Kurikulumla bağlı pedaqoji kadrları yetişdirməkdə gecikdik - MÜSAHİBƏ

Kurikulumların tətbiqindən 10 ildən (2008) çox keçir. Yeniliyin ilk illərində bu sistemə qarşı çıxanlar çox olsa da, sonrakı mərhələdə etirazlar xeyli azaldı. Buna baxmayaraq yeniliyi bəyənməyənlər bəyənənlərdən çoxdur. Kurikulumların tətbiqindən sonra məzunların nəticələri, eləcə də çoxsaylı valideyn və müəllimlərin “köhnəlmək” üzrə olan yeniliyin “yarıtmazlığından” narazı olması məsələni bir daha gündəmə gətirib. Ümumiyyətlə, kurikulumla bağlı narazılıqlar nə üçün yenidən gündəmə gəlib?

Mövzu ilə bağlı sualları təhsil əməkdaşı Elxan Nəcəfov cavablandırıb.

İndiki narazılıq kurikulumlarla bağlı “ikinci dalğa” adlandırıla bilər. Bu, nəticənin gözlənilənlərin əksinə olması ilə bağlıdır

- Elxan müəllim, kurikulumla bağlı müzakirələrin yenidən gündəmə gəlməsini nə ilə izah etmək olar?

- Kurikulum təhsil sistemi tətbiq olunandan bu yeniliyə qarşı əks fikirlər də ortaya çıxdı. Mənfi münasibətlərlə bağlı ən ağır mərhələnin aşıldığını düşünürəm. Sistemi tətbiq etməyin yolları tapıldı. Məktəblərdə müəyyən qədər kurikulumdan irəli gələn metodlar tətbiq edilir, bunun əsasında dərsliklər yazılıb və istifadə edilir. Müəllimlər müəyyən qədər yeni sistemlə bağlı bacarıqlara yiyələndilər. Yeni narazılıq dalğasının yaranması kurikulumun tətbiqindən sonra cəmiyyətin gözlədiyi nəticənin hansı vəziyyətdə olması ilə bağlıdır. Ortaya əvvəlkindən daha bacarıqlı, arzulanan nəticələri olan şagirdlər çıxdımı? Mövcud nəticəyə baxanda bir az məyusluq yaranır. Məncə, etirazlar burdan qaynaqlanır. Nəticə gözləntiləri tam doğrultmadı.

Kurikulumun tətbiqi ilə bağlı əks fikir bildirənlərin öz arqumentləri var. Müəyyən qədər də haqlıdırlar. Ən böyük sıxıntılardan biri kurikulumların orta məktəbdə arzulanan şəkildə tətbiq olunmaması ilə bağlıdır. Dərslərin istənilən səviyyədə qurulmasına əsas maneələrdən biri kadr çatışmazlığıdır. Ali məktəblərin hazırladığı pedaqoji kadrların kurikulumlarla bağlı bilikləri minimum olur. Aldıqları biliklər isə nəzəri məlumatlardan ibarətdir. Praktiki bacarıqlar baxımından yetərlilik çox aşağı olur. Bu pedaqoji kadrlar orta məktəbin tələb etdiyi kurikulum tələblərini ya kurslara, ya da hansısa bir seminara getməklə mənimsəyirlər. Bu isə arzulanan nəticəni vermir.

- Sistemin ləğvindən danışmaq nə dərəcədə doğrudur?

- Tətbiq olunmuş sistemin ləğv olunması ilə bağlı aparılan, sadəcə prosesdir. Müsbət yanaşsaq, ictimai rəy ortaya çıxır və məsuliyyəti, işgüzarlığı artırır. Məncə, kurikulumların tələb etdiyi standartlara əsaslanan tədris davam etməlidir. Prosesin müsbət nəticəsi olacaq. Amma bu o zaman daha effektli hiss olunacaq ki, dediyim kimi, bununla bağlı daha yaxşı kadrlar yetişdirə biləcəyik. Daha yaxşılarını yetişdirə bilmək üçün hazırda bu sahədə yetişmiş kadrlardan faydalanmaq lazımdır. Onların təcrübələri digər müəllimlərə ötürülməlidir.

Həm KİV-lər, həm də sahə ilə bağlı məsul qurumlar bunun üzərində bir az fikirləşməlidirlər. Çatışmazlıqları ictimailəşdirmək müsbət haldır. Biz pedaqoji kadrları yetişdirməkdə gecikdik. Xüsusilə, ali məktəblərdə bu baxımdan potensialı artıra bilmədik. Ali məktəblərdə kurikulumların tələblərindən irəli gələn bacarıqları sabahın müəllimi olacaq tələbələrə keyfiyyətli aşılaya bilməmişik. Pedaqoji ixtisasda oxuyan tələbələr sonra müəllim işləyəndə tələb olunanı ortaya qoya bilmir. Ona görə də müəllimlərin əksəriyyəti ənənəvi qayda ilə dərs keçir və tələb olunan nəticə, bacarıqlar kənarda qalır. Bu da cəmiyyətdə yeniliklərdən gözlənilən nəticəni aşağı salmaqda rol oynayır.

Müəllimlərin əksəriyyətinin yanaşması budur: məktəblərdə yenə əvvəlki kimi uşağa şeir əzbərlədir, əsəri oxutdurub danışdırırlar. Məsələn, ixtisasım olan ana dili, yaxud ədəbiyyat fənlərinə yanaşma tamamilə fərqli olmalı idi. Oxuduğu mətni anlaması, mətnə münasibət bildirilməsi, müzakirələrin yaradılması, debat, motivasiya və s. kimi tələb olunan aktivlik yekunda şagirddə qərarlılıq, münasibət bildirmə, təkzib etmə, əsaslandırma, sübut etmə, dinləmə, qarşılıqlı hörmət prinsipi və digər bacarıqları inkişaf etdirməli idi. Hazırda bunlar şagirdlərdə bir o qədər də müşahidə olunmur. Yaxud müəllimlər bu bacarıqları şagirdlərə öyrədə bilmirlər. Bu da həmin bacarıqları aşılamağın yollarını bilməməkdən irəli gəlir. Məsələn, dil qaydalarını yaxşı bildikləri üçün onu öyrədirlər. Amma həmin qaydaları oxuduğu mətndə necə tətbiq etməyi, oxuduğu mətndən necə nəticə çıxarmağı, mətni necə qısaldıb-genişləndirməyi öyrənə bilmirlər. Statistik məlumatları, diqram şəklində olan mətnləri, cədvəlləri anlaya bilmək, təhlil edə bilmək günümüzün ən vacib bacarıqlarındandır. Təəssüf ki, bu bacarıqlarla bağlı nəticələr arzuolunan deyil.

- Gözlənilən nəticə əslində nə idi? Sistemin məzunları hələ ki bir dəfə ali məktəblərə qəbul imtahanı veriblər...

- Sistemin tətbiqindən sonra nəticə deyəndə, yüksək balların toplanıb-toplanmamasını nəzərdə tutmuram. Düşünürəm ki, orta məktəbi bitirən şagirdlərin nəticəyönümlü yekununu, sadəcə ali məktəblərə qəbulla ölçməli deyilik. Son vaxtlar dövlət tərəfindən verilən və arzulanan tələblər də bundan ibarətdir ki, təkcə ali məktəblərə daxil olmaq, diplom xatirinə gənclər yetişdirmək lazım deyil. Söhbət fundamental bacarıqlardan gedir. Onların səriştəliliyi hansı səviyyədədir? Nitq bacarıqları, təfəkkürünün inkişafı, tətbiqi bacarıqları, idrakı və s. bacarıqları necədir? Sistemin nəzəriyyəsində göstərilənlər nəticədə özünü göstərmədi. Bir daha deyirəm, nəticəni ali məktəbə qəbulla ölçmək olmaz. Ali məktəbə qəbul qaydalarını elə bir formaya salmaq olar ki, nəticə birdən-birə çox yüksək həddə çata bilər. Əksinə, bu yolla nəticəni sıfıra da salmaq olar. Bu subyektiv yanaşmanın nəticəsidir.

Əsas məsələ o idi ki, kurikulumların tətbiqindən sonra bizim gənclər necə yetişəcək? Daha bacarıqlı olacaqlarmı?

Beynəlxalq qiymətləndirmədə oxuyub-anlama baxımından nəticələrimiz çox aşağı oldu. Səbəbləri düzgün müəyyən edib, düzgün tədbirlər görməliyik. Şagird ona öyrədiləni mənimsəyəcək. Məsələ biliyi və bacarığı mənimsədəcək kadr ehtiyatından gedir, bax bunu sürətli şəkildə həll etmək lazımdır.

- Kurikulumun milliləşdirilməsi problemin həllində rol oynaya bilərmi? Ümumiyyətlə, çıxış yolu kimi təklifləriniz nədir?

- Əvvəlki illərdən fərqli olaraq indi kurikulumun ləğvini tələb edənlər azalır. Amma arzular da var. Bu kurikulumları hansı ölkələrdən götürdüyümüzdən asılı olmayaraq, tətbiqində milliliyi nəzərə almaq lazım idi. Təhsil dünyanın heç bir yerində milli olmur, tətbiqdə milli yanaşma prinsiplərini gözləmək olar. Həmçinin dəyişikliyin miqyası ilə potensialımızı düzgün təhlil etməli idik. Birdən-birə böyük bir dəyişklik edildi. Nəzərə almaq lazım idi ki, buna məktəblərimiz nə qədər hazırdır. İndi sual yaranır: "Müəllimlər niyə kurikulumlara qarşı çıxır?" Çünki bu sistem onların bacarıqlarına uyğun gəlmirdi. Hər kəs bildiyini öyrətməyə maraqlıdır. Başqa sözlə desək, hər kəs bildiyini öyrətmək imkanına malikdir. Birdən-birə müəllimlərdən bilmədiklərini öyrətmək tələb olundu. Buna baxmayaraq, bir xeyli məsafə qət edilib. Kurikulumların ləğvi ilə razılaşmaq olmaz. Bir daha qeyd edirəm, daha çox və daha peşəkar kadrlar yetişdirilməlidir. Kurikulumların tətbiqi ali məktəblərə də keçməlidir. Şagirdlərə öyrədilməli olan bacarıqlar müəllimlərin mənimsədə bildiyi bacarıqlara çevrilməlidir. Bu da ali məktəblər və Təhsil Nazirliyinin gücü ilə mümkündür. Pedaqoji təhsil verən universitetlər tələbələrinə tələb olunan bacarıqları daha mükəmməl öyrətməlidirlər. İstərdim ki, universitetlər əvvəlki illərdə məzun olmuş pedaqoji ixtisas tələbələrinə – məzunlara ödənişsiz olmaqla təlimlər keçsinlər, praktiki olaraq təcrübə versinlər. Peşəkar kadrlar hazırlamaqda rəqabət mühiti formalaşsın.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...