Kurikulumun üstün cəhətləri NƏLƏRDİR? - İKT MÜTƏXƏSSİSİ DANIŞDI

Müasir tədris proqramı olan "kurikulum" latın sözü olub, mənası "kurs", "yol" deməkdir. Xarici pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunub. 1918-ci ildə ilk kurikulumlar yaranıb. Artıq ötən əsrin 60–70-ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənib, bir nəzəriyyə kimi formalaşıb.

"Müasir tədris proqramı şagirdlərə bilik verməklə yanaşı, həm də müxtəlif bacarıqlar aşılayır". Bu sözləri SİA-ya açıqlamasında fənn kurikulumları və İKT-nin tədrisə tətbiqi üzrə mentor Ceyhunə Yusifova qeyd edib.

Müsahib əlavə edir ki, kurikulum - təhsil proqramıdır: "Müasir təhsil proqramı nəticəyönümlü, şəxsiyyətyönümlü, şagirdyönümlü, tələbyönümlü və inteqrativ məzmuna malik olması ilə ənənəvi təhsil proqramından fərqlənir. Belə ki, nəticəyönümlü proqram şagirdin səviyyə və siniflər üzrə əldə etməli olduğu bilik və bacarıqları özündə əks etdirir. Bu proqram əvvəlcədən müəyyən olunur. Nəticənin əvvəlcədən müəyyən olunması ona gedən yolda atılacaq strateji addımları daha yaxşı təyin etməyə imkan verir".

C.Yusifova sözügedən proqramın üstünlüklərindən söz açıb: "Müasir təhsil proqramında XXI əsr bacarıqlarının formalaşdırılması, səriştələrin, differensialığın nəzərə alınması üstün tərəflərdəndir. XXI əsr bacarıqları və səriştələrin tədris prosesində formalaşdırılması müasir təhsil proqramının qarşıda qoyduğu tələblərin daha da keyfiyyətli və səmərəli həyata keçirilməsinə şərait yaradır. Nümunə olaraq, tədris prosesində şagirdə tədqiqat işi, problem həlletmə, layihə tapşırdıqda şagirddə müstəqil öyrənmə, informasiya savadlılığı, təfəkkür, rəqəmsal savadlılıq, əməkdaşlıq kimi səriştələr formalaşır. Bu səriştələrin formalaşması gələcəkdə həmin şagirdlərin XXI əsr tələblərinə uyğun yetişməsini də təmin edir Hər hansı bir işdə dəyər yaranmasını istəyiriksə bilik, bacarıq və marağın kəsişən nöqtəsi olmalıdır".

Müsahib bu təhsil proqramına marağın hansı yollar ilə yaradılmasını izah edib: "Marağı yeni texnologiyalar, fərqli problem situasiyalar, monoton olmayan və bir-birindən maraqlı dərs nümunlələri ilə yarada bilərik.
Müasir dövrdə yetişməkdə olan nəslin daha kompetensiyalı bir şəxsiyyət kimi formalaşması müstəqil Azərbaycanın daha parlaq gələcəyə sahib olması deməkdir. Dəyərləri özündə formalaşdıran Azərbaycan gənci gələcəyin qurucusu və təmsilçisidir".

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə