haqqında" qanun və yekunda "Ali təhsil haqqında" qanun aiddir. Əvvəl qeyd etdiyimiz pillələr haqqında qanun layihəsi qəbul edildi. "Ali təhsil haqqında" qanuna da çox ciddi ehtiyac var. Ali təhsilin idarə olunması, vəzifələri, hüquqları və s. - bunlar hamısı ümumi əsasda qanunvericilikdə göstərilib. Eyni zamanda, idarə etməsinin demokratikliyindən tutmuş, prinsipial məsələlərdə belə çox ciddi boşluqlar var. Təhsil sənədlərinin verilməsi, təhsil sənədlərinin müddəti kimi məsələləri bu qanun tənzimləməlidir.
Ona görə ki, vahid qanunvericilik yoxdur və hər biri ayrıca fəaliyyət göstərir. Məhz ona görədir ki, Azərbaycan universitetləri dünya reytinqində yoxdur. Onların maddi-texniki bazası dövrün tələblərinə cavab vermir. Konkret rəqəmlərə baxaq: bu gün ölkəmizdə 164 min tələbə təhsil alır, 4 ildən sonra onların yalnız 42%-i işlə təmin oluna bilir. Qalanlar isə qeyri-ixtisas sahələrində işləyirlər və yaxud da işsiz qalırlar. Çünki onlar istehsalatın və ya əmək bazarının tələblərinə uyğun kadr hazırlaya bilmirlər.
Bizdə elə ixtisaslar var ki, onlar ölü ixtisaslardır. Elə kafedralar var ki, mənasız yerə bölüşdürüblər. Bu dediyim hallar bütün universitetlərdə var. Təsəvvür edin ki, dünya artıq nanotexnologiyaya keçib. Biz hələ yarımkeçiricilərdən danşırıq. Universitetlər bu əlavə, mənasız fakültələrlə, ixtisaslarla öz xərclərini artırırlar. Düşünün ki, universitetlərdə iki tarix kafedrası var. Biri təbiət, biri humanitar ixtisaslar üzrə. Bu nəyə lazımdır axı? Ona görə də bu qanuna çox ehtiyac var. Onlar hazırladıqları kadrların əmək bazarında onlara ehtiyac olub-olmadığı bilməlidirlər. Çox uzağa getmədən belə bir misal gətirim. Türkiyədə 3 qurum yanaşı oturur. Yəni, Əmək və Sosial Müdafiə Nazirliyi, Təhsil Nazirliyi və universitet.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi sifariş verir ki, mənə bu bilik və bacarıqlara malik kadr hazırla, Təhsil Nazirliyi də bunun planını hazırlayır və universitetlərə göndərir ki, siz buna uyğun kadr hazırlaya bilərsiz, ya yox. Hansı universitet bu kadrları hazırlaya bilirsə, dövlət plan yerlərini onlara ayırır. Bizdə isə bütün universitetlər eyni ixtisaslardan kadr hazırlayırlar. Universitetin istiqamətinə uyğun olmasa da, kadr hazırlayır. Buna nə ehtiyac var? Hazırlamaq deyəndə ki, qəbul aparırlar, amma hazırlaya bilmirlər. Ona görə də ilk öncə əmək bazarı dəyərləndirilməlidir, daha sonra ehtiyac olan sahələr üzrə kadr hazırlanmalıdır
Hesab edirəm ki, qanunda nəzərdə tutulmalı ən vacib məsələlərdən biri universitetlərin istehsalata inteqrasiyası olmalıdır. Bir məqam qeyd edim ki, hazırda Azərbaycanda gənclərin ali təhsillə əhatə olunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafına maneə yarada bilər. Yüksək ixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək. Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Hazırda ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislər dövlətin və şirkətlərin idarə olunmasında, daha çox əlavə dəyərin yaranmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edirlər. Amma Azərbaycanda gənclərin ali təhsillə əhatəolunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabətqabiliyyətli və dayanıqlı inkişafına maneə törədə bilər. Bunu nəzərə alaraq, Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması dəstəklənəcək. Bunun üçün ali təhsilin keyfiyyətinin yüksəldilməsi, qlobal təhsil məkanına inteqrasiyası, ali təhsilli kadrlara tələbatın ödənilməsi, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndiriləcək”.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi də fikirlərini SİA-ya bildirib.
Elçin Əfəndi vurğulayıb ki, verilmiş qanun layihəsində əsas fikir ondan ibarətdir ki, bakalavr pilləsində təhsil müddəti üç ilə, magistr pilləsində isə bir ilə endirilsin: “Bundan əlavə layihə də əksini tapmış digər müdəalardan biri tələbə kreditinin verilməsi ilə bağlıdır. Həmçinin yüksək qiymətlə təhsil alan şəxlərin tələbə kreditlərindən maksimum faydalanmasın və lazım gələrsə təhsil kreditlərinin bağışlanması kimi məsələlər öz əksini tapır.
Ümumiyyətlə əksini tapmış müddəalar tətbiq olunarsa, düşünürəm ki təhsil baxımından yaxşı nəticəsi olacaq. Amma təəssüflər olsun ki, bakalavr pilləsinin 3 ilə və magistrın pilləsinin 1 ilə endirilməsi məsələsi düşüncəmə görə, böyük yalnışa gətirib çıxara bilər.Bilirsiniz hər il əmək bazarına bakalavr və magistr pilləsi üzrə əlli minə yaxın tələbə buraxılır. 3 ildən bir olduqda isə hər il bu qədər tələbə əmək bazarına buraxılacaq. Amma təəssüflər olsun ki, işləmək imkanları tamamilə məhdudlaşır. Yəni iş imkanları daha da zəifləyəcək və bunun nəticəsində sosial partlayış ola bilər.
Peşə təhsilinin daha da inkişaf etdirilməsi, eyni zamanda regionlarda açılması müzakirə mövzusudur.
Əgər bu layihə qəbul olunarsa, regionlarda peşə təhsil mərkəzləri yaradılarsa, gələcəkdə peşə təhsilinə üz tutanların sayına bir qədər təsir göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə