Ölkəmizdə müasir standartlara cavab verən yeni məktəblərin tikintisi davam edir

Azərbaycanda elmin inkişafı, təhsil sahəsinin beynəlxalq standartlar səviyyəsində qurulması dövlət siyasətinin öncül istiqamətlərindən biridir. Cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk illərində "Neft kapitalını insan kapitalına çevirməliyik!" devizi altında təbii resurslara əsaslanan iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçidi ölkənin strateji hədəfi elan etməsi əbəs deyildi.

Qeyd etdiyimiz zaman məsafəsində təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi məqsədi ilə dövlət proqramları qəbul edilmiş, layihələr həyata keçirilmişdir. Məhz bu diqqət və qayğının fonunda təhsilin keyfiyyətinin artırılması, həmçinin, bu yöndə müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi birbaşa cəmiyyətimizin elmi səviyyəsinin və təfəkkürünün inkişafına xidmət edir. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində, ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialı reallaşdırmağa yönəldir.

Son 17 ildə dövlət başçısı tərəfindən təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər uğurla yerinə yetirilib. Qəbul olunmuş dövlət proqramları, layihələr, aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində mühüm rol oynayıb. Belə ki, məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında öz əksini tapıb.

Eyni zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmiş oldu. Artıq Azərbaycanda minlərlə məktəb inşa olunub, təmir edilib. Dövlət başçısının yüksək diqqəti əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə və yüksək nəticələrin qazanılmasına xidmət edir. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Respublikanın şəhər və rayonlarında 3200-dən çox məktəbdə tikinti, əsaslı təmir-bərpa və yenidənqurma işləri uğurla aparılıb. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Hazırda təhsilin maddi-texniki bazasının təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi davam etməkdədir.

Hazırda ölkəmizdə yeni məktəb binaları inşa olunur. Təkcə paytaxt Bakıda 8 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 6 yeni məktəb inşa olunur. Onlardan 3-nün tikinti işləri artıq yekunlaşmaq üzrədir.

Ardıcıl olaraq təhsil sahəsində köklü islahatların aparılması məktəblilərin burada şəxsiyyət kimi formalaşmasına təsirini göstərməkdədir. Müasir dövrümüzdə bu islahatların ən mühüm mərhələsi yaşanılır. Təhsilin məzmunu və keyfiyyəti və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri gedir. Ümumiyyətlə, Azərbaycan təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün atılan addımlar, onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin "qara qızıl"ın insan kapitalına çevrilməsi çağırışı uğurla reallaşmaqdadır. "Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir", - deyən Azərbaycan Prezidenti Azərbaycanda savadlılığın təxminən 100 faiz olduğunu bildirib: "Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar".

Milli intibahı təmin edən ən başlıca vasitə olan təhsil həm də cəmiyyət qarşısında dayanan bir çox əsaslı problemlərin həllində vacib rola malikdir. Dünyada gedən qloballaşma prosesləri ölkəmiz üçün yüksək elmi potensiala malik mütəxəssislərin hazırlanmasını tələb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq olunması haqqında" imzaladığı Sərəncam isə təhsil islahatlarının daha sistemli aparılması və ölkənin inkişafına daha yüksək töhfələr vermək istiqamətində düşünülmüş konseptual bir sənəd oldu. Ötən müddət ərzində strategiyanın həyata keçirilməsi nəticəsində bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlmiş, uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, ümumi təhsil müəssisələrinin kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması də s. əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.

Yüksək göstəricilərin əldə edilməsi ölkəmizdə təhsilin inkişafına ayrılan diqqətdən, dünya standartlarına uyğun qurulmasından qaynaqlanır. Azərbaycan təhsilinə yönəlmiş diqqət, məhz bu sahədə zamanın tələblərini ödəyə biləcək ziyalıların yetişməsinə doğru uğurlu bir addımdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə